Gəncənin gecələri də gündüzləri kimi gözəldir

 

Özünün 4 min illik yaşını qeyd etməyə hazırlaşan qədim şəhər Azərbaycan Prezidenti İlham Əliyevin hərtərəfli qayğısı ilə əhatə olunduqdan sonra tamamilə dəyişmişdir.

Gəncənin gecələrindən söhbət açmaq istəyirik.

Bilirsiniz niyə? Çünki Gəncənin gecələri gözəl olub, füsunkar olub, romantik olub. Hara  baxırsan al-əlvan lampalar göz qamaşdırır, milli ornamentli işıq dirəkləri uzaqdan diqqəti cəlb edir.

 

Etiraf edək ki, işığımız bol olsa da, uzun illər bu şəhərin bir-iki küçəsindən, meydanından başqa digər yerləri qaranlığa qərq olub. Yəni böyük bir şəhərin saysız-hesabsız prospekt və küçələri yalnız nəqliyyat vasitələrindən süzülən müvəqqəti işıqların ümidinə qalıb. Amma indi...

 

O gün N.Nərimanov prospekti ilə keçirdim. Gözlərimə inanmadım. İlk dəfə idi görürdüm ki, maşınlar işıqlarını söndürərək hərəkət edirlər. Uzun və genişləndirilmiş, gözəlləşdirilmiş bir prospekt süd kimi işığa qərq olmuşdu. Heydər Əliyev prospekti, Nizami, Əttarlar, Zərrabi, Şahsevənlər, keçid və onlarla digər küçə və prospektlər də çil-çıraqlı işıqlıdır.

Fasadları işıqlandırılan yaşayış binalarının da sayı-hesabı yoxdur. Heç bilirsiniz necə gözəldir? Ayrı-ayrı inzibati binaların özləri və ətraflarında işıqlar bərq vurur. Şəhərə xüsusi gözəllik gətirən dekorativ 5 lampalı işıq dayaqlarına baxmaqla doymaq olmur. Atatürk prospekti, YAP-ın şəhər təşkilatının qarşısı, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Meydanı, Nizami prospektindəki Mərkəzi kitabxana, şəhərdən Şəmkir avtomobil yoluna çıxış, Nizami məqbərəsi, rayon icra hakimiyyətləri və digər neçə-neçə obyektlər bu işıq dayaqları ilə bəzədilib və hamısı da ətrafa işıq seli səpələyir. Bu iş o qədər sürətlə və keyfiyyətlə görülür ki, tezliklə şəhərdə bir dənə də olsun küçə və dalan işıqsız qalmayacaq.

Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev yığıncaqların birində belə bir faktı iştirakçıların nəzərinə çatdırdı ki, tezliklə Gəncənin müxtəlif yerlərində basdırılan işıq dirəklərinin sayı 10 minə çatdırılacaqdır. Şəhərin tarixində görünməmiş bir işdir! Demək, qədim Nizami yurdunun ən ucqar küçələri və məhəllələri belə nur işığa bürünəcək. Özü də bu işıq dirəkləri, öz orijinallığına, milli ornamentlərlə bəzəyinə və digər xüsusiyyətlərinə görə əvvəlkilərdən çox fərqlənir.

Küçə və prospektlərdən söz düşmüşkən, qeyd edim ki, indi onların çoxunu tanımaq da olmur. Genişləndirilib, səkilər düzəldilib, binaların fasadları yenidən qurulub, kommunikasiya xətləri dəyişdirilib, gül-çiçək kolları, ağaclar əkilib.

Bu işdə qətiyyən arxayınlığa yol verilmir. Elə cari ilin ötən aylarında görülən işlərə nəzər salınanda açıq-aydın hiss olunur ki, işin sürəti nəinki azalıb, əksinə daha da artıb. Nizami prospektində 2,5 kilometr məsafədə mövcud avtomobil yolu genişləndirilmişdir. Hazırda  100-ə yaxın inşa edilən fərdi yaşayış evinin fasad hissəsi milli-memarlıq üslubunda müxtəlif ornamentlərlə bəzədilir, geniş abadlıq-quruculuq işləri davam etdirilir. Artıq burada mühəndis-kommunikasiya işləri yeniləşdirilmişdir. Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsindən 3 kilometrə yaxın məsafədə avtomobil yolu 25 metr, hətta bəzi yerlərdə 30 metrədək genişləndirilmişdir. Yol kənarında 35 tikilinin dam örtükləri dəyişdirilmiş, 19 yeni fərdi yaşayış evi inşa edilmişdir.

Ümumiyyətlə, şəhərin ayrı-ayrı küçələrinin genişləndirilməsi, istər nəqliyyat, istərsə də piyadalar üçün lazımi şəraitin yaradılması işi bu gün ön plana çəkilmişdir. Hüseyn Cavid küçəsindən keçib gəlmək olmurdu. İndi küçə 4 metr genişləndirilib, tarixi-memarlıq binaları təmir olunaraq üzə çıxarılıb. Burada yerləşən 25-ə yaxın evin fasad hissəsi kərpiclə, Gəncəyə xas memarlıq üslubunda yenidən işlənmiş, ehtiyac duyulan tikililərin dam örtüyü yenilənmiş, yeni işıqlandırıcı sistem quraşdırılmışdır. Küçənin girişində H.Cavidin barelyefi vurulmuşdur.

Şahsevənlər, Ə.Məmmədov, Ə.Nəzmi, V.Xuluflu, Q.Hüseynli, Ə.Hüseynzadə və adlarını çəkə bilmədiyimiz onlarla küçə genişləndirilmiş və abadlaşdırılmışdır.

 

Ayrı-ayrı binaların fasadları klassik memarlıq üslubunda, dam örtükləri isə mansard formasında yenidən qurulmuş və hazırda bu iş  davam etdirilir.

Şəhərdə yaşıllıqların salınması, mühafizəsi, yeni ağacların əkilməsi və onlara aqrotexniki qulluq göstərilməsi daim diqqət mərkəzindədir.

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində yaşıllıqların salınması, ağac əkilməsi ilə bağlı ümumşəhər iməcilikləri keçirilmiş, ümummilli liderin adını daşıyan parklarda ağaclara qulluq göstərilmiş, təmizlik işləri aparılmış, minlərlə yeni ağac əkilmişdir. Şəhərin müxtəlif ərazilərində minlərlə ting salınmış, mövsümi gül və çiçək əkilmiş, bir neçə hektar sahədə çəmənlik salınmış, subartezian quyuları təmir olunaraq istifadəyə verilmişdir.

Azərbaycanın şəhər və rayonları içərisində böyüklüyünə və əzəmətinə görə birinci olan Heydər Əliyev parkı bu gün əsl abadlıq, yenidənqurma, tikinti meydanını  xatırladır. Qeyd edək ki, şəhərin ən müxtəlif kollektivləri vaxtaşırı buraya gəlir, yaşıllıqların artırılmasında, digər abadlıq işlərində yaxından iştirak edirlər.

Ulu öndərin əvəzedilməz irsinin daha mükəmməl öyrənilməsi, onların gənc nəslə yetərincə aşılanması, gələcək nəsillərə layiqincə çatdırılması məqsədilə ən müasir layihəyə əsasən sahəsi 4500 kvadratmetr olan üçmərtəbəli Heydər Əliyev Mərkəzinin tikintisi davam etdirilir. Bu möhtəşəm binada müxtəlif dərnəklər, sərgi zalı, elektron və adi kitabxana, ekspozisiya və müşavirə zalları da nəzərdə tutulmuşdur.

İstifadəyə verilən və inşası davam etdirilən inzibati binaların və digər tikililərin sayı aybaay çoxalır. Hazırda Nizami Gəncəvi Muzeyinin, uşaq yaradıcılıq və Məhsəti Gəncəvi adına mərkəzlərin, Gəncə Dövlət Filarmoniyasının tikintisində qızğın iş gedir. Ölkə Prezidentinin təşəbbüsü ilə yaradılan “ASAN” Xidmət Mərkəzinin Gəncə şöbəsinin tikintisində də işlərin sürəti artıb və binanın bu ilin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub. Heydər Əliyev prospektində Nizami və Kəpəz rayon polis idarələri üçün tikilən inzibati binaların tezliklə istifadəyə verilməsi gözlənilir.

Ayrı-ayrı yerlərdə tarixi-memarlıq abidələri hesab edilən qırmızı kərpicdən tikilmiş binalar zövqlə yenidən bərpa olunur, onlara necə deyərlər, “ikinci həyat” verilir.

Qeyd edək ki, şəhərdə bu işə xüsusi diqqət yetirilməyə başlanıb. “Şah Abbas” və “Uğurlu xan” karvansaralarında əsaslı təmir-bərpa işləri görülüb. Hüseyn Cavid küçəsində yerləşən “Hüseyniyyə” məscidinin binasında təmir işləri aparılmışdır. “Zərrabi” Nizami Poeziya teatrı əsaslı təmir-bərpa edilərək istifadəyə verilmişdir.

Şəhərin girişində, “Gəncə-Bakı” yolunun hər iki tərəfində inşa edilən “Qala” kompleksinin tikintisində işlər davam etdirilir, “Kukla” teatrında aparılan təmir-bərpa işləri sürətləndirilmişdir. “İmamzadə” dini kompleksində aparılan təmir-bərpa və tikinti işləri davam etdirilir. Artıq burada ziyarətçilər üçün mehmanxana, qurbangah, ziyarətgah, dəstəmazxana və yeməkxana tikilmişdir. Kompleksdə 10 min kvadratmetrdən çox əraziyə asfalt örtüyü salınmış, 4 min 400 paqonmetr bəzəkli səki daşı döşənmişdir. Hazırda dini ayinlərin icra edilməsi üçün müxtəlif tikililər inşa edilir, müasir işıqlandırılma sistemi quraşdırılır. Ayrı-ayrı parklarla yanaşı yeni salınan Əziz Əliyev və Məhsəti Gəncəvi adına parklarda da işlər davam etdirilir. “Şərəfxanlı” tarixi abidəsi qarşısında aparılan abadlıq-quruculuq işləri hamının diqqətini cəlb edir.

Əhalisinin yarıdan çoxu şəxsi həyət və məhəllələrdə yaşayan şəhərlər sırasında Gəncə bəlkə də birinci sıralarda dayanır. Vaxtilə kim necə istəyib-elə tikib. Əyri-üyrü küçələr, dalanlar, primitiv, yolun ortasına kimi çıxan tikililər, eybəcər hasarlar...

Şəhərdəki 6 nömrəli məktəbin yanından başlayaraq ta “Əbədi Məşəl”ə kimi uzanan küçədə təmir-bərpa işlərinin necə aparılacağını təsəvvürümə belə gətirmirdim. Hələ yolun genişləndirilməsini demirəm.

Amma bu günlərdə təsvir etdiyim həmin Nizami küçəsində olarkən gözlərimə inanmadım. Geniş, hər cür mühəndis-kommunikasiya xətləri dəyişdirilən geniş yol, milli ornamentli, qırmızı kərpicdən hörülmüş binalar, hasarlar, digər tikililər məni heyran etdi. Doğrudur, işlər hələ tam başa çatmayıb. Amma, işin əsas ağırlığı arxada qalıb.

 

Şəxsi məhəllələrlə əhatə olunmuş belə küçə və prospektlər şəhərdə onlarla, yüzlərlədir. İndi onların əksəriyyəti öz görkəmini dəyişir.

Binaları yalnız çoxmərtəbəli tikililərdən olan şəhərlərdə təmir-bərpa, abadlıq, yenidənqurma işləri aparmaq daha asandır, nəinki Gəncə kimi şəhərdə. Amma bütün bunlara baxmayaraq, Gəncə bu gün gözlərimiz önündə hər gün, hər saat dəyişir, gözəlliyə qovuşur. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev deyir ki, heç bir çətinlikdən qorxmuruq. Çünki bu qədim şəhərə ölkə başçısı cənab İlham Əliyevin xüsusi diqqəti, qayğısı var. Bütün şəhər əhalisi möhtərəm cənab Prezidentimizin bu köməyini bilir və onun ətrafında sıx birləşib. Bax bu birlik, mütəşəkkillik olan yerdə nədən çəkinəcəyimiz ola bilər!?

Başçının dediklərinin əyani sübutu bu gün Gəncənin siması və onun əhalisidir. Şəhərə çıxın, gəzin, baxın, soruşun. Özünüz görəcəksiniz.

P.S. Yazı çapa hazırlanarkən məlumat aldıq ki, artıq qədim Gəncə özünün 4000 illik yubileyini qeyd etməyə start verib. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının iclas salonunda ümumşəhər toplantısı keçirilib və yubileyə hazırlıqla bağlı görüləcək işlər ətraflı müzakirə edilib.

Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bununla əlaqədar şəhər sakinlərini təbrik etmiş, yubiley tədbirlərinə hazırlığın əhəmiyyətindən danışmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin direktoru, professor Fuad Əliyev çıxış edərək yubileylə əlaqədar görüləcək işlər barədə məlumat verərək bildirib ki, qədim Nizami yurdunun 4000 illik yaşı ilə əlaqədar UNESCO-nun baş direktoru İrina Bokova Gəncəyə təbrik məktubu göndərib və bu, bütün gəncəlilərin hədsiz iftixarına, sevincinə səbəb olub. Maraqlıdır ki, uzun illər müəmmalı olan Gəncənin həqiqi yaşı bu gün real şəkildə elan edilmiş və onun həqiqətən 4 min il olduğu müəyyənləşdirilmişdir. Təsadüfi deyildir ki, yubiley tədbirlərinə daha ciddi şəkildə hazırlıq nəzərdə tutulub.

Müəyyən olunmuş tədbirlər planına əsasən şəhərdə böyük tərtibat işləri görülməli, dəyirmi masalar keçirilməli, ümumşəhər iməcilikləri təşkil edilməli, şəhərin girişində inşa olunmuş qala kompleksində arxeoloji və etnoqrafik muzey yaradılmalı, bayram konsertləri, ali və orta ixtisas məktəblərində inşa-yazı müsabiqələri təşkil edilməli, Gəncəyə aid yeni monoqrafiya çap edilməli, şəhərin tarixinə aid kataloq hazırlanmalı, yeni turizm marşrutları müəyyənləşdirilməli, ən mühüm tarixi abidələrin bukletləri hazırlanmalı, dünya kitabxanalarında və arxivlərində Gəncə ilə bağlı saxlanan əlyazma və xəritələrin surətləri Gəncəyə gətirilməli, musiqi və şeir müsabiqələri təşkil edilməlidir.

Toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin sədrliyi ilə yaradılmış yubiley komissiyasının tərkibi təsdiq edilmiş, tədbirlər planı qəbul olunmuş, yubileyin keçirilməsi üçün işçi qrupu yaradılmışdır.

Yubiley tədbirlərində xarici ölkələrdən dəvət olunacaq qonaqların iştirakı ilə beynəlxalq elmi-praktik konfransın keçirilməsi də nəzərdə tutulub.

Toplantıda çıxış edənlər Gəncənin həqiqi yaşının müəyyənləşməsində diqqət və qayğı göstərən ölkə başçısı İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirmişlər.

...Bəli, Gəncə özünün ulu yaşını qeyd etməyə hazırlaşır. Gecələri də, gündüzləri də, sabahı da işıqlı olan qədim Gəncə, 4000 yaşın mübarək!

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2013.- 16 iyul.- S. 5.