Regionlarda informasiya-kommunikasiya texnologiyaları təlimləri başa çatmışdır

 

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının (AƏSMA TGT) təşəbbüsü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  (ATGTİ) və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə regionlarda keçirilən informasiya-kommunikasiya texnologiyaları (İKT) təlimləri artıq başa çatmışdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən aldığımız məlumatda bildirilir ki, təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.Təlimlərdə təkcə tələbələr deyil, məktəblilər də iştirak etmişlər.

Azərbaycanın üç regionunda - Lənkəran, Gəncə və Zaqatalada keçirilmiş İKT təlimlərində yerli icra orqanları, QHT və media nümayəndələri iştirak etmişlər.

İKT təlimlərində iştirak etmiş gənclərə sertifikatlar təqdim olunmuşdur.

 Qeyd edək ki, layihənin əsas məqsədi regionlarda yaşayan gənclərə İKT yeniliklərini və qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq, gənclərdə İKT-yə maraq oyatmaq, İKT imkanlarından istifadə etməklə onların maarifləndirilməsinə və əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaq olmuşdur.

 

Samirə ƏLİYEVA

 

Xalq qəzeti.- 2013.- 16 iyul.- S. 6.