Azərbaycanın
“Qarabağ” muğam qrupunun Tacikistanın Dağlıq Bədəxşan
Muxtar Vilayətinin Şuqnan
rayonunda təqdim etdiyi
konsert proqramı alqışlarla
qarşılanmışdır
“Qarabağ” muğam qrupu Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin Şuqnan rayonunun inzibati mərkəzi olan Porşinev şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş Azərbaycan-Tacikistan dostluq konserti ilə yerli əhalinin görüşünə gəlmişdir.
Azərbaycan Respublikasının Tacikistandakı səfirliyinin və Dağlıq Bədəxşan Muxtar Vilayətinin rəhbərliyinin birgə təşkilatçılığı ilə keçirilən konsert 2 saata yaxın davam etmişdir.
Azərbaycanın Tacikistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, görkəmli muğam ifaçısı, Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında Pamirə yollanan “Qarabağ” muğam qrupu üzvlərinin - xanəndənin özünün və ikinci Beynəlxalq muğam festivalının qalibi Aytən Məhərrəmovanın çıxışları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır. Xanəndələri əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), həmçinin Sultan Əliyev (nağara) müşayiət etmişlər.
Konsertin əvvəlində Dağlıq Bədəxşan Muxtar Vilayətinin Şuqnan rayonunun rəhbəri Şodixon Camşedov çıxış edərək Bakıdan gələn qonaqları salamlamış, Azərbaycan və tacik xalqlarının çoxəsrlik dostluq və qardaşlıq əlaqələrindən danışmışdır. Bildirmişdir ki, bu əlaqələr Tacikistan Respublikasının Prezidenti Emomali Rahmonun Azərbaycana rəsmi səfərindən və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşündən sonra yeni keyfiyyət kəsb etmişdir.
Ş.Camşedov azərbaycanlı musiqiçilərə Pamirə gəldiklərinə və konsert verdiklərinə görə təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, son iki ayda Azərbaycanın Tacikistandakı səfirliyi ölkənin müxtəlif regionlarında ayrı-ayrı musiqi qruplarının ifasında 13 konsert təşkil etmişdir. Azərbaycan musiqiçilərinin buraya gəlişi sıx mədəni əlaqələrimizin bir daha bariz nümunəsidir.
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov çıxışında bildirmişdir ki, “Qarabağ” muğam qrupu xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında Dağlıq Bədəxşan Muxtar Vilayətində keçirilən festivalda iştirak etmiş və ilk dəfə olaraq bu gün Pamirdə konsert verir. Mənsum İbrahimov artıq 20 ildir Azərbaycan səhnəsində “Leyli və Məcnun” operasında Məcnun rolunda oynayır və bütün dünyada məşhur olan sənətkardır.
Səfir Tacikistan musiqiçilərinin də gələcəkdə Azərbaycana gələcəklərinə əminliyini ifadə etmişdir.
A.Həsənov qeyd etmişdir ki, bu il ərzində səfirliyin təşəbbüsü ilə Tacikistanın Xatlon, Soqd vilayətlərində, Kurqan-Tube, Düşənbə, Xucənd şəhərlərində konsertlər təşkil olunmuşdur. Bu il mayın 19-da S.Ayni adına Tacikistan Dövlət Akademik Opera və Balet Teatrında “Leyli və Məcnun” operası ilk dəfə olaraq Tacikistan xoru, orkestri və aktyorlarının iştirakı ilə Azərbaycan dilində tamaşaya qoyulmuşdur. Şərqin ilk operası olan “Leyli və Məcnun” operası 1907-ci ildə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən yazılmışdır.
Bundan əvvəl 2012-ci ildə “Rast” muğam simfonik orkestri Düşənbə şəhərində Niyazinin 100 illiyinə həsr olunan konsert proqramı ilə çıxış etmişdi. Həmin vaxt M.İbrahimovun rəhbərliyi ilə bu musiqi qrupu Düşənbədə olmuş, tamaşaçılara şirin Azərbaycan musiqisi dinləmək imkanı yaratmışdı.
Natiq çıxışına davam edərək vurğulamışdır ki, bizim qədim və bir-birinə bağlı musiqimiz vardır. Muğam və şaşmakom eyni kökdən qidalanan musiqilərdir.
Səfir A.Həsənov sonda Tacikistan hökumətinə, Dağlıq Bədəxşan Muxtar Vilayətinin rəhbərliyinə, ölkənin xarici işlər və mədəniyyət nazirliklərinə, bütün təşkilatçılara indiyədək həyata keçirilmiş musiqi tədbirlərində iştiraka yaratdıqları şəraitə və bu konsertin təşkil olunmasında göstərdikləri dəstəyə görə dərin minnətdarlığını bildirmişdir.
Konsertdən sonra səfir A.Həsənov
tamaşaçılar qarşısında bir
daha çıxış edərək demişdir: “Mən bu zalda insanların gözündə sevinc gördüm. Sizlərin
qəlbində bu sevinc
qığılcımını yandıran “Qarabağ”
muğam qrupuna böyük minnətdarlığımı
bildirirəm”.
Xalq qəzeti.- 2013.- 12 iyul.- S. 6.