Azərbaycan alimi beynəlxalq biznes mükafatına layiq görülmüşdür

 

 Bu günlərdə mərkəzi qərargahı ABŞ-ın Hyuston şəhərində yerləşən Dünya Biznes Konfederasiyasının baş icraçı direktoru Jesus J. Moran Azərbaycan Dövlət Aqrar Universitetinin meyvə-tərəvəzçilik və üzümçülük kafedrasının müdiri, respublikanın əməkdar müəllimi, professor Famil Şərifova təbrik məktubu ünvanlamışdır.

Məktubda bildirilir ki, biz sizi Dünya Biznes Konfederasiyası (WORLDCOB) adından salamlayırıq və sizi öz ölkənizdə üzümçülüyün inkişafı sahəsində görkəmli nailiyyətlər əldə etmiş bir alim kimi tanıyırıq. Böyük razılıq hissi ilə qeyd etmək istəyirik ki, sizin peşənizdə bu sahədə əldə etdiyiniz elmi uğurlar yüksələn xətlə inkişaf etmişdir. Rəhbərlik etdiyim qurum  təsis etdiyimiz biznes sahəsində bütün dünyada ən yüksək mükafatlardan biri sayılan “THE BİZZ 2013” mükafatı ilə sizi təltif etmişdir.

Hazırda WORLDCOB dünyada biznesin təşkili ilə məşğul olan əsas qurumlardan biridir. Bu təşkilat indi dünyanın 75-dən çox ölkəsində müəssisələrin və elmi uğurların genişlənməsinə və inkişafına yardım göstərir. Bu sahədə çalışan sahibkarların peşə fəaliyyətinin yüksəlməsinə, həmçinin onların sosial məsuliyyətinin artmasına, elm və praktikanın qarşılıqlı əlaqələrinin vəhdət halında birləşməsində kömək edir.

Qeyd edək ki, Famil Şərifov  ötən əsrin 70-80 -ci illərində işləyib hazırladığı intensiv becərmə texnologiyası sayəsində üzümlüyün 3-cü ilində 400-500 sentner, 4-cü ilində 600-700 sentner, 5-ci ilində 800-1000 sentner məhsul almaq mümkünlüyünü isbat etmişdir. Bundan başqa üzümlükdə maşın və mexanizmlərin tətbiqindən başqa yeni becərmə texnologiyası üzümlükdə birbaşa kolla bağlı  işləri xeyli (60-65 faiz) azaltmağa imkan vermişdir.

Professor F.Şərifov bir sıra elmi əsərlərin müəllifidir. Onun gərgin əmək sərf edərək nəşr etdirdiyiAzərbaycan üzümüadlı atlas elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, milli üzümçülük genofondunun tanınması qorunmasına əvəzsiz xidmət göstərmiş, beynəlxalq kitab sərgilərində uğurla iştirak etmişdir. Bundan başqa Famil Şərifovun cari ilin əvvəllərində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə ithaf etdiyi 50 illik elmi fəaliyyətinin nəticəsi olanÜzümçülükmonoqrafiyasında dünya üzümçülük elmində yenilik  sayıla biləcək bir çox məsələlər öz əksini tapmışdır.

 

Qabil YUSİFOĞLU

 

 

Xalq qəzeti.- 2013.- 13 iyul.- S. 4.