Binəqədi rayonunda Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilmişdir

 

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov  çıxış edərək 138 yaşını qeyd edən Azərbaycan mətbuatının inkişaf tarixindən, keçdiyi şərəfli yoldan söz açmışdır. Bildirmişdir ki, böyük ziyalı və maarifçi Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün zamanlarda həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri və dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanda KİV-in sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılmış, plüralizm, söz və mətbuat azadlığına mane olan senzura ləğv edilmiş, mətbuatın fəaliyyətini tənzimləyən qanunvericilik bazası yaradılmışdır.

X.İsgəndərov xatırlatmışdır ki, dövlət başçısının sərəncam və tapşırıqları əsasında KİV-lər əlavə dəyər vergisindən, qəzetlər “Azərbaycan” nəşriyyatına olan borclardan azad edilmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmış, mətbuat işçilərinə yardımlar edilmişdir.

Natiq həmçinin ümummilli lider Heydər Əliyevin milli mətbuata göstərdiyi qayğıdan danışmışdır. Vurğulamışdır ki, bu gün Prezident İlham Əliyev Azərbaycanda söz azadlığının qorunmasında, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsində, KİV-lərə dövlət dəstəyinin gücləndirilməsində ulu öndərin ideyalarına sadiqlik nümayiş etdirir.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli və “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin çıxışlarında  hər bir jurnalistin ilk növbədə vətənpərvər olmasının vacibliyi önə çəkilmişdir. Azərbaycan mətbuatının 138 illik şanlı yoluna nəzər salan natiqlər ümummilli lider Heydər Əliyevin mətbuata diqqət və qayğı siyasətinin bu gün onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar.

Sonda Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən elan edilmiş “Binəqədi rayonu mətbuatın gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 24 iyul.- S. 7.