Azərbaycanda korrupsiyaya qarşı mübarizədə ciddi irəliləyişlər var

 

 “Transparency İnternationaltəşkilatının keçirdiyi rəy sorğusu da bunu təsdiqləyir

 

Azərbaycanda həyata keçirilən uğurlu islahatlar ölkəmizin reytinqini getdikcə artırır, dünya birliyindəki mövqelərini gücləndirir. Beynəlxalq təşkilatların son illər həyata keçirdiyi rəy sorğularının nəticələri də bunu təsdiqləyir. Onu da qeyd edək ki, dünyanın nüfuzlu qurumlarının müxtəlif sahələr üzrə keçirdiyi bir sıra rəy sorğularının nəticələrinə görə, Azərbaycan MDB ölkələri arasında birinci olmuş, hətta inkişaf etmiş bir sıra Avropa ölkələrini də geridə qoymuşdur. Bu günlərdə daha bir beynəlxalq təşkilatın keçirdiyi rəy sorğusunun nəticələri elan olunmuş və ölkəmizdə korrupsiyaya qarşı mübarizədə ciddi irəliləyişlər olduğu bildirilmişdir.

Transparency İnternational” təşkilatı 2013-cü ilQlobal Korrupsiya Barometri” hesabatını açıqlamış və bu sənəddə Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlər əldə etdiyi bir daha təsdiq olunmuşdu.

Hesabata görə, Azərbaycanda respondentlərin 68 faizi hesab edir ki, dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri səmərəlidir. Bu, dünya ölkələri üzrə müəyyən edilmiş 22 faiz göstəricisindən 3 dəfə artıqdır. İkinci nümunə isə dünyada korrupsiyanın səviyyəsi ilə bağlı olan göstəricidir. Belə ki, dünya üzrə respondentlərin 50 faizdən çoxu hesab edir ki, korrupsiyanın səviyyəsi son iki ildə artmışdır. Azərbaycanda isə respondentlərin 73 faizi hesab edir ki, ölkədə korrupsiyanın səviyyəsi azalmışdır.

Korrupsiya cəmiyyətin sosial bəlası olduğundan ona qarşı təkcə inzibati mübarizə aparmaqla effektli nəticə gözləməyə dəyməz. Korrupsiyaya qarşı mübarizədə siyasi iradənin olması vacib amil kimi qəbul olunur. Bu sahədə əldə olunan uğurlar və ölkəmizin adının nüfuzlu beynəlxalq təşkilatın hesabatında ön sıralarda olması ilk növbədə Azərbaycan Respublikası Prezidentinin siyasi iradəsinin, dövlət orqanları qarşısında qoyduğu konkret vəzifələrin, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir.

Açıq Hökumətin təşviq edilməsi və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planları, elektron xidmətlərin təşkili və ardıcıl şəkildə təkmilləşdirilməsi, “ASAN xidmət” mərkəzlərinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində cinayət təqibinin gücləndirilməsi və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti, daxili işlər orqanlarında həyata keçirilmiş islahatlar, bu sahədə şəffaflığın artırılması və digər tədbirlər korrupsiyaya qarşı mübarizə sahəsində ciddi uğurlar əldə edilməsini şərtləndirən amillərdir.

 2003-cü ildən başlayaraq korrupsiyaya qarşı mübarizə məqsədilə qanunlar qəbul edilmiş, beynəlxalq sənədlər ratifikasiya olunmuşdur. Bununla da Azərbaycanda korrupsiyaya qarşı mübarizədə siyasi iradə ortaya qoyulmuşdur. Həmin vaxtdan mütəmadi olaraq korrupsiyaya qarşı mübarizənin hüquqi bazası təkmilləşdirilmiş və bu sahədə daha qətiyyətli addımlar atılmışdır. Digər tərəfdən, dövlət başçısı bütün çıxışlarında korrupsiyaya qarşı mübarizə ilə bağlı öz fikirlərini açıq şəkildə bildirmiş, tövsiyələrini vermiş və qəti tələblərini qoymuşdur. Dövlətimizin başçısı bütün tədbirlərdə bidirir ki, korrupsiyaya qarşı mübarizədə səngimə olmamalıdır. Azərbaycan Prezidentinin bu mövqeyi korrupsiyaya qarşı mübarizədə ciddi siyasi iradə kimi qiymətləndirilməlidir. Çünki dövlət başçısı bununla bəyan etmiş olur ki, siyasi iradə ortadadır, korrupsiyaya qarşı mübarizə dövlətin prioritet siyasətidir.

Şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi korrupsiyaya qarşı mübarizənin əsas prinsipləri kimi təsbit edilmişdir. Bu sahədə görülən tədbirlərin səmərəli davam etdirilməsi, zəruri qanunların qəbul edilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, güclü nəzarət mexanizmlərinin yaradılması, hüquq pozuntularının aşkar edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilmiş, ölkəmizdə demokratik dəyərlərə böyük üstünlik verilməsi müsbət hal kimi qeyd edilmişdir.

Bununla yanaşı, yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsi və bu sahədə ümumi dövlət siyasətinin həyata keçirilməsi məqsədilə “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)” təsdiq olunmuşbu proqram uğurla icra olunmuşdur. Proqramın icrası dövründə beynəlxalq standartlara uyğun qanunlar qəbul edilmiş və dövlət orqanlarında səmərəli islahatlar aparılmışdır. Korrupsiyaya qarşı mübarizə ilə bağlı daha ciddi tədbirlər həyata keçirilmişdir.

Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması həyata keçirilən əhəmiyyətli tədbirlərin bariz nümunəsi kimi dəyərləndirilir. Bu qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının,vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir. Bu zəruri sənəd, habelə dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini də daşıyır.

Ölkədə korrupsiya ilə mübarizənin səmərəli surətdə həyata keçirilməsi üçün müvafiq dövlət orqanları qarşısında konkret vəzifələr müəyyənləşdirilmişdir. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyaonun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı uğurla icra olunmuş və olunmaqdadır.

Azərbaycanda bilavasitə korrupsiyaya qarşı mübarizə funksiyalarını daşıyan Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılmışdır. Bu qurumların əsas fəaliyyəti korrupsiya hallarına və onun inkişafına şərait yaradan amilləri aşkarlamaq, təhlil etmək və onlara qarşı ciddi tədbirlər görməkdir. Bu sahədə çoxsaylı ixtisaslaşmış qeyri-hökumət təşkilatları da fəaliyyət göstərirlər. Azərbaycan Prezidenti İlham Əliyev korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan mübarizə hallarının getdikcə gücləndirildiyini bildirmişbunu dövlət siyasətinin prioritetlərindən biri hesab etmişdir. Dövlətimizin başçısı demişdir: “Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çox sürətlə aparılır. Bu mübarizə hərtərəfli şəkildə aparılır. Korrupsiya və rüşvətxorluq cəmiyyət üçün ən böyük problemlərdən biridir, ən böyük yaramızdır”.

 Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsini vurğulayaraq demişdir: “Korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmalıyıq”.

 Prezident Azərbaycanın inkişaf etmiş ölkələrin bu sahədəki təcrübəsini öyrənib, tətbiq etməli olduğunu bildirmiş və diqqətə çatdırmışdır ki, yalnız cəza tədbirləri, inzibati tədbirlər bizim istədiyimizə nail olmaq üçün kifayət etməz. Əlbəttə ki, cəza tədbirləri də olmalıdır, hüquq-mühafizə orqanları da bu istiqamətdə öz fəaliyyətini davam etdirməlidir. İnzibati tədbirlər də görülür və görüləcək. Ancaq institusional tədbirlərin genişlənməsi, tətbiqi, sistem xarakterli islahatların aparılması və davam etdirilməsi, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da yaxşı imkan yaradacaq. “Elektron xidmət”, “Elektron hökumət” layihələri bu istiqamətdə atılan çox önəmli addımlardır”.

Şəffaflığın təmin edilməsi sahəsində aparılan işlər sırasında “ASAN xidmət”in fəaliyyətini qeyd edən ölkə başçısı artıq minlərlə vətəndaşın bu xidmətə müraciət etdiyini deyib: “Biz “ASAN xidmət”in fəaliyyətini genişləndiririk. Hesab edirəm ki, bu ilin yayına qədər Bakının bütün rayonları əhatə ediləcək. Eyni zamanda, böyük şəhərlər - Sumqayıt, Gəncə şəhərləri əhatə ediləcək. Gələn il hesab edirəm ki, bütün başqa bölgələrdə xidmət yaranmalıdır. O vaxta qədər mobil avtobuslarla bu xidmət göstəriləcək. Artıq avtobuslar alınıb. Yaxın həftələrdə Azərbaycanda olacaq. Bu avtobuslar vasitəsilə müxtəlif bölgələrdə bu xidmət öz fəaliyyətinə başlayacaq”.

 Dövlət başçısının tapşırıqlarının nəticəsi olaraq artıq “ASAN xidmət”in fəaliyyəti daha da genişləndirilmiş, artıq avtobuslar bölgələrdə insanlara xidmət göstərir. Bu xidmət həm, korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınmasında, həm də insanlara yüksək səviyyəli xidmət göstərilməsində böyük rol oynayır.

Azərbaycan Prezidenti korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə güclü siyasi iradə olduğunu diqqətə çatdıraraq deyib: “Biz əgər inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparmalıyıq. Əminəm ki, biz bu mübarizədə qalib gələcəyik”. Dövlətimizin başçısının rəhbərliyi ilə insanları daha çox narahat edən korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparılması nüfuzlu beynəlxalq təşkilatların da diqqətindən yayınmır. “Transparency İnternational” təşkilatının keçirdiyi rəy sorğusunun nəticəsi də bundan xəbər verir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2013.- 14 iyul.- S. 4.