Azərbaycan Mətbuat
Şurasının yeni İdarə Heyətinin
ilk iclası
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin ölkə jurnalistlərinin VI qurultayında seçilmiş yeni tərkibinin ilk iclasında MŞ sədri Əflatun Amaşov İdarə Heyətinin üzvlərini təbrik edərək onlara qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.
İclasda İH üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu MŞ sədrinin jurnalistlərdən, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə ictimaiyyətdən olan müavinləri seçiliblər. Mətbuat Şurasının Nizamnaməsinə uyğun olaraq Şura sədrinin müavinləri növbəlilik əsasında şikayətlər üzrə komissiyaya rəhbərlik etməlidirlər. İlk iki ildə bu vəzifənin icrası U.Rəhimoğluna həvalə olunub. MŞ İdarə Heyətinin üzvləri - “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, Orta Asiya və Guney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Aqil Abbas və Cavanşir Feyziyev, BDU-nun jurnalistika fakultəsinin dekanı Şamil Vəliyev birinci müddətə komissiyanın üzvü təsdiqləniblər.
V.Rəhimzadənin “reket jurnalistika”ya qarşı mübarizə, T.Abbasın bölgə mətbuatının inkişafı üzrə, Ş.Vəliyevin təhsil, M.Ələsgərlinin sosial, BDU-nun professoru Nəsir Əhmədlinin dil, C.Feyziyevin beynəlxalq əlaqələr komissiyalarına, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin mətbuatla dövlət qurumları arasında problemlərin həlli daimi komissiyasına sədrliyi məqbul sayılıb. İclasda bu komissiyalarla yanaşı, MŞ-nin “apellyasiya qrupu”nun tərkibi də formalaşdırılıb.
İclasda MŞ-nin Ali Media Mükafatının birinci dərəcəsi üzrə bir, ikinci dərəcəsi üzrə üç, üçüncü dərəcəsi üzrə beş laureatı müəyyənləşdirilib. Onların adlarının MŞ-nin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 İyul Milli Mətbuat Günü ilə bağlı birgə keçirəcəyi mərasimdə açıqlanması qərara alınıb.
* * *
Türkiyə Jurnalistlər Federasiyasının sədr müavini Mehmed Ali Dimin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub.
Qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib, qardaş Türkiyə mediası və jurnalist təşkilatları ilə təmasların mühüm önəm daşıdığını vurğulayıb.
Türkiyəli qonaqlar Azərbaycanın mediası ilə tanışlığın onlar üçün böyük önəm daşıdığını, səfərlərinin Milli Mətbuat Gününə təsadüf etməsindən məmnunluqlarını ifadə ediblər.
Türkiyədən gələn media təmsilçilərinin arasında Türkiyə İdman Yazarları Birliyinin İdarə Heyətinin üzvü Necati Şatana, “Yeni Alaniya” qəzetinin redaktoru Ferit Kesen, Alaniya Qəzetəcilər Cəmiyyətinin üzvü İbrahim Barış Başar da var.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2013.- 20 iyul.- S. 10.