Frankfurtda ingilis, alman və Azərbaycan
dilində
Azərbaycanlı
müəllifin kitabının dünyanın bir çox
ölkələrini gəzib dolaşması, çoxsaylı beynəlxalq kitab sərgilərində
və yarmarkalarda uğurla nümayiş etdirilməsi, eləcə
də planetin aparıcı dillərinə
tərcümə olunması soydaşlarımızın sevincinə və məmnunluğuna
səbəb olur. Bu zaman ağıla gələn ilk fikir belə
olur ki, kitabların da insanlar kimi bəxti olur. Ancaq daha
çox inanılası məqam odur ki, hər bir
insanın da, hər bir kitabın da yolunu açan ulu
qüvvə vardır. Onun göstərdiyi yoldan başqa
heç yanda heç nə mümkün olmur.
Söhbət
azərbaycanlı yazıçı-filosof Hacı Fərhad
Mirzənin müasir elmi, siyasəti
, cəmiyyətləri və dövlətləri narahat edən
yüzlərlə sahəyə aid minlərlə kəlamın
toplandığı “Kəlamlar” kitabının Almaniyanın
Frankfurt şəhərində ingilis və almanca nəşrlərindən
sonra Azərbaycan dilində də nəşr olunmasından
gedir. Əslində Frankfurtdakı
“BMP Balta Media & Print” nəşrlər
evi bu kitabın Rusiya Federasiyası
Yazıçılar İttifaqı Moskva Şəhər Təşkilatının
xətti ilə Moskvadakı
“İPO U Nikitskix vorot» nəşriyyatında (www.uniki.ru) nəşr olunmuş rusca
variantının Kanada və Lvovda
keçirilən beynəlxalq sərgilərdəki uğurlarından
xəbər tutmuş , sonra onu ingilis və alman dillərinə
tərcümə edərək böyük tirajla çap
etmişdi. Daha sonra isə almaniyalı naşirlər
Frankfurtdakı ziyalı soydaşlarımızın köməyi
ilə kitabı məhz müəllifin
ana dilinə çevirmişlər.
“Kəlamlar”ın Rusiya
Federasiyası Yazıçılar İttifaqı Moskva Şəhər
Təşkilatının, Türk Dünyası
Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Rəyasət
Heyətinin ( Ankara) , Avropa Təbiyyat Elmləri
Akademiyasının ( Almaniya , Hannover)
və Dünya Söz Akademiyasının ( Ankara ) xətti
ilə Frankfurtda bu günlərdə
işıq üzü görmüş nəşrini imzalayan
ziyalıların siyahısı
da möhtəşəm bir beynəlmiləlçilik
nümunəsidir. Belə ki, yeni kitab
TDABEA-nın Ankara bürosunun sədri, professor Xeyrəddin
İvgin, Rusiya Federasiyası
Yazıçılar İttifaqı Moskva Şəhər
Təşkilatının sədri Vladimir Boyarinov və
Avropa Təbiyyat Elmləri Akademiyasının prezidenti,
professor Vladimir Tıminskinin ön sözləri , eləcə
də moskvalı şair Xaydar Bedretdinovun rəyi ilə
işıq üzü görmüşdür. Annotasiyada qeyd
olunur ki, bu kitab 2013-cü ildə Avropada “İlin kitabı”
müsabiqəsinin qalibi elan olunmuşdur.
Müəllif öz kitabında anamız Yer
kürəsinin ekoloji
tarazlığının
qorunması, uca tanrının yaratdığı
bütün insanlara dünyanın
bütün qütblərində ən ali hüquqların
verilməsi və onlara layiq olduqları həyat şəraitinin
yaradılması istiqamətində fəal şəkildə
çağırışlar səsləndirən, bu məqsədlə
çoxsaylı xeyriyyəçilik tədbirləri həyata
keçirən, təmənnasız
addımlar atmağı vicdan borcu hesab edən ziyalılarımızdan biridir.
O, milliyyətcə
azərbaycanlı, dini mənsubiyyətinə görə
müsəlman olmasına baxmayaraq, bütün xalqların və
bütün dinlərin təmsilçilərinin vəkili
qismində çıxış edir, terrorçuluq,
separatçılıq, quldurluq, diktatura, hegemonluq, milli
ayrı-seçkilik kimi mənfi
hallara qarşı barışmaz mövqe nümayiş
etdirir, bu məzmunlu çağırışlarının
dünyanın hər yerində
eşidilməsinə nail olur.
Soydaşımızın
bu qəbildən olan çağrışlarının
hamısının toplandığı “Kəlamlar”
kitabı Azərbaycan, türk,
rus, ingilis və alman dillərində - bütövlükdə
55 mindən artıq tirajla nəşr olunmuş və tamamilə
təmənnasız olaraq paylanılmışdır.
Soydaşımız olan bu alimin
yaradıcılığına dünya miqyasında olan rəğbət
və ehtiramın nəticəsidir ki, o, təkcə öz xalqına , dövlətinə
və mənsub olduğu dinə deyil, bütövlükdə
bəşəriyyətə xidmət edən kəlamlarına
görə dörd beynəlxalq akademiyanın akademiki, dörd
ölkənin yaradıcı birliklərinin üzvü, bir
neçə qurumun fəxri alimi, bir neçə şəhərin
fəxri vətəndaşı adlarına layiq
görülmüşdür.
Hacı Fərhad Mirzənin
bütün dünyada sülhə, sabitliyə, əmin-amanlığa
çağıran “Kəlamlar” kitabı xarici dillərdə nəşr
edildikdən sonra Kanada, Frankfurt, Lvov və başqa şəhərlərdə
keçirilən beynəlxalq kitab sərgi- yarmarkalarında
dünya oxucuları tərəfindən maraqla
qarşılanmış və yüksək qiymətləndirilmişdir.
Məhz həmin qiymətləndirmələrin nəticəsidir
ki, “Kəlamlar” kitabı Hacı Fərhad Mirzəyə BMT
yanında İctimai Təltiflər Şurasının
Puşkin adına qızıl medalı da daxil olmaqla onlarca orden, medal, diplom və fəxri
fərman qazandırmışdır. Üç ildir ki, onun
kitabından Türkiyə Cümhuriyyətindəki xəstəxanalarda
müalicə vasitəsi kimi istifadə olunur.
Xalqımızı beynəlxalq aləmdə
uğurla təmsil edən soydaşımıza yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq.
Əlbəy
MÜSƏDDİQ
Xalq qəzeti.- 2013.- 17 iyul.- S. 6.