14 iyul 1969-cu il –
milli tariximizin unudulmaz günü
Heydər Əliyev zəkasının
və qüdrətinin möcüzəsi
Ümummilli lider
Heydər Əliyevin
1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişi ittifaq dövləti
daxilində geri
qalmış
respublikanın bir neçə il ərzində hərtərəfli
inkişafı və o dövrə
məxsus intibah əlamətləri
ilə milli tariximizə unudulmaz
bir gün olaraq yazılmışdır. 44 il əvvəl başlanan həmin yol ulu öndərin xalq işinə sədaqəti, milli
maraqları hər şeydən üstün tutması ilə Azərbaycanı yaxınlaşmaqda olan dövlət müstəqilliyinə hazırlamışdır.
1969-cu ildən
Azərbaycana rəhbərlik
edən Heydər Əliyev qüdrətli dövlət xadimi,
mahir siyasətçi kimi
məmləkətini nəinki keçmiş SSRİ-də, hətta dünyada sivil bir
respublika kimi tanıtmış, milli
varlığımızı beynəlxalq aləmə nümayiş etdirmişdir. O illərin rəşadəti
və şöhrəti XX əsr
tariximizə qızıl hərflərlə yazılmışdır.
Böyük tarixi
şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər 2 dövründə, Kremldə
çalışdığı illərdə öz xalqına ləyaqətlə
xidmət etmək nümunəsi və yüksək təşkilatçılıq
qabiliyyəti göstərmişdir. Lakin onun
böyük təşkilatçı, siyasi lider və
dövlət xadimi olması, xalqı öz ətrafında
birləşdirmək sahəsində fitri istedadı məhz
Azərbaycan KP MK-nın rəhbəri olduğu 70-80-ci illərdə
özünü bütün aydınlığı ilə
göstərmişdir. O illərdə bu böyük
insan ardıcıl olaraq respublikamızın sürətli
sosial-iqtisadi inkişafı, xüsusilə də
iqtisadiyyatın səmərəli yerləşdirilməsi
siyasətini yeritmiş, şəhər və kəndlərin
inkişafına böyük qayğı göstərmişdir.
Azərbaycana rəhbərliyinin birinci dövründə
Heydər Əliyevin iqtisadi siyasətinin ana xəttini qeyri-neft
sektorunun çoxşaxəli, sürətli və səmərəli
inkişafı təşkil etmiş, eyni zamanda, həmin sahələrə
aid müəssisələr, əsasən, perspektivli
kiçik və orta şəhərlərdə yerləşdirilmişdir.
Məlumdur ki, qeyri-neft sektorunun çoxşaxəli,
səmərəli inkişaf etdirilməsi, emal sənayesinə
aid müəssisələrin kiçik və orta şəhərlərdə
yerləşdirilməsi müasir dövrdə
respublikamızda iqtisadi siyasətin prioritet istiqamətini təşkil
edir. Odur ki, ümummilli liderimizin 70-80-ci illərdəki
iqtisadi siyasətinin, bu siyasəti reallaşdırmaq
üçün istifadə etdiyi üsul və vasitələrin
öyrənilməsi həm nəzəri-metodoloji, həm də
praktiki baxımdan mühüm əhəmiyyət kəsb edir.
1969-cu il iyul ayının 14-də Heydər Əliyev
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçildiyi vaxt respublikamız iqtisadi
durğunluq, siyasi və mənəvi tənəzzül vəziyətində
idi. Əvvəlki illərdə öz nefti ilə
SSRİ iqtisadiyyatında liderliyə malik olmuş Azərbaycan
bu mövqeyini itirdikdən sonra SSRİ hökumətinin diqqətindən
kənarda qalmışdı. İqtisadiyyatın digər
sahələrinin (qeyri-neft sektorunun) inkişafına keçid
lazımi səviyyədə və sürətlə təmin
edilmədiyindən onun bütün sahələrində
inkişaf kəskin surətdə
aşağı düşmüşdü. Sənayenin
strukturunda enerji, fond və xammal tutumlu sahələr
üstünlük təşkil etdiyindən və texniki
bazası köhnə olduğundan səmərəliliyi
aşağı idi.
Nəticədə
Azərbaycan milli gəlirin artım sürətinə və
adambaşına düşən milli gəlirə görə
SSRİ-nin orta göstəricisindən (1960-cı ilə nisbətən
1970-ci ildə SSRİ-də milli gəlir 2 dəfə,
müttəfiq respublikaların bir çoxunda 2,2-dən 2,4 dəfəyə
qədər, Azərbaycanda isə, 1,6 dəfə
artmışdır) geri qalır, bu göstəricilərə
görə müttəfiq respublikalar arasında
axırıncı yerlərdən birini tuturdu. İqtisadiyyatın
əsas sahələri olan sənaye və kənd təsərrüfatında
bu gerilik özünü daha qabarıq surətdə göstərirdi.
1960-1969-cu illərdə respublikada ümumi sənaye
məhsulu 78 faiz artmışdı və bu göstəriciyə
görə müttəfiq respublikalar arasında
axırıncı yer tuturdu. 1966-1969-cu illərdə
bu gerilik daha da artmışdı (bu müddətdə sənaye
məhsulu SSRİ-də orta hesabla 39 faiz, Azərbaycanda 26 faiz
artmışdı).
Azərbaycanın bəzi iqtisadi rayonlarında 60-cı
illərin birinci yarısında sənayenin inkişafı demək
olar ki, dayanmışdı. Misal üçün, 1960-cı ilə
nisbətən 1965-ci ildə SSRİ-də sənaye məhsulu
65 faiz, Azərbaycanda 41 faiz, Naxçıvan MR-də isə cəmi
8 faiz artmışdı. SSRİ rəhbərliyinin
o vaxt etiraf etdiyi kimi, bu göstərici müttəfiq və
muxtar milli dövlət qurumları arasında ən
aşağı göstərici idi. Respublikamızda
bir çox ittifaq əhəmiyyətli müəssisələrin
vaxtında tikilib istifadəyə verilməməsi, ildən-ilə
keçirilməsi adət halını almışdı.
Şirvan (Əli Bayramlı) şəhərindəki Avropada ilk və ən
böyük açıq tipli istilik elektrik stansiyası,
pambıq çiyidindən yağ çəkmə zavodu, Gəncə
alüminium zavodu və i.a. bunlara misal ola bilər.
Kənd təsərrüfatında gerilik daha çox
özünü göstərirdi. Taxıl, pambıq,
üzüm, kartof, bostan-tərəvəz məhsulları
istehsalında məhsuldarlıq müttəfiq
respublikaların çoxundan geri qalırdı. Bir çox əsas kənd təsərrüfatı
məhsulunun istehsal həcmi, həm də məhsuldarlıq
1969-cu ildə 1960-cı ilə nisbətən
azalmışdı. Məhsuldarlıq - taxıl
istehsalında 10,4 sentnerdən 9,5 sentnerə, pambıq 16,6-dan
15,1 sentnerə, cəmi pambıq istehsalı 366 min tondan 299 min
tona düşmüşdü. İstehsal olunan
məhsulların keyfiyyəti aşağı idi.
Məhsuldar qüvvələrin yerləşməsinin
yaxşılaşması sahəsində xeyli müvəffəqiyyət
qazanılmasına baxmayaraq regionların əksəriyyətində
sənayenin nisbətən sürətli inkişafı kifayət
qədər təmin edilmirdi. Nəticədə, Abşeron iqtisadi
rayonunun respublika sənaye məhsulu istehsalında xüsusi
çəkisi 55 il ərzində cəmi 18,6
faiz azalaraq 1913-cü ildəki 91,4 faizdən 72,8 faizə
düşmüşdü. Bakı şəhəri
sənaye məhsulunun ərazi təmərküzləşməsinə
görə dünyada nadir şəhərlərdən biri
olaraq qalırdı. Neft sənayesi sənayeyə
kapital qoyuluşunun əsas hissəsini özünə cəlb
etməklə iqtisadiyyatın digər sahələrində
maliyyə çatışmamazlığı yaradır, nəticə
etibarı ilə qeyri-neft sektorunun inkişafını ləngidən
amillərdən birinə çevrilmişdi. Neft maşınqayırması və neft emalı
zavodlarının maddi-texniki bazası köhnə idi,
30-40-cı illərdən qalmış texnologiya əsasında
işləyirdi. Neftin emalından sayca nisbətən az məhsullar alınırdı və keyfiyyəti
aşağı idi. Neftayırma qurğuları fiziki və mənəvi
cəhətdən köhnəlmişdi, açıq rəngli
neft məhsulları istehsalı az, keyfiyyəti
aşağı idi.
Beləliklə, respublikanın SSRİ iqtisadiyyatında
mövqeyi itirilmişdi. Əmək intizamı zəifləmiş,
dövlət plan tapşırıqlarının yerinə
yetirilməsi qarşısında məsuliyyət hissi
azalmışdı. İnzibati rayonlarda və
kəndlərdə işsizlik artmaqda idi. Respublikada
istehsalın sürətli və səmərəli
inkişafı üçün böyük imkanların
olmasına əhalinin inamı azalmışdı.
Yaranmış
sosial-iqtisadi durum Heydər Əliyevin təşəbbüsü
ilə və rəhbərliyi altında qısa müddətdə dərindən, hərtərəfli
təhlil olundu. Respublikanın imkanlarını
və mənafeyini nəzərə almaqla geriliyin səbəbləri
aşkara çıxarıldı. Onların
aradan qaldırılması, iqtisadiyyatın hərtərəfli
inkişafı və əhalinin həyat səviyyəsinin
yüksəlməsi üçün əvvəlki dövrlərdə
olduğundan tamamilə fərqlənən, prinsip etibarilə
yeni inkişaf strategiyası və müvafiq proqramlar işlənib
hazırlandı və mərhələ-mərhələ
yerinə yetirilməsi yolları müəyyənləşdirildi.
Aparılan
təhlil göstərir ki, 1970-1985-ci illərdə
qarşıya qoyulan vəzifələrin xarakteri
baxımından iki mərhələ bir-birindən xeyli fərqlənir:
1970-1975-ci illəri əhatə edən birinci mərhələdə
iqtisadiyyatın bütün sahələrində mövcud
potensialı hərəkətə gətirmək və ondan səmərəli
istifadə etməklə məhsul istehsalının artım
sürətindəki geriliyi aradan qaldırmaq və
bütövlükdə sosial-iqtisadi inkişafı sürətləndirmək
vəzifəsi qarşıya qoyuldu.
1976-1985-ci
illəri əhatə edən ikinci mərhələdə
iqtisadiyyatın bütün sahələrini səmərəli
və kompleks inkişaf etdirmək, strukturunda Azərbaycanın
ittifaq əmək bölgüsündə geniş
iştirakını təmin edəcək sahələrin və
ya bütövlükdə iqtisadiyyatın inkişafına
müsbət təsir edən mütərəqqi sahələrin
üstün inkişafı istiqamətində dəyişikliklər
edilməsi, neft maşınqayırması və neft
emalının yeni texniki baza üzərinə keçirilməsi
və istehsal olunan məhsulun keyfiyyətinin yüksəlməsi
strateji vəzifəsi qarşıya qoyuldu.
Əmək intizamının möhkəmlənməsi,
dövlət plan tapşırıqlarının yerinə
yetirilməsinin vacibliyi, bunun üçün məsuliyyət
hissinin artırılması, elmi-tədqiqat işlərinin,
xüsusilə Respublika Elmlər Akademiyası alimlərinin əməyinin
təşkilinin təkmilləşməsi və sanballı,
elmi cəhətdən əsaslandırılmış təkliflərindən
istifadə olunması, məhsulun keyfiyyətinin yüksəlməsi
üçün tədbirlər görülməsi məsələləri
ön plana çəkilirdi. Heydər Əliyev
tez-tez rayonlara səfərlər edir, müşavirələr
keçirir, məsləhətləşir, iqtisadiyyatın
inkişafına, dövlət plan
tapşırıqlarının yerinə yetirilməsinə
mane olan səbəbləri aşkara çıxarır və
onların vaxtında aradan qaldırılması
üçün tədbirlər görürdü.
Qarşıda duran strateji vəzifələrin yerinə
yetirilməsinə etibarlı təşkilati və maliyyə
təminatı yaratmaq üçün Heydər Əliyevin təkidli
təşəbbüsü və tələbilə Azərbaycan
hökuməti SSRİ hökumətinə dəfələrlə
və təkliflərlə müraciət etmişdir. Azərbaycan rəhbəri
Heydər Əliyevin təkidi və təşəbbüsü
ilə SSRİ hökuməti respublika xalq təsərrüfatının
bütövlükdə və onun ayrı-ayrı sahələrinin
inkişafını nəzərdə tutan beş
xüsusi qərar qəbul etmişdir. Bu qərarlarda Azərbaycan
xalq təsərrüfatının ayrı-ayrı sahələrinin
inkişafının bütün əsas məsələləri
öz əksini tapırdı. Eyni zamanda bu məsələlərin
həlli üçün ittifaq hökuməti tərəfindən
əlavə vəsait ayrılırdı.
Heydər Əliyevin təşəbbüsü və
böyük məqsədyönlü fəaliyyəti nəticəsində
Sov. İKP MK “1976-1980-ci illərdə və sonrakı
dövrdə respublikada sənayenin ayrı-ayrı sahələrinin
inkişaf etdirilməsinə dair Azərbaycan KP MK-nın təkliflərinin
nəzərdən keçirilməsi nəticəsi barəsində”
qərarında Azərbaycan sənayesinin inkişafı
üçün ayrılan əsaslı vəsait qoyuluşu və
maddi-texniki təchizatın miqdarı onuncu beşillikdə
planda nəzərdə tutulduğuna nisbətən
böyük məbləğdə
artırılmışdı.
Neft sənayesinə qoyulan vəsaitin
artırılması və dövlət planında
ayrılıqda göstərilməsi bir tərəfdən
qeyri-neft sektoruna yönəldilən vəsaiti artırmağa
və onu daha sürətlə inkişaf etdirməyə, digər
tərəfdən neft sənayesinin özündə respublika
iqtisadiyyatının mənafeyini nəzərə almaqla əsaslı
tədbirlər həyata keçirməyə imkan verirdi.
Heydər Əliyevin yorulmaz, fasiləsiz və məqsədyönlü
fəaliyyəti, həyata keçirdiyi tədbirlər, onun təşəbbüsü
və təkidi ilə mərkəzi hökumət tərəfindən
həyata keçirilən tədbirlər nəticəsində
1970-1985-ci illər cəmiyyət həyatının
bütün sahələrində (iqtisadi, mədəni, sosial,
siyasi) yüksəliş və tərəqqi illəri oldu. Azərbaycan
iqtisadiyyatı bütün öz varlığı tarixində
ən yüksək inkişaf səviyyəsinə
çatdı. Başlıcası isə
Azərbaycan ittifaq əmək bölgüsündə öz
layiqli yerini tutdu. Elektrik enerjisi, neft-mədən
avadanlıqları, kimya sənayesinin bir çox məhsulları,
üzüm şərabı, meyvə-tərəvəz
konservi, pambıq mahlıcı, ipək sap, yaşıl
çay, xalça və xalça məmulatları, mineral
sular, fermentləşmiş tütün və i.a.
istehsalına görə keçmiş ittifaq əmək
bölgüsündə mühüm yer tuturdu. Respublikada
iqtisadiyyatın bütün sahələri sürətlə
inkişaf etdirildi, artım sürətinə görə o,
SSRİ respublikaları arasında qabaqcıl mövqeyə
çıxdı.
1970-1982-ci
illərdə respublikamızın iqtisadiyyatının
inkişaf etməsinə əvvəlki 50 ildə olduğundan
1,4 dəfə çox əsaslı vəsait qoyulmuşdu, o
cümlədən 213 yeni sənaye
müəssisəsi istismara verilmişdi. Bakıda məişət
kondisionerləri zavodu, “Ozon” Elm-İstehsalat Birliyi,
elektron-hesablama maşınları zavodu, dərin özüllər
zavodu, tikiş və Ayaqqabı fabrikləri, Şirvanda
(Əli Bayramlıda) məişət cihazları zavodu,
Sumqayıt kompressor zavodu, üst trikotaj fabriki, Gəncə əlvan
metal emalı zavodu, Naxçıvan şüşə qablar
zavodu, Mingəçevirdə Azərbaycan DRES, Yevlaxda yunun
ilkin emalı fabriki və digər şəhərlərdə
tikilən onlarla iri sənaye müəssisələri,
elektrotexnika, cihazqayırma, radiotexnika zavodları, pambıqtəmizləmə,
çay emalı müəssisələri, şərabçılıq
və meyvə-tərəvəz konserv istehsalı zavodları
məhz Heydər Əliyevin müntəzəm
apardığı təşkilatçılıq işinin məhsulu
idi.
1970-75-ci
illərdə respublikamızda məcmuu
məhsul 44 faiz, milli gəlir 39 faiz, sənaye məhsulu 50
faiz, kənd təsərrüfatı məhsulu 34 faiz
artmışdı. 1970-1982-ci illərdə Azərbaycan hər
il müttəfiq respublikalar arasında
sosializm yarışının qalibi olmuşdur. Sənayedə əmək
məhsuldarlığının yüksəlməsi,
istehsalın səmərəliliyinin artması
üçün onun texniki tərəqqinin istiqamətlərini
müəyyən edən maşınqayırma, elektrotexnika,
kimya, elektroenergetika kimi sahələri daha sürətlə
inkişaf etdirilirdi. Digər tərəfdən,
sənayedə yeni texnika və texnologiyanın tətbiqinə
dövlət tərəfindən xüsusi qayğı
göstərilirdi.
Heydər
Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə sənayedə
581 adda yeni tipli maşın, avadanlıq, aparat, cihaz nümunələri
yaradılmış, 310 avtomatlaşdırılmış xətt,
1300 kompleks mexanikləşdirilmiş sex, istehsal sahəsi və
i.a. yaradılmışdır.
Sənaye
məhsulu 2,7 dəfə, sənayedə əmək
məhsuldarlığı 2,1 dəfə artmışdı. 1970-ci ildən başlayaraq Azərbaycan sənaye məhsulunun
artım sürətinə görə müttəfiq
respublikalar arasında ən qabaqcıl mövqeyə
çıxmışdı. Belə ki, 1970-ci ilə nisbətən
1985-ci ildə Respublikanın sənaye məhsulu 2,9 dəfə artmışdı ki, bu da
SSRİ-nin müvafiq orta göstəricisindən (2,14) və
Belarusiya qismən müstəsna olmaqla (3,0 dəfə)
bütün digər respublikaların göstəricilərindən
yüksək idi.
Respublikada kənd təsərrüfatı və onun xam
malını emal edən sahələr böyük sürətlə
inkişaf edirdi. 1970-1982-ci illərdə kənd təsərrüfatı
məhsulu 2,6 dəfə, əmək məhsuldarlığı
2,2 dəfə artmışdı. Pambıq, meyvə,
tərəvəz istehsalı iki dəfədən,
üzüm, tütün, barama, yaşıl çay
yarpağı istehsalı 2-5 dəfə artmışdı.
Üzüm istehsalı 1969-cu ildəki 272 min tondan 1980-ci ildə
1481 min tona, (1984-cü ildə 2126 min tona), pambıq
istehsalı müvafiq olaraq 299 min tondan 831,2 min tona, tərəvəz
410 min tondan 850 min tona çatmışdı.
Bu kənd
təsərrüfatı məhsulları istehsalı sahəsində
Azərbaycan müttəfiq respublikalar arasında qabaqcıl
mövqeyə malik oldu, o cümlədən üzüm və
müxtəlif növ şərab istehsalına görə müttəfiq respublikalar
arasında birinci yeri tuturdu.
Bütün bunlar inkişafın ümumiləşdirilmiş
göstəricisi olan milli gəlirin sürətlə
artmasına səbəb oldu.
1970-1982-ci
illərdə milli gəlir 2,5 dəfə,
adambaşına isə 2 dəfə artmışdı. Bu göstəriciyə görə Azərbaycan
müttəfiq respublikalar arasında qabaqcıl mövqe
tuturdu. Bütün bunların nəticəsi
idi ki, Rusiya ilə yanaşı, Azərbaycan da ittifaq büdcəsindən
dotasiya almadan öz iqtisadiyyatını sürətlə və
mənfəətlə inkişaf etdirirdi.
O illərdə
Heydər
Əliyevin qayğısı ilə regional mədəni-iqtisadi
mərkəz xarakterli şəhərlərin üstün
inkişafı əmək ehtiyatlarından istifadənin
regional problemlərinin həllində, kəndin əmək qabiliyyətli
əhalisinin məşğulluq səviyyəsinin yüksəlməsində
mühüm rol oynamışdı. Belə bir fakt
maraqlıdır ki, 1985-ci ildə Naxçıvan MR-də sənayedə
işləyənlərin 47,1 faizi, tikintidə işləyənlərin
71 faizi, Ağdam şəhərində müvafiq olaraq 80 və
87 faiz, Şirvan şəhəri sənayesində işləyənlərin
30,6 faizi kənddə yaşayanlar idi. Bu proses kənd əhalisinin
işlə təminatında və Bakı şəhərinə
işçi qüvvəsi axıcılığının
azaldılması və qarşısının
alınmasında müstəsna rol oynayırdı.
1970-1985-ci illərdə Heydər Əliyev iqtisadi siyasətinin
müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində
Azərbaycan iqtisadiyyatının inkişafında əldə
olunmuş nailiyyətlər, toplanmış istehsal
potensialı və təcrübə müstəqillik illərində
respublika iqtisadiyyatının inkişafı və dünya
iqtisadiyyatına inteqrasiyasında mühüm rol
oynamışdır və yenə oynayır. Bu baxımdan
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci
dövründə (1970-1985-ci illər) iqtisadiyyatın, elmin, mədəniyyətin,
təhsilin inkişafı sahəsində nailiyyətlər
olmasaydı Azərbaycan müstəqilliyin birinci 5-6 ilində
üzləşdiyi ağır vəziyyətdən
çıxa bilməzdi.
Sovet İttifaqı dövründə müttəfiq
respublikalar vahid dövlətin daxili tərkib hissələri
idilər. Onların iqtisadiyyatının bütün sahələri
bir-biriylə qarşılıqlı əlaqədə işləyir
və bütövlükdə, ölkə təsərrüfatının
və əhalinin tələbatının ödənilməsində
iştirak edirdilər. İttifaq
dağılandan, qarşılıqlı əlaqələr kəsiləndən
sonra hər bir respublika özünün tələbatını
öz imkanları hesabına ödəməyə
başladı. Məhz belə şəraitdə
Heydər Əliyevin rəhbərliyi altında 70-80-ci illərdə
yaranmış istehsal və infrastruktur sahələrin,
xüsusilə onun respublika və region əhəmiyyətli
sahələri gənc müstəqil dövlətimizin tələbatının
az-çox ödənilməsində müstəsna rol
oynayırdı.
Bununla yanaşı, 70-80-ci illərdə Heydər
Əliyevin rəhbərliyi altında yaranmış istehsal
potensialı bir çox digər cəhətdən də
müstəqillik dövründə mühüm əhəmiyyət
kəsb etdi.
Əvvəla, məhz Heydər Əliyevin rəhbərliyi
altında respublikamızın tarixində ilk dəfə olaraq
onun iqtisadiyyatının hərtərəfli və yüksək
inkişafı üçün çox böyük istehsal
potensialına malik olduğu aşkara çıxdı. Təsadüfi
deyil ki, SSRİ-nin dağılması ərəfəsində
müstəqil yaşamaq, öz-özünü yaşatmaq
imkanı olması baxımından Azərbaycan RSFSR və
Ukrayna ilə yanaşı tutulurdu. Eyni
zamanda, o zaman aşkara çıxarılmış həmin
potensialla tanışlıq bu gün də hər kəsdə
Azərbaycan iqtisadiyyatının gələcək
inkişafı üçün böyük imkanlar olduğuna
əminlik yaradır.
İkincisi,
1970-1985-ci illərdə yaranmış istehsal potensialı
80-ci illərin ortalarından başlayaraq təqribən 10 il ərzində xeyli dağılmasına, zəifləməsinə
baxmayaraq müstəqillik illərində, xüsusilə
hazırkı dövrdə Azərbaycanın dövlət
suverenliyi və iqtisadi müstəqilliyinin, fasiləsiz artan və
genişlənən xarici iqtisadi əlaqələrinin təmin
olunmasında mühüm rol oynamış və yenə
oynayır. O zaman inkişaf etmiş və ittifaq əmək
bölgüsündə mühüm yer tutmuş sahələr
(metallurgiya, neft maşınqayırması, bir çox kimya məhsulları,
üzüm şərabı, meyvə-tərəvəz
konservləri, pambıq mahlıcı və i.a.) hazırda və
yaxın gələcəkdə Azərbaycan
iqtisadiyyatının inkişafının və ərazi təşkilinin
təkmilləşməsinin əsas istiqamətlərini təşkil
edəcəkdir.
Üçüncüsü,
Heydər Əliyevin dəstəyilə o zaman xaricdə təhsil
alan tələbələrin bir hissəsi
hazırda xarici ölkələrdə müxtəlif müəssisə
və təşkilatlarda müvəffəqiyyətlə
işləyirlər, yaxud Azərbaycanda işləyir, təhsil
aldığı ölkələrlə mədəni-iqtisadi əlaqələr
qururlar. Beləliklə, həmin ixtisaslı
kadrlar Azərbaycanın xarici ölkələrlə
inteqrasiyasında, Azərbaycan həqiqətlərinin xarici
ölkələrə yayılmasında, xaricdə Azərbaycan
diasporunun formalaşması və sahibkarlığın
inkişafında mühüm rol oynayırlar.
Dördüncüsü, 1970-1985-ci illərdə
iqtisadiyyatın və bütövlükdə ölkənin
idarəedilməsi sahəsində indi getdikcə genişlənən
və özünə yeni-yeni tərəfdarlar, əməkdaşlar
cəlb edən “Heydər Əliyev idarəetmə məktəbi”
yarandı. Bu məktəb xalqını, vətənini hədsiz
dərəcədə sevmək, ona təmənnasız xidmət
etmək istəyi, tələbkarlıq və məsuliyyət
hissi üzərində qurulmuşdur. Bu məktəbdə
yetişmiş, zəngin təcrübə toplamış kadrlar
hazırda dövlət idarəçiliyi sahəsində
ümummilli lider Heydər Əliyevin kursunu müvəffəqiyyətlə
davam və inkişaf etdirirlər.
Nəhayət,
1970-1985-ci illərdə Heydər Əliyevin xırda və
orta şəhərlərin üstün sürətlə
inkişafı, regional mədəni-iqtisadi mərkəz xarakterli
şəhərlərin ətraf ərazilərin əmək
ehtiyatlarından istifadədə rolunun artırılması
siyasəti, bu sahədə toplanmış təcrübə
son illər Azərbaycan Prezidenti İlham Əliyevin regional
siyasətində müvəffəqiyyətlə və yeni
formalarda həyata keçirilir.
Əli
NURİYEV,
AMEA-nın müxbir
üzvü, iqtisad elmləri doktoru, professor
Xalq qəzeti.-
2013.- 14 iyul.- S. 2.