İzmir – təhsil, turizm
və sağlamlıq diyarı
Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini əldə etdikdən sonra Türkiyə ilə münasibətlərin inkişafı üçün geniş siyasi və hüquqi imkanlar yarandı. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Türkiyə Cümhuriyyəti ilə münasibətlərin inkişafına xüsusi önəm verdi.Bu birlik, təsadüfi deyil ki, regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Türkiyə və Azərbaycan böyük enerji layihələrinin həyata keçirilməsində strateji ortaqlıq nümayiş etdirərək, ümumilikdə regionun, eyni zamanda, dünyanın iqtisadi imkanlarının genişlənməsinə mühüm zəmin yaradır. Çoxlarına əfsanə kimi görünən layihələrin gerçəkləşməsi də Türkiyə və Azərbaycan dövlətinin siyasi iradəsinin nəticəsidir. Ölkəmiz İzmirdə böyük Petkim layihəsini satın alaraq buraya 17,5 milyard dollarlıq sərmayə yatırdı.
Dünyaya inteqrasiya edən
universitetlər, keyfiyyətli təhsil...
Türkiyə həm mənəvi, həm də maddi baxımdan Azərbaycana ən yaxın və qardaş ölkədir. Dil və mədəniyyət yaxınlığı, sıx mədəni və iqtisadi əlaqələr, dünya universitetləri ilə sıx əlaqələr, yüksələn keyfiyyətli təhsil, təhlükəsiz və tarixi yerlər, eyni zamanda, bu amillərlə yanaşı, yaşam-rifah standartlarının bahalı olmaması, tələbələr üçün olan endirimlər, tekstil-geyim əşyalarının ucuz olması buraya olan tələbə axınını xeyli artırmışdır. Universitetlərin dünya standartlarına cavab verməsi və təhsilin yüksək səviyyəsi, kampus korpusların geniş və əlverişli olması da əsas amillərdəndir. Əminliklə demək olar ki, Türkiyə təhsil səviyyəsinə görə öndə olan ölkələrdən biridir və hər il, ən azı, 10-a qədər universitet dünya sıralamasında ilk 500-lükdə olur. Başqa bir önəmli səbəb də var ki, azərbaycanlılar Türkiyəni yad bir ölkə kimi dəyərləndirmirlər.
Türkiyənin 3-cü böyük şəhəri olan İzmirdə 3 dövlət və 4 özəl universitet yerləşir. Universitetlərin cəmiyyətdəki yeri və rolu, üstünlükləri haqqında, həm də Türkiyədə oxumaq, buradakı təhsil imkanları ilə bağlı İzmir Universitetinin rektoru professor Kayhan Erciyeş, universitet idarə heyəti sədrinin müavini İsmail Selim Doğanata, Sosyal Bilimler İnstitutunun müdiri dosent Gülnur Erciyeş maraqlı məlumat verdilər. Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədr müavini Asif Qurbanovun da iştirak etdiyi söhbət də universitetlərin cəmiyyətdəki yeri, rolu və üstünlükləri haqqında bilgilərini bizimlə bölüşən rektor dedi:
- Universitetlərin 3 əsas universal vəzifəsi vardır ki, biz də bunları hədəflədik. Birincisi, yaxşı bir bakalavr təhsili verərək gənclərimizi gələcəyə hazırlamaqdır. Bu, İzmir Universitetinin bir nömrəli hədəfidir. İkinci hədəfimiz, cəmiyyətdə öndər bir təhsil təşkilatı və universitet olmaqdır. Bu da yalnız bakalavr təhsili ilə olmur. Bunun üçün universitetin araşdırma və inkişaf etdirmə fəaliyyətinə geniş yer verərək, iqtisadiyyat, o cümlədən sənaye ilə birgə layihələr hazırlanması lazımdır ki, biz bunun üzərində çox dayanırıq. Bu məqsədlə, magistratura və doktorantura bölmələrimizi açdıq. Universitetlərin üçüncü və son vəzifəsi ictimai problemlərlə maraqlanmaq və onları həll etmək, təkliflər təqdim etməkdir. İstədiyiniz qədər bakalavr təhsili verin, araşdırma, inkişaf etdirmə fəaliyyətinə başçılıq edin, amma dünyanın, o cümlədən məmləkətinizin problemlərindən uzaqsınızsa, söylədiyimiz universal üçlüyü tamamlamış saya bilməzsiniz. Biz İzmir Universiteti olaraq, ictimai problemlərlə daim maraqlanmağa, bu mövzuda əlimizdən gələni etməyə cəhd edirik.
Öyrənirik ki, İzmir Universitetində 3 min 500-ə qədər tələbə təhsil alır. 7 fakültəsi və 30-dan çox digər təhsil sahələri ilə Türkiyə universitetləri sırasında çox layiqli və mötəbər bir yerə sahiblik edir. Quruluşunun 5-ci ilində—2012-ci ildə təhsil verməyə başladığı tibb fakültəsi ilə İzmir Universiteti ən çox seçilən 4 universitetdən biri olmuşdur. İzmirin, eləcə də Türkiyənin ən müasir klinikalarından olan “Medikal Park”ın İzmir xəstəxanası həm də universitetin klinikasıdır. Hər üç tələbədən birinə təqaüdlü təhsil verən İzmir Universiteti, araşdırma imkanları, ictimai məsuliyyət işləri və elm dünyasında iştirak etdiyi layihələri ilə qabaqcıl bir yerdə dayanır.
İzmir Universitetində Keniya, İngiltərə, Somali, Kosovo, Hollandiya, Ukrayna, Tunis, Albaniya, İran, Bolqarıstan, Tacikistan və Suriyanın da olduğu 16 ölkədən 34 nəfər xarici tələbə təhsil alır. Öyrənirik ki, o, cümlədən burada Azərbaycandan da tələbələr var-6 azərbaycanlı gənc psixologiya, beynəlxalq əlaqələr, beynəlxalq ticarət və maliyyələşdirmə, hüquq, tibb və biznes—idarəetmə üzrə magistr proqramındakı təhsillərinə davam etməkdədirlər
Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədr müavini, İzmirdə yaşayan iqtisadçı alim Asif Qurbanov Azərbaycan gənclərinin təhsilə, elmə marağından danışdı və gələcəkdə azərbaycanlı tələbələrin universitetə cəlb olunması üçün bir sıra vacib işlərin, o cümlədən əlaqələrin möhkəmləndirilməsi və universitetin tanıdılması üçün işgüzar tədbirlərin keçirilməsinin vacibliyini bildirdi.
Dəniz, təbiət
və qonaqpərvər insanlar
İzmir Səhiyyə İdarəsinin müdiri Bediha xanım Türkyılmazla iş otağında görüşürük. İzmirdə doğulub boya-başa çatan Bediha xanım dövlət məmuru olmaqla, həm də həkimlik sənətinə çox bağlı bir insandır. İstanbul universitetinin tibb fakültəsinin məzunudur, infeksiyon xəstəliklər üzrə mütəxəssisdir. Uzun illər səhiyyə nazirliyi sistemində çalışıb. Doğulduğu şəhərə olan sevgisini gizlətmədi:
- İzmir mədəniyyəti, dənizi, təbiəti, meşəsi, termal qaynaqları və qonaqpərvər insanları ilə fərqli bir şəhərdir və böyük bir potensialı var. Səhiyyə Nazirliyimiz burada səhiyyənin inkişafına son 10 ildə 800 milyard lirəlik investisiya qoyub. Önümüzdəki 3 il içərisində bu investisiyalar daha da artacaq. İzmirin səhiyyə sahəsindəki əhəmiyyətli infrastruktur problemi də ortadan qalxacaq. Onda İzmir əhəmiyyətli mədəniyyət, turizm və sağlamlıq mərkəzi olduğunu bir daha təsdiq edəcək.
Statistika dünyada 600 milyon səhiyyə turistinin olduğunu, 2012-ci ildə sağlamlıq turizmində əldə edilən gəlirin təxminən 100 milyard dollar ətrafında olduğunu söyləyir. Getdikcə böyüməkdə olan dünya sağlamlıq turizmindən faydalana biləcək ölkələrin sırasında Türkiyə birinci yerdə durur. Ölkəmizə ötən il 33 milyon turist gəlmişdir. Bunların üçdə birinin sağlamlıq turizmi məqsədi ilə gəldiyi bildirilir. 500 milyard dollarlıq ixracat hədəfə alan bir ölkənin 160 milyard dollarının xidmət sektorundan gələcəyi təxmin edilir. Xidmət sektorunun içində ən böyük pay isə sağlamlıq turizminə aiddir. İzmir olaraq bundan kafi payı almaq üçün əlimizdəki bütün arqumentləri sonuna qədər istifadə etmək marağındayıq.
Sağlamlıq turizminin sürətli inkişafından danışan Bediha xanım bildirdi: -Türkiyə bir çox baxımdan bu sahədə üstünlükləri əldə saxlayan ölkələr arasında öncül bir yerdədir. Həm coğrafi mövqeyi, həm bir turizm ölkəsi olması ilə yanaşı, digər faktlar da bunları təsdiqləyir. Ümumi olaraq sağlamlıq turizmini təsirli və məhsuldar bir şəkildə reallaşdıra bilmək üçün təməldə üç amilin varlığına ehtiyac duyulmaqdadır. Bu üç amilin birləşməsi, uyğunlaşması və davamlılığı böyük bir potensial yaradır və ölkəyə külli valyuta qazanılmasını təmin edir. Bu amillərdən hər biri Türkiyə üçün reallıqdır: birincisi, geniş turizm imkanları-iqlim, təbiət, tarix; digəri sağlamlıq xidmətləri imkanları- müasir tipli xəstəxanalar, yetərli personal, texnoloji imkanlar, uyğun qiymətlər, şəfalı sular və üçüncüsü də istehlakçı ilə sağlamlıq turizmi sektorunu görüşdürəcək professional təşkilatların varlığı.
Bu professional təşkilatların davamlılığını təmin etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən 31 mart 2010-cu il tarixində Sağlamlıq Turizm vahidi qurulmuşdur. Bir başqa əhəmiyyətli iş də sağlamlıq turizminə bağlı olmaqla Xarici Ticarət Müsteşarlığının 24 mart 2011-ci il tarixli qərarıdır. Bu qərarla xüsusi xəstəxanaların ölkə xaricindəki sağlamlıq turizmi üzrə işlərini dəstəkləmək məqsədi ilə xüsusi xəstəxanalara və seçilmiş pilot dövlət xəstəxanalarına istiqamətli subsidiyaların verilməsidir.
Azərbaycanla bağlı söhbətə də Bediha xanım özü keçid etdi: -Məlumatıma görə Azərbaycan dövləti gənc olsa da müxtəlif beynəlxalq konvensiyalara qoşulub, əməkdaşlıq sənədlərinə imza atıb. Hazırda çoxlu sayda azərbaycanlı gənc təhsil proqramları xəttilə xaricdəki nüfuzlu ali məktəblərdə təhsil alırlar. O cümlədən İzmirdə, bizim universitetlərdə də təhsil alan və təcrübə keçən azərbaycanlılar çoxdur. Olduqca zəhmətkeş və calışqan olan bu insanlar, həm də dərin savad və biliklərinə görə diqqəti cəlb edirlər.
Sizin bir həmyerliniz professor Afiq Bərdəli bu gün bizim yaxşı tanıdığımız və dəyərləndirdiyimiz tibb alimlərimizdəndir.Yeri gəlmişkən deyim ki, azərbaycanlılarla ünsiyyətdə olduqca və ölkəniz haqqında eşitdiklərim, buradakı inkişaf məni də çox maraqlandırır. Həyat yoldaşım bir il əvvəl Bakıda olub, o, xoş təəssüratla indi də danışır. İnşallah, mən də ölkənizdə, bu gözəl, həm də deyilənə görə, bizim İzmirə çox bənzəyən diyarda olmaq, adamları ilə görüşmək arzusundayam. Mənim salamlarımı hələ görmədiyim, amma çox boyük bir maraq və sevgi ilə görmək istədiyim diyara yetirin.
Egey bölgəsinin ən
böyük və modern
xəstəxanası
“Medikal Park” İzmir Xəstəxanasında görüşlərim məndə olduqca zəngin bir təəssürat yaratdı. Ən modern avadanlıqlarla təhciz edilmış klinika səhiyyə sistemində yeni bir hadisədir. Klinikanın koordinatoru Dr. Zəfər Beken Bakıdan gəldiyimi bilən kimi tələbəlik illərindən tanıdığı Neftçilər Xəstəxanasında çalışan, cərrah Mircəlal Kazimini soruşdu. Mən də onun uğurları, qaraciyər köçürmələri sahəsindəki müvəffəqiyyətləri haqqında bildiyim bəzi məlumatları verdim. Həmkarının uğurları Zəfər bəydə xoş təəssürat yaratdı və xeyli əvvəl özünün qaraciyər problemi olanda tələbəlik dostu Mircəlalın şəfalı əllərindən bəhrələndiyini söylədi.
Klinikadakı şərait, buradakı ən müasir avadanlıqlar, iş şəraiti adamı heyrətləndirir. İzmir Medikal Parkın həm də İzmir Universitetinin klinikası olduğunu söyləyən xəstəxananın baş həkim müavini Zəki Hozer klinikanın az bir vaxtda məşhur bir tibb mərkəzinə çevrildiyini söyləyir. Hələ bu ilin aprelində Bakıda Beynəlxalq Turizm və Səyahətlər Sərgisində tanış olduğum Zəki bəy deyir ki, dünyanın hər bir yerində insanlar keyfiyyətli tibbi xidmət almaq üçün müxtəlif ölkələrə səyahət etməyə üstünlük verirlər. Türkiyə də son dövrlər tibbi turizm sahəsində populyar ölkələr sırasına daxil olmağı bacarıb.
Səhiyyə, iqtisadi və turizm nazirliklərinin birgə çalışmaları nəticəsində bu sektor inkişaf edir. Türkiyə diş, göz və estetik əməliyyatların ucuz başa gəlməsi və müxtəlif tibbi sahələr üzrə keyfiyyətli xəstəxanaların olması ilə xarici vətəndaşlar arasında rəğbət qazanıb. Tibbi turizm çərçivəsində xəstəxanalar əcnəbi xəstələr üçün oteldə yerləşmədən tutmuş, hava limanına çatdırılmağa qədər çox geniş xidmət növlərini təklif edir.
Dünyada son 10 ildə məşhurluq qazanan səhiyyə turizmi Türkiyədə də son illərdə sürətlə inkişaf etməkdədir. Bunu əyani faktlarla əsaslandıran Zəki bəy dedi: -İnsanlar yaşadıqları illər içində sağlam olmaq məcburiyyətindədirlər. Hələ çox əvvəllər də insanlar sağlamlıq tapmaq, ağrılarından, xəstəliklərdən xilas olmaq üçün özlərini sağaltma imkanlarını axtarmışlar və tapmışlar. İndi bu təbii üsullardan bir çoxu tibb elmi tərəfindən böyuk əhəmiyyət qazanmışdır. Sənayeləşmə və şəhərləşmə nəticəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə ətraf mühitin problemləri insan sağlamlığını pozur, iş səmərəsini azaldır. Ətraf mühitin yaratdığı problemləri aradan qaldırmaq məqsədiylə Almaniya, Fransa, İtaliya və s. ölkələr “spa”, dəniz və iqlim kimi təbii sərvətlərdən istifadə etmək yollarını axtarmışlar. Təbiətin şəfaverici xüsusiyyətlərindən faydalanmaq istəyən insanların isti mineral su, hamam, kurort və bunları tamamlayan müalicə mərkəzlərini və bəzi tibbi xidmətlərin təqdim edildiyi səhiyyə mərkəzlərini ziyarət etmələridir.Təbii müalicənin il boyu davam etdirilə bilməsi, turizm sektoruna ayrı bir cazibədarlıq qazandırmışdır. Türkiyədə sağlamlıq turizminin nə olduğunu araşdıranda Yalova, Görən, Bolu, Balçova, Sandıklı, Pamukkale, Harlem, Sivas-Çermik və Ərzurum-Pasinlər kimi kurort mərkəzlərində ilin altı ayı yer tapmaq mümkün olmur. Bəzı təbii müalicə mənbələri ətrafında isə çadırlarda yerləşən sağlamlıq turizmindən faydalanmağa çalışan insanlar olduğunu görürük. Böyük və lazımlı bir potensiala sahib olan ölkəmizdə, sağlamlıq turizminin inkişaf etdirilməsi üçün işlərin sürətləndirilməsi qaçılmazdır.Tibbin yeni vəzifəsi şəfalı sular, iqlim, dəniz, dağ, mağara müalicəsi kimi müxtəlif qaynaqlara daha dərindən müdaxilə etməsidir. Bunlar da tibbi turizmin varlığını möhkəmləndirir.
-Bu sırada İzmirin, o cümlədən çalışdığınız Medical Park İzmir Xəstəxanasının yerini necə dəyərləndirərdiniz?
-Sağaltma və müalicə, istirahət, zəifləmə və gücsüzlüyü aradan qaldırma həm də ictimai bir problem olaraq çox əhəmiyyətlidir. Türkiyədə revmatizm, şəkər və qaraciyər xəstəliklərində əhəmiyyətini təsdiq edən təbii qaynaqların sayı onlarcadır: Ankarada Haymana termal (qadın və dəri xəstəlikləri), Aydında Ortakçı termal (içməli və duş xəstəlikləri), Dənizlidə Yenice şəfa ocaqları (romatizm, ürək və damar sərtliyi), Eskişehirdə şəfa ocaqları (romatizm, bədəni və zehni yorğunluqlar), İzmirdə Urla təbii suları, Balçova termal bulaqları, Çeşme şəfalı sular mərkəzi (katranlı palçıq), Bergama təbii suları, İstanbulda Tuzla içməli suları (qaraciyər, öd yolu, böyrək və bağırsaq narahatlığı), Manisada qurğuşunlu termal mənbələr illərdir ki, məşhurluğu ilə tanınır.
Bu sırada İzmirdə və ətrafda yerləşən təbii mənbələrin bir neçəsinin adlarını çəkdim. Bu mənbələr həm əhəmiyyətlilik baxımından, həm də say etibarı ilə İzmirdə kifayət qədərdi. Digər tərəfdən, İzmir tarixi və qədim bir mədəniyyətə, dənizə, füsünkar təbiətə, termal qaynaqlara sahib olan qonaqpərvər bir şəhərdir. Medikal Park İzmir Xəstəxanası isə müasir İzmirin ən modern klinikasıdır. Klinikamız şəhərin çox gözəl və qaynar bir məkanında— Karşıyakada 46 min kvadratmetr sahədə yerləşib. 244 yerlikdir. 78 reanimasiya yatağı vardır. 7 ədəd ümumi əməliyyat kabineti, 2 ədəd kardioloji cərrah kabinəsi, 4 ədəd qadın doğum və 1 ədəd göz xəstəlikləri əməliyyatı salonu olan Medical Park İzmir Xəstəxanası Egey bölgəsinin ən böyük xüsusi xəstəxanasıdır.
Medikal Park İzmir Xəstəxanası, tibbin bütün sahələrində olduğu kimi onkologiya, sümük iliyi, orqan nəqli və mikro-cərrahi sahələrində ön plana çıxır. Yetkin və pediatrik sümük iliyi, qaraciyər, böyrək, pankreas, nazik bağırsaq, ürək, ağciyər kimi bütün orqan nəqli sahələrində tam bir orqan nəqli mərkəzi kimi də Türkiyədə və dünyada istinad olunur. Ən modern PET-CT və LINAC cihazları ilə Egey bölgəsində onkoloji sahədə də xidmətlərin geniş spektrini təqdim edir, Gamma-Knife texnologiyasını Egey bölgəsinə gətirməyi planlaşdırır.
* * *
Türkiyənin 3-cü böyük şəhəri olan İzmirin ictimai həyatının bir hissəsi olan bu yazıları həm də ölkəmizin həyatında olan bir uğur kimi təqdim edəndə önəmli bir məsələ kimi fikirləşdim: regionda təhlükəsizliyin təminatında, bütün münaqişələrin sülh yolu ilə həllində maraqlı olan Türkiyə və Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarında eyni mövqedən çıxış edərək, beynəlxalq ictimaiyyəti ən mühüm problemimiz olan Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirməyə çağırması, ikili siyasətin bu gün yaratdığı problemləri aradan qaldırmağa çalışması hər iki ölkənin ortaq maraqlarından irəli gəlir. Rəsmi Ankara daim Azərbaycanın yanında olduğunu bəyan edir. Azərbaycan və Türkiyə iki dövlət olsa da, nə yaxşı ki, ümümi hədəfləri birdir.
Namiq ƏHMƏDOV
Xalq qəzeti.- 2013.- 17 iyul.- S. 6.