Məhəmməd
Nəsirəddin Tusi və ruhi
mədəniyyət
Azərbaycanın unikal orta əsr ruhi mədəniyyət abidəsi, XIII əsrdə yaşamış görkəmli Azərbaycan ensiklopedik alimi Məhəmməd Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” (“Nasir əxlaqı”) əsəri idarəetmə mədəniyyəti tədqiqatçıları üçün elmi-tarixi və praktik baxımdan həmişə böyük maraq doğurmuşdur.
“Əxlaqi-Nasiri”də Platonun, Aristotelin, ibn Məsgəvehin, ibn Sinanın, əl-Fərabinin və digər görkəmli antik və orta əsr alimlərinin mənəviyyat, tərbiyə, fəlsəfə, iqtisadiyyat, ictimai münasibətlər, ailə, icma, şəhərsalma, ölkənin idarə edilməsi haqqında fikirləri bacarıqla istifadə edilmiş, düzgün şərh edilmiş, elmi cəhətdən inkişaf etdirilmiş və sintezləşdirilmiş, müxtəlif xalqların mədəni təcrübəsi, həyat qanunlarının dərk edilməsinə konseptual yanaşmalar sistemləşdirilmiş və ümumiləşdirilmişdir. Bu qiymətli əsərdə Şərqin “Kəlilə və Dimnə”, “Siyasətnamə”, “Mərzbannamə”, “Anuşirəvanın vəsiyyəti”, “Ərdəşir Babəkan” kimi tarixi abidələrindən, Əl-Qəzəli, Əl-Biruninin əsərlərindən və tərbiyə, siyasət və dövlət idarəçiliyinə həsr olunmuş digər əsərlərdən də istifadə edilmişdir.
Tusi fəlsəfəsinin təməl daşı əməyin dəyəri, əmək fəaliyyətinin əhəmiyyəti və faydalılığından asılı olaraq, insanların mükafatlandırılması və hörmət edilməsi zərurətidir. Təbiətin və cəmiyyətin inkişaf proseslərinin müqayisəli təhlilini aparan Tusi mühüm qanunauyğunluğa diqqət yetirir: əgər təbiətdə inkişaf, müasir dildə desək, sinergetik qanunlar üzrə gedirsə, onda cəmiyyətdəki mütərəqqi dəyişikliklər insanın yaradıcı əməyinin nəticəsidir və insanların məqsədyönlü birgə fəaliyyətini tələb edir. Belə fəaliyyət imkanı ailə, cəmiyyət və dövlətin təşkili, məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi və effektiv idarəetmə sisteminin mövcudluğu ilə şərtlənmişdir. O, dövlət quruculuğunda insanın etikasının və idarəetmə mədəniyyətinin həlledici roluna xüsusi diqqət yetirir.
Yaşadığı feodal cəmiyyətinə uyğun ictimai həyatın obyektiv təzahürlərinin əlaqəsini və qarşılıqlı asılılığını diqqətlə izləyərək, Tusi insanın və cəmiyyətin asılı olduğu bir sıra qanunauyğunluqları aşkar edir. Dövlət siyasəti, ölkə və hökmdarların xarakteri ilə bağlı məsələləri təhlil edərək, Tusi yüksək mədəniyyət dəyərlərinə, elmi biliklərin prioritetlərinə, insanların hörmətinə, inamına, etibarına, şərəf və ləyaqətinə ehtirama, fədakarlığına və hünərinə əsaslanan ictimai sistemin yaradılmasına imkan verən cəmiyyətin bütün sosial kateqoriyalarının birgə fəaliyyətinin zəruriliyini qeyd edir. Bununla yanaşı, o, həqiqətlərin aşkarlanmasının və düzgün istifadəsinin, elmi biliklərin dövlətin davamlı ictimai inkişafı və tərəqqisi maraqlarında tətbiqi üzrə tövsiyələrin hazırlanmasının asılı olduğu alimlərin xüsusi dəyərini qeyd edir.
Şərq mentallığının xüsusiyyətlərini nəzərə alaraq Tusi şahla ünsiyyət mədəniyyəti üzrə müdrik məsləhətlər verir, geniş imkanlarını, enerjisi və iradəsini, gözlənilən nəticələrin etik qiymətləndirilməsi yolu ilə yaradıcı məcraya necə yönəltməyin mümkün olduğunu onun yaxınlarına izah edir. O, təbəələrin şahla ünsiyyət mədəniyyətinin xüsusiyyətlərini təfərrüatı ilə göstərir, saray etiketinin bütün psixoloji nüanslarını açır. Bu müdrik məsləhətlərin bir çoxu bu gün də öz əhəmiyyətini saxlayır, belə ki, ümumbəşəri normaları, bütövlükdə ünsiyyət mədəniyyətinin məntiqi və psixologiyasını əks etdirir.
O dövrün dövlət idarəçiliyinin etik-psixoloji xüsusiyyətlərini başa düşmək üçün Tusinin əl-Müqəffaninin “Ədəb” əsərinə istinad edərək şahın yaxınlarına verdiyi diplomatik tövsiyələrə diqqət yetirmək maraqlıdır. Şaha müvəffəqiyyətlə xidmət etmək və şəxsi təhlükəsizliyini qorumaq üçün avtoritar rejim üçün səciyyəvi olan aşağıdakı şərtlərə əməl etmək lazım idi: öz nəfsinə üstün gəlmək; öz rəyini gizlətmək; bütün işlərini və fəaliyyətini şahın istəkləri əsasında qurmaq; onun sirlərini gizli saxlamaq; icazə verilməyən bir şeylə maraqlanmamaq və bu məsələlər üzrə mübahisələrə girişməmək; onun sözlərini həqiqət kimi qəbul etmək və onun fikrini düzgün hesab etmək; onun yaxşı cəhətlərini tərifləmək, pis cəhətləri haqqında susmaq; o kimə iltifat edirsə, onları yaxınlaşdırmaq və kimdən xoşu gəlmirsə, onları uzaqlaşdırmaq; öz xidmətlərini çox kiçiltmək və onunkunu artırmaq; hər şeydə öz maraqlarını şahın maraqlarına tabe etmək adətini yaratmaq.
Bununla belə, Tusi siyasəti xalqın maraqlarına cavab verməyən, dövləti məhvə aparmağa risk edən eqoist hökmdarları kəskin tənqid edir, dövlətin inkişafı üçün düzgün kadr siyasətinin vacibliyini qeyd edir. O, öz dövrünü qabaqlayaraq, orta əsr üçün qiyam ruhlu belə bir fikir söyləyir ki, siyasətin həyata keçirilməsi ilə şahın, yaxud hakimin məşğul olması heç də vacib deyil. Rəhbərlərin peşəkar və mənəvi keyfiyyətləri üzərində dayanan Tusi, liderlərin cəmiyyət qarşısındakı xidmətlərindən və xalq qarşısındakı məsuliyyətindən asılı olaraq, onların daha layiqlilərinin seçilməsi, insanların ilk növbədə ictimai, sonra isə şəxsi maraqlarının müdafiəsinin zəruriliyi haqqında danışır.
Cəmiyyəti idarə etmək üçün müdrik rəhbərlər və sosial həyat təşkilatçıları lazımdır. İnkişaf proseslərinin idarə edilməsini və cəmiyyətin rifahını təmin edən elmi Tusi “ictimaiyyətin müdrikiliyi” adlandırır. O, bu elmi yüksək qiymətləndirərək, onun cəmiyyətin bütün üzvləri tərəfindən öyrənilməsinin zəruriliyini qeyd edir, çünki xüsusi idarəetmə olmasa, intizam olmayacaq, deməli, cəmiyyətin düzgün inkişafı təmin edilməyəcək.
Görünür ki, “Əxlaqi-Nasiri” kitabının yazılmasında əsas məqsəd Nəsirəddin Tusinin düzgün həyat mədəniyyəti probleminin çoxtərəfli təhlilini keçirmək, firavan, xoşbəxt ailə və dövlət quruculuğu üzrə tövsiyələri ifadə etmək idi. Antik dövrdən başlayaraq bəşəriyyətin ən yaxşı mütəfəkkirlərini narahat edən bu problemi nəzərdən keçirərək, müəllif insanın əsas nişanəsi və onun həyatını təmin edən başlıca amil olan əməyin mühüm rolu haqqında, birgə ictimai əməyi yaradan qarşılıqlı yardım haqqında danışır.
Bizim tədqiqat üçün bu əsərin dəyəri ondan ibarətdir ki, burada insan münasibətləri mədəniyyətini əks etdirən bir sıra elmi-nəzəri təriflər, yanaşmalar və müddəalar, özünüidarə və ailə qurulması məsələləri, sosial-mədəni tərəqqini təmin edən dövlət quruculuğu və idarəçiliyi təcrübəsi sintezləşdirilmişdir. Tusi tərəfindən öyrənilmiş mənəvi təkmilləşmə məsələləri, orta əsr ədəb qaydalarına onun verdiyi xarakteristika, əsas mahiyyətinin zamanın təsirindən asılı olmayan ümumbəşəri xarakteri və psixologiyanı əks etdirir.
Öz əsərində ideal insan, ideal ailə və ideal cəmiyyətin formalaşdırılmasına yardım kimi yüksək və nəcib məqsəd qoyan Tusi dövrünün məhdudluqlarına və ziddiyyətlərinə baxmayaraq, mahiyyətcə insanın, ailə və dövlət mədəniyyətinin inkişaf əhəmiyyəti barədə yeni söz demişdir.
Dövlət idarəçiliyi mədəniyyətinin mühüm məsələlərindən biri kimi, Tusi vəziyyətinin bir çox cəhətdən anadangəlmə mədəni keyfiyyətlərdən və istedaddan, sosial-mədəni mühitdən, təhsilin və tərbiyənin keyfiyyətindən, həmçinin peşə təcrübəsindən asılı olduğu cəmiyyətin mənəviyyatının sağlamlaşdırılmasını nəzərdən keçirir. Alim gənc nəslin hazırlığı və tərbiyələnməsi prosesində ailə, dövlət və bəşəriyyət qarşısında duran ən şərəfli və məsuliyyətli məsələ kimi mənəviyyatın sağlamlaşdırılmasının (etik mədəniyyətin inkişafını - F.M.) zəruriliyini əsaslandırır. O, həmçinin, mədəniyyətsizliyin aradan qaldırılması, alçaq insani keyfiyyətlərin kökünün kəsilməsi, insanın qabiliyyəti və əməyindən asılı olaraq, xoşbəxtliyə nail olma məqsədilə şəraitin yaradılması üçün bu problemlə məşğul olan elmin müstəsna əhəmiyyətini qeyd edir. Tusiyə görə, yalnız elmi biliklər və peşəkar təcrübə ilə zənginləşmiş, mənən sağlam şəxsiyyət cəmiyyət üçün faydalı ola bilər.
İnsanın xarakterinin yaxşılığa doğru dəyişdirilməsi məsələsinə toxunaraq, Tusi təhsil və tərbiyənin köməyi ilə uşaqların və gənclərin xarakterinin dəyişdirilməsi imkanını mümkün hesab edir. O, uşaq və gənclərə, bu işdə valideynlərə və müəllimlərə həlledici rol və məsuliyyət ayıraraq, iradəyə əsaslanan müsbət keyfiyyətlər və psixoloji istiqamət aşılamaq zəruriliyinə diqqət yetirir. Bunlarla yanaşı, o qeyd edir ki, uşağa bilikləri öyrətməkdən və peşəkar təcrübə verməzdən əvvəl onu həyat meyarları – xeyirxahlıq, düzlük və vicdan olan əxlaqlı şəxsiyyət kimi formalaşdırmaq lazımdır.
O, müdrikliyi, qəhrəmanlığı, ləyaqəti və ədalətliyi cahilliyə, qorxaqlığa, çılğınlığa və despotizmə qarşı qoyur. Tusi insanın ədalətliyini və vicdanını, onun xeyirxahlıq bacarığını xoşbəxtliyə və kamilliyə yetişməyin başlıca şərti kimi nəzərdən keçirir. Bununla belə, işgüzar insanların hazırlığı və tərbiyəsi işində məqsədə çatmaq üçün o, cəzalara deyil, stimullaşdırmanın motivasiya metodlarına üstünlük verməyi tövsiyə edir, hərçənd ki, sonuncunu da inkar etmir. Ədalətə xüsusi əhəmiyyət verən Tusi cəmiyyətdə ədalətli bölgü münasibətlərinin, düzgün qiymətləndirmənin müəyyənləşdirilməsini, cəmiyyət qarşısındakı xidmətlərinə uyğun olaraq, “ixtisaslaşdırılmış” və adi əməyinə görə insanların fərqli və müvafiq mükafatlandırılmasının zəruriliyini qeyd edir.
Xalqın idarə edilməsi konkret həyat şəraiti nəzərə alınmaqla – ədalətin, məharətin, cəsurluğun, şüurun və müdrikliyin mənəvi qanunları əsasında qurulmalıdır. Əks halda qanunlar yerinə yetirilməyəcək. Rəhbərin cahilliyi və səhlənkarlığı ölkənin dağılmasına aparır. Dövlətin stabillik şərtinin yalnız ədalətli idarəetmə olduğunu qeyd edərək, alim xüsusi olaraq nəzərə çarpdırır ki, ədalətli hökmdarın birinci şərti xalqın əsas təbəqələri – ziyalılar, hərbçilər, tacirlər və kəndlilər arasında düzgün sosial bərabərliyi müəyyənləşdirməsidir.
Dövlətin möhkəmliyi və tərəqqisi üçün lazım olan ədalətli idarənin ikinci şərti kimi, Tusi əhalinin həyat fəaliyyəti haqqında qayğını, obyektiv qiymətləndirilməni və insanların, onların qabiliyyəti və ləyaqətinə uyğun olaraq vəzifəyə təyin edilməsini təmin edən kadr siyasətinin həyata keçirilməsini göstərir. Alim, hökmdar tərəfindən onların düzgün qiymətləndirilməsi üçün məmurların beş kateqoriyasının mənəvi xarakteristikasını verir. Birinci kateqoriyaya o, idarəetmədə şahın dayağı ola biləcək, diqqətə və hörmətə, yüksək vəzifələrə, qiymətləndirməyə və mükafatlara layiq bildiyi təbiətən xeyirxah və həyatda xeyirxah insanları aid edir. İkinci kateqoriyaya o, təbiətən xeyirxah, real həyatda isə xeyirxah olmayan insanları aid edir. Belə adamlara işdə, onların təbii üstünlüklərinin reallaşdırılmasında diqqət və yardım lazımdır. Üçüncü kateqoriyaya Tusi nə xeyirxah, nə pis olmayan neytral təbiətli insanları aid edir. Belə insanları xeyirxahlığa süni surətdə stimullaşdırmaq və onlara bu istiqamətdə inkişaf etməyə kömək etmək lazımdır. Dördüncü kateqoriyaya təbiətən zalım, lakin cinayət etməyən insanlar aid edilir. Pisliyin nəticələrini aydınlaşdıraraq və onları xeyirxahlığa stimullaşdıraraq, belə adamları tərbiyə etməyə çalışmaq lazımdır. Beşinci kateqoriyaya alim təbiətən pis olanları, başqa insanlara pislik edənləri aid edir. Bu, pozitiv təsirə uymayan, təbiətən aşağı səviyyəli insanlardır. Belə insanların bir hissəsini məcburi tədbirlərlə – məzəmmət və cəza ilə tərbiyə etmək, tərbiyənin təsiri altına düşməyənləri isə ümumiyyətlə, cəmiyyətdən təcrid etmək lazımdır.
Ədalətli idarənin üçüncü şərti kimi, Tusi insanların xidmətlərinin obyektiv qiymətləndirilməsi və mükafatlandırılmasına əsaslanan nemətlərin ədalətli bölgüsünü göstərir. Siniflər arasındakı uyğunluğun müəyyən edilməsindən və hər kəsin dərəcəsinin təyin edilməsindən sonra dövlət qarşısındakı xidmətlərindən və qabiliyyətlərindən asılı olaraq, gəlirləri onların arasında düzgün və praporsional bölmək lazımdır.
Onun tərəfindən yalnız xalqların və cəmiyyətin siniflərinin ünsiyyət mədəniyyətinin mahiyyəti deyil, həm də dövlət siyasətinin xüsusiyyətləri, maarıfçi və avtoritar idarəetmə üslubunun, icma rəhbərlərinin xarakteristikasının interpretasiyası verilir. Burada idarəetmə üslublarının xarakteristikası onların cəmiyyətin sosial-mədəni mühitinin mənəviyyata təsiri ilə əlaqədar verilir, bu və ya digər rejimin doğurduğu pozitiv və ya neqativ təzahürlər, insan keyfiyyətləri və xarakteri təsvir edilir.
O, dövlət idarəçiliyi sistemində əməyin - biliklərin, qabiliyyətlərin və peşəkar vərdişlərin iyerarxiyasına uyğun olaraq bölünməsi zəruriliyi haqqında danışır, mütəxəssislərin və rəhbərlik səviyyələrinin təsnifatını verir.
Təhsilli (mədəni – F.M.) cəmiyyətdə dövlət quruculuğu prinsiplərini xarakterizə edən Tusi deyir ki, o, həyatın mənasına düzgün dünyagörüşü mövqeyinə, vahid məqsədlərə və ümumi rifaha yönəldilmiş, yaxşı təşkil edilmiş, sağlam ictimai münasibətlərin, ədalətli qanunların və insanların maraqlarını və nöqteyi-nəzərini hesaba alan düşünülmüş siyasətin əsasında həyata keçirilməlidir.
İsa Peyğəmbərin ilahi nüfuzuna və Tövrət ehkamlarının təkmilləşdirilməsinin zəruriliyi haqqında kəlamlarına istinad edərək, Tusi proqressiv islahatların həyata keçirilməsi, zamanın tələblərinə və xalqların maraqlarına uyğun olaraq, həyat dayaqlarının təkmilləşdirilməsi zərurətini və qanunauyğunluğunu əsaslandırır.
(ardı var)
Fuad MƏMMƏDOV,
Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının professoru,
kulturoloq,
“Simurq”
Azərbaycan Mədəniyyət Assosiasiyasının
prezidenti
Xalq qəzeti.- 2013.- 14 iyul.- S. 6.