Milli mətbuatımızın tarixində
yeni mərhələ
Azərbaycan jurnalistlərinin VI qurultayı milli mətbuatımızın tarixində ən önəmli hadisələrdən biri kimi qalacaq. Şübhəsiz ki, belə bir yanaşmaya əsas verən bir sıra mühüm amillər var. Bunlardan birincisi və ən əhəmiyyətlisi ötən 5 il müddətində baş verən hadisələrlə, qəbul edilən qərarlar və görülən işlərlə bağlıdır.
Qənaətimə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Azərbaycan Republikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının həyata keçirilməsi istiqamətində atılan addımlar, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və fəaliyyətə başlaması ötən 5 il ərzində milli mətbuatımızın inkişafına təkan verən ən mühüm hadisə kimi qiymətləndirilməlidir. Çünki məhz adıçəkilən konsepsiyanın hazırlanması və qəbul edilməsi nəticəsində mətbuatımızın inkişafı ilə bağlı uzaq hədəflərə hesablanmış strateji bir yol xəritəsi ortaya qoyuldu və bu elmi-konseptual yol xəritəsindən çıxış edilərək həyata keçirilən fəaliyyət özünü sözün bütün mənalarında doğrultu.
Bu konsepsiyanın həyata keçirilməsi istiqamətində Azərbaycan Mətbuat Şurası və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyin Fondunun atdığı birgə addımlar nəticəsində mətbuatımızın kənar təsirlərdən qorunması və milli platforma üzərində inkişafı üçün əlverişli zəmin yarandı. KİV layihələrinin maliyyələşdirilməsi və birdəfəlik yardımlar nəticəsində mətbuatın maddi-texniki bazası nəzərə çarpacaq dərəcədə möhkəmləndi. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasinin və hər iki qurumun tövsiyəsi ilə ayrı-ayrı dövlət qurumlarının və ictimai birliklərin təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqələri media mənsublarının peşəkarlıq səviyyəsinin yüsəldilməsində, onların sosial vəziyyətinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynadı. Paytaxt Bakıda və ölkənin müxtəlif bölgələrində mütəmadi olaraq keçirilən görüşlər, reket mətbuata qarşı aparılan ardıcıl mübarizə ayrı-ayrı dövlət qurumları və ictimaiyyət nümayəndələri ilə media arasında etimadlı münasibətlərin formalaşmasına, mətbuatın nüfuzunun yüksəldilməsinə müsbər təsir göstərdi.
Bütün bunlarla yanaşı, düşünürəm ki, Azərbaycan jurnalistlərinin VI Qurultayını mətbuat tariximizin mühüm hadisələrindən birinə çevirən daha bir önəmli məqamı - Milli Mətbuatımızın 135 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamları və bu sərəncamlardan çıxış edilərək həyata keçirilən genişmiqyaslı tədbirləri xüsusi olaraq qeyd etmək lazımdır. Bu sərəncamlar və görülən işlər mətbuatımızın inkişafına daha ciddi təkan verəcək, mətbuat nümayəndələrinin gələcəyə daha böyük ümidlərlə baxmasına zəmin yaradacaq çox önəmli bir məqamı ortaya çıxardı: Azərbaycan dövləti milli mətbuatın inkişafına dəstək verəcək və hər zaman onun yanında olacaq!
Məhz bu mühim psixoloji məqam, formalaşmış etimadlı mühit Azərbaycan jurnalistlərinin VI qurultayının ziddiyyətsiz və bayram əhval-ruhiyyəsində keçməsinə səbəb oldu.
Azərbaycan Mətbuat Şurası sədrinin və qurumun idarə heyəti üzvlərinin qurultaya qədərki fəaliyyətlərini yüksək dəyərləndirirəm və hesab edirəm ki, qurultayda onların böyük əksəriyyətinə yenidən etimad göstərilməsinə məhz bu amil səbəb oldu.
Bu gün medianın qarşısında bir sıra mühüm və həllini gözləyən problemlər dayanır. “Yeni media” adlandırdığlımız internet medianın inkişafı və əhatə dairəsini genişləndirməsi peşə etikası prinsiplərinə riayət etən, Azərbaycanın dövlət müstəqilliyinin dəyərini bilən, millətinə və dövlətinə sədaqətli olan ənənəvi mətbuatın və Azərbaycan Mətbuat Şurasının qarşısında mühüm vəzifələr qoyur. Qurultayda qəbul olunan qərarların və Mətbuat Şurasının nizamnaməsinə edilən dəyişiklərin bu problemlərin aradan qaldırılması istiqamətində görüləcək işlərin sürətlənməsinə və pozitiv nəticələr əldə olunmasına ciddi təsir göstərəcəyini düşünürəm.
Azərbaycan mətbuatı inkişafdadır. Bu inkişafın əsas səbəbi isə bilavasitə Azərbaycanın iqtisadi qüdrətinin, beynəlxaq nüfuzunun artması ilə bağlıdır. Dövlətimiz gücləndikcə onun daim sahib çıxdığı Azərbaycan mətbuatı da güclənir, inkişaf edir. Ən önəmli və ümidverici məqam isə odur ki, Azərbaycan dövləti öz mətbuatına, mətbuat isə öz dövlətinin dəstəyinə inanır. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan jurnalistlərinin VI qurultayına ünvanladığı müraciətdə bu etimadın xüsusi olaraq vurğulanması isə olduqca qürurvericidir. Mətbuatımızın bu etimadı doğrultmaq üçün fədakarlıq göstərəcəyinə əminəm.
Azərbaycan jurnalistlərinin VI qurultayı milli mətbuatımızın tarixində yeni bir mərhələnin başlanğıcıdir. İnanıram ki, qısa bir zaman kəsiyindən sonra mediamızın çox böyük uğurlara imza atdığının şahidi olacağıq.
Elçin MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2013.- 14 iyul.- S. 3.