“Çıraq” neft layihəsinin reallaşdırılması 360 milyon barrel əlavə neft hasilatına imkan yaradacaq

 

Xəzər regionunda qarşılıqlı etimadageniş əməkdaşlığa zəmin yaradan “Əsrin müqaviləsi” ölkəmizə yüksək işgüzarlıq, təşəbbüskarlıq ab-havası gətirdi. Bu tarixi saziş Azərbaycan iqtisadiyyatnın böhran məngənəsindən çıxarılmasına imkan yaratmaqla yanaşı, həm də ölkəmizin neft sənayesinə yeni texnika və texnologiyaların gətirilməsinə səbəb oldu. Bunun da nəticəsində ölkəmizin neft sənayesinin infrastruktur imkanları xeyli genişləndirildi. 1997-ci ilin noyabr ayında “Çıraq” yatağında ilkin neftin hasilatı ilə ölkəmizdə yeni neft erasının əsası qoyuldu. 2005-ci ilin yanvar ayında “Azəri” yatağının mərkəzi hissəsinin istismara daxil edilməsindən sonra  isə ölkəmizdə böyük neft hasilatına başlanıldı. Sonrakı illərdə “Azəri” yatağının şərq və qərb hissələrindən, eləcə də “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsindən neft çıxarılmasına başlanıldı ki, bu da Azərbaycanda neft hasilatını rekord səviyyəyə çatdırdı.

Bütövlükdə isə “Əsrin müqaviləsi”nin uğurla reallaşdırılması Xəzər regionunu beynəlxalq əməkdaşlıq üçün böyük təcrübə mərkəzinə çevirmişdir. Bu təcrübə isə yeni-yeni layihələrə, əməkdaşlığa geniş perspektivlər  açmışdır. Elə Azərbaycanın neft strategiyasının, “Əsrin müqaviləsi”nin  mühüm istiqamətlərindən sayılan “Çıraq” neft layihəsi də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin birgə həyata keçirdikləri böyük layihələrin uğurlu davamıdır. Sözügedən layihənin “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi ilə bağlı indiyədək əldə edilmiş nailiyyətlər üzərində qurulması da bunu təsdiqləyir. Xatırladaq ki, “Çıraq” neft layihəsinə sərmayə qoyulmasına dair qərar 2010-cu il mart ayının 9-da qəbul olunmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp Azərbaycan şirkəti arasında imzalanmış bu sənəd xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının reallaşdırılması istiqamətində daha bir mərhələnin əsasını qoymuşdur. “Çıraq” neft layihəsinə start verilməsi, eyni zamanda, ölkəmizin neft sənayesində növbəti, son dərəcə mühüm tikinti-quraşdırma işləri üçün geniş imkanlar yaratmışdır.

Ötən dövr ərzində layihənin reallaşdırılması istiqamətində mühüm işlər həyata keçirilmişdir. Buna isə layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan əsas tikinti-quraşdırma işlərinə dair podratçı təşkilatlarla bütün müqavilələrin vaxtında imzalanması imkan yaratmışdır. Xatırladaq ki, 2010-cu ilin mart ayında layihənin icrasına başlamağa dair qərar qəbul edilməsindən sonra tikinti-quraşdırma və dəniz işlərinə dair 11 əsas müqavilə imzalanmışdır. İlk müqavilə platformanın dayaq blokunun, sualtı dayaq hissəsinin və bununla bağlı olan bərkitmə dayaqları, həmçinin “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsindəki mövcud texnoloji emal, qaz kompressoru,  suvurmatexnoloji təchizat platformasının üzərindəki boş saxlanmış yerdə dik borunun dayaq çərçivəsinin quraşdırılması kimi mühüm işləri əhatə edir. Növbəti beş müqaviləyə  platformanın birləşmiş göyərtəsinin (üst modulların), eləcə də dayaq tavasının quraşdırılması, yaşayış blokunun mühəndis-layihə, tədarük və tikinti işləri, dəniz obyektlərinin və qazma modullarının mühəndis-layihə işləri daxildir. “Çıraqneft layihəsi üzrə növbəti iki əsas podrat müqaviləsi isə “Günəşli” yatağının dərinlikdə yerləşən mövcud hasilat, qaz kompressoru, suvurmatexnoloji təchizat platformasının üstündəki boş saxlanmış yerdə layihə üçün tələb olunan quraşdırma, montajnizamlama, həmçinin istismar sınaqlarının həyata keçirilməsi, eləcə də dayaq blokununüst modulların dənizə daşınması və quraşdırılması işlərini əhatə edir. Həmin işlərin podratçıları AMEK-Tekfen-Azfen konsorsiumu və “Saipem” şirkətləridir. Boru kəmərinin örtüklənməsi, sualtı boru kəmərinin inşası və dalğıc işləri, həmçinin STB-1 bajının gücünün artırılması üzrə müqavilələr müvafiq olaraqCaspian Pipeline Coatinq”, “McDermott Caspian Cantrasctors İnc” və “Caspian Shipyard Company” şirkətləri ilə imzalanmışdır. Yeri gəlmişkən, “Çıraq” neft layihəsi üzrə imzalanmış müqavilələr Azərbaycanın yerli ehtiyatlarından istifadəni optimallaşdırmaq barədə ABƏŞ-in öhdəliyini əks etdirir. Xatırladaq ki, “Çıraq” neft layihəsinin tikinti işlərinə 9 milyon adam - saatının sərf olunması nəzərdə tutulur ki, həmin işlərin də 90 faizi Azərbaycanda yerinə yetirilir. Tikinti-quraşdırma işlərinin isə 80 faizi yerli işçi qüvvəsinin imkanları hesabına reallaşdırılır. Bundan əlavə, layihə üzrə əsas müqavilələr imzalanmış şirkətlərə yerli subpodratçıların imkanlarından maksimum istifadə edilməsi tövsiyə olunmuşdur.

Artıq layihə üzrə tikinti-quraşdırma tədbirlərinin həyata keçirildiyi sahələrdə işlərin 90 faizi uğurla tamamlanmışdır. Əvvəlki dövrlərdə olduğu kimi, 2013-cü ilin ötən dövründə də layihə üzrə nəzərdə tutulmuş tikinti-quraşdırma işləri əvvəlcədən müəyyənləşdirilmiş cədvələ və plana uyğun olaraq davam etdirilmişdir. “Qərbi Çıraq” platformasının dayaq bloku aprel ayının 14-də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun tikinti-quraşdırma sahəsindən həmişəki yerində  quraşdırılmaq üçün dənizə yola salınmışdır. Aprel ayının 20-də isə dayaq blokunun suya salınması və bərkidilməsi əməliyyatları həyata keçirilmişdir. Xatırladaq ki, platformanın dayaq bloku ötən il oktyabr ayının 20-dən tam hazır idi. Qurğu Bakı Dərin Özüllər Zavodunun tikinti-quraşdırma sahəsinin yanalma limanında təhlükəsiz şəkildə STB-1 daşıma barjına yüklənərək “Çıraq” neft layihəsi ərazisində aparılan planlaşdırılmış dəniz işlərinin, o cümlədən öncə qazma və sualtı boru kəmərləri inşası əməliyyatlarının sona çatmasını gözləyirdi. Dayaq blokunun dənizdəki əraziyə daşınması, suya endirilməsi və quraşdırılması əməliyyatları ətraflı şəkildə planlaşdırılmışdır. Bu işlərin isə hava şəraiti nəzərə alınmaqla 45 gün ərzində başa çatdırılması nəzərdə tutulur. Məlumat üçün bildiririk ki, “Qərbi Çıraq” platformasının dayaq bloku Xəzər dənizində indiyədək inşa oluumuş bu tip ən ağır qurğudur. Dayaq blokunun tikintisinə 2010-cu ildə başlanmış və  nəzərdə tutulan vaxtda uğurla tamamlanmışdır. Qurğunun inşasına 2 min nəfər, o cümlədən subpodratçı və təchizatçı mütəxəssislər cəlb olunmuşlar. İşçi qüvvəsinin 96 faizi yerli azərbaycanlılardan ibarət olmuşdur. Dayaq bloku yerli şirkət olan və hazırda ARDNŞ-ə məxsus BOS Şelf şirkəti tərəfindən inşa edilmişdir. Bu nəhəng obyektin ümumi çəkisi 18 min 200 ton, hündürlüyü isə 185 metrdir. Qurğunun ümumi çəkisi 6700 ton olan 13 dirəyi, 7 dikborusu, 8 C şəkilli borusu və 10 kessonu var. Dayaq bloku suyun 170 metr dərinliyində quraşdırılacaq.

“Çıraq” neft layihəsi çərçivəsində digər mühüm işlər isə AMEK-Tekfen-Azfen (ATA) alyansının Bibiheybətdəki tikinti-quraşdırma sahəsində həyata keçirilir. Artıq burada “Qərbi Çıraq” platformasının üst modullarının tikintisi tamamlanmaq üzrədir. Obyektin dənizə yola salınması isə cari ilin üçüncü rübünə planlaşdırılır. Yeri gəlmişkən, Azərbaycanın dünya səviyyəli tikinti-quraşdırma sahələrinin tarixində ilk dəfə olaraq məhz  “Çıraq” neft layihəsi platformasının quraşdırma işləri 100 faiz ölkə daxilində həyata keçirilmişdir. Layihə çərçivəsində inşaat işlərinin ən qızğın çağında podratçı şirkətlər vasitəsilə bütün sahələrdə həyata keçirilən tikinti işlərinə 8 min nəfərdən artıq işçi cəlb edilmişdir ki, bunun da 90 faizi Azərbaycan vətəndaşları olmuşdur. Cari ilin ötən dövrü ərzində “Çıraq” neft layihəsi çərçivəsində dənizdə və sualtı fəaliyyətlər sahəsində  də yüksək uğurlar əldə edilmişdir. Belə ki, ilin ilk rübündə ATA tikinti quraşdırma sahəsində birinci əsas neft xətti nasosunun, eləcə də əsas cərəyan təchizatı üçün A və C generatorlarının istismar sınaqları uğurla başa çatdırılmışdır. Bundan əlavə, ilin  əvvəlindən sualtı boru kəmərlərinin inşası da sürətlə davam etdirilmişdir. Artıq ATA tikinti-quraşdırma sahəsində ixrac kompressorlarının, qazma qurğusu və avadanlıqlarının istismar sınağı tamamlanmışdır.

2013-cü ilin qalan dövrü ərzində “Çıraq” neft layihəsi çərçivəsində bir sıra mühüm işlərin həyata keçirilməsi planlaşdırılır. Belə ki, ilin üçüncü rübdə   platformanın  üst modulları buradan dənizə yola salınacaq. İl ərzində, həmçinin  dənizdə və sualtı fəaliyyətlər sahəsində də bir sıra zəruri işlərin həyata keçirilməsi nəzərdə tutulur. Dikboruların “Dərinsulu Günəşli” platformasına, eləcə də sualtı boruların bağlanmasının və sualtı boru kəmərlərinin inşasının başa çatdırılması bu qəbildən olan işlərə aiddir. Bundan əlavə,  üçüncü rübdə “Günəşli” yatağının dərinlikdəki texnoloji platformada retrofit dikboruların quraşdırılması yekunlaşdırılacaq və “Qərbi Çıraq” platformasının üst modulları dayaq blokunun üzərində quraşdırılacaq. Bütün bu işlər isə “Çıraq” neft layihəsi çərçivəsində nəzərdə tutulmuş vaxtda hasilata başlamağa imkan yaradacaq.

Yeri gəlmişkən, ilin əvvəlindən etibarən “Çıraq” layihəsi çərçivəsində öncəqazma proqramı da uğurla davam etdirilmişdir. Xatırladaq ki, müqavilə sahəsində öncəqazma işlərinə 2010-cu ilin aprel ayında başlanmışdır. Artıq 16 quyudan ibarət bu proqram çərçivəsində 7 quyuda lazımi qazma əməliyyatları aparılaraq  gələcək istifadə üçün müvəqqəti bağlanmışdır. “Çıraq” layihəsi çərçivəsində öncəqazma proqramını həyata keçirən “Dədə Qorqudqazma qurğusu modernləşdirmə və planlaşdırılmış beş illik sertifikatlaşdırma prosesindən keçəndən sonra qazma proqramı 2011-ci ilin iyul ayının sonundan başlayaraq bərpa olunmuşdur. Ötən ilin yanvar ayında C02z quyusu qoruyucu boruyadək qazılaraq bağlanmşdır. Daha sonra isə qazma əməliyyatları C05, C07 və C011quyuları ilə davam etdirilmişdir. Digər üç qabaqlayıcı quyu isə qoruyucu boruyadək qazılaraq müvəqqəti bağlanmışdır.

  “Azəri-Çıraq-Günəşli” yatağının 17 il əvvəl başlanmış işlənməsinin davamı olan “Çıraq” neft layihəsindən ilk neftin hasilatı 2013-cü ilin sonlarına planlaşdırılır. “Çıraq” neft layihəsinin reallaşdırılmasına 6 milyard dollar vəsait yönəldiləcək. Layihənin ümumi dəyərinin təqribən 4 milyard dolları obyekt və qurğuların tikintisinə və öncə qazma proqramına, qalan hissəsi isə hasilat dövründə platformadan quyuların qazılmasına sərf ediləcəkdir. Layihə çərçivəsində 360 milyon barrel əlavə neftin çıxarılması nəzərdə tutulur ki, bu da “Əsrin müqaviləsi” çərçivəsində hasilatın artırılmasına imkan verəcəkdir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.-2013.- 13 iyul.- S. 1.