Nəqliyyat Nazirliyində 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Yay Olimpiya Oyunları ilə bağlı iclas keçirilmişdir

 

İclasda Olimpiya oyunları zamanı nəqliyyat xidmətlərinin təşkilinə dair müzakirələr aparılmışdır.  I Avropa Oyunlarının keçirilməsi zamanı nəqliyyat xidmətlərinin təşkili məsələlərinə dair Bakı Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən cəlb edilmiş mütəxəssislərlə birlikdə Nəqliyyat Nazirliyində geniş müzakirə aparılmışdır.

Nəqliyyat Nazirliyindən aldığımız məlumatda deyilir ki, nazir müavini Musa Pənahov I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar nəqliyyat-yol kompleksi üzrə görülən işlər barədə məlumat vermişbu məqsədlə artıq Nəqliyyat Nazirliyində müvafiq işçi qrupun yaradıldığını və Tədbirlər Planının təsdiq edildiyini diqqətə çatdırmışdır. Daha sonra nəqliyyat nazirliyinin müvafiq struktur bölmələrinin rəhbər işçilərinin və mütəxəssislərinin iştirakı ilə geniş tərkibli görüş keçirilmişdir. Görüşdə mütəxəssislər  idman oyunlarının keçiriləcəyi yerlər barədə məlumatları və nəqliyyat xidmətlərinin təşkili ilə əlaqədar tövsiyələri əks etdirən təqdimatla çıxış etmiş, yüksək keyfiyyətli nəqliyyat xidmətlərinin təşkili üçün mütəmadi olaraq belə görüşlərin keçirilməsinin və işçi qaydada müzakirələrin təşkil edilməsinin vacibliyini vurğulamışlar.

Görüşdən sonra qonaqların Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə səfəri təşkil olunmuş və mərkəzin texniki imkanları barədə onlara ətraflı məlumat verilmişdir.

 

Xalq qəzeti.- 2013.- 13 iyul.- S. 6.