Yeni Azərbaycan Partiyasında jurnalistlərlə görüş

 

Azərbaycan milli mətbuatının 138 illiyi münasibətilə Yeni Azərbaycan Partiyasında (YAP) kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə görüş keçirilmişdir. YAP sədrinin müavini-icra katibi Əli Əhmədov jurnalistləri peşə bayramı münasibətilə səmimi təbrik etdi, onlara fəaliyyətlərində yeni uğurlar arzuladı.

Əli Əhmədov son illərdə ölkənin siyasiiqtisadi həyatında baş verən inkişafı işıqlandırmaqda medianın fəal informasiya dəstəyindən məmnunluğunu bildirdi. O, ölkə həyatının bütün sahələrinin KİV-in fəaliyyəti üçün açıq olduğunu, media qurumlarının ardıcıl məlumatlandırıldığını, ölkəmizin aparıcı KİV-ləri ilə qurulmuş səmərəli əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu qeyd etdi.

Əli Əhmədov dövlət müstəqilliyi illərində ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin jurnalistikanın inkişafı üçün göstərdiyi xidmətləri yada salaraq, bildirdi ki, bu gün yüksək səviyyədə olan media-hakimiyyət münasibətləri vətəndaş cəmiyyəti quruculuğuna öz töhfəsini verməkdədir. Natiq ölkəmizdə müstəqil, azad jurnalistikanın uğurlarından, dövlətin KİV-in inkişafı üçün yaratdığı əlverişli şəraitdən, jurnalistlərin cəmiyyət qarşısında daşıdığı məsuliyyətdən, KİV-hakimiyyət əməkdaşlığını dərinləşdirmək zərurətindən söz açdı.  Onun sözlərinə görə, Azərbaycan dövləti KİV-in müstəqil fəaliyyət göstərməsi üçün əlindən gələni edir. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda çoxlu media qurumları fəaliyyət göstərir və istədikləri informasiyanı yaymaqda azaddırlar. Hətta MDB ölkələri arasındakı statistikaya nəzər salsaq, Azərbaycandakı medianın inkişafı bütün ölkələrdən öndədir.

Sonra natiq mətbu orqanların borclarının silinməsinə və jurnalistlər üçün yeni yaşayış binasının tikilməsinə münasibət bildirərək qeyd etdi ki, bu, dövlətin jurnalistlərə və mətbuata qayğısının ən bariz nümunəsidir.   Amma çox təəssüflər olsun ki, bəzi mətbu orqanlar azad sözün mahiyyətini anlamır, insanların şəxsiyyətini alçaldaraq mənəvi terrora məruz qoyurlar.

Daha sonra Əli Əhmədov qarşıdan gələn prezident seçkilərində xalqın böyük əksəriyyətinin YAP-ın namizədi cənab İlham Əliyevi dəstəklədiyini və hətta onu yeganə Prezident kimi gördüklərini bildirdi.

Sonda YAP-ın müavini-icra katibi 22 iyul Mətbuat Günü münasibəti ilə bir daha jurnalistlərə möhkəm cansağlığı, ailə səadəti, uzun ömürfiravan günlər arzuladı.

Tədbirdə  mətbuatın inkişafında xidmətləri olan bir qrup jurnalistə hədiyyələr təqdim edildi.

 

İbrahim NİZAMİOĞLU

 

Xalq qəzeti.- 2013.- 20 iyul.- S. 9.