Oğuz yurdu, Dədə
Qorqud diyarı, dastanlar
ünvanı Bayburt
Türkiyənin təbiətinə görə gözəl vilayətlərindən biri olan Bayburt dünya türkləri üçün mühüm əhəmiyyətə malik məkan kimi diqqəti cəlb edir.
Bunun səbəbi odur ki, bu gözəl diyardakı bir çox yerlər xüsusilə şifahi xalq yaradıcılığının möhtəşəm səhifələrindən biri olan və oğuz türklərinin tarixi yaşantılarını, adət-ənənələrini özündə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanındakı adlarla uyğunluq təşkil edir. Bəzi tarixçilər isə əsaslandırdıqları elmi faktları ortaya qoyaraq qeyd edirlər ki, oğuzların mənəvi atası Dədə Qorqudun qəbri də məhz buradadır. Hazırda Bayburtdan təxminən 40 kilometr məsafədə yerləşən Masat kəndində Dədə Qorqudun tarixi türbəsi ucalır. Uzun illərdir, yerli əhali bu türbəni göz bəbəyi kimi qorumuş, dağıntılara məruz qalmasına imkan verməmişdir. Onu da deyək ki, bəzi tarixçilər Masat kəndinin adını dastandakı Basat adı ilə eyniləşdirirlər. Yəni türk dünyasının incisi olan bu vilayət, həm də Türkiyə və Azərbaycanın ortaq tarixini, xalqlarımızın birgə keçmişini özündə əks etdirən nadir yerlərdən biridir. Azərbaycandan olan bir qrup həmkarımla birlikdə hər iki ölkənin insanları üçün maraqlı olan tarixi məkanları gəzdikcə bu reallığı bir daha dərk edirdim.
Bayburt və Ərzurum vilayətlərinə olan səfərimizin təşkilatçısı son dövrlər böyük yeniliklərə imza atan, yeni-yeni mühüm layihələr həyata keçirərək regionun turizm infrastrukturunu möhkəmləndirməklə birlikdə tanıtımını gerçəkləşdirən Şimal-Şərqi Anadolu İnkişaf Agentliyi (Kuzeydoğu Anadolu Kalkınma Ajansı –KUDAKA), Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşavirliyi və Türkiyə Hava Yolları idi. Media mənsubları ilə birlikdə öncə İstanbula uçduq. Günəşin şəfəqləri yeddi təpə üzərində qurulan nəhəng şəhəri işıqlandıranda bura çatdıq. Təyyarənin illumunatorundan uzun müddət yaşadığım, təhsil aldığım, gəncliyimin ən mənalı illərinin keçdiyi doğma şəhəri seyr etməkdən doymurdum. Ümid edirdim ki, Bayburta və Ərzuruma getmədən öncə İstanbulda dəfn olunan qızımın məzarını ziyarət edəcək, tələbə yoldaşlarımla görüşəcəyəm. Ancaq səfər qrafiki o qədər sıx idi ki, bütün bunlara vaxt qalmırdı. Bu isə daxilən məni sıxır, kədərləndirirdi... Türkiyə Hava Yollarına aid təyyarə ilə Ərzuruma, oradan isə Bayburta gələndə bu yerlərin təbii gözəlliyi, göz oxşayan mənzərəsi insana bütün problemlərini unutdurur, çox qəribə bir mənəvi rahatlıq bəxş edirdi.
Anadolunun şimal-qərbində, Çoruh çayının aşağı vadisində, dəniz səviyyəsindən 155 metr yüksəklikdə, yaşıllıqlarla örtülü mənzərəli bir məkanda yerləşən Bayburt, ümumilikdə Şərq ölkələrinin şəhərlərinə xas olmayan bir xüsusiyyəti ilə diqqətimi cəlb etdi. Burada şəhərin düz ortasından keçən nəhəng Çoruh çayı Bayburtu iki yerə bölür. Bu mənzərə Rusiyadakı və Avropadakı bəzi şəhərləri xatırladır. Çayın kənarlarında muncuq kimi düzülən gözəl binalar isə Bayburtun gözəlliyinə gözəllik qatır. Şəhər turistlərin cəlb olunması baxımından yaxşı perspektiv vəd edir. İstər ərzaq, istər otel, istərsə də xidmətlər Türkiyənin digər vilayətlərinə nisbətən daha münasibdir. İnsanlarına isə söz ola bilməz. Səmimi, mehriban, gülərüzdülər. Hələ sizin Azərbaycandan gəldiyinizi bilsələr, “ata yurdumuzdan gəlibsiniz”-deyərək necə sevindiklərinin, sizə necə böyük hörmətlə yanaşdıqlarının bir daha şahidi olacaqsınız. Bəlkə də bunun bir səbəbi bu vilayətdəki oğuz türklərinin öz adət-ənənələrini yüksək səviyyədə qoruyub saxlamasıdır...
Səfərimizə Masat kəndindəki Dədə Qorqud türbəsinin yaxınlığında keçirilən ənənəvi XIX Beynəlxalq Dədə Qorqud mədəniyyət və sənət şöləninə qatılmaqla başladıq. Tədbirdə iştirak etmək üçün bəzi Balkan ölkələrindən, o cümlədən Azərbaycandan da folklor qrupu gəlmişdi. Burada çıxış edən istər Azərbaycan nümayəndələrinin, istərsə də Türkiyə rəsmilərinin hər biri qardaşlığımızı, həmrəyliyimizi, sarsılmaz dostluğumuzu vurğulayır, türk dünyasının gələcəyini bu iki ölkə arasında sıx strateji tərəfdaşlığın müəyyənləşdirəcəyini qeyd edirdilər. Çıxışlarda Azərbaycana və onun qətiyyətli Prezidenti İlham Əliyevə ünvanlanan xoş sözlər hər birimizi qürurlandırırdı. Bir daha anlayırdıq ki, dövlət başçımızın türk dünyasının inteqrasiyası istiqamətində istər enerji, istər iqtisadi, istər mədəni, istərsə də digər sahələrdə həyata keçirdiyi böyük siyasət türk xalqı tərəfindən böyük rəğbətlə, məhəbbətlə qarşılanır.
XIX Beynəlxalq Dədə Qorqud mədəniyyət və sənət şöləni Bayburt şəhərində də möhtəşəm tədbirlərlə davam etdirildi. Azərbaycanlı incəsənət xadimlərinin parlaq çıxışları tədbiri izləyən bayburtlular tərəfindən hərarətli alqışlarla qarşılanırdı. “Yaşa mənim xalqım, yaşa Azərbaycan” mahnısı səslənəndə isə yer yerindən oynadı, alqışlar səmada əks-səda verdi. Bir qrup azərbaycanlı jurnalistlə birlikdə alqış sədaları altında səhnəyə çıxaraq üçrəngli bayrağımızı dalğalandırdıq. Tədbirdə iştirak edən türkiyəli deputatlar və rəsmi şəxslər də bizə qoşuldular. Bu zaman “Yaşasın Azərbaycan!” sədaları yəqin ki, Bayburt şəhərinin hər tərəfindən eşidilə bilərdi...
Şöləndən sonra Bayburt vilayətinin valisi Həsən İpək və şəhər bələdiyyəsinin sədri Hacı Əli Polat Azərbaycandan gələn jurnalistləri qəbul etdi. Səmimi şəraitdə keçən görüşdə Həsən bəy ulu öndərimiz Heydər Əliyev ilə bağlı xatirələrindən söz açdı. Qeyd etdi ki, o, 1991-1992-ci illərdə dəfələrlə Naxçıvana gəlmiş, türk dünyasının böyük oğlu ilə görüşmüşdür. Həmin illərdə blokada vəziyyətində olan və erməni təcavüzünə məruz qalan qədim diyarımızda bir sıra ərzaq məhsullarının çatışmazlığını aradan qaldırmaq üçün Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ilə aparılan danışıqlarda Həsən bəy də iştirak etmiş və bir sıra konkret addımların atılması ona tapşırılmışdı. O, iki qardaş ölkəni bir-birinə bağlayan və blokada vəziyyətində olan qədim diyarımız üçün mühüm əhəmiyyət kəsb edən “Ümid” körpüsünün tikintisində də yaxından iştirak etmişdir. Bayburt valisi bu gün Azərbaycanın, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın çox sürətlə inkişaf etdiyini və Cənubi Qafqazın parlayan ulduzuna çevrildiyini xüsusilə vurğuladı. Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın, sıx dostluğun yalnız inkişafa xidmət etdiyini və xalqlarımızın gələcəyi üçün önəmli olduğunu bildirdi, qarşlıqlı turist səfərlərinin təşkilinin və bu mənada turizmin inkişafının əhəmiyyətini qeyd etdi...
Görüşdə bizə məlum oldu ki, bu günlərdə Anadoluda ilk Qazi ünvanını alan böyük komandan Abdulvahap Qazi həzrətləri və “Dədə Qorqud” dastanının qəhrəmanlarından olan Bamsı Beyrəyin məzarlarının aşkar olunduğu Erenli (Duduzar) kəndində inşa olunacaq sosial təsislərin təməli də atılıb. Bildirildi ki, buradakı işlər KUDAKA tərəfindən 2013-cü il Turizmin İnkişafına Maliyyə Dəstəyi çərçivəsində gerçəkləşdirilən “İnancın mərkəzindən turizmin mərkəzinə” adlı layihə əsasında aparılır. Layihənin 3 ay ərzində başa çatdırılacağı gözlənilir. Şəhər bələdiyyəsinin sədri Hacı Əli Polat qeyd etdi ki, biz bu ərazidə tarixi və turizm dəyərlərimizi, xüsusilə də inanclarımızı əks etdirən məkanlarda turizmi inkişaf etdirməyi qarşıya məqsəd qoymuşuq. Bununla həm bölgənin iqtisadi yüksəlişi daha da sürətlənə bilər, həm də ümumilikdə türk dünyası arasında mənəvi bağların möhkəmləndirilməsi təmin edilə bilər.
Həqiqətən də bunun üçün
real imkanlar da var. Çünki Bayburt Türkiyənin ən qədim, tarixi şəhərlərindən biridir. Burada çoxsaylı
tarixi abidələr mövcuddur. Bəziləri Bayburt vilayətini açıq səma altında olan muzeyə bənzədir.
Bəlkə də bunun səbəbi odur ki, bölgədə tarixin bütün dövrlərinin maddi-mədəni
irsi olduğu kimi qorunub saxlanılıbdır.
Bəzi mənbələrdə bu
şəhərin tarixinin
hətta miladdan əvvələ dayandığı
qeyd olunur. Bayburtun Qara dənizi Bəsrə körfəzinə
bağlayan ticarət yollarının üzərində
yerləşdiyi üçün
bura daim bütün dövlətlərin
diqqət mərkəzində
olub. 1054-cü ildən başlayaraq Səlcuq türkləri bu şəhərə hücumlar təşkil edib. Vaxtilə inşa edilən
və sıldırım
qayalar üzərində
yerləşən nəhəng
Bayburt qalası bu hücumlardan qorunmaq üçün çox əlverişli məkan olub. 1071-ci ildə baş verən Malazgirt döyüşündən bir
il sonra
şəhər Səlcuq
imperiyasının nəzarəti
altına keçib. Türklərin şəhərə hakim olmasından sonra qala yenidən, bu dəfə daha əzəmətli bir şəkildə inşa olunub. Qala yüksəklikdə yerləşdiyinə
görə bura rahat gəlmək üçün maşından
istifadə etmək zərurət halını
alıb. Qala qapısına
çatmadan geriyə
baxanda Bayburt şəhərinin möhtəşəm
mənzərəsini, hətta
şəhərin hər
bir küçəsini
görmək mümkündür.
Bu məqamda bayburtluların
tez-tez istifadə etdikləri bir cümlə yadıma düşür: “İstanbul
böyüdükcə Bayburta
oxşayır”. Zarafatla deyilən
bu sözlərdə həqiqət payı da var. Çünki hətta çox ciddi bənzərlik olmasa da qaladan
Bayburta baxanda, nədənsə, gözlərimin
qarşısında meqapolis
olan İstanbulun əzəmətli görüntüsü
canlanır. Qaladan şəhərə
baxanda daha da möhtəşəm mənzərə ilə qarşılaşırsan. Buradan nəinki şəhəri,
ətrafdakı çox
geniş ərazini də ovuc içi
kimi görmək mümkündür. Bu, qalanın hərbi baxımdan necə strateji bir yerdə
yerləşdiyinin sübutudur.
Dağ üstündə ucalan abidə elə inşa edilib ki, bəzən aşağıya diqqətlə
baxanda adama elə gəlir ki, sıldırım kənarında ucalan divarları əl ilə itələsən aşağıya yuvarlanacaq.
Ancaq divarın nəhəng daşlarla inşa edildiyini, eninin iki metrdən
çox və kifayət qədər dayanıqlı olduğunu
nəzərə alsaq,
bunun o qədər də asan olmayacağı
anlaşılır...
Bayburtda ən maraqlı məkanlardan biri də Aydıntəpə yeraltı şəhəri
adı verilən yerdir. Buranın hansı
tarixdə və nə məqsədlərlə
istifadə edildiyi tam olaraq bilinməsə də, bələdçilərimiz
Müzeyyen xanımın
və Fatih bəyin dediklərindən
belə anlaşılırdı
ki, qədim Roma imperiyası dönəmində
yeraltı məkan xristianlığı qəbul
edənlərin sığınacaq
yeri olub. Deyilənə görə, İkinci
dünya müharibəsi
zamanı bu məkandan istifadəyə
cəhd olunub. 1963-cü ildə ətraf ərazilərdə
aparılan infrastruktur
layihələr nəticəsində
yeraltı şəhərin
bəzi hissələrində
çökmələr meydana
gəlib. Nəticədə sığınacağın müəyyən
hissələri su və palçıqla dolub. İlk dəfə yeraltı
şəhər barədə
məlumatı yazıçı
Gülyüz Uslu yayıb. 1988-ci ildən etibarən isə bu məkan
hərtərəfli araşdırılmağa
başlanılıb. Qazıntılar bu gün də
davam etdirilir.
Yeraltı şəhərə daxil omaq üçün pilləkənlərlə 3 metrədək
aşağı enmək
lazımdır. Burada hələ də
bərpa işləri
getdiyinə görə
bəzi keçidlər
bağlıdır. Təxminən bir metrədək enində olan tunellə irəliyə doğru hərəkət
edərkən qarşımıza
mağaraya bənzər
o qədər də böyük olmayan çoxsaylı otaqlar çıxır. Deyilənə görə, yeraltı şəhərə sığınan
ailələr vaxtilə
həmin “kiçik evlərdə” məskunlaşıblarmış.
Burada, necə deyərlər, təhlükəsizlik tədbirləri
də görülüb.
Düşmən sığınacağı aşkar etdikdə onun yolunu bağlamaq
üçün “otaqların”
birində böyük
yumru daş qoyulub. Onu keçidə yerləşdirdikdə
yolu açmaq xeyli çətinləşir.
Əslində, bir yol qalır, o da daşı sındırmaq
ki, hər halda bu da
o qədər də asan olmaz.
Bu sığınacağı hazırlayan qədim insanlar su ilə
təminatı da diqqətdən kənarda saxlamayıblar. Belə ki, tunellə
təxminən 300 metr
irəlilədikdən sonra
qarşımıza kiçik
hovuz çıxdı.
Yeraltı bulaqdan süzülən
su bu hovuza
dolur və maraqlıdır ki, hovuz tam dolandan sonra su axını
dayanır. Əgər davamlı
axsa idi, yəqin ki, hər tərəf su ilə dolardı.
Tunellərdə havalandırma üçün
də xüsusi yerlər mövcuddur.
Konus formasında olan ventilyasiya dəlikləri yeraltı şəhərdə
temperaturun 12 dərəcə
selsidə saxlanılmasında
böyük rol oynayır. İçərinin soyuq olması
isə burada uzun müddət qalmağın mümkünsüzlüyünü
göstərir. Ehtimal ki,
bura qısa zaman üçün sığınacaq kimi istifadə olunub. Bələdçilərimizdən biri olan Salih bəyin sözlərinə görə,
bəzi tarixçilər
yeraltı şəhərin
zindan kimi istifadə edildiyini bildirirlər.
Bayburtdan ayrılaraq Ərzuruma doğru yola çıxırıq. Türkiyənin
bir tarixi məkanından digər bir möhtəşəm məkanına gedərkən
həmkarlarımla bir
daha ortaq tariximizin, keçmişimizin
daha dərindən tədqiq edilməsinin əhəmiyyəti barədə
söhbət edir, bu bölgədə formalaşan mədəniyyətin,
ünsiyyət qurulan dilin azərbaycanlılar üçün doğma olması barədə danışırıq...
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2013.- 23 iyul.- S. 7.