Azərbaycanda əldə
edilən uğurlar görülmüş
işlərin, düzgün aparılan iqtisadi islahatların nəticəsidir
Azərbaycanda xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçısı hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış tədbirləri xüsusi vurğulamaq olar.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə ətraflı söhbət getmişdir. Dövlət başçısı giriş nitqində cari ilin altı ayının yekunları ilə bağlı diqqəti sosial-iqtisadi inkişafı xarakterizə edən bir sıra mühüm göstəricilərə yönəltmişdir. Bildirmişdir ki, Azərbaycanda iqtisadi artım bu il də dünya miqyasında nümunə ola bilər. Ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru təxminən 11 faiz artmışdır. Bu, son illər ərzində Azərbaycanda görülmüş işlərin, düzgün aparılan iqtisadi islahatların nəticəsidir.
Prezident İlham Əliyev daha sonra demişdir ki, biz bir müddət bundan əvvəl növbəti 10 il ərzində qeyri-neft sektorunu 2 dəfə artırmaq barədə qarşımıza qoyduğumuz məqsədə çatacağıq. Qeyri-neft sektorunun artması, əlbəttə, bizi çox sevindirir, eyni zamanda, ölkə iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür. Ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir və növbəti illərdə bu inkişaf özünü daha da qabarıq şəkildə göstərəcəkdir. Çünki bu gün icra edilən və icrasını gözləyən layihələr növbəti illərdə güclü qeyri-neft sektorunun yaranmasına gətirib çıxaracaqdır... İnvestisiya qoyuluşu bizi sevindirir. İlin birinci yarısında ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulmuşdur. Bunun böyük hissəsi daxili sərmayədir, təqribən 7 milyard. Beş milyard isə xarici sərmayələrdir. Bu da çox vacib məsələdir. Çünki uzun illərdir Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır, bax, altı ayda qoyulan bu 5 milyard xarici sərmayə bunu bir daha təsdiqləyir. Hər bir ölkə üçün xarici investisiyalar önəmli rol oynayır...
Dövlət
başçısı giriş nitqində
altı ayda əhalinin pul
gəlirlərinin 7 faizdən çox
artmasını, inflyasiyanın isə cəmi 2 faiz olmasını, sosial məsələlərə
xüsusi diqqət yetirildiyini,
Azərbaycanda orta əməkhaqqının
520 dollar, orta
pensiyanın 200 dollar səviyyəsinə
çatdırıldığını, regional
inkişaf proqramında nəzərdə tutulmuş bütün məsələlərin
öz həllini tapdığını, işsizliyin, demək olar ki, aradan
qaldırıldığını vurğulamışdır.
Ölkə rəhbəri demişdir: “On il ərzində 1 milyon 180 min yeni iş yeri
açılmışdır. Bu ilin altı ayında 55 min iş yeri yaradılmışdır.
Onlardan 45 mini daimi iş yeridir. Yəni bu proses
davam edir və bu da
təbiidir. Çünki
bizim iqtisadi siyasətlə bağlı
təşəbbüslərimiz, o cümlədən Azərbaycanda
aparılan sənayeləşmə
siyasəti, əlbəttə
ki, yeni iş yerlərinin açılmasına gətirib
çıxarır...”.
Prezident İlham Əliyevin nitqində diqqəti çəkən məqamlardan
biri də son illər Azərbaycanın
mötəbər beynəlxalq
tədbirlərin keçirildiyi
siyasi-iqtisadi, mədəni
mərkəzə çevrilməsi
ilə bağlı fikirləri olmuşdur. Dövlət
başçısı respublikamızda
ilk dəfə olaraq keçirilən Davos Forumunun əhəmiyyətinə
toxunaraq, bunu ölkəyə verilən
böyük dəyər
kimi qiymətləndirmişdir:
“...Davos Forumu dünya miqyasında bir nömrəli forumdur. Bu, təkcə
iqtisadi forum deyil, baxmayaraq ki, adı Dünya İqtisadi Forumudur. Bu siyasi və
iqtisadi forumdur. Bu forumun Azərbaycanda
keçirilməsi, əlbəttə
ki, böyük məsuliyyət idi. Şadam ki, bu forum ən
yüksək səviyyədə
keçirilmişdir.
Bütövlükdə deyə bilərəm ki, son bir neçə il ərzində
Azərbaycan Davosda keçirilən forumlarda fəal iştirak edir və diqqət
mərkəzində olur.
Azərbaycanın inkişaf dinamikası,
əldə edilmiş
uğurlar Davos Forumunda kifayət qədər geniş işıqlandırılır. Davos Forumunun hesablamalarına görə, Azərbaycan dünya miqyasında iqtisadiyyatın rəqabət
qabiliyyətliliyinə görə
46-cı yerdədir. Bu
qiymətləndirmə hesab
edirəm ki, ən ciddi və
ən böyük diqqətə layiq olan qiymətləndirmədir.
Çünki bu, dünyanın
bir nömrəli forumu tərəfindən verilən qiymətləndirmədir.
Bu forumun Azərbaycanda
keçirilməsi bir
daha demək istəyirəm ki, böyük uğurumuz idi. Xüsusilə nəzərə alsaq ki, forumun
mövzusu Qafqaz və Orta Asiyada
gedən proseslər, iqtisadi və siyasi vəziyyətlə bağlı idi. Yəni bu, bir daha
göstərir ki, Azərbaycan nəinki coğrafi mərkəzdir,
siyasi, iqtisadi və mədəni mərkəzdir”.
Ölkə Prezidenti çıxışında Azərbaycanın xarici siyasətlə bağlı atdığı addımların uğurlu olmasını da diqqətə çatdırmışdır:" Keçən rübdə hesab edirəm ki, bir neçə əlamətdar hadisə baş vermişdir. Əlbəttə ki, mənim xarici ölkələrə səfərlərim, xarici dövlət başçılarının Azərbaycana səfərləri və ikitərəfli formatda münasibətlərin inkişafı böyük əhəmiyyətə malikdir. Eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlığımız da böyük diqqətə layiqdir. Keçən rübdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanda keçirilən tədbirlər yadda qaldı. Fələstinə yardım məqsədilə donor konfransı keçirilmişdir. Donor konfransının keçirilməsi bizim niyyətimizi, siyasətimizi göstərir. Bütövlükdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycan öz fəallığını artırır və bildiyiniz kimi, İslam həmrəyliyi məsələləri həmişə diqqət mərkəzində olmuşdur.
Bu gün də demək istəyirəm ki, biz hələ çox işləməliyik. Hər bir müsəlman ölkəsi çox işləməlidir ki, biz bu birliyi gücləndirək. Dünyada gedən bəzi proseslər, qütbləşmə, ayrı-seçkilik meyilləri bizi narahat edir. Azərbaycan öz tərəfindən çalışır və çalışacaqdır ki, mədəniyyətlərarası münasibətlər sağlam zəmində öz həllini tapsın və bayaq sadaladığım tədbirlər bunun əyani sübutudur. Biz çalışırıq, öz təcrübəmizi, öz nailiyyətlərimizi ortaya qoyuruq və göstəririk ki, bu mümkündür”.
Nazirlər Kabinetinin iclasında ölkənin sosial-iqtisadi inkişfının digər göstəriciləri barədə də ətraflı danışılmışdır. Bildirilmişdir ki, keçən il və bu ilin ötən 6 ayında dövlətin maliyyə vəsaiti hesabına nəhəng investisiya proqramlarının həyata keçirilməsi büdcə xərclərinin əhəmiyyətli dərəcədə artımına səbəb olmuşdur. 2012-ci ildə büdcə xərcləri 2011-ci illə müqayisədə 13,1 faiz, 2013-cü ildə isə 31,6 faiz artmışdır.
Hesabat dövründə əhalinin pul gəlirlərinin artım tempi 7,1 faiz təşkil etmiş və inflyasiyanı ənənəvi olaraq xeyli üstələmişdir. Ölkə üzrə orta aylıq əmək haqqı 6,8 faiz yüksələrək 408,8 manat təşkil etmişdir.
İclasda xatırladılmışdır ki, ilin birinci yarısında bir sıra sosial yönümlü tədbirlər reallaşdırılmış, maliyyə təminatı üzrə dövlət siyasətinin prioritetliyi təmin edilmişdir. Altı ay ərzində dövlət büdcəsi xərclərinin 26,7 faizi və ya 2 milyard 331 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 31 milyon manat çox olmuşdur.
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün cari ilin icmal və dövlət büdcələrindən üst-üstə 283 milyon manat, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14 milyon manat, dövlət büdcəsinin cari və əsaslı xərclərindən 111 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 158 milyon manat vəsait ayrılmışdır.
Bu ilin ilk 6 ayında dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərclərinə 3 milyard 449 milyon manat vəsait yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 935 milyon manat və ya 37,2 faiz çoxdur. Bu mənbədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 730 milyon manat vəsait istifadə olunmuşdur.
Azərbaycanda özəl bölməyə mühüm önəm verilməsindən danışılarkən, xatırladılmışdır ki, sahibkarlığa dəstək üçün cari ilin 6 ayında iqtisadiyyatın müxtəlif sahələri üzrə 2066 sahibkara 180 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 130 milyon manatını (keçən ilin müvafiq dövrü ilə müqayisədə 81 milyon manat ) cari ilin dövlət büdcəsindən ayrılmış vəsait təşkil etmişdir.
İclasda nəqliyyat infrastrukturunun inkişafı barədə də ətraflı danışılmışdır. Qeyd edilmişdir ki, bu il “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin icrası olaraq, Qədim İpək Yolu üzərində dəmir yolu infrastrukturunun yenidən qurulması işlərinə başlanılmışdır və bu iş hazırda da davam etdirilir. Layihə üzrə yolun artıq 209 kilometr hissəsi yenidən qurulmuşdur. Layihə başa çatdıqdan sonra, dəmir yolunun bu dəhlizlə buraxılış qabiliyyətinin ildə 30 milyon tondan 50 milyon tona, hərəkət sürətinin saatda 140 kilometrə çatdırılması mümkün olacaqdır.
Prezident İlham Əliyev nitqlərində dəfələrlə qeyd etmişdir ki, Azərbaycanın iştirakı və iradəsi olmadan regionda heç bir layihə həyata keçirilə bilməz. Region və bütövlükdə Avropa üçün mühüm əhəmiyyət kəsb edən neft və qaz boru kəmərləri ilə yanaşı, Cənubi Qafqaz üzərindən keçməklə, Şərqlə Qərbi birləşdirən, Avrasiyanın yeni ticarət bağlantısına çevrilən Bakı-Tbilisi-Qars layihəsi də buna nümunədir.
Hazırda burada tikinti işləri sürətlə davam etdirilir. Axalkələk-Türkiyə sərhədi hissəsində ümumi uzunluğu 29 kilometr olan yeni yolun 9 kilometrində üst quruluşu inşa edilmiş və bu ilin sonuna kimi Türkiyə sərhədinə qədər yeni yol tikiləcəkdir. Türkiyə-Gürcüstan sərhədində 4,2 kilometrlik tunelin 2 kilometri qazılmışdır və işlər davam etdirilir. Türkiyə və Gürcüstan ərazisində tikinti çətin relyefli və kəskin iqlimli ərazilərdən keçdiyinə görə yol verilən ləngimələrə baxmayaraq, 2014-cü ildə başa çatdırılacaqdır.
Ələt qəsəbəsində Xəzərdə ən böyük və müasir Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi uğurla davam etdirilir. Artıq sahilə qədər uzunluğu 7,5 kilometr, dərinliyi 7 metr olan kanal açılmışdır və quruda tikinti işləri davam etdirilir. 2014-cü ildə birinci kompleks - Bərə terminalı bütün yol infrastrukturu ilə birgə istismara veriləcək, 2015-ci ildə isə quru yük terminalının tikintisi başa çatdırılacaqdır.
Ölkəmizdə müasir avtomobil yolları şəbəkəsinin yaradılması istiqamətində də mühüm işlər görülmüşdür. 2008-2013-cü illər ərzində 3860 kilometr, o cümlədən 1240 kilometr respublika əhəmiyyətli, 2620 kilometr rayonlararası və kəndlərarası yollar tikilmiş və təmir olunmuş, avtomobil yollarında 158 körpü inşa edilmişdir.
Azərbaycan Prezidenti yekun nitqində meliorasiya tədbirlərinə mühüm önəm verilməsinin zəruriliyinə toxunmuş, sənayeləşməyə bundan sonra da xüsusi diqqət yetiriləcəyini bildirmişdir.
Dövlət başçısı Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin müsbət səmərəsini qeyd etməklə yanaşı, dövlət məmurlarına bu sahədə daha çox məsuliyyət daşımalarını xatırlatmışdır: “Hər bir dövlət məmuru korrupsiyaya qarşı çox ciddi mübarizə aparmalıdır. Hər idarə rəhbəri bu prinsipləri əsas tutmalıdır. Çünki Azərbaycanın sürətli inkişafı reallıqdır. Gələcəyimiz çox parlaqdır. Azərbaycan bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir, mütləq bu, olacaqdır. Ona görə də biz bütün xoşagəlməz halları aradan götürməliyik və elə etməliyik ki, bu göstəriciyə görə də Azərbaycan dünyada qabaqcıl yerlərdə olsun...”.
İclasda vurğulanmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2012-ci ildə təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əldə edilən nailiyyətlərə söykənərək qarşıdakı 10 il ərzində ölkəmizin sosial-iqtisadi, mədəni, humanitar və dövlət quruculuğu sahələrində keyfiyyətcə yeni hədəflərə nail olmaq üçün vəzifələri müəyyənləşdirmişdir. Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti bu məsuliyyətli vəzifələrin öhdəsindən gəlinməsini Heydər Əliyev kursunun Prezident İlham Əliyev tərəfindən qarşıdakı illərdə də davam etdirilməsində görür.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 21 iyul.- S. 3.