Goranboyluların
ürək sözləri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında son iki ildə üç dəfə sərəncam imzalamışdır. Bu, əlbəttə, ölkə başçısının regionda, o cümlədən Goranboyda tikinti-quruculuq və abadlıq işlərinin davam etdirilməsinə, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin daha da sürətlənməsinə, yol, su, qaz, bir sözlə, müasir infrastrukturun yaradılmasına göstərdiyi gündəlik diqqət və qayğının parlaq nümunəsidir.
Heç də təsadüfi deyildir ki, son illər burada genişmiqyaslı tikinti-abadlıq işləri aparılır, rayon mərkəzi, eləcə də digər yaşayış məntəqələri öz simasını əsaslı şəkildə dəyişir, daha abad, müasir və gözəl olur. Goranboylular bu diqqət və qayğıya, sosial-iqtisadi sahədə həyata keçirilən əsaslı işlərə görə ölkə Prezidentinə sonsuz minnətdarlıqlarını bildirdilər. Görüşdüyüm, söhbət etdiyim ağsaqqallar, ziyalılar, gənclər həmişə olduğu kimi, bu gün də ölkə başçısının apardığı müdrik və uzaqgörən daxili və xarici siyasət xəttini ürəkdən bəyəndiklərini və müdafiə etdiklərini bəyan etdilər.
Əlbəttə, inkişafın dinamikası, hər şeydən əvvəl, fakt, rəqəm və göstəricilərdə öz ifadəsini tapır. Bu cəhətdən təkcə cari ilin ötən ayları ərzində görülüb başa çatdırılmış genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri, nəzərdə tutulmuş tədbirlər böyük maraq doğurur.
Ümumiyyətlə, qeyd edək ki, son illər ümumi məhsul istehsalı artmış, inkişaf və yüksəliş dinamik xətlə getmişdir. Müxtəlif təyinatlı yeni iş yerləri açılmış, əsaslı kapitala yönəldilmiş investisiyaların sayı artmışdır. Ən başlıcası odur ki, rayon icra hakimiyyətində, onun yerli strukturlarında iş üslub və metodları daha da təkmilləşdirilmişdir. Bütün sahələrdə ciddi intizam və tələbkarlıq yaradılmış, sağlam mənəvi-psixoloji mühit, yaradıcı və mütəşəkkil ab-hava bərqərar olmuşdur.
Goranboy Rayon İcra Hakimiyyətindən bizə verilən arayışda belə bir cəhət diqqətimizi daha çox cəlb etdi ki, ötən aylar ərzində rayonda aparılan tikinti, abadlıq, quruculuq işlərinin həcmi daha da genişləndirilmişdir. Goranboy şəhərinə Gəncə istiqamətindən girişdə divarlar üzlənmiş, həmin ərazidə dekorativ ağacların əkilməsi üçün 3000 kubmetr torpaq daşınmışdır.
Hazırda Heydər Əliyev prospektində, S.Civəzadə, C.Cabbarlı, R.Rza, V.Bayramov küçələrində, Goran—Goranboy yolunun İrəvanlı kəndi hissəsində yeni divarların tikintisi davam etdirilir. Divarlara üzlük daş vurulur, xüsusi işıqlandırma sistemləri quraşdırılır.
R.Mustafayev və C.Cabbarlı küçələrində ikitərəfli yolun tikintisi davam etdirilir, işıqlandırma dayaqları qoyulur. Qızıhacılı qəsəbəsi tərəfdən Goranboy şəhərinə girişdə avtomobil yolu boyu hasarın mişar daşı ilə tikintisi aparılır. Heydər Əliyev prospektində səkilər yenidən tikilir. Nizami Gəncəvi adına parkın 4 hektar sahəsi olan ikinci hissəsində tikinti işləri davam etdirilir. Burada və şəhərin digər ərazilərində salınmış yaşıllıq zolaqlarında 22 mindən çox ağac və gül kolları əkilmişdir.
Rayon Qaz İstismarı İdarəsi və Su-Kanal İdarəsi üçün inzibati binalar inşa edilmişdir. Avtovağzal və Paylayıcı Elektrik Şəbəkəsi üçün binaların tikintisi başa çatmaq üzrədir. C.Cabbarlı küçəsində 5 mərtəbəli 60 mənzilli binanın fasad divarları üzlənmiş, örtüyü dəyişdirilmişdir.
Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında müasir memarlıq üslubunda, şəhərə xüsusi gözəllik verəcək 3 mərtəbəli, 4000 kvadratmetr sahəsi olan Heydər Əliyev Mərkəzinin tkintisi artıq yekunlaşmışdır. Köhnə Mehmanxana binası əsaslı şəkildə yenidən qurularaq müasir otelə çevrilmişdir.
Şəhərdə Böyük Vətən müharibəsi və Qarabağ uğrunda döyüşlərdə həlak olanların xatirəsinə ucaldılmış xatirə abidə kompleksi əsaslı şəkildə yenidən qurulur. Müasir bazarın tikintisi aparılır, yeni çörək zavodu tikilir. Goran-Goranboy yolunun sol tərəfində beton zavodu və heyvandarlıq kompleksi inşa edilir.
Əlillər və şəhid ailələri üçün 6 mərtəbəli 54 mənzilli yaşayış binasının tikintisinə başlanılmışdır. Ötən müddətdə icma layihəsi çərçivəsində Rəhimli, Sarov, Xınalı kəndlərində yollar təmir edilmiş, Fəxralı, Baxçakürd və Tatarlı kənd qəbristanlıqlarına hasar çəkilmişdir. 480 yerlik Fəxralı kənd orta məktəbinin yeni binası istifadəyə verilmişdir. Xınalı, Qarasuçu, Yenikənd kənd tam orta, Goran qəsəbə ümumi orta və Təklə kənd ibtidai məktəblərinin tikintisi üçün sənədləşmə işləri başa çatdırılmışdır. Yaxın vaxtlarda məktəblərin və Olimpiya İdman Kompleksinin tikintisinə başlanılacaqdır.
Ölkə Prezidentinin tapşırığına əsasən “Goranboy şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi bu ilin sonunda başa çatacaqdır. Layihə çərçivəsində hazırda 45,2 kilometrlik, Murov — Goranboy su kəməri, 109,6 kilometr şəhərdaxili su xətti, 81,7 kilometr kanalizasiya xəttinin çəkilişi başa çatmışdır. Səfikürd kəndində hər birinin tutumu 1000 kubmetr olan 3 su anbarının tikintisi yekunlaşmışdır. Yuxarı Ballıqaya kəndində Qaraçay üzərində su bəndinin tikintisi də qurtarmışdır.
2013-cü ildə rayon mərkəzi ilə yanaşı, digər yaşayış məntəqələrində də abadlıq, quruculuq işləri davam etdirilmişdir. Nadirkənd və Səmədabad kəndlərində giriş qapıları inşa edilmiş, Hazırəhmədli, Xınalı, Kələk və Qaramusalı kəndlərində giriş qapılarının tikintisinə başlanılmışdır. Balakürd kəndində uşaq bağçası əsaslı təmir olunmuşdur. Səfikürd, Balakürd və Yeniyol kəndlərində yol kənarlarına işıqlandırma sistemi quraşdırılmışdır. Aşağı Ağcakənd qəsəbəsi ərazisində “Qala” kompleksində işlər davam etdirilir. Hazırda 5 kənddə qaz xəttinin çəkilişi aparılır. Erkəc kəndində isə elektrik təsərrüfatı yenidən qurulmuşdur. Cari ildə 3 uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulmuş, 5 yeni məktəbin və 3 bağçanın tikintisi ilə əlaqədar müvafiq sənədləşmə işləri aparılır.
Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə təmas xəttində yerləşən Tap Qaraqoyunlu və Tap kəndlərinin problemlərinin həlli istiqamətində xeyli iş görülmüşdür. Dövlət büdcəsindən ayrılmış vəsait hesabına 63 ev yenidən tikilmiş, 28-i əsaslı təmir olunmuşdur. Əhalinin təhlükəsizliyi üçün 792 metr uzunluğunda, 4 metr hündürlüyündə mühafizə divarı tikilmişdir. Hazırda əlavə olaraq 500 metr mühafizə divarının tikinitsinə başlanılmışdır. Murov — Goranboy magistral su kəmərindən kəndə xətt çəkilmiş, su anbarı tikilmişdir. Həyətlərə su xətlərinin çəkilişinə başlanılmışdır.
Sadaladığımız rəqəm və göstəricilərdən, apardığımız təhlil və müqayisələrdən də göründüyü kimi, inkişaf və yüksəliş dinamik xarakter almış və bütün sahələri əhatə etmişdir. Diqqəti cəlb edən daha bir vacib cəhət isə ondan ibarətdir ki, aparılan tikinti-abadlıq və quruculuq işlərinin sürəti azalmır, təkcə rayon mərkəzi ilə məhdudlaşmır, bütün qəsəbə və kəndləri əhatə edir.
İndi kənd təsərrüfatı işlərinin, xüsusilə taxıl biçininin qızğın çağıdır. Elə ona görə də bəzi fakt və göstəriciləri bir daha dəqiqləşdirmək istədik. Taxıl yığımı üzrə operativ rayon qərargahından aldığımız məlumata görə, indiyədək zəmilərdən 65 min tondan çox məhsul yığılmışdır. Onu da əlavə etdilər ki, dağ kəndlərində hələ biçilməmiş xeyli sahə qalıb. Ümumiyyətlə, mütəxəssislərin hesablamalarına görə, cari ildə zəmilərdən 68 min tona yaxın taxıl götürüləcəkdir ki, bu da ötən ildəkindən xeyli çoxdur.
Bəli, ölkə Prezidentinin son sərəncamı rayonda böyük ruh yüksəkliyi və əmək coşğunluğu yaratmış, bütün sahələrdə işlərin sürətini artırmış, adamların sabaha olan inam və ümidlərini daha da artırmışdır. Biz rayona son səfərimiz zamanı müxtəlif sahələrdə çalışan insanlarla görüşüb söhbət edərkən buna bir daha əmin olduq. Yeri gəlmişkən, onlardan bəzilərinin ürək sözlərini, arzu və düşüncələrini təqdim edirik.
Məzahir Zeynalov, Goranboy şəhər sakini:
— Şəhərin son 50 ildəki inkişafı mənim gözlərim qarşısında baş verib. Əlbəttə, görülən işləri də danmaq olmaz. Ancaq söhbət, həqiqətdən gedirsə, deməliyik ki, son illər Goranboy şəhəri öz görkəmini tamamilə dəyişmişdir. Yəni, müasir binalar tikilmiş, köhnə evlər əsaslı şəkildə yenidən qurulmuş, parklar, xiyabanlar salınmış, bir sözlə, əsl şəhər səliqə-səhmanı yaradılmışdır. İndi Goranboy güllər, çiçəklər şəhərinə çevrilmişdir.
Əlbəttə, biz bu inkişaf və yüksəlişi haqlı olaraq ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısı kimi qiymətləndiririk. Biz bu sözləri deyərkən, hər şeydən əvvəl, respublika rəhbərinin son illər Goranboy rayonunun, o cümlədən Goranboy şəhərinin abadlıq və quruculuq işlərini daha da sürətləndirmək məqsədilə imzaladığı sərəncamları nəzərdə tuturuq.
Deməli, rayonumuzun, şəhərimizin daha sürətli inkişafı hələ qabaqdadır. Bunun üçün hər cür imkan və şərait var: ölkə başçısının gündəlik diqqət və qayğısı yerlərdə işin düzgün təşkili yüksək mütəşəkkillik və sabaha dərin inam. Bu isə bütün uğurların əsasıdır.
Rüstəm Əhmədov, Dəliməmmədli
şəhər sakini:
— Sözün açığı, Dəliməmmədli şəhər statusu alsa da, burada, necə deyərlər, şəhər mühiti, ab-havası hiss olunmurdu. Abadlıq-quruculuq işləri ləng gedirdi, yeni binalar tikilmirdi, park və xiyabanlar demək olar ki, yox idi.
Yaxşı ki, bu vəziyyət uzun sürmədi. Son illər, bütövlükdə, Goranboyda, o cümlədən Dəliməmmədli şəhərində aparılan tikinti-quruculuq və abadlıq işləri, hamımızın ürəyincədir. İndi şəhərimiz öz simasını əsaslı şəkildə dəyişib, daha gözəl və müasir olub. Bu, bir şəhər sakini kimi məni ürəkdən sevindirir.
Bütün bunlar, əlbəttə, heç də öz-özünə yaranmamışdır. Ölkə başçısı İlham Əliyevin regionlara müntəzəm xarakter alan səfərləri, gündəlik diqqət və qayğısı öz gözəl bəhrəsini verir. Bunu bizim Dəliməmmədli şəhərinin timsalında daha aydın görmək olar. Mən fürsətdən istifadə edərək şəhər sakinləri adından respublika Prezidentinə hədsiz təşəkkürümüzü bildirir, ona daha böyük uğurlar və möhkəm cansağlığı arzulayıram.
Nizami Məmmədov, Hacırəhimli kənd sakini:
— Əvvəllər Dəliməmmədli — Həmənli avtomobil yolu olduqca narahat idi. Halbuki həmin yol on beş min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirir. Əlbəttə, vəziyyət belə davam edə bilməzdi. Ona görə də ölkə Prezidentinin Dəliməmmədli — Həmənli avtomobil yolunun tikintisi məqsədilə imzaladığı 18 iyul 2012-ci il tarixli sərəncam hamımızın ürəyincə oldu. Artıq bir ildən artıq vaxt keçib. İndi rahat, mənzərəli yolla qısa müddət ərzində mənzil başına çatırıq. Deyirlər ki, hər şey yoldan başlanır. Həqiqətən, belədir. Belə gözəl, rahat şərait yaratdığına, diqqət və qayğısını əsirgəmədiyinə görə kənd sakinləri adından cənab İlham Əliyevə öz minnətdarlığımızı bildiririk.
Doğrudan da, xeyirxahlıq, diqqət və qayğı həmişə ürəklərdə dərin iz buraxır, insanları daha yaxşı işləməyə, qurub-yaratmağa səsləyir. Bu gün ölkə başçısına ünvanlanan belə sonsuz təşəkkür və minnətdarlıq duyğularını isə təkcə Goranboy sakinlərindən yox, milyonların dilindən eşitmək olar.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2013.- 21 iyul.- S. 6.