Ümummilli lider Heydər
Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi XX əsr
tariximizin unudulmaz hadisəsidir
Azərbaycan dövlətçiliyi ideyasının sovet dövründə yaşaması və sonradan yenidən reallaşdırılması 1969-cu il iyulun 14-də respublikamızda hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Bu tarixi hadisənin 44 illiyi münasibəti ilə Səbail rayon ictimaiyyəti nümayəndələrinin və qonaqların iştirakı ilə toplantı keçirilmişdir.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev iştirakçıları salamlayaraq, əlamətdar günün əhəmiyyətindən danışmışdır. Qeyd olunmuşdur ki, 44 il əvvəl - 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin plenumunda Heydər Əlirza oğlu Əliyev respublikanın rəhbəri seçilmişdir. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlanmışdır. Heydər Əliyevin böyük səyləri, vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı tezliklə öz bəhrəsini vermişdir. O illərdə Sovet İttifaqının geridə qalmış aqrar əyaləti olan Azərbaycan qısa müddətdə sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi bir qabaqcıl respublikaya çevrilmişdir.
Mərasimdə YAP Siyasi Şurasının üzvü, YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov ümummmilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə gəlməsi, fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etmişdir. Natiq ulu öndərin 1969-cu ildə hakimiyyətə gəlişi, onun Azərbaycanın tərəqqi, inkişaf və çiçəklənməsi istiqamətində həyata keçirdiyi böyük işlərdən danışmışdır. SSRİ-nin bütün guşələrində böyük hörməti olan Heydər Əliyev 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilmiş, SSRİ Nazirlər Sovetinin I müavini təyin olunmuşdur.
1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. O, bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoymuş, böyük starateji layihələrin həyata keçirilməsinə başlamışdır. Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Səbail Rayon Ağsaqqallar Şurasının sədri Mirhəbib Seyidov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail Rayon şöbəsinin sədri İlham Əliyev, Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev və başqaları ulu öndər Heydər Əliyevin gördüyü tarixi işlərdən danışmışlar. Onlar qeyd etmişlər ki, 2013-cü il ölkəmizdə prezident seçkiləri ilidir. Səbail rayonunun ağsaqqaları, veteranları, digər ictimai təşkilatların üzvləri Azərbaycan Respubliksının Prezidenti, ulu öndərimizin layiqli davamçısı İlham Əliyevin Azərbaycanın inkişaf və tərəqqisinin günbəgün artması, onun qüdrətli və zəngin bir dövlətə çevrilməsi və ən başlıcası itirilmiş torpaqlarımızın geri qaytarılması istiqamətində apardığı işləri bəyənirlər, seçki günü yekdilliklə ona səs verəcəklər.
R.TAHİR
Xalq qəzeti.- 2013.- 13 iyul.- S. 4.