Ölkənin xarici siyasəti: müasir
dövrün reallıqları və gələcəyə
baxış
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun bu yaxınlarda “Qanun” nəşriyyatında çapdan çıxmış “Xarici siyasət: reallıqlar və gələcəyə baxış” adlı kitabı ölkəmizin elmi ictimaiyyətinin böyük marağına səbəb olmuşdur. AzərTAc tarix elmləri doktoru, professor Pərvin Darabadinin Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətləri və prioritetləri nəzərdən keçirilən bu fundamental əsərə həsr olunmuş məqaləsini təqdim edir.
Məlum olduğu kimi, hər bir milli dövlət dünya birliyinin ayrılmaz tərkib hissəsidir və başqa ölkələrlə, başqa xalqlarla əlaqədən kənar inkişaf edə bilməz. Son dərəcə müxtəlif olan bu əlaqələr həm konkret dövlətlərarası münasibətlər çərçivəsində, həm də beynəlxalq miqyasda nizamlanır. İstənilən dövlətin həyata keçirdiyi xarici siyasət onun başqa ölkələrlə münasibətlərinin tənzimlənməsi, beynəlxalq aləmdə onun milli maraqlarının reallaşmasının təmin edilməsi üçün ən mühüm vasitədir.
Hər bir dövlətin xarici siyasətinin mahiyyəti onun öz qarşısına qoyduğu konkret məqsədlərlə və onlara nail olmaq vasitələri ilə müəyyən edilir. Bu, dövlətin ictimai-siyasi quruluşu, onun sosial-iqtisadi inkişaf səviyyəsi, beynəlxalq təşkilatlarda və dünya problemlərinin həllində iştirakının fəallıq dərəcəsi və bir sıra başqa amillərdən asılıdır. Dövlətin xarici siyasətinin ənənəvi məqsədləri isə bir-biri ilə sıx bağlı olan aşağıdakı məsələlərdən ibarətdir: dövlətin milli təhlükəsizliyinin, onun suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi; onun daxili işlərinə kənardan müdaxilənin yolverilməzliyi; pozitiv beynəlxalq imicin yaradılması; beynəlxalq münasibətlərdə dövlətin rolunun və nüfuzunun artırılması; xarici aləmdə müəyyən siyasi və iqtisadi mövqelərin qorunması.
Dövlət məhz özünün xarici siyasəti vasitəsilə dünya birliyinin digər aktorları arasında möhkəm beynəlxalq mövqeyə nail olmağa və nəticə etibarilə ölkənin səmərəli iqtisadi inkişafına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə şərait yarada bilər. Bu halda qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün xarici siyasi fəaliyyət müxtəlif vasitələrlə - ilk növbədə diplomatiyanın daxil olduğu siyasi, habelə iqtisadi, hərbi, informasiya-təbliğat vasitələri ilə həyata keçirilir.
Dövlətin xarici siyasətinin səmərəlilik parametrləri ilə əlaqədar qeyd etmək lazımdır ki, lokal, regional və ya qlobal miqyaslı statusdan asılı olaraq bu parametrlər daxili siyasi mühitlə xarici beynəlxalq mühit arasında yarana biləcək qarşıdurmanı minimuma endirmək, hər hansı, hətta ən əlverişsiz şəraitdə də arzu edilən nəticələrə nail olmaq, öz sabit inkişaf dinamikasını qoruyub saxlamaq qabiliyyətindən ibarətdir.
XXI əsrin əvvəlinə xas olan çox mürəkkəb beynəlxalq geosiyasi proseslər, planetin müxtəlif regionlarında, o cümlədən Qafqaz-Xəzər regionunda getdikcə mürəkkəbləşən dövlətlərarası münasibətlər şəraitində Azərbaycan Respublikasının xarici siyasi fəaliyyətinə həsr edilmiş elmi araşdırmalar çox böyük elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edir. Son illərdə Cənubi Qafqazda regional liderə çevrilmiş Azərbaycanın xarici siyasəti ilk növbədə ölkənin beynəlxalq aləmdə mövqelərinin daha da gücləndirilməsinə yönəlmişdir. Bununla əlaqədar, Novruz Məmmədovun həmin problemə müraciət etməsi son dərəcə aktual və vaxtında atılmış addımdır, çünki müasir mərhələdə müstəqil Azərbaycan Respublikasının xarici siyasi fəaliyyətinin nəzəriyyə və praktikasına tam yiyələnmək zəruridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Xarici siyasət: reallıqlar və gələcəyə baxış” kitabında (“Qanun” nəşriyyatı, 2013-cü il) müəllif son iyirmi ildə Azərbaycan Respublikasının xarici siyasətinin təşəkkülü və inkişafı prosesinin, onun şəksiz uğurlarının və gələcək perspektivlərinin dolğun mənzərəsini yarada bilmişdir.
Bu, külli miqdarda ilk mənbələrin, demək olar ki, bütün mövcud müasir yerli və xarici elmi ədəbiyyatın, problemə aid yüzlərlə sənədli və monoqrafik araşdırmaların, o cümlədən müvafiq internet saytlarından bir sıra analitik materialların yaradıcı şəkildə öyrənilməsi sayəsində mümkün olmuşdur. Azərbaycan politologiya elmində ilk dəfə elmi dövriyyəyə buraxılmış, ABŞ-da və Avropanın aparıcı ölkələrində nəşr edilmiş, müasir diplomatiya nəzəriyyəsinə və praktikasına, aparıcı beynəlxalq qurumların fəaliyyətinə aid sənədli materiallar xüsusi maraq doğurur.
Müəllifin fransız, ingilis, türk və rus dillərini bilməsi bu elmi-tədqiqat prosesində mühüm rol oynamışdır. Müəllif bu araşdırmada problemlə əlaqədar qərbdə yaranmış elmi-metodoloji yanaşmaları və prinsipləri yaradıcı şəkildə tətbiq edir. Bu, ilk növbədə hər bir dövlətin xarici siyasətinə dünya siyasi sisteminin altsistemi kimi yanaşmağın mümkünlüyünə, başqa dövlətlərin xarici siyasəti ilə qarşılıqlı əlaqələr meylinin güclənməsinə, xarici siyasətə həm daxili siyasətdən, həm də qlobal siyasi sistemdən asılı olan açıq sistem kimi baxılmasına aiddir.
Dörd fəsil və çoxsaylı bölmələrdən ibarət monoqrafiyada müəllif bu problemin əsas məqamlarına toxunmuşdur: klassik və müasir geosiyasi konsepsiyaların ideya transformasiyası, yeni beynəlxalq münasibətlər sisteminin və yeni dünya nizamının formalaşması kimi mürəkkəb və ziddiyyətli proses; güclü dövlətin və regional liderliyin formalaşması prosesinin konsepsiyaları; xarici siyasətin ilk növbədə dövlətin ərazi bütövlüyünün və regional təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar prioritetli parametrləri, onun qloballaşan dünyada cərəyan edən iqtisadi proseslərlə, Yer kürəsinin müxtəlif regionlarında böhran təzahürləri ilə qarşılıqlı əlaqəsi. Kitabın ana xətti yeni beynəlxalq münasibətlər sisteminin formalaşması, yeni dünya nizamının yaranması şəraitində Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərinin və prioritetlərinin təhlilidir.
Müəllif Azərbaycan Respublikasının xarici siyasətinin təşəkkülü və möhkəmlənməsi dövründə onun fundamental əsaslarının işlənib hazırlanmasında ümummilli lider Heydər Əliyevin rolunu, habelə ölkənin xarici siyasət strategiyasının müasir mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirilməsini xüsusi vurğulayır.
Bütün bunlar müəllifə ölkənin xarici siyasətini ümumi siyasi prosesin mühüm elementlərindən biri kimi dərindən və hərtərəfli təhlil etməyə imkan vermişdir. Kitabın hər fəslinin sonunda əsas nəticələrin və onların məzmunundan məntiqi şəkildə irəli gələn ümumiləşdirmələrin dəqiq ifadə edilməsi bu əsərin fərqləndirici cəhətidir.
XX əsrdə geosiyasi konsepsiyaların transformasiyasına həsr edilmiş bölmədə müəllif dünyanın aparıcı böyük dövlətlərinin xarici siyasətində geosiyasi ideyaların “sərt qüvvə”dən “yumşaq qüvvə”yə (və ya “ağıllı qüvvə”yə) doğru təkamülünü hərtərəfli açıqlayır. Bu bölmədə geosiyasət klassiklərinin bir neçə nəslinin XX əsrin birinci yarısı (F.Ratsel, R.Çellen, X.Makkinder, T.Haushofer, N.Spaykmen və b.), müharibədən sonrakı dövr (H.Kissincer, Z.Bjezinski, S.Koen, S.Hantinqton, F.Fukuyama, J.Attali və b.), habelə aparıcı müasir politoloqların və beynəlxalq hüquq mütəxəssislərinin (C.Nay, A.Koen, D.Zolo, E.Leykin, Y.Morin, F.Hayek, A.Fredberq, Q.Fridman, Ə.Davutoğlu və b.) nəzəriyyələri elmi şəkildə təhlil edilir. Bu təhlil dünyanın aparıcı böyük dövlətlərinin xarici siyasətində geosiyasi və geoiqtisadi məqsədlərə nail olmağın forma və metodlarının transformasiyası prosesini anlamağa imkan verir. Müəllif ikiqutblü beynəlxalq sistemdən birqutblü beynəlxalq sistemə keçid şəraitində müasir diplomatiyanın “interaktiv diplomatiya”, “məkik diplomatiyası”, “paradiplomatiya”, “kreativ diplomatiya” və sair forma və metodlarının zəngin palitrasını işıqlandıra bilmişdir. Burada, xüsusən son onillikdə diqqəti cəlb edən bir fakt - informasiya-texnologiya inqilabının beynəlxalq münasibətlərdə birqütblü sistemdən çoxqütblü sistemə keçid şəraitində beynəlxalq proseslərin gedişinə təsirinin get-gedə güclənməsi göstərilir. Monoqrafiyada dünya arenasında geosiyasi qüvvələrin indiki vəziyyətində dünyanın aparıcı dövlətləri olan ABŞ, Çin, Böyük Britaniya, Fransa, Yaponiya, Rusiya və başqalarının yeri və rolu hərtərəfli xarakterizə edilir.
Azərbaycanın xarici siyasətinin transformasiyası və dinamik inkişafı kitabda liberal-mühafizəkar prinsiplər əsasında dövlət quruculuğunun modernləşmə kursunun mərhələləri ilə üzvi əlaqəli şəkildə təhlil edilir. Vurğulanır ki, XX əsrin sonu - XXI əsrin əvvəlində postsovet məkanında geosiyasi reallıqlar, müstəqilliyin ilk illərində əlverişsiz daxili və xarici siyasi proseslər, 1993-cü ilin yayında yaranmış böhranlı vəziyyət nəzərə alınmaqla, habelə dövlət quruculuğunun təməlini təşkil edən milli-mədəni ənənələr əsasında müstəqil Azərbaycan dövlətinin qurulması strategiyasının işlənib hazırlanması və praktikada həyata keçirilməsi Heydər Əliyevin tarixi xidmətidir. Ölkəmiz modernləşmə magistralına çıxdıqdan, dünya birliyinə fəal qoşulduqdan sonra dövlətin parçalanması prosesini dayandırmaq, nisbətən qısa müddətdə ölkədə həm daxili, həm də xarici siyasi vəziyyəti sabitləşdirmək mümkün oldu. Bu dövrdə ümummilli lider Azərbaycanın xarici siyasətinin təməlini qoymuş və onun əsas prinsiplərini işləyib hazırlamışdır. Azərbaycan Qərb ilə Şərq arasında bir növ geosiyasi körpüyə çevrilmişdir. Bu siyasətin tarazlaşdırılmış, çoxvektorlu xarakteri müəyyən edilmiş, onun uğurla həyata keçirilməsinə yönəlmiş əməli addımlar atılmışdır.
Kitabda çoxsaylı faktlar əsasında inandırıcı şəkildə sübut edilmişdir ki, məhz geosiyasi təfəkkür tərzi, dünya arenasında rəqabət aparan böyük dövlətlərin geosiyasi maraqlarının, regionda real qüvvələr nisbətinin nəzərə alınması, neft amilindən səmərəli istifadə edilməsi sayəsində Heydər Əliyev ölkəni çox qısa müddətdə beynəlxalq təcrid vəziyyətindən çıxarmağa, onu ümumdünya inteqrasiya proseslərinə cəlb etməyə nail olmuşdur. Məhz həmin dövrdə Azərbaycan aparıcı və nüfuzlu beynəlxalq qurumlarla (BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və s.) ilə qarşılıqlı münasibətləri tənzimləmiş, həm aparıcı, həm də regional dövlətlərlə, xüsusən qardaş Türkiyə ilə qarşılıqlı faydalı siyasi və iqtisadi münasibətlər yaratmışdır. Kitabda qonşu ölkələr, hər şeydən əvvəl Rusiya və İranla qarşılıqlı konstruktiv əlaqələrin tənzimlənməsinə xeyli yer ayrılmışdır.
Kitabda xüsusi vurğulanır ki, xarici ölkələrdə çoxsaylı Azərbaycan diasporunu fəallaşdırmaq, onu dünya arenasında ölkəmizin xarici siyasət addımlarının dəstəklənməsinə cəlb etmək prosesi məhz Heydər Əliyev tərəfindən başlanmışdır. Bu halda ölkənin bütün xarici siyasi fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, habelə Xəzər dənizinin statusu ilə əlaqədar mübahisəli məsələlərdə irəli gələn çox mürəkkəb hərbi-siyasi şəraitdə cərəyan edirdi.
Monoqrafiyada Azərbaycanın Cənubi Qafqaz regionunda qonşuları Gürcüstan və Ermənistanla qarşılıqlı münasibətlərinə xüsusi yer ayrılmışdır. Gürcüstanla Azərbaycan arasında hər iki ölkənin iri beynəlxalq energetika-kommunikasiya layihələrində iştirakına əsaslanan qarşılıqlı faydalı siyasi və iqtisadi münasibətlər yarandığı halda özgə ərazilərini işğal etmək yolunu seçmiş Ermənistan Cənubi Qafqaz regionunda sabitlik üçün real təhlükədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təcrübəsi belə bir həqiqəti əyani şəkildə nümayiş etdirir ki, ölkənin ərazi bütövlüyü təmin edilmədən regional təhlükəsizlik barədə söhbət ola bilməz. Bunu dünya təcrübəsi də təsdiq edir. Kitabda ATƏT-in Minsk qrupunun həmsədrlərinin Qarabağ münaqişəsinin tənzimlənməsinə dair fəaliyyəti təhlil edilir, bu fəaliyyətin səmərəsiz olmasının əsas səbəbləri açıqlanır.
Monoqrafiyada Azərbaycanın müasir xarici siyasətində geosiyasi risklər, böhranlı vəziyyətlər, real təhlükələr, beynəlxalq arenada qeyri-müəyyən məqamlar mövcud olmasının necə nəzərə alınması göstərilir. Bu, xüsusən ona görə vacibdir ki, XXI əsrin əvvəlində dövlətlərin xarici siyasi fəaliyyətinin gücləndiyi şəraitdə “pis diplomatiya” ilə bağlı təhlükəli meyllər müşahidə olunur.
Müəllif bu kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən müasir xarici siyasətin konseptual əsasları hərtərəfli və geniş təhlil etmişdir. Müasir beynəlxalq reallıqlar kontekstində işlənib hazırlanmış bu siyasət aşağıdakı prinsiplər əsasında həyata keçirilir: daxili siyasi və iqtisadi amillərin qarşılıqlı əlaqəsinin nəzərə alınması, münaqişəli vəziyyətlərin araşdırılması və dövlətin ərazi bütövlüyünün bərpa olunması, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi; ümumdünya miqyaslı təhlükələrin qarşısının alınması; beynəlxalq təhlükəsizlik və əməkdaşlıq strukturlarının inteqrasiyası kimi əsas prinsiplərdən gedir. İlham Əliyev öz xarici siyasi fəaliyyətində müasir dövrün yeni geosiyasi reallıqlarını nəzərə almaqla, tarazlaşdırılmış neft strategiyasını bacarıqla həyata keçirməklə, Qərb və Şərq ölkələri ilə qarşılıqlı faydalı siyasi və iqtisadi münasibətləri yüksək səviyyədə tənzimləməklə ölkəni ictimai-siyasi və sosial-iqtisadi inkişafın daha yüksək səviyyəsinə çatdırmağa, Azərbaycanın Cənubi Qafqazda regional liderə çevrilməsinə nail olmuşdur.
Ölkəmiz məhz Prezident İlham Əliyevin hərtərəfli ölçülüb-biçilmiş və tarazlaşdırılmış xarici siyasi fəaliyyəti sayəsində beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi buna əyani sübutdur.
Prezident İlham Əliyevin milli inkişaf strategiyasının reallaşdırılmasına yönəlmiş intensiv və səmərəli xarici siyasi fəaliyyəti, onun ən yüksək səviyyəli müxtəlif beynəlxalq forumlarda iştirakı, Qərb və Şərq dövlətlərinin rəhbərləri ilə çoxsaylı rəsmi danışıqları, iri beynəlxalq energetika və nəqliyyat layihələri barədə təşəbbüslər irəli sürməsi nəzərəçarpacaq əməli nəticələr verir, ölkənin gələcək sosial-iqtisadi firavanlığına şərait yaradır.
Dövlətin xarici siyasi fəaliyyətində mühüm elementlərdən biri də bu fəaliyyətə humanizm elementləri gətirilməsidir. Bu, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ictimai-siyasi və mədəni-maarifçilik fəaliyyəti sayəsində mümkün olmuşdur. Mehriban Əliyevanın çoxsaylı yüksək səviyyəli nüfuzlu beynəlxalq forumlarda fəal iştirakı Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin daha da artmasına şərait yaradır, bu isə ölkənin xarici siyasətində öz müsbət təsirini göstərməyə bilməz.
Kitabda xarici siyasətin cəmiyyətin demokratikləşməsi prosesləri və iqtisadi amillərlə qarşılıqlı əlaqəsinin izləndiyi süjetlər öz yeniliyi ilə fərqlənir. Müəllif vurğulayır ki, bu proses kənardan zorla qəbul etdirilə bilməz, o, cəmiyyətin özündə daxili təkamül proseslərinin nəticəsi olmalıdır. Üstəlik, ölkənin intensiv sosial-iqtisadi inkişafı həmin dövlətdə daxili siyasi ab-havanın yaxşılaşmasına kömək edə bilər, bu isə ölkənin beynəlxalq imicinə təsir göstərməyə, onun xarici siyasətinin effektivliyini artırmaya bilməz.
Bütövlükdə Novruz Məmmədovun fundamental elmi-nəzəri tədqiqatı yeniliyi və zəngin məzmunu ilə fərqlənir. Bu araşdırma Azərbaycan politologiya elminə sanballı töhfədir və heç şübhəsiz, həm ölkənin diplomatik korpusu və beynəlxalq hüquq mütəxəssisləri, həm də geniş oxucu dairələri tərəfindən böyük maraqla qarşılanacaqdır.
Pərvin
DARABADİ,
tarix elmləri doktoru,
professor
Xalq qəzeti.- 2013.- 25 iyul.- S. 4.