TAP layihəsi:
Yeni dövrün strateji qərarı
“Şahdəniz” konsersiumu iyunun 28-də Azərbaycanın Avropaya qaz ixracını həyata keçirəcək marşurut kimi TAP layihəsinin seçilməsi ilə bağlı qərar qəbul etdi. Bu qərar Azərbaycanın regiondakı rolunu daha gücləndirməklə yanaşı, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfəsini daha da artırmış oldu. Bununla da Azərbaycanın enerji siyasətində yeni bir mərhələnin açıldığını demək mümkündür. Azərbaycan müstəqil enerji siyasəti apararaq Avropanın mavi qaz bazarına birbaşa daxil olacaq.
Azərbaycan Prezidenti İlham Əliyev enerji təhlükəsizliyi məsələlərinin böyük əhəmiyyət daşıdığını bildirərək demişdir: “Hər bir ölkə çalışmalıdır ki, enerji təhlükəsizliyini təmin etsin. Bunsuz inkişaf mümkün deyildir. Bunsuz müstəqil inkişaf mümkün deyildir. Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin edib, eyni zamanda, digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində də öz rolunu oynayır. Bu yaxınlarda qəbul edilmiş qərarlar Azərbaycanı dünya miqyasında, qlobal müstəvidə çox ciddi tərəfdaşa çevirir. Azərbaycan öz enerji resurslarını artıq neçə ildir ki, dünya bazarlarına çıxarır. Gələcəkdə təbii ehtiyatlarımızın dünya bazarlarına çıxarılması üçün əlavə imkanlar yaranır. Bu, o deməkdir ki, Azərbaycan bundan sonra uzun illər ərzində öz iqtisadi gələcəyini təmin edir. Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı üçün şərait yaradılır. Azərbaycanın dünyadakı rolu artır və yeri möhkəmlənir. Bu, ölkəmizin gücünü artıracaqdır. Çünki biz enerji siyasətimizi uğurla aparırıq və bu siyasət bəhrəsini verməkdədir. Biz bu siyasətdən əldə edilmiş gəlirləri bütün başqa sahələrə yönəldirik”.
Son enerji anlaşmaları bir daha təsdiq edir ki, Azərbaycanın enerji siyasəti daha çox ölkənin regiondakı mövqeyinin gücləndirilməsinə xidmət etməklə yanaşı, eyni zamanda respublikanın iqtisadi və milli maraqlarının qorunmasına xidmət edir.
Azərbaycanın
enerji imkanları
Azərbaycanın təsdiq edilmiş neft ehtiyatları 1,5 milyard ton, qaz ehtiyatları isə “Abşeron” yatağının ehtimal edilən 350 milyard kubmetrlik qaz potensialı da daxil edilməklə 2,55 trilyon kubmetr olaraq qiymətləndirilir. Azərbaycanın qaz ehtiyatlarına görə dünyada 21-ci, neft ehtiyatlarına görə isə 37-ci yerdə dayanmasına baxmayaraq, etibarlı tərəfdaş imici və Avropaya çıxış imkanları ölkəmizin əhəmiyyətini daha da artırır. Hazırki imkanlarla Azərbaycan Avropa ölkələrinin ümumi qaz tələbatını 10 ilə yaxın ödəmək gücünə malikdir. Lakin respublikamızın ehtiyatlarının bununla bitdiyini demək doğru deyil. Çünki bir sıra mütəxəssislər hesab edirlər ki, Xəzərin Azərbaycan sektorunda kəşf edilməmiş neft-qaz ehtiyatları hələ kifayət qədərdir.
Digər mühüm məqam isə Xəzər regionunun enerji resurslarını Avropa bazarlarına Rusiyadan kənar keçməklə çıxaracaq ən optimal yolun məhz Azərbaycandan keçməsidir. Bu səbəbdəndir ki, AB-nin Azərbaycanla apardığı müzakirələrdə və həyata keçirilməsi planlaşdırılan layihələrdə respublikamız sadəcə ixracatçı kimi deyil, həmçinin tranzit ölkə olaraq iştirak edir. Azərbaycanın qaz potensialı növbəti on ildən sonra ixracın həcmini təxminən 60 milyard kubmetrə qədər artırmaq imkanı yaradır.
Müasir iqtisadiyyatın əsas lokomotivi hesab edilən karbohidrogen ehtiyatlarının zənginliyi Azərbaycanın beynəlxalq iqtisadi və siyasi əlaqələrinin ana xəttini təşkil etməklə ölkəmizi dünya iqtisadiyyatının ciddi aktorlarından birinə çevirib. Qlobal enerji təhlükəsizliyi müasir dünya iqtisadiyyatında həllini gözləyən vacib problem olaraq qiymətləndirilir. Təsadüfi deyil ki, ekspertlər növbəti 20 il ərzində Avropanın təbii qaz tələbatının 2 dəfə artacağını proqnozlaşdırırlar. Artan tələbatın qarşılığında isə daxili istehsal illik 200 milyard kubmetrdən 100 milyard kubmetrə qədər azalacaq.
Azərbaycan
qazı dünya bazarlarına doğru
Azərbaycan milli suverenliyini qazandıqdan sonra, təbii ki, karbohidrogen resurslarından ölkə maraqları naminə istifadə edilməsinə start verdi. Bu məqsədlə yeni ixrac marşrutları yaradılmalı, daha sağlam tərəfdaşlar seçilməli və dünya bazarlarına birbaşa çıxış təmin edilməli idi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilis-Ərzurum (BTƏ) boru kəmərlərinin işə salınması Azərbaycanın qlobal enerji bazarlarında statusunu möhkəmləndirməklə yanaşı, ölkəmizin Avropa dövlətləri ilə iqtisadi əlaqələrini də gücləndirdi. Ötən müddət ərzində Azərbaycan dünya bazarlarında etibarlı tərəfdaş imici formalaşdıraraq, qlobal energi təhlükəsizliyinə də öz töhfəsini verdi.
Hazırda isə ölkəmiz qaz ehtiyatlarının xarici bazarlara çıxarılması istiqamətində ciddi addımlar atmaqdadır. Təbii ki, qazın gələcək ixrac istiqaməti kimi Avropa bazarları müəyyən edilib. Son bir neçə ildə əsas müzakirə mövzusu Azərbaycan qazının dünya bazarlarına hansı marşrutlarla çıxarılacağı və bu zaman AB-nin enerji təhlükəsizliyinə verəcəyi töhfədir.
İlkin olaraq Xəzər regionunun və Yaxın Şərqin (İraq) qaz ehtiyatlarını Avropa bazarlarına daşıyacaq kəmərin NABUKKO olacağı ehtimal edilirdi. Lakin 2008-ci ilin maliyyə böhranı, tərəfdaş dövlətlərin ciddi iradə sərgiləməməsi və layihənin kifayət qədər bahalı olması, o cümlədən idxal mənbələrinin tam olaraq müəyyənləşdirilməməsi bu işin effektivliyinə kölgə saldı. Nəticədə digər alternativ variantlar ortaya çıxdı. TANAP, SLEP, NABUKKO-West və TAP bu tip layihələrdən hesab edilirdi. NABUKKO-nun inşası ilə bağlı yaranan problem TANAP-ın əhəmiyyətinin artırdı. Bu kəmər Azərbaycan qazının Gürcüstandan keçməklə Türkiyənin Avropa ilə sərhədlərinə qədər daşınmasını nəzərdə tutur. Bu layihə çərçivəsində dost ölkə olan Türkiyənin maraqları da təmin edilmiş oldu. Son olaraq isə Azərbaycan qazının qərb ölkələrinə ixracı üçün isə iki əsas marşrut rəqabət aparırdı.
TANAP+NABUKKO-
WEST və TANAP+TAP
Layihələrin hər ikisi AB tərəfindən dəstəklənirdi. Trans Adriatik Pipeline ( TAP) qaz
ixracı boru kəməri yaxın gələcəkdə Xəzər
qazının Yunanıstan və Albaniyadan keçməklə
Adriatik dənizi ilə İtaliyaya, daha sonra isə
İtaliyadan Qərbi Avropa ölkələrinə nəqlini nəzərdə
tutan və AB-nin 21-ci əsr enerji təhlükəsizliyi xartiyasının
bir parçası hesab edilən layihədir. Bu layihənin səhmdarları
İsveçrənin “AXPO” (42,5 faiz),
Norveçin “Statoil” (42,5 faiz) və Almaniyanın “E.ON Ruhrgas”
(15 faiz) şirkətləridir. Layihə çərçivəsində
inşa ediləcək boru kəmərinin uzunluğu 870 kilometrdir.
Kəmərin inşa edilməsi xərcləri dəqiq müəyyənləşdirilməsə
də, təxminən 2,5 milyard ABŞ
dolları həddində proqnozlaşdırılır.
Tikinti
işlərinə 2015-ci ildə başlanacaq və kəmərlə
ilkin olaraq il ərzində 10 milyard kubmetr
qazın ixracı nəzərdə tutulur. Lakin
gələcəkdə bu kəmərin imkanlarının 20
milyard kubmetrədək artırılması
mümkündür. TAP həmçinin AB-nin “Cənub
axını” layihəsinin bir hissəsi hesab edilir. Boru kəmərinin
inşası üçün təxminən 3 il
vaxt sərf ediləcək. TAP vasitəsi ilə
ixrac ediləcək Şahdəniz qazının ikinci
fazasının işlənməsinə isə 2016-cı ildən
başlanılacaq. Ümumilikdə bu layihənin
dəyəri təxminən 40 milyard dollar olaraq qiymətləndirilir.
Qoyulacaq investisiyanın 25 milyard dolları Azərbaycan
və Gürcüstana aiddir. İnvestisiya
xərclərinin böyük qismi Şahdəniz layihəsinin
istismara hazırlanmasına yönəldilən infrastruktur xərcləridir.
Bu layihə dəyərinə görə Xəzərdə
həyata keçirilən 2-ci böyük layihədir.
NABUKKO-WEST
Nabukko-Westqaz
boru kəməri 2012-ci ilin iyun ayında Şahdəniz
konsorsiumu tərəfindən Şahdəniz
yatağının ikinci fazasının istismara verilməsindən
əldə ediləcək qazın Mərkəzi Avropa ölkərinə
daşınmasını nəzərdə tutmaqla TAP-a alternativ variant hesab edilirdi. Bu
layihənin əsas dəstəkçisi AB idi. Məqsəd Mərkəzi Avropa ölkələri sayılan
Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyanın
enerji asılılığını azaltmaq və gələcəkdə
artan tələbatı qarşılamaq, idxal
marşrutlarını diversifikasiya etmək idi. Türkiyə Bolqarıstan sərhədindən
başlanğıcını götürən kəmərin
Baumqartenədək (Qərbi Avstriya) uzunluğu 1329 kilometrdir.
Kəmərin 424 kilometri Bolqarıstan, 475 kilometri Rumıniya,
383 kilometri Macarıstan, 47 kilometri isə Avstriya ərazisindən
keçməli idi. İllik ötürmə
gücü isə 10-23 milyard kubmetrdir. Nabukko-West
“Şahdəniz” konsorsiumuna Nabukko səhmdarları tərəfindən
təklif edilib.
Bu
konsorsiuma Türkiyənin Botaş, Bolqarıstanın “Bolqar
Enerji Holdinq”, Avstriyanın OMV, Almaniyanın RÜE,
Macarıstanın MOL və Rumıniyanın Transqaz şirkətləri
daxildir. Layihə 10 yanvar 2013-cü il
tarixində Sofiyada bağlanmış sazişin şərtlərinə
uyğun olaraq Şahdəniz və Nabukko-West konsorsiumları tərəfindən
maliyyələşdirilməli idi. Həmçinin bağlanan
saziş kəmərin seçiləcəyi təqdirdə
Şahdəniz səhmdarlarına (SOCAR, BP, STATOİL və
TOTAL) layihədə 50 faiz paya sahiblik imkanı verdi.
Nə üçün TAP?
Aparılan
danşıqların tələbi kimi Şahdəniz konsorsiumu
2013-cü il iyun ayının sonuna qədər
təklif edilən Azərbaycan qazının ixracını nəzərdə
tutan marşrutlar üzrə seçimini etməli idi. Konsorsium TAP layihəsi üzrə ixracı dəstəklədiyini
bəyan etməklə 30 iyun 2013-cü ildə TAP üzrə
beynəlxalq saziş imzalandı. Beləliklə
müzakirələr sona çatdı. Bəs
nə üçün TAP?
Nəzərə alınmalıdır ki, qaz ixracı
marşrutları üzrə seçim onun gələcək
perspektivləri və iqtisadi səmərəliliyi kimi göstəricilərinə
görə müəyyənləşdirilirdi, TAP ən
uğurlu variant hesab edilir. Belə ki, bu kəmərin
uzunluğu NABUKKO-WEST-dən 459 kilometr azdır. Bu isə ilk növbədə inşa xərclərinin
azaldılması deməkdir. İkincisi, kəmərin
uzunluğunun azlığı nəqliyyat xərclərini
azaltmaqla daha rentabelli olur. Üçüncüsü,
TAP layihəsi üzrə konsorsiumda İsveçrə,
Norveç və Almaniya kimi güclü dövlətlər təmsil
edilir ki, bu da investisiya tələbatının ciddi
iqtisadiyyatlara əsaslandığına işarədir. Dördüncüsü, bu layihə Azərbaycan
neftinin gələcəkdə İtaliya üzərindən Qərbi
Avropa bazarlarına çıxarılmasına və yeni tərəfdaşlıqlara
imkan verir. Beşincisi, İtaliya
bazarına birbaşa çıxış imkanlarının təmin
edilməsi bu ölkənin böyük iqtisadi potensialından
istifadə imkanlarını artıracaq, həmçinin
qazın dünya bazarı qiymətinə satışını
reallaşdıracaq.
TAP və
Şahdəniz konsorsiumlarının imzaladığı
sazişlə ilk dəfə olaraq Azərbaycan qazı Avropa
bazarına birbaşa çıxış əldə etdi. Bununla tarixdə həmçinin ilk dəfə olaraq
AB və Azərbaycan təbii qaz tərəfdaşına
çevrildi. AB bu layihə ilə qaz idxal
marşrutlarının şaxələndirilməsi istiqamətində
ciddi uğur əldə etməklə yanaşı, yeni və
kifayət qədər qaz ehtiyatına malik təcizatçı
qazandı. Bu saziş eyni zamanda Azərbaycan
və Avropa Birliyi arasında iqtisadi bağları dərinləşdirir
və Birliyi Azərbaycanın enerji resurslarının birmənalı
idxalçısına çevirir.
Artıq ölkəmiz Birliyin enerji təhlükəsizliyində
rolu olan ciddi aktorlardan birinə çevrilməkdədir. Nəzərə alsaq ki, Azərbaycanın
qaz ehtiyatları kəşf edilmişdən qat-qat çox dəyərləndirilir
və yaxın gəlcəkdə ixrac imkanları bir neçə
dəfə (təxminən illik 60 milyard kubmetr) artacaq, bundan
sonra hələ uzun zaman ölkəmizin AB üçün əhəmiyyəti
prioritet olaraq qalacaq. Hətta gələcəkdə
daha çox qaz ixrac etmək üçün yeni-yeni layihələrin
reallaşdırılması qaçılmaz
görünür. Məhz bu prizmadan
yanaşdıqda Nabukko-Westin öz əhəmiyyətini itirmədiyini
əminliklə qeyd edə bilərik. İlk
mərhələdə Cənub Şərqi Avropa ölkələrinin
ehtiyaclarını qarşılayan Azərbaycan qazı gələcəkdə
Mərkəzi Avropa ölkələrinin də enerji asılılığının
azaldılmasına kömək olacaq.
TAP Azərbaycan
üçün də strateji əhəmiyyətə malik
layihədir. Məhz bu layihə ölkəmizin
təbii qaz ehtiyatlarının dünya bazarlarına uyğun
qiymətə satışını təmin edəcək.
Həmçinin layihə çərçivəsində həyata
keçirilən investisiya proqramı ölkəmizə sərmayə
axınını təmin edəcək, yeni iş yerlərinin
açılması, Xəzərin ekoloji vəziyyətinin
yaxşılaşdırılması, müasir
texnologiyanın və innovasiyanın ölkəmizə
axınını sürətləndirəcək. Digər tərəfdən isə ARDNŞ-nin
“Şahdəniz” konsorsiumunun səhmdarı olaraq AB və
İtaliyada investisiya imkanlarını artıracaq.
TAP layihəsinin
fəaliyyətə başlaması Azərbaycanın
karbohidrogen resurslarından əldə etdiyi gəlirlərin
dayanıqlılığını bir daha təsdiq edəcək
və daha da sabitləşməsinə səbəb olacaq. Belə ki, neft hasilatının azalması ilə
müşahidə edilən hazırki dönəmdə qaz
ixracının genişləndirilməsi azalan gəlirlərin
müəyyən bir hissəsini kompensasiya edəcək.
Həmçinin qazın bazarlarda daha sabit qiymətlərlə
satışı bu sahədən gələn gəlirlərin
proqnozlaşdırılmasını asanlaşdıracaq.
Enerji gəlirlərinin ölkə
iqtisadiyatı üçün əhəmiyyətini nəzərə
alsaq, bu sahədə sabitliyin təmin edilməsini daha
düzgün dəyərləndirə bilərik.
Bu layihənin ölkə üçün əhəmiyətini
artıran səbəblərdən biri isə qaz ixrac
marşrutlarının şaxələndirilmiş
olmasıdır. Belə ki, hazırki dövrdə
Yunanıstana ixrac edilən 750 milyon kubmetr qazı nəzərə
almasaq, Azərbaycan qazı 4 qonşu ölkəyə ixrac
edilir. Türkiyə ölkəmizin ən böyük təbii
qaz alıcısı olmaqla il ərzində 6,6 milyard kubmetr,
Gürcüstan 1,5 milyard kubmetr, İran isə 400 milyon kubmetr
Azərbaycan qazı alır ( İran Naxçıvan MR-in məişət
qazına olan tələbatını ödəyir ki, əvəzində
Azərbaycan İrana qaz ixrac edir, bir növü əvəzləşdirmə
olur). Rusiya isə Azərbaycan qazının
alıcılarından biridir.
Hazırda Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə
paralel olaraq Türkiyə ərazisində inşa edilən
TANAP bu ölkəyə Azərbaycanın enerji
ehtiyatlarından maksimum yararlanmaq şansı verib. Ümumilikdə
isə Gürcüstan və Türkiyə də daxil olmaqla
layihədə tərəf olan bütün dövlətlər
TAP üzrə imzalanan sazişdən kifayət qədər
qazanclı çıxıblar. TANAP-ın
davamı olaraq TAP-ın inşa edilməsi ilə Azərbaycanın
bir çox Avropa ölkələrinə
çıxış imkanlarını artıracaq. Bununla da ölkəmiz qazın ixrac qiymətlərini
müəyyən etməkdə daha sərbəst olacaq.
Beləliklə, Azərbaycan potensial qaz
ehtiyatlarının ixrac marşrutlarının seçilməsində
daim müstəqillik nümayiş etdirdi. Başqa
sözlə, Nabukko ətrafında baş verən iqtisadi və
siyasi narahatlığın yaratdığı gərginlik 26
iyun 2012-ci ildə Türkiyə və Azərbaycan hökumətləri
arasında TANAP (Trans-Adriatik) layihəsi ilə əlaqəli
imzalanan sazişlə nisbətən azaldı. Çünki siyasi və iqtisadi səbəblərdən
reallaşması mümkün görünməyən
Nabukko-nun imkanlarına bənzər yeni bir boru kəməri
layihəsi-TANAP artıq mövcud idi. Nəzərə
alsaq ki, TANAP Azərbaycan qazının AB sərhədlərinə
çatdırılmasına imkan verirdi, növbəti mərhələdə
Avropa daxili istənilən kəmərlə qazı idxal etmək
mümkün idi.
Son olaraq isə Şahdəniz konsorsiumunun qaz ixrac
marşrutu kimi TAP layihəsini qəbul etməsi faktiki olaraq
regionda balansı qorumaqla yanaşı, Azərbaycanın siyasi
manevr imkanlarını artırdı və qərarın sadəcə
iqtisadi və milli marağı baxımından qəbul edilməsini
göstərdi və ölkəmizi regionun aparıcı qaz təchizatçısına
çevirdi.
Vüqar BAYRAMOV,
İqtisadi və Sosial İnkişaf
Mərkəzinin sədri,
iqtisad elmləri
namizədi
Xalq qəzeti.- 2013.- 14 iyul.- S. 1.