Ağdamın işıqları bu güngur yanır...

 

Ağdamın işğalından 20 il keçir

 

Bu rayon Qarabağın aranı ilə dağlıq hissəsinin baş qapısıdır. Bu təbii-coğrafi şərait tarixən onun çiyninə xüsusi bir missiya qoyub: aranla dağ arasında tarazlıq yaratmaq, hər iki hissənin ağır yükünü çəkmək. Ağdam həmişə bu şərəfli işin öhdəsindən layiqincə gəlib. Yaylağa qalxanlar da, qışlağa dönənlər də onun qonağı olub, min bir nemətindən dadıb, pay aparıb.

Zaman-zaman erməni millətçiləri Qarabağa əl uzadıb dava salanda, qan axıdanda onların xəyanət və vəhşiliklərinin qarşısını almaqda Ağdam müstəsna hünər göstərib. 1988-ci ilin fevralında quldur separatçılar yenidən baş qaldıranda Ağdam Qarabağ uğrunda ümumxalq hərəkatının baş qərargahına, ön xəttinə çevrildi. Qeyrətli övladlarına arxalanan bu torpaq 5 il yarım düşmənin qarşısında alınmaz qala oldu, onun törətdiyi faciələrin əsas ağırlığını daşıdı.  

1993-cü ilin böhranlı yayında isə böyük xilaskar, ümummilli lider Heydər Əliyev Azərbaycanı naşı, xain siyasi qüvvələrin sürüklədiyi fəlakətdən xilas etmək üçün gecəli-gündüzlü çalışdığı günlərdə xəyanətkarlar Ağdamı müdafiəsiz qoydular. Ölkənin sosial-iqtisadi həyatında önəmli bir mövqe tutan bu bölgənin üçdə ikisi, Qarabağın mədəni mərkəzinə çevrilmiş Ağdam şəhəri də daxil olmaqla, yağıya təslim edildi.

O vaxt rayonun 170 min əhalisi çöllərə səpələndi, öz yurdunda didərginə çevrildi. Ulu öndər Heydər Əliyevin müstəsna səyləri, həyata keçirdiyi ardıcıl tədbirlər nəticəsində yerdə qalan ərazinin etibarlı müdafiəsi yaradıldı, məcburi köçkünlər nicat tapdılar. Ağdam yaşadı, problemlərini yoluna qoydu, düşmənin qarşısında ona göz dağı verən uğurlar qazandı. Ağdamın işğalının 20-ci ildönümü ərəfəsində rayonda olduq, onun işığını gur yandıran, suyunu çağladıb—otunu göyərdən insanları ilə görüşdük. Hər addımda quruculuqla, bol məhsul istehsalı ilə qarşılaşdıq. Ağdamlıların qayğıları, arzu-istəkləri ilə ətraflı tanış olduq.

Sonda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovla görüşdük. Ötüb-keçənlər, qarşıda duran işlərə nəzər saldıq. Müsahibimiz bildirdi:

— Dünyanın ən başabəla toplumlarından olan haylar - onlara biz erməni deyirik - Anadoludan Qafqaza yayılaraq əzəli Azərbaycan torpaqlarında Ermənistan Respublikası yaratmışlar. Bununla da kifayətlənməyərək “Böyük Ermənistan” xülyası ilə Azərbaycana qarşı torpaq iddiasını davam etdirmiş, Qərbi Azərbaycandan soydaşlarımızı zaman-zaman sıxışdırıb çıxarmışlar. Həyasızlıq o yerə çatmışdır ki, ermənilər Azərbaycan torpaqlarının ortasında yerləşən Qarabağın dağlıq hissəsini də ələ keçirməkdən çəkinməmişlər.

Keçən əsrin ikinci yarısında da bu iddialar davam etdirilmişdir. Qarabağa 150 il əvvəl rusların köçürdüyü ermənilərin 1967-ci ildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi təşəbbüsünü o vaxt respublikanın Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən ulu öndər Heydər Əliyev yerindəcə susdurmuşdu.  Azərbaycana rəhbərlik etdiyi və Kremldə çalışdığı illərdə də o, erməniləri susmağa məcbur etmişdi. 1987-ci ilin axırlarında ermənilərin himayəçisi olan Qorbaçov ulu öndər Heydər Əliyevi  SSRİ rəhbərliyindən  uzaqlaşdırdıqdan sonra Ermənistanın Azərbaycana qarşı  ərazi iddiaları yenidən baş qaldırdı.

1988-ci ilin fevral ayından başlayaraq Dağlıq Qarabağda erməni separatizminə rəvac verilməsi, SSRİ rəhbərliyinin erməniləri açıq-gizli müdafiə etməsi Azərbaycan xalqının qəzəbinə səbəb oldu. Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək məqsədi ilə başladığı münaqişəyə  ilk cəlb olunan məhz Ağdam rayonu oldu. 1988-cı il fevral ayının 20-də Xankəndində ermənilərin keçirdikləri qanunsuz mitinqə, orada səsləndirilən    Qarabağ Ermənistanındır” şüarına qarşı ilk dəfə ağdamlılar öz haqq səslərini ucaltdılar. On minlərlə insan ədalətsizliyə, həyasızlığa etirazlarını bildirmək üçün fevral ayının 22-də Ağdam şəhərinin mərkəzi meydanına axışdı. Həmin gündən Ağdam şəhəri fırtınalı, təlatümlü bir dənizə dönmüşdür. Mitinqdən sonra Əsgəran şəhəri istiqamətində yürüş zamanı ağdamlı gənclər Əli və Bəxtiyar şəhid oldular. Ağdam Qarabağ müharibəsində ilk şəhidlərini verdi.

 

Ermənistanın Azərbaycanın  ərazisini - Dağlıq Qarabağı  işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibədə hadisələrin çətinlikləri   daha çox Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.

1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurdlarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə Azərbaycanlı da məhz Ağdam rayonuna pənah gətirirdi.

Ağdamlılar bir tərəfdən ona  pənah gətirənlərin yerləşdirilməsi, problemlərinin həlli ilə, digər tərəfdən ermənilərin təcavüzünə cavab verməklə məşğul olurdular. Rayonda yaradılan özünümüdafiə dəstələri, respublikada ilk dəfə Ağdamda yaradılan hərbi hissə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan ərazilərinin və rayonun müdafiəsinə qalxmışdı.

Ağdamlılar ərazilərimizin işğalına yol verilməməsi üçün döyüşür, itkilər verirdi. Qarabağ müharibəsinin bütün  ağrılarını çiyinlərində daşıyan Ağdam düşmənə sinə gərdiyi 5 illik savaşda minlərlə şəhid versə də, torpağının hər qarışı övladlarının qanı ilə suvarılsa da, sonda Ağdam şəhəri və onun ətraf kəndləri işğala məruz qaldı.

İşğalın əsas səbəblərindən biri Ermənistana bir çox ölkələrin, o cümlədən Rusiyanın havadarlığı idisə, digər tərəfdən Vəzirovun, Mütəllibovun, AXCP və Müsavat rəhbərliyinin ölkəyə səriştəsiz rəhbərlik etməsi idi. 1992-ci ildə Dağlıq Qarabağı bütünlükdə işğal edən Ermənistan bununla kifayətlənməyərək, Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Ağdama olan hücumların ardı-arası isə kəsilmirdi. Xəyanətkar qüvvələrin təsiri ilə Ağdamdakı ağır texnika döyüş meydanından çıxarılaraq 1993-cü ilin iyununda Gəncə şəhərinə göndərildi. Ermənilər bundan istifadə edərək müdafiəsiz qalmış ərazilərə hücumlarını gücləndirdilər. Ağdama son hücumda Ermənistan tərəfdən 6 min nəfərə yaxın əsgər iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gətirilmiş erməni və muzdlu əsgər də var idi.

Həmin fəlakətli günlərdə rayondakı əsas hərbi hissələrin və yerli batalyonların döyüşçüləri fədakarlıq göstərir, Ağdam şəhərinin işğalına yol verilməməsi  üçün canlarından keçir, şəhid olurdular. Lakin respublikada kürsülərini qoruya bilməyən bədnam qüvvələr özünümüdafiə dəstələri arasına nifaq salmaqla, batalyon komandirləri arasındakı münasibətləri korlayan təxribatçı və şayiə yayan qruplar düzəltməklə əhali arasında ruh düşkünlüyü yaradırdılar. O vaxtkı AXCP - Musavat hakimiyyəti Ağdamı, ağdamlıları köməksiz vəziyyətdə, düşmənlə təkbətək qoymuş, Surət Hüseynovla haqq-hesab çürütmək üçün mövcud hərbi qüvvəni Gəncəyə və Bakıya aparmışdılar.

Amma Ağdam əhalisi  bütün dünyaya öz qeyrətini nümayiş etdirdi, son ana qədər döyüşdü. Lakin 1993-cü ilin 23 iyulunda Ağdam şəhəri süqut etdi. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Ağdam rayonu Ermənistanın hərbi təcavüzünə qarşı aparılan mübarizədə həmişə ön cərgədə olmuşdur. Ağdam vuruşmuşdur, döyüşmüşdür, böyük itkilər vermişdir.

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda gedən ölüm-dirim mübarizəsi Ağdamda cəsurluğu və igidliyi ilə ad-san çıxarmış qəhrəmanlar dəstəsinin yetişməsinə səbəb oldu. 7 özünü müdafiə batalyonunun komandirləri bilavasitə döyüş zamanı vuruşaraq qəhrəmancasına şəhid olmuşlar.  Ağdamlıların qəhrəmanlıqlarından təkcə bir misalı nəzərinizə çatdırmaq istərdik. Ermənistan silahlı qüvvələri Ağdam şəhərini və onun ətraf kəndlərini işğal edəndən sonra hücumlarını davam etdirərək orta zonaya həmlə edir və nəticədə Çıraqlı kəndi də işğal olunur. Döyüşlərdə botalyon kamandiri, Azərbaycanın Milli Qəhrəmanı Elmar Edilov şəhid olur. Onun həyat yoldaşı Reyhan xanım həmin batalyona komandirlik edərək Çıraqlı kəndini işğaldan azad edir. Təsəvvür edirsinizmi, təkcə Çıraqlı kəndi işğalda qalsaydı, onda orta zonadakı və Ağdamın indiki ərazisindəki vəziyyət necə olardı? Bu cür qəhrəmanlıq misallarını çox göstərmək olar.

Yüzlərlə ağdamlı gənc 20-25 il əvvəl çoxlarına əfsanə kimi görünən bir çox qəhrəmanlığı həyatda göz önündə göstərirdi. 71 nəfər ağdamlı döyüşçü erməni işğalçılarına qarşı vuruşmalarda cəsarət, şücaət və misilsiz qəhrəmanlıqlar göstərdiklərinə görə mükafatlandırılmışdır. Onlardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı  fəxri adına layiq görülmüş, 21 nəfər “Azərbaycan Bayrağı” ordeni, 7 nəfər “Vətən Uğrunda”, 7 nəfər “İgidliyə görə”, 21 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur. Bu o deməkdir ki, yurdlarına bağlı olan ağdamlılar Vətəni sevməyi, onun yolunda şəhid olmağı bacardılar. Ağdam uğrunda gedən döyüşlərdə 5 min nəfərdən çox şəhid verilmişdir.

Təəssüflər olsun ki, beynəlxalq havadarlarının köməyi sayəsində Ermənistan silahlı qüvvələri Ağdam rayonunun ərazisinin 77,4 faizini, o cümlədən Ağdam şəhərini, 1 qəsəbə və 82 kəndi işğal etdilər. 143 min nəfər ağdamlı məcburi köçkün vəziyyətinə düşərək respublikanın 62 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır.

İşğal olunmuş ərazidə 34600 yaşayış evi, 27 sənaye, 29 kənd təsərrüafta, 57 rabitə, 120 səhiyyə, 108 mədəniyyət obyekti, 114 tədris, 59 məktəbəqədər tədris, 11 nəqliyyat, 32 tikinti müəssisələri,  çoxlu sayda abidələr, muzeylər və sairə qalmış, rayona 17 milyard manatdan çox ziyan dəymişdir.

Ağdamın işğalı təkcə ağdamlıların deyil, bütün Azərbaycanın ağrısıdır. Ümummilli liderimiz Heydər Əliyev əbəs yerə deməmişdir: “Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz!”

Bu gün hər bir ağdamlının qəlbində bir təəssüf hissi yaşayır. Bu təəssüf hissi Heydər Əliyevin Azərbaycan dövlətinə yenidən rəhbərliyinə qayıdışının bir qədər gec olmasıdır. Belə ki, ulu öndər siyasi hakimiyyətə tez gəlsəydi Azərbaycan  böyük itkilərə məruz qalmazdı və torpaqları işğal olunmazdı.

Azərbaycanın o vaxtkı AXCP-Müsavat rəhbərliyi ölkəni idarə edə bilmirdi. Azərbaycan parçalanmaq, məhv olmaq vəziyyətinə düşmüşdü. Azərbaycan Respublikasının o vaxt başında duranlar vəziyyəti o həddə çatdırmışdılar ki, əsgərlər ermənilərlə döyüşə gedənlərin maşınlarına yanacaq belə tapa bilmirdi. Bu da Ermənistanın xeyrinə işləyən  amillərdən idi və nəticədə respublikanın 20 faiz ərazisi işğala məruz qaldı.

 

Müsahibimiz ağdamlıların bugünkü qayğılarından da söz açdı:

 

Bu gün rayonumuzun qan bahasına qorunub saxlanmış ərazisində 90 min nəfərdən artıq əhali yaşayır. Məcburi köçkünlər üçün 17 müasir tipli qəsəbə salınıb. Əhali daimi elektrik enerjisi, təbii qazsu ilə təmin olunur. Rayonun inzibati mərkəzi sayılan Quzanlı qəsəbəsində böyük abadlıq, quruculuqtikinti işləri aparılır. Qəsəbənin siması günü-gündən şəhərləşir, digər yaşayış məntəqələrində də abadlıq-quruculuq tədbirləri həyata keçirilir.

Ağdam rayonuna Bərdə ilə qonşuluqda, Xaçınçay istiqamətindən girişdə milli ornamentlərlə giriş qapısı tikmişik. Ərazidə ən hündür nöqtədə - tarixlər şahidi Soltanbud təpəsinin zirvəsində Azərbaycan bayrağı dalğalanır. Burada Bayraq meydanı yaradılıb, təpənin sinəsində Azərbaycanın xəritəsi həkk olunub.  Azərbaycanın torpaqları uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirə kompleksi yaradılıb, park salınıb.

Quzanlı qəsəbəsi ilə Bayraq Meydanını birləşdirən Heydər Əliyev prospektinin İmamqulubəyli kəndindən keçən hissəsində abadlıq işləri davam etdirilir. Rayonda aparılan digər abadlıq, quruculuqtikinti işlərindən danışıb vaxtınızı almaq istəmirəm. Çünki son 4 ildə nə qədər işlər görüldüyü, neçə-neçə məktəbin, xəstəxananın, inzibati binanın və digər obyektlərin tikilib istifadəyə verildiyi, rayondaxili və qəsəbə, kənddaxili küçələrin, yolların salındığını, təmir olunduğunu, digər işləri qəzetiniz daim işıqlandırır.

 

Sonda başçı ağdamlıların ən böyük arzu və gözləntisinin üstünə gəldi:

 

Rayonumuzun ərazisində, respublikanın digər şəhər və rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülsə də, onların hamısının bir arzusu var: doğma yurd-yuvalarına qayıtmaq! Bu istək bir an belə bizi tərk etmir və əminik ki, tezliklə itirdiyimiz torpaqlara qayıdacağıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əksər çıxışlarında,  beynəlxalq səviyyəli görüşlərində birmənalı şəkildə  qeyd edir ki, işğal olunmuş torpaqlar danışıq mövzusu deyil, bir qarış torpağımızı belə kiməsə güzəştə gedəsi deyilik. Möhtərəm Prezidentimizin bu qətiyyətli mövqeyi doğma torpaqlarımıza qayıtmaq ümidimizi daha da artırır.

 

Ağdamlılar Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasətini dəstəkləyir, hər an onun əmri ilə silaha sarılmağa, işğal altındakı torpaqlarımızı azad etmək uğrunda müqəddəs savaşa atılmağa hazırdırlar.

 

P.S.

 

İyulun 23-də Ağdam ictimaiyyətinin nümayəndələri və işğal gününün ildönümü ilə bağlı rayona gəlmiş çoxsaylı qonaqlar Quzanlı qəsəbəsindən Dövlət Bayrağının ucaldığı Soltanbud təpəsinə doğru 5 kilometrlik yolda yürüş keçirmişlər.

 

Aksiya iştirakçıları Ermənistanın işğalçılıq siyasətini pisləyən, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad edilməsi ilə bağlı qətnamələrinin yerinə yetirilməsini tələb edən şüarlar səsləndirmişlər.

 

Tahir AYDINOĞLU,

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2013.- 24 iyul.- S. 6.