Turizm məkanlarının unudulmaz günləri

 

Ölkəmizin əsrarəngiz turizm məkanları qonaqları məftun edir, onlara könül xoşluğu, mənəvi rahatlıq gətirir. Cənub bölgəsinin cənnətməkan istirahət mərkəzləri addım-addım dağlara doğru irəliləyir. Yay aylarında buralar tükənməz zövq mənbəyi olur.

Talış dağlarının zümrüd qaşı olan Lerikdə sıx meşəliklər arasında, çay vadiləri boyunca neçə-neçə turizm-istirahət məkanı yaradılıb.

Prezident İlham Əliyev Lerikə səfərləri zamanı  turizm mərkəzlərinə də baş çəkərək bu sahənin inkişafı üçün münbit şəraitin olmasını vurğulayıb, obyektlərin artırılmasını tövsiyə edib: “Lerik rayonunun çox gözəl təbiəti, əlverişli iqlimi burada turizmin genişləndirilməsi üçün hər cür imkanlar olduğunu göstərir. Turizmin inkişafı bölgənin perspektivləri baxımından prioritet sahədir. Lənkəran-Lerik avtomobil yolu boyunca yaradılmış kurort, istirahət zonaları və kompleksləri bunu bir daha təsdiq edir”.

Bu yerlərə dincəlməyə gələnlərin ilbəil artması təsadüfi deyil. Ölkə başçısının turizmin inkişafına önəm verməsindən ruhlanan rayon rəhbərliyi ruh oxşayan məkanların çoxalmasına və zəruri şəraitlə təmin edilməsinə hərtərəfli dəstək göstərir. İcra hakimiyyətinin başçısı Rövşən Bağırov özü təbiət vurğunu olduğuna görə sahənin inkişafından qürur duyur, sahibkarların bu yöndəki fəaliyyətlə bağlı hər bir təşəbbüsünə tərəfdar çıxır, qol-qanad verir.

Lerikin çox gözəl təbiət guşələrindən biri doqquz ildən bəri üz ağardan “Təbəssüm”dür. Bir dəfə yazmışdım ki, Lerikə səfər edənlər arasında qaşqabaqlı adamlar varsa, mütləq “Təbəssüm”ə baş çəksinlər. Üzləri güləcək. Regional inkişaf Dövlət Proqramının I mərhələsi sayəsində yaradılıb bölgənin şöhrət tacına dönən bu təbii gözəllik ünvanı insan əllərinin sığalı ilə daha da cilalanıb, pardaqlanıb, şəraitlənib. Buranın sahibi Akif Əliyevin və xidmət heyətinin yüksək mədəni davranışı, layiqli xidmətləri, başlıcası isə gülümsər çöhrələri müsafirlərin qəlbinə yatır, onları haçansa yenidən “Təbəssüm”ə gəlməyə həvəsləndirir.

Dağ çayının həzin nəğmələri, quşların xoş təranələri, sıx ormanlığın ələdüşməz sərinliyi adama ecazkar təsir bağışlayır. Hələ cənub mətbəxinin dadı damaqdan getməyən ləziz təamları, bumbuz bulaq suları...  Məkanın uğurlu seçilməsi, kotteclərin təmizliyi və rahatlığı, ekoloji təmiz ərzaqla qidalanma daim diqqətdə olur. Ölkəmizin ən müxtəlif guşələrindən, həmçinin Rusiya, Türkiyə, Almaniya, Çin, Hindistan, Qətərdən... gəlib buranı beş-on günlük  məskən seçənlər axırda yanılmadıqlarını görürlər. “Təbəssüm”də keçirilən hər gün əlvan naxışlarla ömürlərə yazılır. Hər kəs Lerikdən razılıqla, təəssüratla ayrılır.

Masallı da Azərbaycanın turist axınının xeyli gücləndiyi dilbər guşələrindəndir. Burada hər il turizm mövsümünün açılışı bayram kimi qeyd olunur. May ayında artıq sayca üçüncü olan belə bir tədbirdə mən də iştirak edirdim. Rayonun yuxarı ormanlıq ərazisində “Turizm sərgisi” iştirakçılara unudulmaz təsir bağışladı. Ayrı-ayrı mərkəzlərin imkanları və uğurları nümayiş etdirildi. Arzu-dilək qanad açdı. İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun ürəkdən gələn xeyir-duası təşkilatçıların həyəcanlarına  su” çilədi. Bildirildi ki, Masallıda qonaqlara üç istiqamətdə marşrutlar üzrə xidmətlər təklif olunur: rayonun zəngin təbiəti, flora-  faunatarixi abidələri ilə tanışlıq. Qalan bütün zəruri şərtlər də öz yerində. Şən musiqilər üəklərdə yaz mehləri əsdirdi.

İndi, budur, artıq Masallıda turizm mövsümü coşğu ilə davam edir. Kütləvi tədbirlər, axşamlar təşkil olunan konsertlər, qayğısız günlərin, saatların çal-çağırı unudulmaz təsir bağışlayır.

Masallı-Yardımlı yolunun 10-cu kilometrliyində, sağ tərəfdə yerləşən “Viləş”-STV ailə turizm-istirahət mərkəzi 2006-cı ildən yaradılıb. Viləşçay su dəryaçasının yanındadır. Səkkiz kotteci, dövlət gerbimizin səkkizguşəli ulduzunu xatırladan səksən yerlik restoranı, mini-futbol, voleybol meydançaları, uşaq-əyləncə yerləri, stolüstü tennis, bilyard oyunları, canlı musiqi və rəqs meydanı, fəvvarəsi var. Qonaqlar burada 10 günlük yollayışlarla qalırlar. İsti çörək, cənub yeməkləri, qazan xörəkləri, ballı çay verilir. “İstisu” sanatoriyasında güzəştli şərtlərlə müalicə imkanı yaradılır.

“Viləş”-STV yaşıllıqları ilə öyünə bilər. İcarədə olan meşə fondunda yerləşsə də, nadir bitkilərlə zənginləşdirilib. Vətəni Şimali Amerika olan, Azərbaycanda yalnız Mərdəkan dendrarisində rast gəlinən katalpa (türkcə piroya siqara ağacı), habelə liqustr  (qurdbağrı) ağaclarına da rast gəlmək olar. Xan çinar, palıd, bəzək və gül kolları da çoxdur. Mərkəzin sahibi Vahid Mirzəyev özü buradakı ağacların sayını on minə çatdırıb.

Biz “Viləş”də olarkən “Azaldan və ARDNŞ-dən yollayışlarla gəlmiş ailələr dincəlirdilər. Bir axşam ailələrdən birinin övladı Selcanın doğum günü hamılıqla qeyd edildi. Uşaqlar doyunca şənləndi, yaşlılar məmnun qaldılar. Əməkdar artist Xanım Qafarova gözəl çıxışları ilə məclisə özəl rəng qatdı. Burada bənzər tədbirlər çox təşkil olunur. Qayıdanlar xoş xatirələrlə gedirlər.

 Bəli, ölkəmizin paytaxtı Bakıda, şimal rayonlarında olduğu kimi, cənub bölgəsində də yay turizm mövsümü hay-harayla davam edir. Şəhər bürküsündən sıyrılmaq, sərin guşələrdə dincəlib sağlıq durumunu  möhkəmləndirmək, gözünü-könlünü gözəlliklərə güldürmək istəyənlər üçün ən yaxşı zaman fürsətidir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2013.- 21 iyul.- S. 7.