Milli varlığımızı yaşadan və yüksəldən söz

 

Azərbaycan milli mətbuatı - 138

 

Azərbaycanda milli oyanış və ictimai tərəqqi prosesinin carçısı, milli istiqlal məfkurəsinin əsas qaynaqlarından olmuş anadilli demokratik mətbuatın yaranması tarixi xalqımızın hər il qədirbilənliklə yada saldığı, ehtiram və təntənə ilə qeyd etdiyi günlərdəndir. Xalqımızın duyan ürəyi, görən gözü, danışan dili, eşidən qulağı olan milli jurnalistikamızın yaranmasından 138 il ötür. 1875-ci il iyulun 22-də millətsevər ziyalı, cəfakeş maarifçi, böyük ictimai  xadim Həsən bəy Zərdabinin ilk milli qəzetimizin birinci nömrəsini min bir çətinliklə ərsəyə gətirməsi ilə çoxəsrlik mədəni tariximizdə yeni bir istiqamət açılmışdır.

“Əkinçi”nin Bakıda işıq üzü görməsi bir neçə cəhətdən əlamətdar və tarixi hadisə olmuşdur.   Əvvəla, milli varlığımızın ifadəçisinə çevrilən anadilli qəzet xalqın öz içərisindən bina edilmişdi. İkincisi, “Əkinçi” həqiqi xalq qəzeti olaraq məmləkətin yerli əhalisi ilə öz dilində danışmış, onun yaradıcısı Həsən bəy Zərdabi soydaşlarımıza əzəli haqlarını anlatmağa, “düşmənimiz əjdahanın ağzına düşməməyə, ”malü-mülkünü əldən verib özgələrə kirəkeşlik etməməyə" çağırmışdı. Üçüncüsü, Zərdabi və onun huşyar yetirmələri “Əkinçi”nin səhifələrində sivil dəyərləri geniş təbliğ etmiş, xalqımızı “gör-götür dünyası”na qoşulmağa səsləmişdilər. Qəzet mütərəqqi, işıqlı ideyalar carçısı olmuşdu. “Əkinçi” ikiillik fəaliyyətdən sonra hakim dairələr üçün arzuolunmaz mətbu orqana çevrildiyindən qapanmaq məcburiyyəti ilə üzləşdi. Lakin onun tarixi zərurəti ifadə edərək yaranması və örnəyə çevrilmiş fəaliyyəti ictimai düşüncəyə güclü təsir edərək sonrakı dövri nəşrlərin meydana gəlməsinə geniş yol açdı.

O zaman Bakıda olmuş bir fransız jurnalisti Həsən bəy Zərdabinin təkbaşına milli qəzet çıxarmasını əsl qəhrəmanlıq adlandırmışdı. Doğrudan da, “Əkinçi” nəşrini dayandırsa da, onun açdığı qapıdan keçərək sonrakı illərdə çıxan yeni qəzet-jurnallar xalqla kütləvi ünsiyyət yaratmağa çalışdı. Səid və Cəlal Ünsizadə qardaşlarının Tiflisdə və Şamaxıda nəşr etdirdikləri  “Ziya” (1879-1880) və “Ziyayi-Qafqaziyyə” (1880-1884) ideya-məfkurəvi baxımdan “Əkinçi” səviyyəsinə qalxa bilməsə də, xalqa, xüsusən, ziyalılara mətbuatın rolunu anlatmaqda, onun fəaliyyətinə qoşulmaqda yardımçı oldu, milli oyanışa Zərdabi çağırışlarını 5 il müddətində yaşatdı. Növbəti dövri nəşrimiz “Kəşkül”ü Tiflisdə əvvəl aylıq jurnal, sonradan həftəlik qəzet kimi buraxan (1883-1891) Cəlal Ünsizadə milli mətbuatımızın mövcudluq tarixini 7-8 il də uzatdı. “Kəşkül”ün səhifələrində təbliğ edilən sivil dəyərlər, ədəbi-mədəni mövzular xalqımızı mətbuatla bir az da yaxınlaşdırdı.

Təəssüf ki, hakim dairələrdən, millətin imkanlı adamlarından lazımi kömək almayan ilk milli nəşrlərimiz uzun müddət yaşaya bilmədi. Çünki ixtiyar sahibi olan məmurlar bu qəzet-jurnalları qulluq göstərdikləri rejimə gərəkli saymır, milli burjuaziya isə xalqın milli haqlarına sahib çıxmağa hazır olmadığından mətbuatın bu prosesdə rolunu hələ də anlamırdı. Beləliklə, “xalqımızın danışan dilini kəsmək” o qədər də çətin olmurdu.

Mərkəzi rus mətbuatının Qafqaz üzrə müxbiri işləmiş demokratik ziyalı Məhəmməd ağa Şahtaxtlı 1903-1905-ci illərdə nəşr etdirdiyi “Şərqi-Rus” qəzetinin buraxılışına hakim dairələrin maraqlarını əks etdirməyə “söz verməklə” çətinliklə icazə ala bilmişdi. Məhəmməd ağa, əslində, bu qəzeti Firudin bəy Köçərli, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə kimi pedaqoq-publisistlərin yaxın köməyi ilə “Əkinçi” ənənələrini yeni dövrdə dirçəldən, milli-mənəvi dəyərlərimizi qorumağa və yeniləşdirməyə çağıran bir tribuna kimi tanıtmağa nail oldu.

“Şərqi-Rus” öz fəaliyyəti ilə 1905-ci ildə I rus inqilabının yaratdığı demokratik şəraitdə yerli burjuaziyanın lideri, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin himayəsi, milli məfkurə mücahidləri Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevin redaktorluğu ilə nəşrə başlayan ilk gündəlik milli qəzetimiz “Həyat” üçün bir çox cəhətdən örnək oldu. “Həyat”ın ardınca azərbaycançılığın yönlərini - türkçülüyü, islamçılığı, müasirliyi məfkurə mübarizəsi ilə qovuşduran “Füyuzat” jurnalı 1906-cı ildə söz meydanına çıxdı. Bu dövrdə “İrşad” (1905-1907), “Tazə həyat” (1907-1908) qəzetləri, “Molla Nəsrəddin” jurnalı (1906-1931) milli mətbuatın cəbhəsini genişləndirdi. Nəriman Nərimanov, Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Haşım bəy Vəzirov, Üzeyir Hacıbəyli kimi publisistlər milli ideyanı mətbuatımızın aparıcı mövzusuna çevirərək Həsən bəy Zərdabinin açdığı yolun istedadlı, dönməz davamçıları oldular. Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin satirik qələmləri “Molla Nəsrəddində yeni bir məktəb yaratdı.

Həyatını söz və əməllə xalqa təmənnasız xidmətə həsr etmiş Həsən bəyin isə özünün anadilli qəzet buraxmaq cəhdləri baş tutmadığından Rusiyanın və Qafqazın rusdilli qəzet-jurnallarında “Əkinçi”də səpdiyi toxumları cücərdir, böyüdür, müqəddəs məramından zərrə qədər geri dönmürdü. Böyük demokrat-publisist 1896-cı ildən Bakıya qayıdaraq “Kaspi” qəzetinin fəal əməkdaşı, ayrı-ayrı vaxtlarda redaktoru kimi maarifçilik mövzularında ardıcıl çıxışlar etdi.

“Həyat”ın yaranmasını alqışlayan, bu qəzetdə silsilə məfkurə və xatirə yazıları çap etdirən Zərdabi yeni nəsil qəzetçi-publisistlər üçün ömrünün sonlarında daha bir həvəsləndirici nümunə göstərdi. Milli mətbuatımızın atası ömrünün son 2 ilində yenidən dirçələn jurnalistikamızın inkişafına güclü təkan verdi. Onun bilavasitə rəhbərliyi və iştirakı ilə ilk uşaq nəşrimiz “Dəbistan” (1906-1908) ərsəyə gəldi. Böyük “Əkinçi”nin banisi 1907-ci il noyabrın 30-da şam kimi ərimiş ömrünü qeyb edərək, milli mətbuatımızın xalq işi uğrunda mübarizəyə qoşulmasından məmnunluq, məmləkətin vəziyyətindən isə qəlb ağrısı duyğuları ilə əbədiyyətə qovuşdu.

Zərdabidən sonra milli mətbuatımızı bir daha susdurmaq, onun inkişafını dayandırmaq mümkün olmadı. Demokratik ziyalıların bir-birinin ardınca nəşr etdirdikləri “Tərəqqi” (1908-1909), “Həqiqət” (1909-1910), “Yeni irşad” (1911-1912), “İqbal” (1912-1913), “Yeni iqbal” (1915-1917), “Açıq söz” (1915-1918) kimi qəzetlərdə milli oyanış düşüncəsi milli muxtariyyət ideyasına, bu məram isə formalaşaraq və tarixi fürsəti cavablandıraraq istiqlal məfkurəsinə çevrildi. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi 1918-ci ilin sentyabrında nəşrə başlayan və 1920-ci ilin 28 aprel çevrilişinə qədər 433 nömrəsi çapdan çıxan “Azərbaycan” qəzeti “Əkinçi” ilə başlanan çətin, kəşməkəşli yolun ən uca nöqtəsi, ən şərəfli mənzili oldu. Bu arada Azərbaycanda 140-dan artıq anadilli qəzet-jurnal çıxmışdı.

Bolşevik işğalının səhərisi günü bütün demokratik nəşrlər qapadıldı, “Azərbaycan” qəzetinin yerində isə 1919-cu ilin 29 avqustunda yeganə nömrəsi çıxmış “Kommunist” (1991-ci ildən “Xalq qəzeti”) adlı qəzet buraxılmağa başladı. Xalqımızın milli oyanışdan dövlət müstəqilliyinə qədər keçdiyi, təxminən, yarım əsrlik yola gur işıq salan milli demokratik mətbuatımız tarixin amansız hökmü ilə yerini 70 il kommunist ideologiyasının ruporuna çevrilmiş avtoritar mətbuata tərk edib milli yaddaşa köçdü, sonrakı onilliklərdə xalqımızın əzəli haqlarına tapınan yazarların vicdanında yaşadı.

Sovet dövründə Azərbaycan mətbuatı radio və televiziyanın, bölgə mətbuatının yaranması ilə böyük bir informasiya şəbəkəsi kimi inkişaf etdirildi. Respublikamızda bu illərdə kommunist ideologiyasının yasaqlarına baxmayaraq, milli-mədəni dəyərləri geniş əks etdirən, əsasən, quruculuq proseslərinə yön verən “qırmızı” mətbuat professional jurnalistika kimi bir sıra sivil xüsusiyyətlərlə zənginləşdi. O illərdə sadə xalq dili əsasında mətbuat üslubu yarandı. Jurnalistika janr və sənətkarlıq məsələləri baxımından püxtələşdi. Jurnalistika təhsili, bu sahədə nəzəri-təcrübi fəaliyyət formalaşdı.

Stalinizmin iflasından sonra Azərbaycan idealının tədricən dirçəlməsi 1969-cu ildə xalqın içərisindən çıxıb ona təmənnasız xidmət yolu seçmiş, öz məmləkətini tanıtmaq, ucaltmaq məramı ilə siyasi olimpə yüksəlmiş ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli yaddaşın təzələnməsi, milli mənafenin üstün tutulması məcrasına yönəldildi. Bu prosesdə milli jurnalistikamızın gerçəkliyi əks etdirmək, dövrün salnaməsini yaratmaqla bağlı rolu xeyli gücləndi. Milli inkişaf, sivil dəyərlər bu dövrdə mətbuatımızın aparıcı mövzusu kimi müəyyənləşdi.

M.Qorbaçovun bədnam yenidənqurması və onun gizli planlarından olan Dağlıq Qarabağ münaqişəsinin bəlaları 1988-ci ildən xalqımızı sürətlə milli azadlıq hərəkatına yaxınlaşdırdı. Milli mətbuatımızın demokratik ənənələri gizli-açıq nəşrlərdə canlanaraq jurnalistikamızı xalqımızın köklü maraqları ilə qovuşdurdu. Beləliklə, kommunist rejiminin son dövründə mətbuatımız milliləşmə yolu keçib dövlət müstəqilliyimizin carçısına çevrildi.

1990-cı ildə “Əkinçi”nin doğulduğu 22 iyul Milli Mətbuat Günü kimi qeyd olundu.

Suverenliyin ilk iki ilində naşı siyasi qüvvələrin hakimiyyəti qəsb etməsi Azərbaycanı ümumi fəlakətə sürüklədiyi kimi, azadlıq qazanmış jurnalistikanı da ağır duruma saldı. O dövrdə dövlətçilik maraqlarını üstün tutan, ölkənin xilas yolunu düşünən ayıq-sayıq jurnalistlər xalqın ön sıralarında olaraq, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışını dəstəklədilər. Mütərəqqi proseslərdə medianın misilsiz rolunu hələ sovet dövründə yüksək qiymətləndirən ulu öndər bəlaları sovuşdurmaq, dövlət müstəqilliyini qoruyub saxlamaq, sabitliyi və milli birliyi təmin etmək, əsaslı islahatlar keçirmək yönündə nəhəng, miqyaslı fəaliyyətində kütləvi informasiya vasitələrinin gücündən məharətlə istifadə etdi.

Bununla yanaşı, ulu öndər demokratik cəmiyyətdə azad jurnalistikanın sağlam məcrada inkişafı üçün tarixi tədbirlər həyata keçirdi. 1998-ci ilin avqustunda KİV üzərində senzuranın ləğvi, onun dövlət idarəçiliyindən çıxarılıb özünüidarə relsinə keçirilməsi ilə bağlı atılan addım jurnalistika tariximizdə yeni dövrə qapı açdı. Prezident Heydər Əliyevin azad jurnalistikanın inkişafına təminat yaradan belə silsilə tədbirləri, möhkəmlənən yeni hüquqi-demokratik baza neqativ halların  aradan qaldırılmasına münbit zəmin yaratdı. Ölkənin media ailəsi ulu öndərin bu xidmətlərini onu “jurnalistlərin dostu” elan etməklə dəyərləndirdi.

 Ümummilli liderin Azərbaycana rəhbərlik prinsiplərini yaradıcılıqla davam etdirən Prezident İlham Əliyev də jurnalistikamızın inkişafına göstərdiyi xidmətlərlə bu yüksək ada layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çağdaş jurnalistikamızın çatdığı tarixi səviyyəni, qazandığı uğurları belə qiymətləndirmişdir: “Azərbaycan Respublikasında siyasi plüralizmin təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə əlverişli şərait yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. 1993-cü ildən sonra ölkədə həyata keçirilən ardıcıl islahatlar nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran bütün süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılmış və milli mətbuatın maddi-texniki bazası möhkəmləndirilmişdir.

Azərbaycan jurnalistlərinin l qurultayında mətbuatın özünütənzimləmə orqanı kimi yaradılmış Mətbuat Şurası media-dövlət və media-cəmiyyət münasibətlərinin müasir beynəlxalq təcrübəyə uyğun nizamlanmasında əhəmiyyətli rol oynamışdır. Mətbuat Şurasının fəaliyyəti bütövlükdə Azərbaycan jurnalistikasının inkişafına, dövlət orqanları, vətəndaşlarla mətbuat arasında münasibətlərin tənzimlənməsinə, jurnalistlərin peşəkarlığının yüksəlməsinə, söz və məlumat azadlığından sui-istifadə hallarının qarşısının alınmasına xidmət etmişdir”.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 2010-cu il 22 iyul tarixli sərəncamına uyğun olaraq jurnalistlər üçün yaşayış binasının tikintisinə 5 milyon manat məbləğində vəsait ayrılmışdır. 2013-cü il iyulun 22-də həmin binadakı 155 mənzil Azərbaycan mət- buatının inkişafında xidmət- ləri və mənzil şəraitinin yax- şılaşdırılmasına ehtiyacı olan jurnalistlərə paylanmışdır.

Ölkə rəhbərinin xoş məramı ilə  peşə fəaliyyətinə görə jurnalistlərin cəzalandırılması təcrübəsinə son qoyulmuşdur. Möhtərəm Prezidentimizin jurnalistlərdən yeganə gözləntisi cəmiyyətdə şəffaflığa xidmət etmək, obyektiv olmaq, ümumi tərəqqiyə ictimai dəstək verməkdir. Bu məram dövlət başçısının ölkə jurnalistlərinin bu yaxınlarda keçirilən VI qurultayına təbrikində bir daha əksini tapmışdır: “Müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir”.

Qurultay milli mətbuatımızın 138-ci ildönümü ərəfəsində Prezident İlham Əliyevin bu çağırışını alqışlarla qarşıladı və qarşıdakı dövrdə fəaliyyətin üstün yönü kimi qəbul etdi.

138 yaşlı Azərbaycan jurnalistikası ötən dövrdə həmişə xalqımızın maraqlarına xidmət etmiş, ulu öndər Heydər Əliyevin dediyi kimi, onun arzu və istəklərinin ifadəçisi olmuşdur. Söz azadlığı prinsiplərinə sadiqliyi, ölkəmizin demokratik inkişafına xidmətləri ilə milli jurnalistikamız xalqın və dövlətin ona bəslədiyi ümidləri doğruldur, cəmiyyətdə öz mövqeyini və nüfuzunu ildən-ilə yüksəldir.

 

Xalq qəzeti.- 2013.- 23 iyul.- S. 5.