Azərbaycan azad mətbuatın inkişaf
etdiyi ölkələr
sırasındadır
Azərbaycan milli mətbuatının 138 illiyi tamam oldu. 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulmuş milli mətbuatımız ötən dövr ərzində mürəkkəb, eyni zamanda şərəfli yol keçərək, bütün dövrlərdə cəmiyyətin güzgüsü olmuşdur. Ölkə reallıqlarına bələdçilik funksiyasını yerinə yetirən mətbuatımızın inkişafı istiqamətində dövlət müstəqilliyinin bərpasından sonra bir-birindən əhəmiyyətli addımlar atılmışdır.
Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövr digər sahələr kimi, mətbuatın inkişafında da yeni mərhələnin başlanğıcı oldu. Ulu öndər Heydər Əliyev bildirirdi ki, respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan hüquqlarının qorunması, mətbuat azadlığının, plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəlcədən qəbul etdiyimiz prinsiplərdir. Eyni zamanda, bu fikir də önə çəkilirdi ki, dövlət siyasətinin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsidir.
Ümummilli lider Heydər Əliyev mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsini, ona dövlət qayğısının artırılmasını, söz, məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinə dönmədən əməl edilməsini daim diqqətdə saxlayırdı. Mətbuata dövlət nəzarəti mexanizmi olan senzuranın aradan qaldırılması, beynəlxalq tələblərə cavab verən “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” qanunların qəbul olunması, Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi və digər bu kimi bir-birindən əhəmiyyətli addımlar həmin diqqət və qayğıdan qaynaqlanırdı.
Ulu öndər Heydər Əliyevin “Kütləvi informasiya vasitələri haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi haqqında" 2002-ci il 11 may tarixli fərmanı yazılı mətbuatın təsis edilməsini və ondan istifadə imkanlarını asanlaşdırmaqla, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürmüşdür. Təbii ki, bu kimi addımlar dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsaslanır. Əsas qanunumuzda bütün azadlıqlar öz əksini tapmışdır. İnsan hüquq və azadlıqlarının qorunmasını dövlət siyasətinin əsas tərkib hissəsi kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev bildirirdi ki, yaradılan demokratik şəraitdən sui-istifadə edib şər, böhtan yazmaq cinayətdir. Jurnalist məsuliyyətli olmalı, mətbuatın qarşısında dayanan əsas prinsiplərə yüksək səviyyədə əməl etməlidir.
Məhz bu sahədə görülən işlərin nəticəsidir ki, Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkələr sırasında yer tutur. Ölkəmizdə internet istifadəçiləri əhalinin 70 faizindən çoxunu təşkil edir. Günümüzün əsas meyarı da məhz informasiya bolluğudur və ölkənin gücü, qüdrəti bununla ölçülür.
Ümummilli lider bildirirdi: “Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir”.
Mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi mətbuatın özünütənzimləməsi mexanizminin tətbiqinə yol açdı. 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Qurumun qarşısında dayanan əsas məqsədlərdən biri jurnalistlərin peşə etikası Kodeksinin tələblərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsidir. Şura fəaliyyətə başladığı gündən KİV-lərin saflaşdırılması istiqamətində mühüm addımlar atmış, jurnalistlərin peşəkarlığının artırılmasında müsbət nəticələr əldə etmişdir. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçılarına ünvanladığı təbrikində də mətbuatın özünütənzimləmə orqanı kimi yaradılmış Mətbuat Şurasının media-dövlət, media-cəmiyyət münasibətlərinin müasir beynəlxalq təcrübəyə uyğun nizamlanmasında əhəmiyyətli rol oynadığı qeyd olunmuşdur. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və bu siyasətin son on ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Ölkəmizdə 5 mindən artıq kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir.
Son on ildə dövlətimizin başçısı İlham Əliyevin KİV-lərin inkişafına xidmət edən addımlarına qısaca nəzər salaq. 2005-ci ildə “Əməkdar jurnalist” adının bərpa olunması, “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalanmışdır. Həmin ildə mətbuatın 130 illik yubileyinin yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident təqaüdünə layiq görülməsi atılan addımlar sırasındandır.
Azərbaycan milli mətbuatının 135 illik yubileyi də dövlət başçısının bir-birindən əhəmiyyətli sərəncamları ilə yadda qaldı. Belə ki, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinə birdəfəlik yardımın göstərilməsi, bir qrup jurnalistin fəxri adlar və “Tərəqqi” medalı ilə təltif edilməsi barədə sərəncamlar imzalamaqla yanaşı, dünyada analoqu olmayan bir addımı da atdı. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzalanan sərəncam ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Sərəncama uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Bir neçə gün bundan əvvəl bina istifadəyə verildi.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” 2008-ci il 31 iyul tarixli Sərəncamı, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” da mətbuata diqqət və qayğının bariz nümunələrindəndir. İstisna edilməsi, KİV-lərin inhisarlaşmasının qarşısının alınması, ictimai maraqları əks etdirən layihələrə üstünlük verilməsi, regional kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi kimi prinsipləri özündə ehtiva edir. Prezident İlham Əliyevin 2009-cu il 3 aprel tarixli sərəncamı əsasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Ölkə Prezidentinin 2009-cu il 22 may tarixli sərəncamına əsasən isə fondun icraçı direktoru və Müşahidə Şurasının üzvləri təyin edildi. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması dövlətin mətbuata hərtərəfli qayğısının daha bir əyani təzahürüdür.
Xatırladaq ki, 2009-cu ilin martında keçirilən referendumda Konstitusiyanın 29 maddəsinə edilən 40-a yaxın əlavə və dəyişikliklər arasında mətbuat azadlığının yüksək səviyyədə təmin olunmasına xidmət edən müddəalar da yer almışdır. “Şəxsiyyət toxunulmazlığı hüququ” maddəsinə edilən əlavəyə görə, qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Heç kəs onun xəbəri olmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Həmçinin, “Məlumat azadlığı” maddəsinə edilən əlavə də demokratik prinsiplərin inkişafına yönəlib. Əlavəyə əsasən hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.
2010-cu ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya əsasən Prezident İlham Əliyevin “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi dövlətimizin başçısının azad mətbuatın inkişafına diqqət və qayğısına verilən dəyərdir. “Jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir”,- söyləyən Prezident İlham Əliyev bildirir ki, ölkədə müasir jurnalistikanın formalaşması işində səylərini əsirgəməyəcək, bundan sonra da Azərbaycanda bu sahədə böyük addımlar atılacaqdır. Dövlətimizin başçısı bununla bir daha təsdiqləyir ki, demokratiyanın əsas atributlarından olan söz və məlumat azadlığının inkişaf etdirilməsində, KİV-lərin iqtisadi müstəqilliyinin gücləndirilməsində, ölkədə azad və plüralist medianın inkişafında maraqlıdır və qarşıda duran vəzifələri tam məsuliyyətlə, yüksək səviyyədə yerinə yetirir.
Milli mətbuatımızın 138-ci il dönümü günündə Prezident İlham Əliyevin jurnalistlər üçün tikdirdiyi 156 mənzilli evin açılış mərasimində və yeni çoxmənzilli binanın təməlqoyma mərasimində iştirakı ölkə rəhbərinin bu əziz gündə KİV işçilərinə qiymətli hədiyyəsi oldu. Azərbaycan dövlətinin dünya təcrübəsində daha bir ilkə imza atması-jurnalistlər üçün pulsuz, təmənnasız ev tikib verməsi milli mətbuat tariximizin ən parlaq səhfələrindən biri kimi yadda qalacaqdır.
“Jurnalistlər evi”ndən mənzil almış bir qələm əhli kimi mən də möhtərəm Prezidentimizə ürəkdolusu minnətdarlıq edir, ona ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə tarixi fəaliyyətində daha böyük uğurlar arzulayıram. Mən və həmkarlarım dövlətimizin bu böyük qayğısını, Prezidentimizin misilsiz hədiyyəsini xalqımıza vicdanlı xidmətimizlə cavablandırmağa çalışacağıq.
Vüqar RƏHİMZADƏ,
“İki sahil” qəzetinin baş redaktoru, əməkdar journalist
Xalq qəzeti.- 2013.-
25 iyul.- S. 4.