Mərkəzi Bankda “Açıq qapı” günü
Dünən Azərbaycan milli mətbuatının yaranmasının 138 illiyi münasibətilə Mərkəzi Bankda jurnalistlər üçün növbəti “Açıq qapı” günü keçirildi. Tədbiri açıq elan edən Mərkəzi Bankın sədr müavini Aftandil Babayev kütləvi informasiya vasitələri nümayəndələrini salamlayaraq onları peşə bayramları münasibəti ilə təbrik etdi.
Ölkə Prezidenti İlham Əliyevin jurnalistlərin VI qurultayına təbrik məktubunda qeyd etdiyi “Azərbaycan Respublikasında siyasi plüralizmin təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə əlverişli şərait yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir” fikrini diqqətə çatdıran A. Babayev dövlətimiz tərəfindən milli mətbuatın inkişafına xüsusi qayğı göstərildiyini bildirdi. Qeyd olundu ki, məhz bu qayğının nəticəsidir ki, ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasında, demokratik dəyərlərin bərqərar olması və inkişafında milli mətbuatın rolu getdikcə artır.
A. Babayev Mərkəzi Bankın fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verərək onun missiyasının daha da səmərəli reallaşdırılmasında, yeritdiyi pul və bank quruculuğu siyasətinin ictimaiyyət tərəfindən düzgün qavranılmasında KİV-in mühüm rolunu qeyd etməklə yanaşı, media institutları ilə işin daha da təkmilləşdirilməsi istiqamətində son vaxtlar Mərkəzi Bankda həyata keçirilən tədbirlərə də toxundu. O, bankın kommunikasiya siyasəti barəsində danışaraq geniş axtarış funksionallığı, xüsusi naviqasiyalı və yeni kommunikasiya cihazları üçün uyğunlaşdırılmış mobil versiya imkanlarına malik yeni dizaynda və məzmunda internet səhifəsinin yaradıldığını, sözçülük institutunun yaradılması istiqamətində iş aparıldığını, “Mərkəzi Bank və iqtisadiyyat” adlı rüblük elektron jurnalın və rüblük elektron “Tədqiqatlar bülleteni”nin nəşrinə başlanıldığını jurnalistlərin diqqətinə çatdırdı.
Mərkəzi Bankın hədəf qruplarının iqtisadi maarifləndirilməsi istiqamətində də fəal iş apardığını vurğulayan A.Babayev bankın reallaşdırdığı “Maliyyə savadlılığı” meqa-layihəsində media nümayəndələrinin də maarifləndirilməsi ilə bağlı mühüm vəzifələrin müəyyənləşdirildiyini qeyd etdi. Mərkəzi Bankın əsas kommunikasiya hədəf qruplarından birinin KİV olduğunu vurğulayan natiq bildirdi ki, “Açıq qapı” günü tədbiri jurnalistlərə Mərkəzi Bankın struktur bölmələrinin fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanı verəcək.
Daha sonra jurnalistlər Mərkəzi Bankın ayrı-ayrı departamentlərinin fəaliyyəti ilə tanış oldular. KİV nümayəndələri ilə görüşən departament direktorları rəhbərlik etdikləri struktur bölmənin fəaliyyəti barədə ətraflı məlumat verərək jurnalistlərin suallarını cavablandırdılar.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 21 iyul.- S. 5.