Səbail rayonu 2013-cü ilin birinci yarısında

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş  iclasında ətraflı müzakirə olunmuşdur.

İclası giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, ölkədə 6 ay ərzində ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru 11 faiz, kənd təsərrüfatı 5 faiz artmış, inflyasiya cəmi 2 faiz olmuş, əhalinin pul gəlirləri təxminən 7 faiz artmışdı. Ölkənin strateji valyuta ehtiyatları 48 milyard dollar təşkil edir ki, bu da ölkə başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.

 

Uğurlar, vəzifələr

 

Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov bildirmişdir ki, 2013-cü ilin ilk altı ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən 11.616,4 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir. Nəqliyyat müəssisələri tərəfindən 266,7 milyon manatlıq və ya keçən illə müqayisədə 1,8 faiz çox, rabitə müəssisələri tərəfindən 295,4 milyon manatlıq və ya keçən ilin müavifq dövrünə nisbətən 2,8 faiz çox rabitə xidmətləri göstərilmişdir. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1.854,8 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 30,7 faiz artmışdır. Tikinti–quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 644 milyon manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti–quraşdırma işləri 3,3 dəfə artmışdır.

İlin əvvəlindən pərakəndə ticarət şəbəkəsindən əhaliyə 122,2 milyon manat məbləğində və ya ötən ilin eyni dövründəkindən 22,6 faiz çox istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən 146,2 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çoxdur. Həmin dövr ərzində əhaliyə 40,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29,3 faiz çox iaşə xidmətləri göstərilmiş, pullu xidmətlərin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 2,5 faiz artaraq 146,2 milyon manat olmuşdur.

Səbail rayonu üzrə daimi əhalinin sayı 95638 nəfər olmuş, əlavə olaraq rayonda 9207 nəfər məcburi köçkün məskunlaşmışdır. Rayonda çalışan işçilərin sayı 111983 nəfər, orta aylıq əmək haqqının məğləği isə 905 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 5,9 faiz çoxdur. 2013-cü ilin I yarısı ərzində Səbail rayonu ərazisində 879 yeni iş yeri açılmışdır ki, bunların hamısı daimi iş yerləridir. Ümumilikdə, 2009 ildən 2013-cü ilin iyun ayına kimi Səbail rayonunda 9373 daimi iş yeri açılmışdır.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq 2013-cü ilin ilk 6 ayı ərzində Dövlət Musiqili Komediya Teatrının binasında, 3 saylı Vərəm Əleyhinə Dispanserdə, C.Hacıyev adına 3 saylı uşaq musiqi məktəbində, Bibiheybət qəsəbə mədəniyyət evi və kitabxanasında, 1 və Bayıldakı 33 saylı saylı şəhər poliklinikalarında, 44 saylı uşaq bağçasında, Dağüstü parkın ərazisinin bir hissəsində aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılmışdır. 20-ci yaşayış sahəsində 102 və 118 saylı 35 kilovoltluq 2 yeni yarımstansiya şəbəkəyə qoşulmuş, Bibiheybət qəsəbəsində poçt məntəqəsi açılmışdır.

Proqramın icrasına uyğun olaraq Badamdar qəsəbəsində yeni su anbarlarının tikintisi aparılır. Bibiheybət qəsəbəsindəki 70 saylı uşaq bağçası üçün 2 mərtəbəli əlavə korpusun tikintisi və köhnə binanın əsaslı təmiri davam edir. Hazırda rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, “Alov qüllələri” kompleksinin, Badamdar qəsəbəsində Oksford məktəbi üçün yeni tədris korpusunun, “Azadlıq” meydanında yeraltı qarajın, Əhəd Yaqubov küçəsində Müasir İstedadlar Məktəbinin, “Cənub” mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Qurban Abbasov küçəsində yeni iş mərkəzinin tikintisi aparılır. Yeni veloparkın yaradılması, mərkəzdə yaşayış binalarının fasadlarının üzlənməsi, Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması, “Qız qalası”nda bərpa və konservasiya işləri davam edir. Bu işlər çərçivəsində Azadlıq meydanı ərazisinin tam şəkildə təmiri başa çatdırılmış, yola yeni asfalt örtüyü çəkilmişdir. Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün yeni binanın inşası başa çatıb və bina Milli Mətbuat Günündə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verildi. Heydər Əliyev Fondu tərəfindən Badamdar qəsəbəsində 136 saylı uşaq bağçasında əsaslı təmir aparılır. RİH tərəfindən Dağüstü parkda rayonun ictimai təşkilatları və “Şəhidlər Xiyabanı” kompleksində çalışan texniki xidmətlərin işçiləri üçün yeni bina, Badamdar qəsəbəsindəki qəbiristanlıqda dini ayinlər üçün ibadətgah inşa olunmuşdur. Qəsəbədə texniki xidmət işçiləri üçün 2 mərtəbəli xidməti yaşayış binası tikilmiş, oradakı mənzillər lazımi mebel və avadanlıqla təmin olunmuşdur.

Hazırda Badamdar şosesi boyunca mağaza, ofis və iaşə obyektlərinin üzlənməsi, yol kənarlarının təmizlənməsi, hasarların rənglənməsi və ərazinin abadlaşdırılması, Səbail Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Prokurorluğunun binalarının müasir şəkildə təmir-yenidən qurulması, Fikrət Əmirov küçəsi 1 və 2 ünvanlarındakı 16 mərtəbəli 2, Neftçilər prospektində 3, Bayıl dairəsindəki 3 yaşayış binasının, A.İsgəndərov küçəsi 1 və 3/5 ünvanlarında, Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin binasının üzlənməsi və fasadlarının təmir-yenidən qurulması işləri, Salyan şosesi boyunca istinad divarının üzlənməsi aparılır.

Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Belə ki, Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində, 9 binanın dam örtüyündə təmir işləri aparılmış, su və kanalizasiya xətləri dəyişdirilmiş, mərkəzdəki bir sıra binaların fasadı təmir olunmuş, rənglənmiş və ərazidə abadlıq-təmizlik işləri görülmüşdür.

Badamdar qəsəbəsində hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilmişdir. Səbail rayonunun Elektrik Təchizatı və Satış İdarəsi, Səbail Rayon Qaz İstismar Sahəsi, Səbail Rayon Sukanal Departamenti tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilmiş, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməmişdir.

2013-cü ilin ilk 6 ayı ərzində Səbail Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün 426 ailə (1752 ailə üzvü) müraciət etmiş, onların sənədlərinə müavfiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 117,90 manat sosial yardım təyin olunmuşdur. Dövlət Sosial Müdafiə Fondu Səbail Rayon Şöbəsində qeydiyyatda olan 13074 nəfər təqaüdçüyə ilin ilk 6 ayı ərzində 17.262.749,25 manat təqaüd və müavinət verilmiş, ödənişlərdə gecikmə qeydə alınmışdır. Səbail Rayon Məşğulluq Mərkəzinə ilin ilk 6 ayı ərzində 480 nəfər işaxtaran vətəndaş daimi işlə təmin olunmuşdur, “Ərazi Məşğulluq Proqramı”na əsasən cari ilin birinci yarısı ərzində 16 nəfər iş axtaran vətəndaş üçün mərkəzdə “ingilis dili” üzrə peşə kursları və 16 nəfər iş axtaran vətəndaş üçün isə “Kompyuter istifadəçisi” kursları açılmışdır. “Əmək yarmarkasında” 24 nəfər daimi işlə təmin olunmuşdur.

Hesabat dövründə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilmişdir. İlin əvvəlində Badamdar və Bibiheybət qəsəbələri icra nümayəndəliklərinin və RİH-in 2012-ci ilin yekunlarına həsr olunan hesabat yığıncaqları, RİH-də rayonda yaşayan 20 Yanvar şəhidlərinin, Çernobıl qəzası əlilləri və ailə üzvləri ilə, Xocalıdan olan məcburi köçkünlərlə görüş keçirilmiş, faciənin ildönümü ilə bağlı bir sıra tədbirlər təşkil olunmuşdur.

Azərbaycan Gəncləri Günü ilə bağlı Dövlət Bayrağı Meydanındakı “Kristal-holl”da Səbail gənclərinin bayram şənliyi təşkil olunmuşdur. Novruz bayramı və Silahlı Qüvvələr Günü ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhə xəttində yerləşən hərbi hissənin şəxsi heyətinə bayram sovqatlarını çatdırmış, incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti verilmişdir. Rayonun nümayəndələri Daxili Qoşunların Bərdə şəhərində yerləşən hərbi hissəsində və Badamdar qəsəbəsindəki hərbi hissədə də görüşlər və konsertlər təşkil etmişlər.

 

Ümumilikdə 6 ay ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 7726 olmuşdur.

İclasda Dövlət Sosial Müdafiə Fondu Səbail Rayon Şöbəsinin müdiri Məmməd Nuriyev, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elbrus Əhmədov, Milli Məclisin şöbə müdiri Adilə Abbasova, Milli Qəhrəman Cəbrayıl Əliyev, rayonun təsərrüfat xidmətlərinin rəhbərləri çıxış etmişlər.

İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.

 

  Əlamətdar hadisələr, unudulmaz günlər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin birinci yarısında rayonda keçirilən bir sıra mühüm dövlət tədbirlərində iştirak etmişdir. Fevral ayının 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir. Dövlətimizin başçısı Biznes Mərkəzində 2003-2012-ci illərdə respublikanın sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri əks etdirən sərgi ilə tanış olmuşdur. Bu sərgidə Azərbaycan iqtisadiyyatı və ölkənin regionlarının 2003-2012-ci illərdə keçdiyi inkişaf yolu hərtərəfli əksini tapmışdır.

Ölkə başçısı konfransda geniş nitqlə çıxış etmiş, iqtisadiyyatın bütün sahələri üzrə görülmüş işlər, həyata keçirilmiş layihələr, əldə olunmuş uğurlar barədə məlumat vermiş, mövcud çatışmazlıqlardan söz açmış, qarşıda duran vəzifələrdən danışmış və yekun nitqi zamanı müvafiq tapşırıqlarını vermişdir.

 Mart ayının 19-da dövlət başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva “Qız qalası”nın qarşısındakı meydanda keçirilən Novruz şənliklərində iştirak etmişlər. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırmış və Dənizkənarı Milli Parkda keçirilən bayram şənliyində geniş nitq söyləyərək xalqımızı bayram münasibətilə təbrik etmişdir.

Həmin gün dövlətimizin başçısı, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva bayram konsertinə baxmış, Milli Parkda nümayiş etdirilən Azərbaycan xalçalarının nümunələri və toxuma prosesi ilə tanış olmuş, gənc rəssamların, modelyerlərin və el sənətkarlarının əl işlərinə tamaşa etmiş, güləşçilər və Azərbaycan Qol Güləşi Federasiyasının üzvlərinin çıxışlarını izləmişlər.

Sonra Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Milli Kulinariya Mərkəzinin nümayəndələri ilə söhbət etmiş, Milli Parkda təşkil edilən “Şərq bazarı” bayram şənliyində ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışlarını izləmiş, hazırlanmış sənətkarlıq nümunələri və Azərbaycan torpağında yetişdirilmiş məhsulların sərgisi ilə tanış olmuşlar. Keçirilən tədbirlərdə Səbail rayon ictimaiyyəti nümayəndələri də iştirak etmişlər.

Aprel ayının 18-də ölkə başçısı İlham Əliyev Azərbaycan Dövlət Musiqili Teatrının binasının əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilmə mərasimində iştirak etmişdir. Qeyd olunmuşdur ki, 1883-cü ildə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda ilk teatr binası tikilmişdir. 1988-ci ildə uçmaq təhlükəsi olduğuna görə həmin bina sökülmüş və yeni binanın inşasına başlanmışdır. Teatr binasının tikilib istifadəyə verilməsinə xüsusi diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyev 1995-ci ildə tikinti işləri ilə tanış olmuş, öz tövsiyələrini vermişdir. Ulu öndər 1998-ci ilin oktyabrında teatr binasının rəsmi açılışında iştirak etmişdir.Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı sərəncama əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasında geniş yenidənqurma işləri həyata keçirilmişdir. Yenidənqurma işləri zamanı əvvəlki memarlıq üslubunun qorunub saxlanmasına xüsusi diqqət yetirilmişdir.

 

Aprelin 19-da ölkə başçısı İlham Əliyev Bakıda Su İdmanı Sarayının təməlqoyma mərasimində iştirak etmişdir. Qeyd olunmuşdur ki, 2012-ci il avqustun 30-da Prezident İlham Əliyev Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsinə dair sərəncam imzalamışdır. Koreya Respublikasının “Securo CO.LTD” şirkəti sarayın layihələndirilməsi işlərini qısa müddətdə başa çatdırmışdır.

Prezident İlham Əliyev Su İdmanı Sarayının inşasının yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini vermişdir.

Mayın 25-də Prezident İlham Əliyev Bakının Dağüstü parkında yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verilmişdir ki, bu gün Bakıda aparılan abadlıq-yenidənqurma işləri çərçivəsində şəhərin ən yüksək hissəsində yerləşən Dağüstü parkın da yenidən qurulması qərara alınmışdır. Parkda əsaslı təmir işləri yüksək səviyyədə görülmüş, ərazi tamamilə yenidən qurulmuşdur. Müasir tələblər səviyyəsində qurulan və paytaxtın bu hissəsinin görkəminə xüsusi yaraşıq verən parkda yeni yollar və cığırlar salınmışdır. Burada quraşdırılan yeni şəlalə parka füsunkar görünüş verir. Parkda yaşıllaşdırma işləri aparılmış, yeni dekorativ bitkilər əkilmişdir. Müasir işıqlandırma sistemi parkın gözəlliyini daha da artırır. Prezident İlham Əliyev Dağüstü parkda İstiqlal Muzeyinin binası ilə də tanış olmuşdur. Mayın 27-də ölkə başçısı İlham Əliyev paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etmişdir.

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli İncəsənət Muzeyinin yeni keçid korpusunun açılışında iştirak etmişlər. Tikintisinə 2009-cu ildə başlanmış yeni korpusun inşası zamanı milli memarlıq ənənələri ilə müasir üslubun bir-birini tamamlamasına xüsusi fikir verilmişdir. Dövlətimizin başçısı və onun xanımına muzeyin ekspozisiyasının müxtəlif bölmələrində yerləşən eksponatlar barədə məlumat verilmişdir. Yeni korpusla tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını vermiş və muzeyin kollektivinə uğurlar arzulamışdır.

 İyunun 7-də ölkəmizin siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının V qurultayı keçirilmişdir. Qurultayda 2013-cü ilin prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilmiş və İlham Əliyev yenidən Yeni Azərbaycan Partiyasının sədri seçilmişdir.

İyunun 24-də ölkə başçısı İlham Əliyev “Alov qüllələri” Kompleksindəki “Fairmont Baku” otelinin açılış mərasimində iştrak etmişdir. Paytaxtın simasına xüsusi yaraşıq verən “Alov qüllələri” Kompleksinin “Fairmont Baku” otelində nömrələrin hamısından şəhərə və Xəzər dənizinə gözəl mənzərə açılır. Otel qülləsində ümumi sahəsi 2,3 min kvadratmetrdən çox olan və özündə idman zalı, hovuz və digər istirahət yerlərini birləşdirən xidmət sahələri yaradılmışdır. Əlavə olaraq ümumi sahəsi 5 min kvadratmetrdən çox olan və 430-1000 nəfərlik tədbirlərin keçirilməsi üçün 5 müxtəlif konfrans zalı, ziyafət zalları, restoran və kafelər da fəaliyyət göstərir. Oteldə 219 avtomobil üçün dayanacaq vardır.

Ölkə başçısı tərəfindən paytaxtın mərkəzi rayonu olan Səbail rayonuna, onun sosial-iqtisadi inkişafına böyük fikir verilir, burada gedən prosseslər, həyata keçirilən irimiqyaslı layihələr cənab Prezidentin şəxsi nəzarətində saxlanılır.

Rayon ərazisində qeydiyyatdan keçən 4631 nəfər qaçqın (850 ailə) və 9170 nəfər (2801 ailə) məcburi köçkün soydaşımızın rastlaşdığı problemlərin həlli daim RİH-in diqqət mərkəzində olmuşdur. Köçkünlərin yığcam yaşadıqları 24 yaşayış obyektində, eləcə də fərdi mənzillərdə yaşayanların fasiləsiz olaraq su, qaz, elektrik enerjisi ilə təhciz olunması və kanalizasiya xəttinin normal işləməsi üçün gündəlik tədbirlər həyata keçirilmişdir. Bakı-Ələt yolunun çəkilişi və Dövlət Bayrağı Meydanının Bibiheybət qəsəbəsi istiqamətində uzadılması işləri çərçivəsində Dəniz küçəsi və ona bitişik ərazidəki tikililərdə məskunlaşmış 100-ə yaxın məcburi köçkün ailəsi kommunal şəraitli mənzillərə köçürülmüşdür. Məcburi köçkünlərin məskunlaşdığı Badamdar yolu 198 ünvandakı yataqxananın kanalizasiya xətti təmir olunmuş, yeni borular çəkilərək nasazlıq aradan qaldırılmışdır. Həmçinin Gülbala Əliyev küçəsində “Cənubtikintiservis” ASC-nin həyətində məskunlaşmış məcburi köçkünlərin istifadə etdiyi kanalizasiya xətti, köçkünlərin məskunlaşdığı “Şıx” sanatoriyasının kanalizasiya xətti təmir olunmuş, korpusdakı su xətləri dəyişdirilmişdir.

Buxta küçəsi, 212 ünvandakı yataqxananın qəzalı vəziyyətdə olması ilə bağlı burada məskunlaşmış məcburi köçkünlərin köçürülməsi ilə əlaqədar Nazirlər Kabinetinə müraciət olunmuşdur. Gülbala Əliyev küçəsi, 3 ünvanında məskunlaşmış, Qubadlı rayonundan məcburi köçkün Nailə Davidovanın qısaqapanma nəticəsində yanmış evi RİH-in köməkliyi ilə əsaslı təmir olunmuşdur. Novruz bayramı, Milli Qurtuluş Günü, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar rayondakı şəhid, əlil, aztəminatlı ailələrlə yanaşı, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə RİH tərəfindən də ərzaq yardımları göstərilmişdir. Rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar hazırlanmış təkliflər sırasına şəhid ailələri, müharibə veteranları və əlilləri üçün yeni yaşayış binasının tikintisi salınmış və bu planın həyata keçirilməsi üçün işlər aparılır.

2013-cü ilin I yarısında rayonda RİH-in təşkilatçılığı ilə bir sıra tədbirlər və toplantılar təşkil olunaraq keçirilmişdir. İlk olaraq yanvar ayında rayonun Badamdar və Bibiheybət qəsəbə nümayəndəliklərinin rayon rəhbərliyi, müxtəlif xidmətlərin, ictimaiyyət nümayəndələrinin, qəsəbələrin sakinlərinin iştirakı ilə 2012-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmiş, bu yığıncaqlarda qəsəbələrdə görülən işlər, həyata keçirilən layihələrdən həlli vacib problemlər və onların aradan qaldırılması yollarından danışılmışdır.

Fevral ayının 1-də rayon icra hakimiyyətinin iclas zalında Səbail Rayon İcra Hakimiyyətinin 2012-ci ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçmiş, keçən il ərzində həyata keçirilən işlər müzakirə olunaraq 2013-cü il üçün qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Yığıncağın yekunlarına görə, rayon icra hakimiyyətinin 2012-ci il üçün fəaliyyəti “qənaətbəxş” qiymətləndirilmişdir.

Cari ilin 6 ayı ərzində mütəmadi olaraq rayon icra hakimiyyəti başçısı yanında şuranın iclasları keçirilmiş, rayon icra hakimiyyətinin 2013-cü il üçün təsdiq olunmuş tədbilər planında nəzərdə tutulmuş məsələlər müzakirə olunmuşdur.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2013.- 23 iyul.- S. 6.