Binəqədi
dinamik inkişaf yolunda
Ötən ilin təxminən elə bu vaxtları idi. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Milli Mətbuat və Jurnalistika Günü ərəfəsində bir qrup qəzet redaktoru və jurnalistlə görüşündə vurğuladığı bir fikri indi də yaxşı xatırlayıram. X. İsgəndərov söylədi Prezident İlham Əliyev onu bu vəzifəyə təyin edərkən “insanlarla sıx ünsiyyətdə işləmək, əhalinin qeydinə qalmaq, bir də sosial-iqtisadi problemlərin həllinə tezliklə nail olmaq ən başlıca vəzifən olmalıdır” bildirmişdir.
Söz və əməl
Rayon icra hakimiyyətinin başçısı sözügedən görüşdə onu da dedi ki, rayona başçı təyin edildiyim ilk gündən əsas narahatlığım bir sualla bağlı idi-daha çox hansı sahəyə diqqət yetirməli, hansı problemin həllini önə çəkmək lazımdır? Qərara gəldim ki, fəaliyyətimə əvvəlcə kənd, qəsəbə və mikrorayonlarda sakinlərlə görüşlər keçirməklə başlayım. Şübhəsiz ki, belə tədbirlərin reallaşdırılması adamları daha çox qayğılandıran məsələləri aşkarlamağın, üzə çıxarmağın ən səmərəli yoludur. Beləliklə, bələdiyyə sədrləri, icra nümayəndələri və müvafiq strukturların rəhbərlərinin qatıldığı görüşlərə start verildi. Etiraf edim ki, problemlər həddən çox idi-sakinləri sosial-məişət çətinliklərindən tutmuş ta yaşayış binalarının əksəriyyətində liftlərin, kommunikasiya xətlərinin yararsız vəziyyətə düşməsi, əksər zirzəmilərin suyun içində qalması, istilik sistemlərinin işləməməsi, küçələrin işıqlandırılmasının yaxşı təşkil edilməməsi, məişət tullantılarının haraya gəldi atılması, qaz, elektrik təchizatında fasilələrin yaranması və s. məsələlər ciddi narahat edirdi.
Başçı daha sonra dedi ki, adamlar bu görüşlərə həvəslə gəlirdilər. Amma onu da hiss etmək çətin deyildi ki, sakinlər qaldırılan məsələlərin həll ediləcəyinə şübhə ilə yanaşırdılar. Çoxu hətta açıqca deyirdi ki, bu rayonda belə görüşlər çox keçirilib, söylənilənlər isə elə söz olaraq qalıb.
Bu məqamda diqqəti yazını hazırladığım ərəfədə həmsöhbət olduğum insanların fikirlərinə yönəltməyi məqsədəuyğun sayıram.
Nazim Qasımov, Rəsulzadə
qəsəbə sakini, müəllim:
– Binəqədiyə təzə təyin olunmuş icra hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlərlə keçirdiyi ilk görüşlərinin birində rayonun gələcək inkişaf perspektivlərindən, görüləcək işlərdən, qarşıda duran planlardan danışdı. ...Etiraf edirəm, uzun illərdən bəri sakini olduğum rayonda o qədər problemlər üst-üstə yığılmışdı ki, həmin çətinliklərin qısa bir müddətdə aradan qaldırılmasına inanmırdım.
Bəli, görüşə toplaşdığımız vaxtdan heç bir il ötməmiş düşüncəmdə yanıldığımı anladım. Rayonda böyük dəyişikliklər baş verdiyinin şahidi olduq. Dörd böyük mikrorayonu və beş qəsəbəni birləşdirən Binəqədi intensiv işlərin getdiyi bir məkana çevrildi. Rayon ərazisinin az qala başdan-başa yenidən qurulmasından, sürətlə abadlaşdırılmasından, insanların qayğılarına, problemlərinə həssaslıqla yanaşılmasından sakinlər fəxrlə danışmağa başladılar.
Yaxşı xatırlayıram, rayon icra hakimiyyətinin yeni başçısı sakinlərlə görüşündə-"Məni bu vəzifəyə ölkə Prezidenti cənab İlham Əliyev göndərib, etimad göstərib” – dedi, – sonra isə əlavə etdi: – “Mən də bu etimadı doğrultmaq, hər bir Binəqədi sakininin qayğılarına həssaslıqla yanaşmaq, qarşıda duran problemləri aradan qaldırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Düşünürəm ki, bu, mənim həm vəzifə, həm vətəndaşlıq, həm də insanlıq borcumdur. Arzularımızın, layihələrimizin həyata keçirilməsi üçün siz ağsaqqalların, ziyalıların məsləhətlərinə, səmərələşdirici təkliflərinə böyük ehtiyac var. Gəlin, hamımız doğma Binəqədi rayonunu gözəlliklər məskəninə çevirək. İnanın ki, qarşılıqlı anlaşma şəraitində təkliflərinizə, məsləhətlərinizə əməl etməklə biz buna tez bir zamanda nail olacağıq”.
Məsim Nəbiyev,
Binəqədi qəsəbə sakini, təqaüdçü:
– Bu qəsəbə bir il bundan əvvəl yaman gündə idi. Yollar dağılmışdı, səkilər məişət tullantılarından keçilməz olmuşdu. Xaləddin müəllimin rayon icra hakimiyyəti başçısı vəzifəsinə başladığı ilk günlər bura təmir-tikinti meydançasını xatırladırdı. Hər kəsin imkanı daxilində tikib quraşdırdığı səliqəsiz hasarlar sökülür, hörümçək torunu xatırladan elektrik dirəkləri və köhnə naqillər yeniləri ilə əvəzlənirdi. Özü də bunlar vahid bir layihə əsasında həyata keçirilirdi....İndi qəsəbəyə yolu düşənlər gözlərinə inanmırlar- qısa müddətdə ətraf yeni bir görkəm almışdır. Yollar abadlaşdırılmış, səkilər təzələnmiş, darvazalar, həyət qapıları yenilənmiş, müasir üslubda hasarlar çəkilmişdir.
Mahir Qarayev, Biləcəri
qəsəbə sakini, dəmiryolçu:
– İcra hakimiyyətinin başçısının rayona rəhbərliyə başladığı ilk günləri yaxşı xatırlayıram. Mikrorayonlarda, kəndlərdə aylarla yığılıb qalmış məişət tullantılarına hər addımbaşı rast gəlinirdi. Yeni başçı ilk növbədə diqqəti bu problemin həllinə yönəltdi. Rayona məişət tullantılarını daşıyan maşınlar, tullantılar üçün yeni konteynerlər gətirildi. Konteynerlərə xüsusi yerlər hazırlandı. Qısa bir zamanda ərazilər zibildən təmizləndi, səliqə-sahman yaradıldı. Qəsəbəarası yolların kənarlarındakı qurumuş kol-kos, ot-alaf yığışdırıldı. İndi arada Sulutəpə, Xocasən, 28 May və Binəqədi qəsəbələrinə də yolum düşür. Yaşadığım Biləcəri qəsəbəsi kimi, o yaşayış məntəqələri də qısa bir vaxtda abadlaşdırılmışdır. Səliqə-sahman adamda, sözun həqiqi mənasında, xoş ovqat yaradır. O zaman adlarını çəkdiyim qəsəbələrdə magistral yoldan kənarda bir dənə də olsun asfaltlanmış küçəyə rast gəlmək mümkün deyildi. Son zamanlar isə qəsəbələrin məhəllədaxili yollarının çox hissəsi asfaltlanmış, səki kənarları abadlaşdırılmışdır.
Bir qədər əvvəl yuxarıda mətbuat nümayəndələri ilə xatırladılan görüşdə başçı maraqlı bir məqama da toxundu: “Rayonda fəaliyyətə başladığım ilk aylarda ərizə və şikayətlərin yoxlanılmasına da mühüm önəm verildi. Rayon icra hakimiyyəti aidiyyəti strukturların qarşısında şərt qoydu ki, şikayət məktublarına adi kağız parçası kimi baxmaq olmaz. Hər bir məktubun arxasında insan problemi, insan qayğısı dayanır.
Amma bu zaman qəribə bir nəticə ilə rastlaşdım. Məktubların sayı azalmaq əvəzinə artırdı. Bunun səbəbi isə aydındı:illərlə üst-üstə yığılan problemlər həllini tapdıqca, insanların inam hissi güclənirdi, ona görə də adamlar rayon icra hakimiyyətinə daha çox üz tuturdular, eyni zamanda belə vəziyyət bizim də məsuliyyət hissimizi artırırdı.
Bu gün rayon icra hakimiyyətinə daxil olan məktublara dərkənar qoyulduqdan sonra müvafiq şöbələrin, strukturların ünvanına göndərilir. Vətəndaşlara verilən cavabların, görülən tədbirlərin nə dərəcədə obyektiv və real olmasını başçı öz nəzarətində saxlayır.
Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyətində insan amilinə üstünlük verilməsi ilə bağlı bir neçə fakta da diqqət yetirək. İcra hakimiyyəti aparatında sakinlərin müraciəti üçün “1646” xidməti yaradılmışdır. Adamlar icra hakimiyyətinə gəlmədən müraciətlərini daha çevik və operativ şəkildə telefonla çatdıra və məlumat ala bilirlər. ”1646" xidməti bütün mobil operatorlardan və stasionar telefonlardan eyni vaxtda 30 zəngi qəbul edir. Xidmətə daxil olan icra hakimiyyətinin vəzifə və səlahiyyətlərinə aid müraciətlər qanunvericilik bazası üzrə “Sual-cavab” blokuna əsasən cavablandırılır.
Rayon icra hakimiyyətinin yenidənqurmadan sonra istifadəyə verilən inzibati binasında videokonfrans zalı, elektron xəritə və operativ idarəetmə mərkəzinin olması, habelə digər texniki vasitələrin quraşdırılması da burada sakinlərlə ünsiyyətə nə dərəcədə diqqət yetirilməsinin bariz nümunəsidir. Ümumiyyətlə, sadalananlar sakinlərin rayon icra hakimiyyəti ilə operativ əlaqəsinə, onların qarşılaşdıqları problemlərin həllinə müsbət təsir göstərir.
Digər bir yenilik barədə. “Binəqədi” qəzeti 12 illik fasilədən sonra nəşrini bərpa etmişdir. Xatırladaq ki, hazırda bu qəzet rayonda baş verən bütün dəyişiklikləri, yenilikləri oxuculara çatdırmaqla yanaşı, dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqələrin, vətəndaş münasibətlərinin formalaşması kimi mühüm missiyanı da uğurla yerinə yetirir.
Abadlıq-quruculuq
və yüksəliş
Bəli, bu gün respublikamızın bütün şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq və yüksəliş Binəqədi rayonunda da özünü qabarıq büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi rayonun son bir ildəki uğurlarını şərtləndirən əsas məqamlar sırasındadır.
Rayon icra hakimiyyətinin başçısı X.İsgəndərovun Binəqədiyə rəhbərliyə gəlişindən sonra bir sıra sistemli, kompleks xarakterli layihələr işlənib hazırlanmış və uğurla reallaşdırılmışdır. Yaşayış məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin-məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqlarla təchiz edilməsi ilə bağlı xeyli iş görülmüşdür.
Bunların bir qisminə diqqət yetirək. Son bir il
ərzində rayon ərazisində altı yeni park
salınmış, ikisi əsaslı təmir edilmiş, iyirmi
dörd yeni mədəni-kütləvi tədbirlər evi
sakinlərin istifadəsinə verilmişdir. Rayonda
166 kilometr yol asfaltlanmış, 127 min kvadratmetrlik fasad işləri
görülmüşdür. Ekoloji tarazlığın
təmin edilməsi məqsədilə 10 minə yaxın
ağac, 120 minə yaxın çiçək və bəzək
kolu əkilmiş, 76 min kvadratmetrlik çəmənlik
salınmışdır. Azadlıq prospekti
boyunca yerləşən binaların fasadları müasir
üslubda üzlənmiş,
işıqlandırılmışdır. Bakı-Sumqayıt avtomagistralının rayon ərazisindən
keçən hissəsinin hər iki tərəfi milli
ornamentli landşaft memarlığı elementlərindən
istifadə olunmaqla yenidən qurulmuşdur. Binəqədi və Biləcəri qəsəbələrində
daxili və qəsəbələrarası yollar genişləndirilmişdir.
Yeri gəlmişkən, burada bir məqama diqqət yetirmək
istərdik. Prezident İlham Əliyevin
tapşırığı ilə Bakı şəhərində
parkların və xiyabanların əsaslı şəkildə
yenidən qurulması, yeni parkların salınması,
insanların rahatlığı üçün dünya
standartlarına uyğun istirahət guşələrinin
yaradılması istiqamətində ardıcıl tədbirlər
davam etdirilir. Salınan yeni parklar və
yaşıllıq zolaqları, bağlarda və xiyabanlarda ən
yüksək standartlar səviyyəsində infrastrukturun
yaradılması paytaxtımızı dünyanın ən
gözəl şəhərlərindən birinə
çevirmişdir. Bu baxımdan rayonda yenidən qurulmuş və
ulu öndərimizin
adını daşıyan istirahət parkı daha
çox diqqət çəkir. Xatırladaq ki, Prezident
İlham Əliyev iyulun 3-də Binəqədi rayonunda
sözügedən istirahət parkı ilə tanış olarkən
burada yaradılmış şəraiti
yüksək qiymətləndirmişdir.
Yuxarıda
qeyd etdiyimiz kimi, küçələrin
abadlaşdırılması, Bakıya şimal istiqamətindən
giriş yolunun
müasirləşdirilməsi, baxımsız vəziyyətdə
olan binaların fasadlarına təzə üzlük çəkilməsi,
dam örtüklərinin dəyişdirilməsi, səkilərin,
yolların əsaslı təmiri görülən işlərin
yalnız bir qismidir. Xüsusən də gecə
saatlarında Binəqədidə olanlar rayonun necə dəyişdiyini,
burada müasir tələblərə cavab verən
işıqlandırma sisteminin yaradıldığını
aydın görürlər.
Dövlət Proqramı uğurla icra
edilir
“2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı”nın uğurlu icrası nəticısində
rayonda infrastruktur təminatı daha da
yaxşılaşmış, təhsil, səhiyyə, mədəniyyət
və idmanın inkişafını təmin edən tədbirlər
həyata keçirilmişdir. Yeni məktəblər,
əlavə sinif otaqları, xəstəxana, poliklinika,
ambulatoriya binaları tikilmiş, mövcud binalar əsaslı
təmir edilmiş, müasir tipli idman kompleksləri istifadəyə
verilmişdir.
Dövlət proqramına əsasən, rayon üzrə
103 bənd nəzərdə tutulmuşdur. Bu bəndlərin
əksəriyyəti yerinə yetirilmişdir. Belə ki,
bu ilin yanvar-iyun aylarında bir sıra mühüm sosial obyektlərin
tikintisi və təmiri başa
çatdırılmışdır. 59 və 274 saylı
körpələr evi-uşaq bağçasının , 297
saylı orta məktəbin əsaslı təmiri, 7-ci
mikrorayonda mini-futbol meydançasının tikintisi, 298
saylı bağçada yeni istilik mənbəyinin
yaradılması, qazlaşdırılması, məhəllədaxili
və binadaxili istiik sistemlərinin yenidən qurulması, Biləcəri
qəsəbəsindəki mədəniyyət və istirahət
parkının abadlaşdırılması, Binəqədi və
Biləcəri qəsəbələrinin su təchizatı və
kanalizasiya sistemlərinin yaxşılaşdırılması
məqsədi ilə köhnəlmiş su və kanalizasiya xətlərinin
xeyli dərəcədə təzələnməsi işləri
başa çatdırılmışdır.
Hazırda
Sulutəpə qəsəbəsində həkim məntəqəsinin,
“Bakı şəhərinin Ziya Bünyadov prospektində yol
infrastrukturunun yenidən qurulması” layihəsi çərçivəsində
Z. Bünyadov və Ə. Rəcəbli küçəsinin kəsişməsində,
Xutor dairəsində, Ə. Salamzadə, A. Mustafayev
və H. Əliyev
küçələrinin kəsişməsində müxtəlif
səviyyəli yol qovşaqlarının tikintisi, Biləcəri qəsəbəsində
A. Zeynallı, M. Hüseynzadə, X. Natəvan, M. S. Ordubadi və
S. S. Axundov küçələrinin əsaslı təmiri,
135 və 248 saylı orta məktəblərin, 151, 153, 158,
177,və 193 saylı körpələr evi-uşaq
bağçalarının təmiri və ya əsaslı təmiri
işləri davam etdirilir. Rayon ərazisində 100, 143, 244 və
246 saylı orta məktəblərdə əlavə sinif
otaqlarının, 86, 211, 294 saylı körpələr
evi-uşaq bağçaları üçün yeni binaların tikintisi də
başa çatmaq üzrədir.
Qeyd olunan
proqramım icrası nəticəsində Binəqədi rayonu sürətlə
inkişaf etmiş, yol təsərrüfatının və
şəhər nəqliyyatının işinin
yaxşılaşdırılması, elektrik enerjisi, qaz,
istilik su təchizatı və kanalizasiya xidməti və
s.üzrə layihələr həyata keçirilmişdir.
Rayon ərazisində xeyli sayda “Abad məhəllə”
yaradılmışdır. Həmin məhəllərdəki
yaşayış binalarının fasadları yenilənmiş,
giriş qapıları kodlaşdırılmışdır.
Həyətlərdə isə istirahət
köşkləri, oturacaqlar, habelə əyləncə
qurğuları quraşdırılmışdır. “Abad məhəllə” layihəsi çərçivəsində
inşa olunan, lazımi avadanlıqla təchiz edilən
müasir tipli “xeyir-şər” evləri də sakinlərin
istifadəsinə verilmişdir.
Qayğı, diqqət önə
çəkilir
Rayon icra hakimiyyəti hər zaman milli qəhrəman və
şəhid ailələrinin, qaçqın və məcburi
köçkünlərin, aztəminatlı ailələrin, əlillərin
və digər imtiyazlı şəxslərin sosial-məişət
şəraitinin yaxşılaşdırılmasını
daim diqqət mərkəzində saxlayır, onların problemlərinin
operativ həll olunması üçün tədbirlər
görür.
Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin,
adət-ənənələrimizin qorunub saxlanılması,
inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin,
əlamətdar günlərin qeyd olunması, ictimai təşkilatlar,
siyasi partiyalar və dini qurumlar, habelə təhsil, səhiyyə,
mədəniyyət müəssisələri ilə
qarşılıqlı münasibətlərin qurulması,
onların fəaliyyətinin koordinasiyası məsələlərinə
mühüm önəm verir.
Rayonda gənclərin vətənpərvərlik,
dövlətçilik prinsipləri əsasında Azərbaycan
xalqının tarixi-mədəni irsinə, milli-mənəvi
və ümumbəşəri dəyərlərə hörmət
ruhunda tərbiyə olunmasını, cəmiyyətin
ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal
iştirakının təmin edilməsinı rayon icra hakimiyyəti
daim diqqət mərkəzində saxlayır. Bunu belə bir fakt da təsdiqləyir:
Gənclərin intellektual və yaradıcılıq
potensialının ümummilli məsələlərin həllinə
yönəldilməsi və asudə vaxtlarının səmərəli
keçirilməsi
istiqamətdə ötən il ərzində 68 tədbir
keçirilmişdir. Bu tədbirlərdə 6361
uşaq, yeniyetmə və gənclərin iştirakı təmin
olunmuşdur.
Rayonda ümumtəhsil məktəblərinin, uşaq
bağçalarının təmiri, tikintisi geniş vüsət
almışdır. Təlim-tərbiyə ocaqlarında təhsilin
keyfiyyətinin, tədrisin səviyyəsinin
yaxşılaşdırılması qarşıya
mühüm vəzifə kimi qoyulmuşdur. Artıq Binəqədi
Rayon İcra Hakimiyyətində ən yaxşı məktəb
direktorlarının, fənn müəllimlərinin,
şagirdlərin, fənn olimpiadaları qaliblərinin
mükafatlandırılması, onların əməyinin qiymətləndirilməsi
ənənə şəklini almışdır. Yeri gəlmişkən,
onu da xatırladaq ki, keçən il rayon üzrə orta məktəbi
bitirən 2529 nəfərdən 2247 nəfəri ali məktəbə
sənəd vermiş və bunlardan 1184 nəfəri (53 faizi) ali məktəblərə
qəbul olmuşdur.
Son olaraq...
Görüləsi işlər, həyata keçiriləsi
layihələr hələ çoxdur. Azadlıq
prospektinin rayon ərazisinə daxil olan hissəsində
geniş yenidənqurma işlərinə
başlanılmışdır. Artıq həmin
prospektdəki 5, 9 və 16 mərtəbəli binalar müasir
texnologiyaya uyğun olaraq üzlənilmişdir. Yəqin
ki, yaxın vaxtlarda prospektə paralel avtobusların hərəkəti
üçün ayrıca yolun, velosiped
cığırlarının açılması və
yolötürücülərin tikilməsinə də
start veriləcəkdir. Tezliklə su, kanalizasiya
problemləri ilə əlqədar ciddi tədbirlərin
reallaşdırılması da nəzərdə tutulur.
* * *
Bir
neçə gün bundan əvvəl rayonda keçirilən tədbirdə icra
hakimiyyəti başçısının
çıxışındakı bir fikirlə bu
yazını tamamlamaq istərdim. “Dərin minnətdarlıq
hissi ilə qeyd edirəm ki, qısa müddətdə nail
olduğumuz uğurlar möhtərəm Prezident İlham
Əliyevin böyük qayğı və diqqətindən, fəaliyyətimizi
yüksək qiymətləndirməsindən qaynaqlanır.
Dövlətimizin başçısının iyulun 3-də
Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi
rayon təşkilatının inzibati binaları ilə, habelə
yenidən qurulmuş Heydər Əliyev parkında
yaradılmış şəraitlə tanış olması,
rayonda aparılan quruculuq işlərini yüksək qiymətləndirməsi,
proqram əhəmiyyətli tövsiyə və
tapşırıqları insanların qurub-yaratmaq əzmini,
dövlətə, dövlətçiliyə, ən əsası
isə ölkə rəhbərinə inamını daha da
möhkəmləndirmişdir. Bütün bunlar isə cənab
İlham Əliyevin qarşıdan gələn prezident
seçkilərində namizədliyinin irəli sürülməsinin xalqımızın, o cümlədən
binəqədililərin mütləq əksəriyyəti tərəfindən
dəstəklənməsi deməkdir”.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 14 iyul.- S. 5.