İlyas Əfəndiyev
və Azərbaycan mədəniyyəti
Bu günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Elmi Şurasının qərarı əsasında “Elm” nəşriyyatında işıq üzü görmüş “İlyas Əfəndiyev və Azərbaycan mədəniyyəti” monoqrafiyasını mütəxəssislər şəxsiyyəti xalqın mədəniyyəti ilə bağlayan tellər barədə dəyərli kitab kimi qiymətləndirirlər.
Bu tədqiqat əsərində XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən biri, qüdrətli qələm sahibi, nasir və dramaturq, milli ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında misilısiz xidmətlər göstərmiş ədibin mədəniyyət tariximizdəki rolu araşdırılmışdır. Müəllif özünün növbəti əsərində bir yaradıcı ziyalımızın bütövlükdə milli mədəniyyətimizin inkişafında hansı şəkildə iştirak etdiyini öyrənməyə çalışır və belə bir nəticəyə gəlir ki, xalq yazıçısı İlyas Əfəndiyev bu sahədə orijinal bir nümunə formalaşdırmışdır. Bu zaman mövzu mədəniyyət quruculuğu ilə əlaqədar olaraq tarixi, ictimai-sosial, kulturoloji və bədii-estetik baxımdan araşdırılmışdır.
Bəri başdan qeyd etməyi vacib sayırıq ki, filologiya üzrə fəlsəfə doktoru Vəfa Xanoğlan bundan əvvəl qələmə aldığı “Hürriyyət fədaisi” (2000 -ci il) , “Sənətkar və ədəbi proses” (2004-cü il) , “Ədəbi proses və ədəbi nəsil” (2008-ci il, digər müəlliflə birlikdə) və “Kino və televiziya ssenariləri” (2011-ci il) kitablarından fərqli olaraq özünün yeni əsərində daha genişmiqyaslı mövzuya müraciət etmiş və daha əhatəli tədqiqatlar nəticəsində daha sanballı bir elmi əsər ortaya qoymuşdur. Çünki İlyas Əfəndiyevin Azərbaycan mədəniyyətinin inkişafında oynadığı rol bir deyil, bir neçə monoqrafiyanın mövzusu kimi qiymətləndirilir. Mütəxəssislərin fikrincə, Vəfa Xanoğlanın adı çəkilən əsəri bu istiqamətdə atılan ən uğurlu addımlardan biri kimi dəyərləndirilməlidir.
Kitabda oxucunun ixtiyarına verilən mövzulardan bir neçəsinə diqqət yetirək: “İlyas Əfəndiyev nəsrində milli mədəniyyət problemlərinin bədii təzahürü” (birinci fəsildən) , “İlyas Əfəndiyev teatrının mənəvi-estetik və sosial-kulturoloji mövzu dairəsi” (ikinci fəsildən) , “İlyas Əfəndiyev publisistikasının bədii-estetik parametrlərinin milli-mədəni dəyərlərdən qaynaqlanması”, “İlyas Əfəndiyevin kino yaradıcılığı ilə onun publisistikasının sosial- kulturoloji kontekstdə kəsişmə nöqtələri” (hər ikisi üçüncü fəsildəndir) və başqa mövzular ilk baxışdan cəzbedici göründüyü kimi, müəllif tərəfindən işlənmə tərzi yüksək səviyyəli, oxucu üçün maraqlılığı baxımından isə kifayət qədər uğurludur.
Vəfa Xanoğlan bu əsərində İlyas Əfəndiyev yaradıcılığının az qala bütün sahələrini əhatə edən məqamları tədqiq etməyə çalışır və buna nail olur. Qarşıya qoyduğu məqsədə nail olmaq - ədibin yaradıcılığını və şəxsiyyətini milli mədəniyyətimizlə bağlayan telləri açıb göstərmək üçün yazıçıçın həm müasirlərimizin həyatından bəhs edən əsərlərini, həm də tarixi mövzulu dramlarını bəlkə də sətir-sətir izləyir, öz monoqrafiyasının mövzusuna aid olan məqamları ustalıqla qələmə alır. Bu zaman bir məsələni xüsusilə vurğulamaq zərurəti var. Belə ki, müəllif öz əsərinin dəyərini və sanballılığını artırmaq məqsədilə ədibin əsərlərini oxumaqla kifayətlənmir. Həm də həmin əsərləri oxuyb dəyərli fikirlər söyləmiş elm və ədəbiyyat xadimlərinin İlyas Əfəndiyev mövzulu əsərlərini oxuyur. Özü də çox böyük diqqətlə. Təsadüfi deyil ki, kitabın ərsəyə gəlməsində istifadə edilmiş həm ana dilimizdə olan, həm də rusdilli ədəbiyyatın siyahısı 400-dən çoxdur. Bunun özü özlüyündə müəllifin zəhmətinin miqyasını göstərir.
Filologiya elmləri doktoru, professor Aqşin Babayevin elmi redaktorluğu, sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlzadənin, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevin və kulturologiya üzrə fəlsəfə doktoru Xaləddin Sofiyevin rəyi ilə ərsəyə gəlmiş “İlyas Əfəndiyev və Azərbaycan mədəniyyəti” kitabı əslində mədəniyyətşünaslar, filoloqlar, sənətşünaslar, ədəbiyyat və mədəniyyət tədqiqatçıları, doktorantlar, magistr və bakalavr təhsili alan tələbələr üçün nəzərdə tutulur. Ancaq bizim fikrimizcə, bu kitab daha böyük auditoriyanı əhatə edən bir zümrə – bütövlükdə Azərbaycan oxucusu üçün xüsusi önəm kəsb edəcəkdir. Özünün yorulmaz tədqiqatları ilə dövri olaraq milli oxucumuzun görüşünə gələn alim dostumuz Vəfa Xanoğlanı yeni elmi kitabının işıq üzü görməsi münasibətilə təbrik edir, ona cansağlığı və daha böyük ədəbi-elmi uğurlar arzulayırıq.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2013.- 11 iyul.- S. 6.