Qəlblərdə
izi qaldı...
Belə bir deyim var, “dünya bir pəncərədir, hər gələn baxıb keçər...” Ancaq bu fani dünyada elə insanlar da yaşayıblar ki, onlar həyata baxmaqla kifayətlənməyiblər, özlərindən sonra iz qoyublar, yaddaşlarda, qəlblərdə, talelərdə... Müqəddəs kitablar buyurur ki, insanın çiynində mələklər əyləşib, sağdakı yaxşılığı, soldakı bəd əməlləri qələmə alır... İnsan da bir kitabdır, taleyi və əməlləri yazılmış bir kitab. Nə edirsə etsin, özündən sonra qoyduğu ən böyük miras ailəsi, övladları və bir də xeyirxah əməlləri olur.
Əfqanıstan müharibəsinin və respublikamızın təhlükəsizlik orqanlarının veteranı, mərhum polkovnik Eldar Qasım oğlu Qasımov həyatdan vaxtsız köçsə də, özündən sonra vərəqlənəcək, xatırlanacaq alicənablığı və saflığı ilə seçilən nəcib həyat yolu miras qoyub. Elə bir həyat yolu ki, o, bu gözəl insanı tanıyanların, sevənlərin, yaxınlarının qəlbində ən əziz xatirə kimi ömür boyu yaşayacaq.
Akademik Arif Paşayev: “Eldarın yoxluğu ilə barışa bilmədiyimdən yaza bilmirəm. Çox çətinliklə aşağıdakıları yazdım. Eldar qorxmaz, mərd bir insan idi. Vətənini dərindən sevən, xalqının uğrunda imtahanlardan, çətinliklərdən uğurla çıxmış bir Azərbaycan vətəndaşı idi.
Bəli, o, mehriban həyat yoldaşı, qayğıkeş ata, sədaqətli dost, vətənini sevən nəcib bir insan idi”.
Eldar Qasımov Azərbaycanın dilbər guşəsi olan Tovuzda anadan olmuşdur. O, Şəmkirdə orta təhsilini başa vurub Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və buranı uğurla bitirdikdən sonra Dövlət Təhlükəsizliyi Komitəsində xidmətə göndərilmişdi.
Tələbəlik yoldaşı, Ali Məhkəmənin hakimi, ədliyyə müşaviri Oqtay Maqsudovun xatirələrindən: “Aramızda çox isti münasibətlər var idi. Biz tələbəlik illərindən dost idik. Amma bu dostluğa, qardaşlığa baxmayaraq, o, bir dəfə də iş yerində baş verənlərlə bağlı heç nə danışmadı. MTN-də müstəntiq kimi püxtələşdi, sınaqdan çıxmış bir orqan əməkdaşına çevrildi. Nədənsə söz düşəndə sadəcə köks ötürər, söhbətin istiqamətini ustalıqla dəyişərdi”.
Eldar Qasımov uzun illər Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində istintaq şöbəsinin mühüm işlər üzrə baş müstəntiqi, Özbəkistan, Qırğızıstan DTK-larında baş müstəntiq və nəhayət, Əfqanıstanın Təhlükəsizlik Xidmətində baş müşavir vəzifələrində çalışmışdı. İlk baxışda bu, təhlükəsizlik orqanında çalışmış bir çox əməkdaşın həyat yolundan fərqlənməyən tərcümeyi-haldır. Amma bu tərcümeyi-halın arxasında vaxtilə bütün ölkəyə səs salmış, hansı gurultulu işlərin dayandığını yada salsaq, onda respublikamızda yaşayan orta və yaşlı nəslin nümayəndələri həmin hadisələri çox yaxşı xatırlayacaqlar.
Əməkdar hüquqşünas, MTN-in istefada olan polkovniki Rüfət Mənsurov həmin dövrü belə xatırlayır: “70-ci illərin əvvəllərində məşhur bir Qədirov adlı şəxs var idi. Sosial Təminat Nazirliyində çalışırdı. Onu əlillərin hüquqlarını tapdalamaqda, onlara verilən əmlakı mənimsəməkdə, rüşvət almaqda ittiham edirdilər. O zaman mən Moskvada təhsil alırdım. Təcrübəyə gələn gənc mütəxəssis kimi Eldar Qasımovdan, mənim gələcək sənət və həyat müəllimimdən peşəkarlığın sirlərini öyrənməyə başlayırdım. Uğurla başa çatan “Qədirov əməliyyatı” - deyərdim ki, mənim gələcək karyeramda mühüm rol oynadı.
Həyatımda ilk və son dəfə idi ki, o qədər sərvət görürdüm. Qədirovun evindən 36 kq qızıl, xeyli brilliant, almaz, qiymətli sərvət, o zamanlar üçün dəyəri milyonlarla ölçülən, tapılmayan büllur qablar, xalılar çıxmışdı. O zamandan yaddaşıma əbədi olaraq həkk olundu ki, dünyanı sərvətlə deyil, hörmət və məhəbbətlə tutmaq olar. Bunu rəhmətlik Eldar müəllim tez-tez təkrarlamaqdan yorulmazdı.
O zamanlar Arc ləqəbli (tərcüməsi Ayı deməkdir) bir erməni var idi. Bu adam gizli valyuta ticarəti ilə məşğul idi. Onun da cinayət işinin açılmasında Eldar müəllimin böyük zəhməti olmuşdu. İstintaq başa çatanda dövlət büdcəsinə 30-40 kq-dan çox zinət əşyası, qızıl pullar, xeyli miqdarda pul və əmlak təhvil verildi. Rüşvətxorluq və dövləti əhəmiyyətli xeyli cinayət işlərinin açılmasında Eldar Qasımovun böyük xidmətləri olmuşdur”.
Həyatı eniş-yoxuşlardan ibarət olan Eldar müəllimin ən ağır illəri 80-ci illərin əvvəllərində başladı. Havadarları mərkəzdə, yüksək dövlət qurumlarında olan cinayətkarların respublikamızda törətdikləri cinayətlərin üstü açıldıqca bu istintaqların baş müstəntiqinə-Eldar Qasımova qarşı hücumlar da güclənirdi. Bu səbəbdən ona qarşı xüsusi kampaniyalar təşkil olunmağa başladı. Baş alıb gedən ədalətsizliklərə cavab olaraq Eldar Qasımova Əfqanıstana, odun-alovun içərisinə könüllü getməyə üstünlük verdi. Təsəvvür etmək çətindir ki, həyatından artıq sevdiyi ailəsini, uşaqlarını, vətənini qoyub qaydasız müharibənin tüğyan etdiyi ölkəyə xidmətə getmək üçün insan hansı hissləri keçirməlidir.
Burada da onun qismətinə ən ağır bölgə, Əfqanıstanın ən çətin əyaləti sayılan, köçəri puştunların klerikal qəbilələrinin məskunlaşdığı Qəndəhar şəhəri düşdü.
Əmir İbrahimov, Əfqanıstan müharibəsi veteranı, ədliyyə müşaviri: “Mən 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsil alırdım. Əsgərlik yaşına çatanda məni də ordu sıralarına çağırdılar. Hərbi Komissarlıqda şəxsi işimlə tanış oldular, fars dilini mükəmməl bildiyimdən sorğu-sualsız Əfqanıstana hərbi xidmətə yola saldılar. Bizi gətirdilər Qəndəhar hava limanına. Əgər Əfqanıstan cəhənnəm idisə, Qəndəhar onun episentri sayılırdı. Burada cəhənnəmi xatırladan bir isti, üstəlik də toz-duman buludu var idi. İlanlar mələşən səhraya baxdıqca adamı vahimə bürüyürdü. Mən helikopter alayının tərcüməçisi idim. Ancaq bir müddət keçəndən sonra bildirdilər ki, Təhlükəsizlik Xidmətinin istintaq şöbəsinin mütərcimliyini də sən etməlisən. Nə edə bilərdim, əmrə tabe olub ora getdim. Qısa tanışlıqdan sonra məni qərargaha, baş müşavirin yanına apardılar. Qarşımda olduqca vüqarlı, əsl hərbçiyə xas boy-buxunu, sağlam vücudu, sifətində isə mənə doğma gələn təbəssümü olan bir polkovnik dayanmışdı. Elə bil birdən-birə qanım qaynadı, hiss etdim ki, qarşımdakı azərbaycanlıdır. O, çox doğma səslə haralı olduğumu, harada təhsil aldığımı soruşdu. “Azərbaycandanam, Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsil alıram” - dedim. Polkovnikin sifəti, elə bil ki, dəyişdi. O, titrək səslə “Ədibə xanımı tanıyırsanmı?” sualını verdi. “Bəli, - dedim, - bizə rus dilindən dərs deyirdi. Mir Cəlal müəllimin qızıdır”. Ədibə xanımın adını çəkəndə üzünə elə bil kədər dolu işıq çökdü. Hərbçi ayağa durdu. “Mir Cəlal müəllimin qızı mənim həyat yoldaşımdır” deyib susdu. Gözləri yol çəkdi... “İndi o, çox uzaqlardadır. Görəsən, neyləyir, uşaqlar necədir?” - deyib köks ötürdü.
Amansız və ədalətsiz müharibənin ağrıları qəlbini sardı. Polkovnik keçirdiyim hissləri duyaraq qayğıkeşliklə dedi: “Mən polkovnik Eldar Qasımovam, bu sənədləri bu gecə tərcümə et. Sabah iki əsiri dindirəcəyəm, tərcümə işini sən aparacaqsan. Bundan sonra mənimlə işləyəcəksən”.
İlk döyüşü də onunla birlikdə gördüm. Maşın karvanımız hərəkət edərkən Qəndəharın sol istiqamətində yerləşən qışlaqlardan bizi atəşə tutdular. Eldar müəllim məni maşından düşməyə qoymadı. “Sən maşında qal, təcrübəsizsən, vurarlar” - deyib özü düşdü. O, özünü döyüş meydanında təcrübəli zabit kimi aparırdı. Eldar müəllim adi baş müşavir deyildi. O, cavanları, döyüşün qayda-qanunlarından xəbərsiz olanları öz qanadının altına alır, ən ağır döyüşlərdə onları mühafizə edirdi".
İnsan var,
yoxluğunu dərhal hiss
edirsən, illər keçsə də, yeri
görünür. Bu yoxluqla barışmaq çətin olsa da, qəlblərdə
qalan xatirələr onu
yaşadır, əbədiləşdirir. Eldar
Qasımov belə insan idi.
Xeyirxahlıq, mərdlik mücəssəməsi olan bu adam
onu tanıyanların, sevənlərin qəlbində
əbədi iz qoyub bu dünyadan köçdü.
Mirsaleh AXUNDLU,
Azərbaycan Respublikası Təhlükəsizlik
Orqanlarının Veteranlar Birliyi mətbuat xidmətinin rəhbəri,
istefada olan polkovnik-leytenant
Xalq qəzeti.- 2013.- 19 iyul.- S. 9.