Sən belə deyildin əzəl, ay
Quba
Quba
haqqında çox danışılıb, çox
yazılıb, bundan sonra da çox yazılacaq. Çünki
Quba illə, ayla, günlə deyil, hər saatda bir donda
görünə-görünə daha da gözəlləşir. Ötən
əsrin 70-ci illərinin ikinci yarısında görkəmli
Azərbaycan şairi M.Rahimin tez-tez xatırlanan çox məşhur
bir şeiri var idi, belə bitirdi:
Qubanı, Göygölü görməmisənsə,
Demə
ki, görmüşəm Azərbaycanı.
Bu
şeiri televiziya, radio və ya məclislərdə eşidəndə
həmişə daxilən qürur hissi keçirmişəm,
misralar ürəyimə yağ kimi yayılıb. Bəli, allı-güllü
Qızbənövşə Səttar Bəhlulzadə kimi
korifeyi özündən çıxardıb, Qəçrəşin
diş göynədən buz bulaqları, usta sənətkarların
zəhməti ilə park şəklinə
düşmüş meşələri, saf və təmiz
havası insanlara sağlamlıq bəxş edib. Bu gözəlliklər
Qubanın adını göylərə qaldırıb. Təəssüf
ki, keçmiş sovet dövründə insanı məftun edən
bu yerlər öz layiqli qiymətini almayıb, təbliğ
olunaraq insanlara tanıdılmayıb.
Keçən
əsrin 80-ci illərinin Qubasını, indiki Quba ilə
müqayisə etmək istəmirəm. İstəsəm də,
bu mümkün deyil. Əvvələr şəhər
içindəki söküntü və
dağıntılardan təngə gələn qubalılar 2
ilə yaxındır ki, rahat nəfəs alırlar.
Bütün işlər planlı və nəzarət
altında aparıldığından vaxtında sona
çatır. Quba bir tərəfdən sökülür, digər
tərəfdən memarlıq ənənələrimiz
saxlanılmaqla yenidən bərpa olunur: müasir zövqdə,
zamanın tələbinə uyğun. Dəfələrlə
Qubada olmuş ulu öndərimiz Heydər Əliyev deyib:
“Qubada Azərbaycanın bütün əhalisini təmsil edən,
eyni zamanda, müxtəlif milli köklərə mənsub olan
insanlar bir ailədə dostluq, mehribanlıq şəraitində
yaşayırlar!” Qədim Qubanın yeni siması ulu öndərin
həmişə diqqət mərkəzində olub. O müdrik insanın bir Vətəni
var idi. - Azərbaycan! O, azərbaycanlı olmağı ilə
fəxr edirdi. Bakını, Gəncəni, Naxçıvanı,
Şəkini sevdiyi qədər də Qubanı sevirdi.
Ölkəmizin
hər yerində olduğu kimi, rayonumuzda da bütün sahələr
üzrə bir sıra mühüm tədbirlər həyata
keçirilir. İl yarım bundan qabaq bədniyyətli
qüvvələrin fitvası ilə baş verən hadisələr
artıq unudulur. Rayona yeni başçı təyin olunmuş
M.Ağayev də ilk görüşdən, ilıq təmasdan
insanları inandıra bilib, böyük hörmət
qazanıb. O, insanlara anlada bilib ki, bu dövrdə çox
iş görmək olar, təki insan həvəs olsun.
Qubalılar da uzaqgörən, yaxşını tanıyıb
qiymətləndirməyi bacaran insanlardır.
Düşündülər ki, beləsi ilə
dağı-dağ üstə qoymaq olar. İndi il yarımda
görülən işlər göz qabağındadır.
Rayonda bu ilin sonuna qədər 30-dan artıq obyekt — dövlət
idarələri üçün yeni binalar, rayon icra hakimiyyətinin,
poçtamtın, su-kanal idarəsinin, Yeni Azərbaycan
Partiyası rayon təşkilatının inzibati
binalarının, A.Bakıxanov adına
tarix-diyarşünaslıq muzeyinin, fəvvarələr
kompleksinin, Gənclər Mərkəzinin, Bayraq
meydanının tikintiləri başa çatmaq üzrədir.
Quba sürətlə dəyişir, gəncləşir,
böyüyüb inkişaf edir. Son il yarım ərzində
300 kilometrə yaxın su və kanalizasiya xətləri çəkilərək şəhər
əhalisinin istifadəsinə verilib. Qudiyalçayda hər
biri bir neçə min tonluq 4 su anbarı tikilib. Rayonda işlər
çoxşaxəli şəkildə davam etdirilir. Tikinti-təmir,
yenidənqurma işləri eyni sürətlə kəndlərdə
də aparılır. Hacıqayıb, Dağlı,
Qaraçay, Küpçal
Xucbala kəndlərində yeni məktəb binaları
inşa olunur. Bu ilin sonuna qədər bir sıra kəndlərə
yol çəkilişləri, su və qaz təchizatının
sürətləndirilməsi nəzərdə tutulub.
Artıq 7 yaşayış məntəqəsini
birləşdirən Quba-Küpçal-Küsnət avtomobil
yolunun çəkilişi sürət götürüb.
Torpaq qrunt işləri, hamarlama texnoloji kartaya uyğun
gedir. Quba-Qonaqkənd, Quba-Xanəgah
yolunun mürəkkəbliyi inşaatçıları ruhdan
salmır.
Qubanı
Qırmızı Qəsəbə ilə birləşdirən
tağlı körpünün 150 ildən artıq tarixi var.
Bu körpü öz tarixi görünüşünü və
memarlıq cizgilərini itirmədən bərpa olunub. Bəzi
kəndlərə yeni su xətləri çəkilir. Digah kəndinə 1800, Qəçrəş
kəndinə 4500, Gədikqışlaq kəndinə 7000 metr
məsafədən su gətirilib. Qırmızı Qəsəbədə
Mirzəqışlaq, Qımılqışlaq,
Küpçalqışlaq kəndlərində subartezyan
quyularının nasosları yenidən bərpa olunub. Son bir
neçə ildə rayonun 50-yə yaxın kəndi
qazlaşdırılıb. Bu il daha 19 kəndə qaz veriləcək.
İnsanlar illər ötdükcə yaşlaşıb
qocalırlar. Şəhərlər, kəndlər isə
tikildikcə cavanlaşıb, gözəlləşirlər.
Statistiklər
kiçik, ancaq maraqlı bir araşdırma aparıblar: sovet
dövründə - 70 ildə Qubada cəmi 17 məktəb
inşa olunub, Müstəqillik qazandığımız son 20
ildə isə Quba rayonunda 80 məktəb binası inşa
olunub, daha 10 məktəbdə son tamamlama işləri gedir.
Başqa dəlilə, sübuta ehtiyac yoxdur. Quba gözəlliklər
məskənidir. İnsanlar isə daim gözəlliyə
doğru can atır görmək, duymaq istəyirlər. Elə
keçmiş sovet dövründə də Azərbaycana gələn
hörmətli qonaqları, turistləri çox vaxt Qubaya gətirirdilər.
Təəssüf ki, Azərbaycan neftinin pulunu gen-bol
aşağı-yuxarı xərcləyən “böyük
qardaş”larımız qısqanclıq göstərib Azərbaycanın
gəzməli — görməli yerlərində istirahət
üçün şərait yaratmırdılar. Möhtərəm
Prezidentimiz İlham Əliyevin qayğısı ilə Quba
respublikamızın möhtəşəm istirahət
zonalarından birinə çevrilmişdir. İndi
Xınalıq, Qəçrəş, Təngəaltı
zonası yüzlərlə insanın dincəldikləri yerlərdir.
Hal-hazırda Əski-İqrıq kəndində dünya
standartlarına cavab verən, nəhəng beşulduzlu
“Riksos-otel” istirahət obyekti
tikilir ki, möhtəşəm turizm bazası bir dəfəyə
500 turisti qəbul edə biləcəkdir. Rayonun İkinci
Nügədi kəndində İqtisad Universiteti
üçün istirahət mərkəzi, BDU-nun biologiya
fakültəsi üçün təlim-tədris korpusu
inşa edilir.
Qubalılar
işgüzar, çalışqandır, təki önə
keçən, istiqamət verən olsun. Bu mənada rayon sakinlərinin
bəxti gətirib. İcra hakimiyyətinin
başçısı Mübariz Ağayev hər bir kollektivlə tez dil tapır, insanlara
qaynayıb-qarışır. Buna görə də insanlar gələcəyə
ümidlə baxırlar. Onun rayonda görüşləri də
maraqlı keçir. Ayrı-ayrılıqda veteranlar, müəllimlər,
həkimlər, gənclərlə rayon mərkəzində və
böyük kəndlərdə sadə insanlarla keçirdiyi
görüşlər səmərəli olmuşdur. İstər
kəndlərdə, istər rayon mərkəzində illərlə
süründürülən məsələlər öz
qanuni həllini tapmışdır. Əhalinin işdən
sonrakı istirahəti üçün gözəl şərait
yaradılmışdır. Şəhərin 28 may parkında
Gənclər Mərkəzi, Heydər Əliyev parkında Gənclər
evi tikilir. Qubada Müəllimlər İnstitutunun filialı, sənaye-pedaqoji
texnikumu, sosial iqtisad kolleci fəaliyyət göstərir.
Rayonda tez-tez dövlət əhəmiyyətli tədbirlər
keçirilir. Ulu öndərin 90 illiyi ilə əlaqədar
Gül bayramına paytaxtdan və qonşu rayonlardan da qonaqlar təşrif
buyurmuşdular.
Keçən
ilin oktyabrında Qubanın tarixində ilk dəfə olaraq
böyük təntənə ilə “Alma bayramı”
keçirildi. Bu geniş əhatəli tədbir olduqca
maraqlı alındı və “İctimai” televiziya ilə efirə
getdi. Çoxlu qonaqlarımız oldu. O cümlədən, 3
ölkənin səfiri, 30 xarici ölkə səfirliyinin
nümayəndəsi və 80 deputat iştirak edirdi.
Qubanın üzünü ağardan, ona dünya şöhrəti gətirən al yanaqlı almasıdır. Alma Qubanın xəzinəsidir. Hər il yüzlərlə ton Quba alması Rusiya, Ukrayna bazarlarında ən dadlı meyvə kimi satılır. 2-3 il qabaq Quba almasının saxlanılması üçün heç bir şərait yox idi. Buna görə də insanlar öz meyvəsini tez-bazar ucuz qiymətə satmalı olurdular. Qubada 100 min tondan çox meyvə istehsal olunur. Bu qədər meyvəni birdən satmaq sərfəli deyil. Soyuducuları olmadığından meyvə çürüyüb zay olurdu. Son illərdə rayon ərazisində 10 soyuducu-anbar inşa edilib. İndi bacbanlar heç bir narahatçılıq keçirmirlər. Meyvələrini soyuducuya vurub bəzən aprelə, maya qədər saxlayırlar. Müstəqil respublikamızda insan amili daim önə çəkilib, varlığımızın əşrəfi sayılıb. Bu insanların uzunömürlülüyünü qoruyan, gecə-gündüz onların sağlamlığının keşiyini çəkən həkimlərimizin zəhməti ən yüksək tərifə layiqdir. Yeni xəstəxanaların tikintisi də Quba rayonunda sürətlə gedir. Bir neçə il əvvəl Diaqnostika Mərkəzi, bu yaxınlarda isə Qonaqkənddə yeni xəstəxana tikilib istifadəyə verilib. Rustov kəndində də müasir avadanlıqlarla təchiz olunacaq yeni xəstəxana inşa olunur. Mərkəzi Xəstəxananın poliklinikası, doğum evinin, ağ ciyər xəstəlikləri şöbəsinin korpusları əsaslı təmir olunub. Quba bu gün gözəldir. Çox yox, bir ildən sonra Qubaya gələnlər onu daha gözəl və füsünkar görəcəklər. Görülən işlər bunu deməyə əsas verir.
Qəhrəman
QASIMOV
Xalq qzəeti.- 2013.- 14 iyul.- S. 7.