Ömrün mətbuatda keçən 46 ili

 

Azərbaycan milli mətbuatının yaranmasının 138-ci ildönümünü qeyd edir.  Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə Azərbaycan dilində ilk qəzetin - “Əkinçi”nin təsis edilməsi ilə milli mətbuatımızın əsası qoyulmuşdur.

1875-ci ilin 22 iyulundan 2013-cü ilin 22 iyulunadək dəyişən əsrlərin, baş verən inqilabi çevrilişlərin, bir-birini əvəz edən dövlət quruluşlarının şahidi olan, tariximizi yaddaşlara köçürən mətbuatımız, öz ənənələrinə sadiq qalaraq, maarifçilik ideyalarının daşıyıcısı olmuş, cəmiyyəti düşündürən problemləri əks etdirmişdir. Hazırda Azərbaycanda yüzlərlə qəzet, jurnal, müasir tipli mətbəələr öz fəaliyyətlərini uğurla davam etdirirlər. Bu gün haqlı olaraq mətbuat işçiləri qərinələrin yaddaşına öz möhürünü vurmuş milli mətbuatımızın böyük uğurları ilə öyünür, bu ailənin üzvü olmaları ilə fəxr edirlər.

Belə insanlardan biri, milli mətbuatımızın inkişafına töhfələr verən “Azərbaycan” nəşriyyatının ofset sexinin rəisi Elman Kərimov barədə söz açmaq mənim üçün xüsusilə xoşdur. Hələ jurnalistika fakültəsində təhsil aldığım illərdə kurs yoldaşlarımdan birinin sevinclə “Elman Kərimovun yanında təcrübə keçirəm, onu yəqin tanıyırsan. Bu gün bilmişəm ki, yerlinizdir. O qədər qayğıkeş və öz işini bilən insandır ki... Düşünürəm, mətbəə işini bütün incəliklərinə qədər öyrənə bilərəm”, - dediyi sözləri xatırlayıram. Daha sonralar, əsnasında Elman müəllimlə görüşdükdə hər dəfə onda əsl qəzetçiyə xas keyfiyyətlərin şahidi oldum. Ömrünün 46 ilini mətbəədə, çap maşınlarının arasında keçirən bu insan bir dəfə də yoruldum- deməyib, öz sənətinin çətinliyindən gileylənməyib, təcrübəsi ilə mətbuatımızın inkişafına öz töhfələrini verib. “Qəzetin oxunaqlılığını, materialların cəlbediciliyini poliqrafik vasitələrdən səmərəli istifadə etməklə artırmaq olar”, - deyir, Elman müəllim.

Son illər dövlətimizin çap işinə göstərdiyi qayğı nəticəsində bu sahənin çox inkişaf etdiyini bildirən Elman Kərimov qəzetlərin rəngli çap olunduğunu, onların keyfiyyətinin yüksəldiyini bildirir. Kağız hazırlayıcısı kimi işə başlayan, sonralar çapçı və çapçı köməkçisi işləyən Elman Kərimov 20-ildən artıqdır ki, ofset sexinin rəisidir.

Peşəsinə bağlılığının səbəbini soruşanda özünəməxsus təmkinliliklə söhbətə uzaqdan başladı:

- Orta məktəbdə təhsil aldığım illər həyatımızın sərt sınaqlarla üzləşdiyi ötən əsrin 50-ci illərinin ortalarına təsadüf edib. Kasıb ailə çox olduğundan, ümumi vəziyyət elə idi ki, dərsdən sonra bütün uşaqlar bir yerə yığışıb çöldən çır-çırpı, odun yığıb, evə gətirirdilər. Bəzən köməksiz ailələrə də əl tuturduq. Maşınlara meyvə yükləmək də biz uşaqların qazanc mənbələrindən biri idi. Ən kollektiv isə Astaranın “stansiyaadlanan ərazisində idi. Vaxt tapan kimi uşaqlarla ora qaçır, yeşik mıxlayırdıq. Kim çox mıxlasa idi, o günün sonunda daha çox pul alacaqdı.

Beləliklə, erkən yaşlardan əməyə alışırdıq. Zəhmətkeş böyüməyimin həyatımda çox böyük təsiri oldu. O zaman bir az fəallığı ilə seçilən yeniyetmə və gənclər təhsil və dalıyca şəhərə üz tuturdular. Mən də təhsil almaq arzusu ilə Bakıya gəldim. Doğrusunu desəm, konkret hansısa peşəyə sahib olmaq arzum yox idi. Orta məktəbdə texniki fənlərə maraq göstərdiyim üçün sənədlərimi Bakı Politexnik Texnikumuna verdim və qəbul olundum. Həmin zaman, həm də qəzet sexində axşam növbəsində kağız hazırlayıcısı kimi işə düzəldim. Oxumaqla yanaşı, işləmək mənim üçün çətinlik yaratmırdı. Düzü, fikirləşmirdim ki ömrümün sonuna qədər bu sahədə işləyəcəyəm. Sadəcə olaraq işimi bütün incəliklərinə qədər öyrənməyə çalışır, buna nail olanda isə sevinirdim. Düşünürəm ki, bu peşəni seçməyim tale qisməti idi. “Belə bir qismət sizi bezdirməyib ki? Yarım əsrə yaxındır ki, bu səhədə çalışırsınız” - sualına Elman müəllim belə cavab verdi:  “Əksinə, qəlbimdə peşəmə qarşı bitib-tükənməz bir sevgi duyuram. Bu artıq həyatımın bir hissəsinə çevrilib. İnsan həyatından necə bezə bilər? Bilirsinizmi, dahi Nizami Gəncəvinin öz dövrü üçün yazdığı “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan” məşhur misraları bizim dövrümüz üçünçox aktualdır. İnsan peşə seçərkən ilk növbədə həmin peşəyə nə dərəcədə sahib ola biləcəyini düşünməlidir. İndi belə bir hal yaranıb. Gənclərimiz ali məktəbdən sonra qısa müddət ərzində bir neçə yeri dəyişirlər, bir yerdə qərar tuta bilmirlər. Adını da qoyurlar ki, karyera qurmaq üçün perspektivli axtarırıq. Ancaq onlar yadda saxlamalıdırlar ki, hər hansı bir perspektiv peşəni hansı dərəcədə bilməkdən asılıdır”.

 Şübhəsiz, yüksək səviyyəli peşə bacarığı imkan verir ki, insan işindən zövq alsın. İşinin mahir bilicisi olan  əməksevərliyi ilə fərqlənən Elman Kərimovun təcrübəsindən bəhrələnən saysız-hesabsız yetirmələri var. “Mətbəə işinin çox çətin və məsuliyyətli olduğunu kim bilmir ki. Ümumiyyətlə, hər bir peşənin özünəməxsus çətinlikləri var. Insan özünün təcrübəsi, metodu ilə gördüyü işi asanlaşdırmağı da bacarmalıdır. Bəs ilk milli mətbəələrimizi yaradanlar işin çətinliyi ilə qarşılaşmırdılarmı? Həsən bəy Zərdabi Azərbaycanın ilk mətbu orqanının nəşrinə nail olmaq üçün çox böyük problemlərlə qarşılaşmışdı ki, onlardan biriçap problemi idi. O zaman nəinki Azərbaycanda, bütün Qafqazda ərəb əlifbası ilə çap yox dərəcəsində olduğu üçün Həsən bəy ilk növbədə, çap tədarükü görməli oldu. Milli mətbəə təşkil etmək məqsədilə İstanbuldan qəzetin nəşri üçün xüsusi ərəb mətbəə şrifti gətirilsə də, müstəqil mətbəə açmaq imkanı olmadığından İstanbuldan gətirilən şriftlər Bakı Quberniya mətbəəsinə verildi və “Əkinçi” qəzeti burada çap olunmağa başladı. Poliqrafik şərait olmadığından şəkillərin çapı mümkün deyildi. Belə bir şəraitdə vətənpərvər oğul və qızlarımız bu işi görmüş, getdikcə inkişaf etdirmişlər ”.

Zəhmətkeşliyi ilə fərqlənən peşəkar poliqrafçı, öz üzərində çalışması, qabaqcıl metodları tətbiq etməsi ilə, hər zaman diqqəti cəlb etmişdir. O, demək olar ki, keçmiş Sovet İttifaqının bütün aparıcı nəşriyyatlarında dəfələrlə olmuş, həmkarlarının zəngin təcrübələrindən yetərincə bəhrələnmiş, bütün bunları doğma yerində tətbiq etmişdir.

Ölkəmizdə qəzetlərin çapında ofset üsulunun tətbiq edilməsini Elman Kərimov belə xatırlayır: “Ulu öndər Heydər Əliyev 1981-ci ildə Azərbaycanda yeni nəşriyyat binasının istifadəyə verilməsinə nail olduburaya ofset çap üsulunu yerinə yetirən müasir texnika gətirildi. O vaxt köhnə sexdə çapçı kimi fəaliyyət göstərirdim. Yeni quraşdırılan ofset texnikası məndə böyük maraq oyatdığına görə buraya tez-tez gəlir, maraqlanırdım. Müdiriyyət marağımı görəndə məni Minsk şəhərinə- bu texnologiyanı öyrənməyə göndərdi. Bir həftəyə bütün prosesi öyrəndim. Həmin illər mətbəə işçiləri arasında ümumittifaq yarışları keçirilirdi. ” Pravda nəşr evi"nə daxil olanPravda”, “Komsomolskaya pravda”, “Selskaya jizn” və “Sosialistiçeskaya industriya” qəzetlərinin həm keyfiyyətli çapına, həm də oxuculara vaxtında çatdırılmasına görə keçirilən yarışda qalib mətbəəyə keçici qırmızı bayraqpul mükafatı verilirdi. Mən 1981-1984-cü illərdə - ardıcıl olaraq dörd il həmin yarışın qalibi oldum. Bu çox böyük nailiyyət idi və həyatımda ən unudulmaz izlər buraxdı. Ulu öndər Heydər Əliyevi ilk dəfə həmin illərdə- indiki “Şəhriyar adına Sarayda yarış qalibi kimi mükafat alarkən görmüşdüm".

Elman müəllim həyat yolunun heç də həmişə hamar olmadığını,  çətinliklərin, problemlərin də olduğunu bildirdi: “ İnsan məqsədindən əl çəkirsə, artıq geriyə addım atır. Ancaq məqsədinə doğru gedirsə, çətinlikləri, onları yaradan səbəbləri özühiss etmədən dəf edir. Belə olduqda uğursuzluq da insandan yan keçir. Şübhəsiz, həyatda heç bir şey asan başa gəlmir. Əgər elə olsaydı, həyat o qədər də maraqlı olmazdı.  Yetirmələrinizə nə deyərdiniz sualına isə ”Yazılan o vaxt xalqın sərvətinə çevrilir ki,o işıq üzü görsün və hamı üçün əlçatan olsun. Mən 46 il bu prosesi reallaşdıran adamlar arasında olduğuma görə fəxr edirəm. Yetirmələrimə bu sənətin qədrini bilmələrini tövsiyə edərdim. Peşənin zirvəsinə ucalmaq hər kəsə nəsib olmur. Çalışsınlar ki, sənətin zirvəsini fəth etsinlər”, - dedi.

Təcrübəli poliqrafçının əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Ona əməkdar mühəndis adı verilib (qeyd edək ki, Elman Kərimov poliqrafiya üzrə əməkdar mühəndis adını almış yeganə mütəxəssisdir).

Söhbətimizin sonunda Elman Kərimov xalqımızı, Azərbaycanın bütün mətbuat işçilərini bu əlamətdar bayram münasibəti ilə təbrik etdi, mətbuatımızın öz ənənələrinə sadiq qalaraq, daha böyük zirvələr fəth etməsini arzuladı.

 

Leyla QURBANOVA

 

Xalq qəzeti.- 2013.- 24 iyul.- S. 6.