Məfkurə irsimizin cəsarətli tədqiqatçısı

 

Taleyin bəxş etdiyi ömrün illərini zəngin sərvətə çevirməyi bacaran, zamanın qədrini bilən tanınmış alimlərimizdən biri də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, XX əsr Azərbaycan ədəbiyyatının və mətbuatının görkəmli tədqiqatçısı, filologiya elmləri doktoru, professor İslam Ağayevdir.

İslam Ağayevin Azərbaycan ədəbiyyatşünaslığındakı və mətbuat tarixi tədqiqindəki xidmətlərini nəzərdən keçirməli olsaq, mürəkkəb, ziddiyyətli və eyni zamanda ədəbi-ictimai hadisələrin dinamik cərəyan etdiyi, Mirzə Cəlilin “Poçt qutusu”ndan Lütfi Zadənin elektron poçtunadək (e-mail) XX yüzillik adlanan bütöv bir dövr, üslub rəngarəngliyi və sənətkarlıq çalarları ilə zəngin əbədi ab-hava, mühit göz önündə canlanacaqdır. O, mollanəsrəddinşünas alim kimi geniş ictimai auditoriyaya yaxşı tanınsa da, əslində, elmi yaradıcılıq  hüdudları daha genişdir.

İslam müəllim bədii ədəbiyyata orijinallığı, həqiqətsevərliyi, cəsarəti və təkrarsız ədəbi-estetik zövqü ilə gələn 60-cılar nəslinin elmi-tədqiqat sahəsində “fövqəladə və səlahiyyətli” nümayəndələrindən biridir. Onun ədəbiyyatşünaslıq elmimizə gətirdiyi unutdurulmuşlar (sözün geniş mənasında), acı həqiqətlər, mənəvi repressiyalara məruz qalmış şəxsiyyətlər və onların ədəbi-elmi bəraəti missiyası bütöv bir mərhələ təşkil edir.

Milli-mədəni irsin klassik sosialist realizminə zidd meyillərinin fundamental tədqiqi ilə bağlı dissertasiyaların son mərhələdə imperiya mərkəzində ləğvinə baxmayaraq İslam Ağayev araşdırmalarının ilk hədəfi kimi “Zənbur” satira jurnalını seçdi. Gəncliyə məxsus coşqu və cəsarətlə ağır və müəmmalı məqamlara elmi aydınlıq gətirmək, dövrün qınaq və sınaq hədəfində saxlanılan milli ziyalıların mənhus taleyi üçün narahatçılıq keçirmək, saysız-hesabsız arxiv materialları içərisində inadkarlıqla axtarışlar aparmaq elə bil onun alnına yazılmışdı.

İslam müəllim satirik mətbuatımızın cəsarətli və müqtədir bir nümunəsinin mövzu miqyası, sənətkarlıq xüsusiyyətlərindən daha çox onun yaradıcılarının milli ziyalılığından, vətən və millət təəssübkeşliyindən, ictimai-siyasi və maarifçi görüşlərindən bəhs etmişdir. Sonralar sovet rejiminə etibarsızlıq nümayiş etdirdiyinə görə həyat və fəaliyyətinin tədqiqi və təbliği üzərinə “yasaq”, “qadağa” qrifi qoyulan “burjua millətçiləri”nin, “pantürkist”lərin qırmızı imperiya zamanı araşdırılmasında İslam müəllim “Zənbur”vari, “Molla Nəsrəddin”vari metodlardan istinasız səmərəli yararlanaraq  bu irsin xalqa qaytarılmasında müstəsna xidmətlər göstərmişdir.

Onun Azərbaycanın elmi-ictimai düşüncəsinə ünvanladığı işıqlı şəxsiyyətlərdən biri də XIX yüzilliyin sonu XX yüzilliyin əvvəlləri dünya şöhrətli tibb elmləri doktoru, “Səadət” xeyriyyə cəmiyyətinin yaradıcılarından biri, “Zənbur” jurnalının naşiri Mirzə Əbdülxalıq Axundov idi. Tədqiqatçı alim satirik “Zənbur” jurnalında M.Ə.Axundova geniş yer ayırmış, onun Almaniyanın Erlangen Universitetinin tibb fakültəsini bitirdiyini, magistr elmi dərəcəsi aldığını, 1890-cı ildə elmi əsərinin alman dilində çap olunduğunu, Aristotelin və Əbu Əli ibn Sinanın əsərlərindən tərcümələr etdiyini milli iftixar hissi ilə vurğulayırdı.

Tədqiqatda M.Ə.Axundovun həyat səhifələri vərəqləndikcə hər bir vətənpərvər insanın qürurdan köksü qabarır: “M.Ə.Axundov X əsr əczaçısı Əbu Mənsur Müvəffəqin əsərini ərəb dilindən alman dilinə çevirir. Əsərdəki 446 bitki və 44 heyvan bədənindən hasil olan dərman preparatı haqqında elmi izah yazıb. Həmçinin orta əsr istilahlarının müasir elmi şərhini verir. Əsər 1893-cü ildə Derptdə farmakologiya tədqiqatları tarixi institutunun əsərlərində, həm də ayrıca kitab şəklində Halle şəhərində nəşr edilir. Bu işinə görə Derpt Universitetinin tibb fakültəsi M.Ə.Axundova tibb elmləri doktoru elmi dərəcəsi verir.

Vətənə qayıtdıqdan sonra M.Ə.Axundov Bakıda kitabxana, ruhi xəstəlikləri müalicə edən ilk xəstəxana və aptek açır”.

Avropada tibb elmləri doktoru elmi dərəcəsi alan ilk azərbaycanlı alim M.Axundovun vətənində bir sıra xeyirxah əməllərin təməlini qoysa da sovet istilası dövründə mühacirət etdiyi üçün adı üzərindən qırmızı kölgələr əskik olmamışdır. Yalnız ötən əsrin 60-cı illərinin əvvəllərində gənc tədqiqatçı İslam Ağayev gözlənilən təzyiqlərə məhəl qoymayaraq onun elmi yaradıcılığı ilə paralel ədəbi, bədii və publisistik fəaliyyətini də gündəmə gətirmişdir. Onun Mirzə Əbdülxalıq Axundovdan sonra Əliqulu Qəmküsar, Əli Razi Şamçızadə, Əlabbas Müznib Mütəllibzadə və b. barədə yazdığı irihəcmli monoqrafiyaları ilk baxışdan sakit, həlimxasiyyət görünən, lakin daxilən narahat, haqsızlığa, ədalətsizliyə dözümsüzlük nümayiş etdirən alimin simasız cəmiyyətin əzdiyi əsl simalar haqqında fikir fırtınası idi.

İslam Ağayev rus imperiyasına qarşı milli mücadilənin öncüllərindən biri, fədakar jurnalist, satirik şair, islam-türk mədəniyyətinin cəfakeş tədqiqatçısı Əlabbas Müznib haqqında iki monoqrafiya çap etdirmişdi. Müznib kimdir? Bu sualı İ.Ağayev belə cavablandırır: “Ə.Müznib həyatı boyu öz ictimai ideallarına görə üç dəfə müxtəlif vaxtlarda cəzaya məhkum olmuşdur. Birinci dəfə 1912-ci ildə çar hökuməti xalqı milli-azadlıq qiyamına çağıranların sırasında onu Sibirə ömürlük sürgün etmişdi. Xoşbəxtlikdən bu sürgünün aqibəti uğurla bitmişdir: o, 1913-cü ildə Romanovlar sülaləsinin 300 illik yubileyi münasibətilə əfvi-ümumiyə düşmüşdür. İkinci dəfə Ə.Müznib 1914-cü ildə dini fanatizmi tənqid etməsi üstündə Bakı ruhanilərindən Şeyx Qəninin ölüm fitvasına məruz qalmışdır. Ə.Müznib üçüncü ağır cəza hökmünə 1937-ci ildə düçar olmuşdur. O ”burjua millətçisi", “pantürkist” və “panislamist” təbliğatçı kimi məhkum edilib yenə Sibirə göndərilmiş, 1938-ci ildə orada vəfat etmişdir”.

Sovet dönəmində növbəti “burjua millətçisi”, “pantürkist”, “panislamist” və “xalq düşməni” haqqında ilk məqaləni yenə İslam Ağayev yazır. O, 1962-ci ildə “Azərbaycan” jurnalının 6-cı sayında çap etdirdiyi “Satirik “Zənbur” jurnalı” məqaləsində Əlabbas Müznibin ədəbi və publisistik fəaliyyətini geniş işıqlandırır, 40-a qədər orijinal, tərcümə, tədbil və tərtiblərini ədalət hissi ilə dəyərləndiribdi. Sovet ədəbiyyatşünaslığının Ə.Müznibi “cızmaqaracı”, “simasız”, “xalq düşməni” adlandırdığı bir vaxtda onun ədəbi-bədii irsini obyektiv qiymətləndirmək düşünülən qədər asan deyildi. Əlabbas Müznibin ulu babası Bakının sonuncu xanı - Hüseynqulu xan idi. İslam müəllim Müznibin öz ulu babası haqqında yazdıqlarını da ilk dəfə müsbət qiymətləndirərək filoloji fikrin dövriyyəsinə daxil edən tədqiqatçı alimdir.

Alimin fundamental monoqrafik tədqiqatlarından biri də “Molla Nəsrəddin”in poetikası"dır. Burada da müəllif öz ənənələrinə sadiq qalmış, XX yüzilliyi birinci yarısı ədəbi mühitinin və şəxsiyyətlərinin genişmiqyaslı panoramını yaratmağa nail olmuşdur. Doğrudur, alimin digər araşdırmaları ilə müqayisədə “Molla Nəsrəddin” dövrü əhatə edən, öz ənənələrini yaradan və böyük bir nəsil yetişdirən tanınmış ədəbi məktəbdir. Bu mətbuat orqanı və onun yaradıcı heyəti haqqında Mirzə İbrahimovun, Mir Cəlal Paşayevin, Cəfər Xəndanın, Əziz Şərifin, Məmməd Cəfər Cəfərovun, Əziz Mirəhmədovun, Nazim Axundovun, Firudin Köçərlinin, Firudin Hüseynovun, Abbas Zamanovun, Məmməd Məmmədovun, Xalid Əlimirzəyevin, Tofiq Hacıyevin və b. tədqiqatlarında jurnalın ədəbi-bədii inkişaf istiqaməti, sənətkarlıq məsələləri, dil və üslub xüsusiyyətləri, ictimai-tarixi əhəmiyyəti barədə ciddi araşdırmalar və elmi qiymətləndirmələr öz əksini tapmışdır.

Lakin, İslam müəllimin tədqiqatı ilkin qaynaqlar və zəngin arxiv mənbələri əsasında ərsəyə gəlməsi, özündən öncəki mülahizələrə və elmi qənaətlərə ehtiram və ləyaqətlə obyektiv münasibət bildirməsi, tədqiq olunmayan və ya az toxunulan mövzuları gündəmə çıxarması, satirik gülüşün ictimai şüurun təkamülündə və milli mədəniyyətin tərəqqisində əhəmiyyətini və yerini müəyyənləşdirməsi ilə mollanəsrəddinşünaslığa sanballı elmi töhfədir.

Professor İslam Ağayevin “Ədəbiyyat, mətbuat və publisistika problemləri” sərlövhəli irihəcmli məqalələr toplusu da (“Elm” nəşriyyatı, 2008, 504 səh.) mövzu, mündəricə və mahiyyət etibarilə alimin sanballı əsərlərindəndir. Ədəbi-tənqi materiallar kitabda dörd fəsildən ibrətdir. Birinci və əsas fəsil bahar duyğularını yada salan “İstiqlal və ədəbiyyat” adlanır. Bu sərlövhə kitabın digər bölmələrinə də mənəvi işıq salır, onları özündə ehtiva edir. İslam müəllimin 50 illik elmi yaradıcılığının şirəsi və çöhrəsi bu topluya hopmuşdu. Onun başlıca qayəsi və amalı, mən deyərdim ki, bu kitabda öz əksini tapmışdı. Müəllifin fikrin məna qatlarında uyuyan mübariz ruhu “İstiqlal və ədəbiyyat” bilməsində çox qabarıq görünür. İstiqlalımız yolunda ədəbiyyatımız nələr vermişdi?! Hansı mənəvi və cismani repressiyalardan keçmişdi?! İstiqlalımızın əbədiliyi üçün əbədi istiqlalımızın ideya qaynaqları haradan başlanır?! Suallara cavab aradıqca “Azərbaycan romantik şeirində milli azadlıq və istiqlal ideyaları” bir çox mətləblərdən xəbər verir.

Kitabın “Dövri mətbuat” hissəsi faktların zənginliyi, cazibəsi və mozaikası ilə insanı sehrləyir. Burada fikir və düşüncənin qüdrəti faktlardan şirə çəkib, güc alır. İslam müəllimin faktlara, məxəzlərə, qaynaqlara istinad etmədiyi yazılarına təsadüf etmək müşkül məsələdir. İslam müəllimin monoqrafiyaları, əsərləri mötəbər faktların, etibarlı arqumentlərin üzərində dayandığı üçün dövrün ictimai-siyasi fırtınalarından zədəsiz çıxdı. Onun elmi-publisistik yaradıcılığını nəzərdən keçirdikcə düşünürsən ki, inzibati amirlik metodlarına əsaslanan 70 illik qırmızı imperiya rejiminin çökməsi ilə ömrünün coşqun və qaynar bir hissəsini həsr etdiyi elmi-ədəbi irsin aşağılanmaması, əhəmiyyətinin sabit qalması qələm əhli üçün ən böyük uğur, ən yaxşı göstəricidir.

Cəfakeş tədqiqatçı, fədakar alim, filologiya elmləri doktoru, professor İslam Ağayev yaşadığı mövcud rejimin yasaqlarına məhəl qoymadan “iynənin ucu ilə”, minbir məşəqqətlə axtarıb tapdığı, seçib topladığı faktları, məxəzləri nəzəri düşüncənin süzgəcindən keçirib ədəbi-elmi ictimaiyyətin bütün zamanlar üçün dəyərli sərvətinə çevirə biləcək, zəngin bir irs yaratmışdı. Bu irs yeni, müstəqil ədəbiyyatşünaslar nəslinin pərvəriş tapmasında, dövrün, mühitin faktlara dayalı qaynaqlar, mənbələr əsasında geniş mənzərəsinin real boyalarla canlandırılmasında müstəsna əhəmiyyətə malikdir.

 

Asif RÜSTƏMLİ,

 

 filologiya elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2013.- 16 iyul.- S. 7.