Azad söz cəmiyyətə
xidmətini artırmalıdır
Azərbaycan Jurnalistlərinin VI qurultayı milli jurnalistikamızın yaranmasının 138-ci ildönümü ərəfəsində ölkənin media həyatına yeni bir canlanma, konstruktiv ideyalar gətirdi. Demokratik jurnalistikanın prinsip və tələblərindən irəli gələn kütləvi informasiya vasitələrinin özünütənzimləməsi təcrübəsini ölkəmizdə ilk dəfə həyata keçirmiş və bu yaxınlarda 10 illiyini qeyd etmiş Azərbaycan Mətbuat Şurası jurnalistlərin növbəti ali məclisini mütəşəkkil və faydalı diskussiyalar şəraitində keçirməyə nail oldu.
Azərbaycan Prezidenti, ölkə jurnalistlərinin dostu adını qazanmış İlham Əliyevin qurultay iştirakçılarına təbriki məclisin işində xüsusi canlanma yaratdı. Dövlət başçısının təbrikindəki “Qlobal informasiya məkanında beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir” tövsiyəsi qurultayda jurnalistikamızın cəmiyyətdə vətəndaşlıq mövqeyini yüksəltməklə bağlı səslənən ciddi mülahizələrin əsasında dayandı.
Qurultay iştirakçılarının Prezident İlham Əliyevə müraciətində isə çağdaş Azərbaycan jurnalistikasının son illərdə çatdığı səviyyə, qazanılmış mühüm uğur açıq bəyan edildi: “Jurnalistlər özlərinin fikir və düşüncələrini sərbəst şəkildə bölüşür, arzu və istəklərini ifadə edən təşəbbüslər irəli sürürlər. KİV ilə hakimiyyət arasında mövcud dialoq mühitinin formalaşması Sizin mediaya həssas münasibətinizdən qaynaqlanır. Təbrik məktubunuzda ifadəsini tapan istiqamətlərin hər biri bizim üçün böyük etimad nümunəsidir”.
Qurultayın həmrəylik, yüksək vətənpərvərlik, cəmiyyət naminə fəaliyyətə çağırış ruhunda keçməsi jurnalistikamızın öz inkişafında yeni mərhələyə daxil olduğunu, qələm və sözün xalqa xidmət işində professionallığa çatdığını sərgilədi. Bunu qurultay iştirakçılarından aldığımız qısa müsahibələr də təsdiqləyir.
Nəsir Əhmədov, BDU jurnalistika fakültəsinin professoru:
– Qurultaya təqdim olunan əsas hesabatda – Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun hesabat məruzəsində bu qurumun cəmiyyətdə jurnalistikanın yüksək mövqeyini təmin etmək, media – hakimiyyət – xalq üçbucağında ahəngdarlığa nail olmaq yönündə həyata keçirdiyi ardıcıl, səmərəli tədbirlər, dialoqun sevindirici gerçəkləri əksini tapmışdı. Buna görə də forumda AMŞ-nin fəaliyyəti yüksək qiymətləndirildi, ona ölkə jurnalistlərinin böyük etimadı ucadan səsləndi.
Doğrudan da, AMŞ-nin 10 illik gərgin, yorulmaz fəaliyyəti göstərdi ki, jurnalistikanın müxtəlif cəbhələrə ayrılması, söz kimi qüdrətli silahın mənasız münaqişələrə, yersiz qarşıdurmalara yönəldilməsi ziyanlı olduğu qədər də yolverilməzdir. İnanıram ki, qurultayda ifadə olunmuş xoş məram, səslənən faydalı təşəbbüslər jurnalistikamızı daha da irəli aparacaq, söz azadlığının xalqa töhfələrini artıracaq.
Natiq Məmmədli, “Kaspi” qəzetinin baş redaktoru:
– Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun qurultayda çıxışı, dövlətimizin KİV-lə bağlı yeritdiyi düzgün siyasəti geniş şərh etməsi diskussiyaların ciddiliyinə, təşəbbüslərin faydalılığına yön verdi. Doğrudan da, Azərbaycan dövlətinin mediamızın demokratik inkişafı üçün yaratdığı sivil əsaslar artıq bir çox problemlərin arxada qalmasına dəstək olmuşdur. Ölkədə müstəqil mətbuatın mövqeləri ardıcıl möhkəmlənir.
Lakin mediamızın ümumi inkişafına mane olan, söz azadlığı prinsipləri ilə uyuşmayan nöqsanlar da qalır. Bu barədə də qurultayda ciddi söhbət getdi. Gerçəkliyi təhrif edən, həyatın işıqlı tərəflərinə nəzər salmayıb, düşmən maraqlarını cavablandıran jurnalistlərin qınaq hədəfi olması qurultayda seçilən mövzulardan oldu. İnanıram ki, səslənən ideyalar, qəbul edilən qərarlar hamı üçün faydalı olacaq.
Aqil
Camal, “Türküstan” qəzetinin baş redaktoru:
– Əvvəlki qurultaydan fərqli olaraq, bu dəfəki məclis tam həmrəylik,
qarşılıqlı hörmət, yekdil qərarlar şəraitində keçdi. Müstəqil mətbuatın inkişafına dövlət dəstəyi konsepsiyasının
uğurları və bu köməyi daha rəngarəng etməklə bağlı fikirlər hamılıqla bəyənildi.
Ölkəmizdə azad mətbuatın tam bərqərar olması üçün
müstəqil nəşrlər siyasiləşmə prosesindən uzaq olmalı, bazar şəraitində fəaliyyətin ciddi tələblərini cavablandırmalıdırlar.
Azərbaycanın dövlət müstəqilliyinin
daha da möhkəmləndirilməsi, ümumxalq maraqlarının qorunması ilə bağlı qurultayda səslənən mülahizələr qarşıdakı dövrdə işimizə yön və təkan verəcək.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2013.- 13 iyul.- S. 3.