NAXÇIVAN: sərt blokadadan hərtərəfli yeniləşmə və tərəqqiyə

 

Rəvayətə görə, Nuh peyğəmbərin əyyamında insanlar azar-bezarın nə olduğunu bilməyiblər, hamı uzunömürlü olub, insanlar 900 ildən çox yaşayıblar. İnsanın uzunömürlü olması təkcə fərziyə deyil, dünyanın şöhrətli naturopat alimləri Herbert Şelton, Pol Breqq, Norman Uoker, Katsudzo Nişi, Abram Zalmanov və başqaları da, dərin elmi əsaslara söykənərək, belə bir yekdil qənaətə gəliblər ki, insan sağlam həyat tərzi keçirsə, xüsusilə də qidalanma prinsiplərinə düzgün əməl etsə, uzun illər gümrah yaşıya bilər. Bu halda  körpə dünyaya sağlam gələr və heç vaxt xəstələnməz.

 

Nuh ruhunu yaşadan diyar

 

Bu sağlam düşüncə Nuh ruhu qədim tarixə malik olan Naxçıvanda çoxdan möhkəm kök salıb,  indi daha da güclənir. Deyə bilmərəm: bu məsələdə Nuh peyğəmbərin gəmisinin Naxçıvandakı təpələrdən birinin üstündə qərar tutması öz rolunu oynayıb, yoxsa  sərt, kontinental iqlim şəraiti, mikroelementlərlə zəngin olan torpaq və su insanları belə formalaşdırıb? Fakt budur ki, Azərbaycana Memar Əcəmi, Mirzə Cəlil, Ordubadi, Hüseyn Cavid, Yusif Məmmədəliyev, Heydər Əliyev kimi böyük şəxsiyətlər bəxş etmiş Naxçıvan bu gün də öz mütərəqqi düşüncəsi və böyük uğurları ilə dostlarını sevindirir, düşmənlərini isə məyus edir. Xəstə xislətli qonşularımızın təcavüzü nəticəsində ağır blokada şəraitində yaşamaq zorunda qalan bu qədim diyar nəinki ayaq üstə qala bilib, hətta, bütün bölgələrimiz üçün örnək ola biləcək bir model yaradıb - “Naxçıvan modeli”.

Bu model mənim diqqətimi həm bir qələm sahibi kimi, həm də “sağlam bədəndə sağlam ruh olar” fəlsəfəsini dərindən araşdıran, sağlam həyat tərzini geniş təbliğ edən bir naturopat ziyalı kimi çoxdan cəlb edir. Hər il yolumu Naxçıvana salıram və  hər dəfə də bu qədim diyarda Nuh ruhunun güclənməsi, insanların sağlam həyat tərzinə can  atması faktı ilə, adamı sevindirən  uğurlarla rastlaşıram.

Uzun illərdi muxtar respublikada apardığım müşahidələr imkan verir  cürətlə deyim: Naxçıvanda atılan hər kiçik və böyük addım, həyata keçirilən hər tədbir bir ali məqsədə xidmət edir - insanların cismini və ruhunu saflaşdırmağa, insan kapitalı formalaşdırmağa. Hətta, ilk baxışda cansağlığı ilə bağlı olmayan kimi görünən tədbirlərdə insan amili alidir. Ən çox xoşa gələn budur ki, Naxçıvanda hər işi elmi əsaslar üzərində qurmağı yaxşı bacarırlar.

Azərbaycanı qarış-qarış gəzmişəm. Lakin heç bir bölgədə Naxçıvan sakinlərinin öz diyarına olan böyük sevgisi kimi güclü duyğunun şahidi olmamışam. Naxçıvan ziyalıları, MR-nın rəhbərləri bu qədim diyarın zəngin tarixini ürəklərdə yaşadır, bu gününü sevdirir, işıqlı gələcəyinin divarlarını yorulmadan hörürlər. Son 15 ildə aparılan dərin araşdırmaların və böyük  zəhmət tələb edən intensiv tədqiqatların məhsulu olan 2 cildlik “Naxçıvan ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvanın tarixi atlası”, “Naxçıvanın qırmızı kitabı” (2 cild) və onlarca digər zəka məhsulu kitab rəflərində mürgü döyən üstü tozlu ölü kitablar deyil. Bu nəşrlər beyinləri tarixi faktlarla, ürəkləri isə keçmişimiz üçün dərin iftixar hissi ilə doldurur, insanlarda müsbət emosiyalar yaradır. Müsbət emosiya isə qanı saflaşdırır,  birbaşa sağlamlığa xidmət edir.

Naxçıvanlılar təkcə zəngin tarixi keçmişlə, qədim abidələrlə fəxr etməklə kifayətlənmirlər, əl-qollarını çırmayıb bu günün nağılını yaradırlar. Yeniləşmiş, cavanlaşmış, gözəlləşmiş qədim Naxçıvan şəhərinin geniş xiyabanları, tikilən əzəmətli binalar, dövlət hesabına rekonstruksiya edilib təzədən sakinlərin ixtiyarına verilən çoxmərtəbəli yaşayış evləri, küçələrdəki təmizlik, hər yanda hökm sürən səliqə-sahman, günü-gündən artan yaşıllıq adamın ürəyini açır, xoş hisslər yaradır. Bunlar da birbaşa sağlamlığa  xidmət edir.

Küçələrdə, dalanlarda, ictimai binaların həyətində, yollarda bir papiros kötüyünə, bir kibrit dənəsinə rast gəlməzsən. Bunu təkcə təmizlik məsələlərinə baxan təşkilatların yüksək məsuliyyət hissi ilə bağlamaq düzgün deyil. Halbuki, Naxçıvanda bu keyfiyyət hər bir xidmət sahəsinin atributu sayılır, - həm də sakinlərin tərbiyəsi, mədəniyyəti, insanların öz doğma diyarına olan dərin məhəbbəti ilə bağlıdır. Xüsusi formada işə çıxan boynu qalstuklu taksi və avtobus sürücülərinin nümunəvi xidməti də adamın qanını duruldan və əhvalını yaxşılaşdıran amillərdəndir.

Yeri gəlmişkən, onu da qeyd edim ki, Naxçıvan şəhərinin geniş küçələrində maşınların az olması (burda heç vaxt maşın tıxacına rast gəlməzsən) da insanların ovqatını yaxşılaşdıran və sağlamlığa xidmət edən amillərdən biridir. Bakının “tıxaclı” küçələrindən fərqli olaraq, burda göz də, beyin də, ürək də dincəlir. Ciyərlərə zəhərli tüstü deyil, oksigenlə zəngin olan saf hava dolur. Hüceyrələr oksigenlə yaxşı qidalanır və öz funksiyasını lazımi səviyyədə yerinə yetirir. Naxçıvanın geniş, abad, sakit, yaraşıqlı, yaşıl xiyabanlarını gəzərkən ürəyimdən keçirdi ki, kaş qədimliklə müasirliyi, köhnəliklə yeniliyi özündə birləşdirən bu sintez həmişə belə qalaydı, tıxacsız, bol oksigenli, abad, geniş, göz oxşayan, könül açan işıqlı şəhər statusunu qoruyub saxlayaydı.

Bütün nişanələr göstərir ki, belə də olacaq. Şəhərsalmada Şərq və Qərb üslubunun sintezi özünü aşkar göstərir. Görülən hər işdə kor-koranə təqlidçilik, yamsılama deyil, qədim ənənələrə hörmət, müasir dəyərlərdən faydalanmaq istəyi özünü göstərir. Ən başlıcası isə muxtar respublikanın rəhbərləri iki ali məqsədə nail olmağa çalışıblar: qədim diyar öz görkəmi ilə göz oxşasın, həm də insanların sakit, rahat və gümrah yaşadığı sağlam bir məkan olsun. İnsan yalnız belə halda yaşadığı yurddan bezməz, onu sidqi-ürəkdən sevər və ona möhkəm tellərlə bağlanar. Naxçıvanda belə bağlılıq var.

Sürətlə dəyişən - abadlaşan, gözəlləşən, rahat yaşayış məkanına çevrilən təkcə   Naxçıvan şəhəri və rayon mərkəzləri deyil. MR-nın hər bir kəndi simasını dəyişir və insanların rahat yaşadığı məkana çevrilir. Ən ucqar kəndlər də mavi yanacaqla, işıqla təmin olunub, hər tərəfə asfalt yol çəkilib, hər kəndin öz məktəbi var. 1995-ci ildən bəri burada 194 məktəb binası tikilib ki, bu da Sovet qurluşunun 70 illik  arixində tikiləndən qat-qat çoxdur. Tivi, Behrud, Parağa, Yuxarı Qışlaq, Havuş, Ərəfsə, Nəhəcir, Ləkətağ, Boyəhməd, Ağbulaq və  Şaba kimi ən ucqar dağ kəndlərində yaşayan  uşaqlar təhsil almaq üçün daha başqa kəndlərə getmirlər, indi onların öz kəndlərində müasir tələblərə cavab verən işıqlı məktəbləri var.

Ən ucqar dağ kəndində təhsil alan naxçıvanlı, Avropanın lap mərkəzindəki inkişaf etmiş ölkələrin uşaqları kimi, internetdən istifadə etmək imkanı əldə edib. Muxtar respublikanın ümümtəhsil məktəblərində 3000-dən çox kompüter quraşdırılıb, hər 15 şagird 1 kompyuter dəsti ilə təmin olunub. Məktəblərdə istifadə edilən kompyuterlərin 83 faizi inernetə qoşulub. Naxçıvanda təhsilə göstərilən belə yüksək diqqət və qayğı, bir yandan, insanların sağlamlığına göstərilən diqqət və qayğıdır (hər bir xəstəliyin kökündə nadanlıq və cahillik durur!). Bu, digər tərəfdən, ölkəmizin, xalqımızın və dövlətimizin daha qüdrətli, yenilməz olması, dünya dövlətləri arasında öz layiqli yerini tutması üçün görülən məqsədyönlü tədbirdir.

Təhsilə çəkilən xərc -  ən dəyərli kapital olan insan kapitalının formalaşmasında mühüm rol oynayır. Dərin zəka sahibi həm öz canının, həm öz torpağının, həm də ümumi evimiz olan Yer planetinin və bütün kainatın qədrini yaxşı bilir, həm özünü sevir, həm vətənini, həm də bütün kainatı. Nadan isə nə özünü dərk edə və sevə bilir, nə də dünyanı. Elə buna görə də Naxçıvanda  bütövlükdə elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı göstərilir.

Vətən sevgisi aşılamağın ən təsirli üsullarından biri də tarixi abidələri üzə çıxarmaq, restavrasiya etmək, qorumaq, yeni nəslin ziyarətgahına çevirməkdir. Naxçıvan MR bu sahədə də çoxlarına örnək ola bilər. Burada təkcə Memar Əcəminin dünya şöhrətli əsərlərindən təbliğat-təşviqat vasitəsi kimi istifadə olunmur, sovet dövründə itib-batan, gözdən düşən, sökülüb-dağılan az tanınmış yadigarlar da, vətənpərvər naxçıvanlıların qayğısı sayəsində yenidən cana gəlib, ayağa qalxıb,  son illər formalaşmış təbliğat maşınında öz layiqli yerini tutub. Bu gün 40-dan artıq müdafiə tikintisi və qala bərpa olunub, onlardan vətənpərvərlik tərbiyəsində səmərəli istifadə olunur. Ulu babalarımızın mübariz ruhu hopmuş bu qala daşları qeyrətli əskərlərimizlə bir cərgədə dayanıb, qaniçən ermənilərin qabağını kəsiblər desəm yanılmaram. Belə abidələrin cərgəsinə müasir naxçıvanlıların əlilə ucaldılan yeni bir abidə də qoşuldu. Naxçıvan şəhərinin cənub-qərbində, Nuh peyğəmbərin gəmisinin lövbər saldığı və peyğəmbərin məzarı olduğu güman edilən təpədə ötən il, həm peyğəmbərin,  həm də Naxçıvanın adına layiq əzəmətli bir sənət əsəri - “Nuh məqbərəsi” bərq vurmağa başladı. Qızıl güllərə qərq edilmiş bu dəyərli abidə tez bir zamanda yaxından-uzaqdan gələn müxtəlif insanların  ziyarətgahına çevrildi. İndi ondan insanların ruhunu saflaşdırmaq, əqidəsini möhkəmlətmək və əxlaqını paklaşdırmaq işində geniş istifadə olunur. İnsanlarda Nuh ruhu güclənir.

 

Burda hər fidanın nazını çəkən var

 

Erməni işğalçıları tərəfindən  blokadaya alınmış muxtar respublika 90-cı illərin əvvəlində işıqsız, qazsız, odunsuz qalmışdı. Adamlar, soyuqdan ölməmək üçün,  öz həyətlərindəki, bağlardakı, yol qıraqlarındakı ağacları qırıb yandırmalı olmuşdular.

Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçiləndə (1995) burada cəmisi 0,6 faiz yaşıl örtük qalmışdı. İnsan amilinə böyük önəm verən, tez-tez öz çıxışlarında “dövlətin ən dəyərli incisi onun vətəndaşıdır” deyə təkrar edən sədr qırılmış ağacların əvəzinə yenilərini əkmək, meyvə bağlarını bərpa etmək, yolların yaşıl libasını qaytarmaq məsələsini öz komandasının qarşısına ən ümdə vəzifə kimi qoydu və bu çətin vəzifənin həllinə başladı. Bu gün qədim Naxçıvan torpağını gəzən qonağı, həm asfalt döşənmiş magistrallarda, həm də abadlaşdırılmış kənd yollarında, bütün səfər boyu yaşıl zolaqlar müşayiət edir.

Statistika həvəskarlarına deyim ki,  1995-ci ildən indiyəcən muxtar respublika ərazisində 11.250 hektar sahədə yaşıllıq zolağı və meyvə bağları salınıb. Həmin il MR-nın ümumi ərazisinin yalnız 0,6 faizi yaşıllıqla örtülmüşdüsə, indi Naxçıvan torpağının 10 faizi yaşıl libas geyib. Yaşıllığa qərq olan təkcə yollar və  küçələr deyil, muxtar respublikada çoxlu təzə parklar salınıb, qırılmış və qurumuş meyvə bağları bərpa olunub, yeni bağlar, xüsusilə də çox dadlı meyvəsi olan ərik ağacları əkilib. Özü də meyvə ağacları təkcə münbit torpaqlarda deyil, həm yol qıraqlarında, həm də dünən ilan mələyən boz yamaclarda əkilir.

Naxçıvanın kəskin kontinental iqlim şəraitinə azdan-çoxdan bələd olan, su ilə təchizatın necə çətin olduğunu anlayan hər kəs çox gözəl bilir ki, burda bir kolu bitirmək adamdan necə böyük zəhmət tələb edir. Lakin insan istəyi və iradəsi qarşısında ən ən çətin problem acizdir. İstək də vardı, iradə də. Üstəlik, böyük vətən sevgisi də. Ona görə də torpağa bastırılan hər körpə fidan elə ilk gündəncə ən yüksək  qayğı ilə əhatə olunurdu.

Məni ən çox sevindirən budur ki, yaşıllaşdırma işi kampaniya xarakteri daşımadı, bu şərəfli iş bu gün də davam edir. Naxçıvanda hər kəs körpə ağaclara qulluq etməyi, fidanların nazını çəkməyi sevir. Bu, bir növ, insanların mənəvi tələbatına çevrilib. Təbii ki, bu vərdiş insanlarda birdən-birə, öz-özünə yaranmayıb, o, muxtar respublika rəhbərliyinin ardıcıl həyata keçirdiyi gərgin işin və yüksək tələbkarlığın şirin məhsuludur.  Muxtar respublika rəhbərliyi də, bəzi regionlarda olduğu kimi, hər il yaz gələndə haylı-küylü iməciliklər keçirər,  minlərlə adamı küçələrə tökər, minlərlə ting əkdirər və görülən işlər barədə hesabat verə bilərdi. Vasif Talıbov hamıya anladır ki, bu torpaq bizimdir. Azərbaycan hamımızın evidir, bizim rifahımız da, səhhətimiz də, xoşbəxtliyimiz də bu evin necə olmasından asılıdır. Evimizi cənnətə, yaxud cəhənnəmə çevirmək bizim hər birimizdən asılıdır. Evimiz cənnət olsa - biz  azar-bezarın nə olduğunu bilməyəcəyik, heç nədən korluq çəkməyəcəyik, sağlam və gümrah olacağıq, uzun ömür sürəcəyik, xöşbəxt yaşayacayıq. Ümumi evimiz cəhənnəm olsa - günümüz qara olacaq. Çünki biz təbiətin bir parçasıyıq, onun tərkib hissəsiyik. Biz təbiəti qorusaq - təbiət də bizi qoruyacaq.

Naxçıvanı cənnətə döndərmək kimi ağır missiyasını tarix indiki nəslin çiyninə qoydu. İndiki nəsl bu vəzifənin öhdəsindən şərəflə gəldi. Uğuru təmin edən üsul isə çox sadədir, onu hər bir rayonda tətbiq etmək olar və lazımdır. Yolların qırağı idarələr, təşkilatlar, müəssisələr, məktəblər arasında bölündü: buyur, ağac ək, becər, böyüt. Bu, sənin həm vətəndaşlıq borcundur, həm də vəzifə borcun. Sən ayrılmış sahənin vəziyyəti üçün həm təbiət qarşısında, rəhbərlik qarşısında, həm də ictimaiyyət qarşısında cavabdehsən...

Beləliklə də, əkilən hər kolun, torpağa sancılan hər tingin konkret sahibi oldu. İdarə müdirləri təşkilatdakı işin vəziyyəti ilə bərabər, həm də əkilmiş ağacların vəziyyəti üçün məsuliyyət daşıdı. Bu sahələr həm muxtar respublika rəhbərliyinin, həm də yerli KİV-lərin daim diqqət mərkəzində oldu. Zaman keçdikcə insanlar bu işə alışdılar, yatmış qədim bağban peşəsi onların qəlbində oyandı. İndi naxçıvanlılar öz qonaqlarına geniş xiyabanlarla, möhtəşəm binalarla, gözəl parklarla yanaşı, həm də sevə-sevə bəslədikləri ağacları və sahənin hansı təşkilata mənsub olduğunu bildirən dəmir lövhələri də göstərirlər.

 

Ərşad ƏZİMZADƏ,

 

“Ana Təbiət” Natural Gigiyena Mərkəzinin rəhbəri, yazıçı-publisist

 

(ardı var)

 

Xalq qəzeti.- 2013.- 17 iyul.- S. 5.