Fermerlərin
himayədarı Prezident İlham Əliyevdir
Ümummilli lider, Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin rəhbərliyi ilə başlanmış iqtisadi islahatların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, mühüm sosial və iqtisadi əhəmiyyət kəsb edən dövlət proqramlarının və verilmiş sərəncamların ardıcıl, qətiyyətlə yerinə yetirilməsi nəticəsində ölkənin aqrar sektorunda əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Nazirlər Kabinetinin bu ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı kənd təsərrüfatının inkişafına da böyük diqqət yetirmişdir: “Kənd təsərrüfatı da artıbdır, təxminən 5 faiz səviyyəsində. Bu da yaxşı artımdır. Hesab edirəm ki, növbəti illərdə bu artım daha da güclü olmalıdır. Bunu etmək üçün indi əlavə tədbirlər görülür”.
Daha sonra cənab Prezident demişdir: “Bizdə hələ ki, dövriyyədə olmayan torpaqlar vardır. Bu torpaqlarda meliorativ tədbirlər görülməlidir və görüləcəkdir. Burada qeyd olunduğu kimi, 5 min hektar torpaq artıq dövriyyəyə buraxılıb və orada məhsuldarlıq hektardan 54 sentnerdir. Bu, orta məhsuldarlıqdan iki dəfə çoxdur. Yəni biz əslində, bu rəqəmləri də gözləyirdik. Çünki bu yeni, iri fermer təsərrüfatlarında bütün tədbirlər yüksək səviyyədə görülür. Aqrotexniki, meliorativ tədbirlər, gübrə ilə təminat, əlbəttə ki, dövlət tərəfindən verilmiş kreditlər hesabına bütün bu işlər görülür. Hesab edirəm ki, bax, biz bu təcrübəni, əlbəttə ki, genişləndirməliyik. Bizə təqribən 40-50 böyük, iri fermer təsərrüfatı lazımdır ki, taxıla olan tələbatı biz tam şəkildə ödəyək. Eyni zamanda, biz bu təcrübəni digər, yəni, böyük olmayan fermer təsərrüfatlarında da tətbiq etməliyik. Kənd təsərrüfatı texnikasının alınması ilə bağlı son qərarım da məhz bu məqsədi güdür. Bir daha demək istəyirəm ki, vaxtilə “Aqrolizinq”in yaradılması bu sahədə bir dönüş oldu. Əgər biz “Aqrolizinq”i yaratmasaydıq, indi bu texnikanın heç yüzdə biri də bizdə olmazdı. Kəndlilər özləri bu texnikanı almaq üçün imkanlara malik deyillər. Dövlət burada öz rolunu oynamışdır. Gələcək illərdə kənd təsərrüfatı texnikasının, xüsusilə kombaynların alınması ilə bağlı əlavə tədbirlər görüləcəkdir. İlin sonuna qədər əlavə vəsait də ayrıla bilər. Biz yaxın üç-dörd il ərzində özümüzü ən müasir texnika ilə tam şəkildə təmin etməliyik. Çünki biz gələcəkdə yeni iri fermer təsərrüfatlarını yaradacağıq. Burada təxminən 10 minlərlə hektar torpaqdan söhbət gedir. Mövcud fermer təsərrüfatlarında da yeni texnika olmalıdır. Ona görə mütləq Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə təkliflərini bir daha verməlidir ki, biz öz işlərimizi planlaşdıraq, bilək, nə qədər traktor, nə qədər kombayn hansı ildə alınmalıdır ki, bu məsələlər tam şəkildə öz həllini tapsın”.
Hazırda ölkə əhalisinin 48 faizi regionlarda
yaşayır.
Deməli, əhalinin böyük əksəriyyəti
bu və ya digər dərəcədə aqrar sektorla
bağlıdır. Aqrar sektorun
inkişafı ölkəmiz üçün ərzaq təhlükəsizliyinin
təminatı ilə yanaşı, həm də bölgədə
yaşayan əhalinin məşğulluğunun və sosial
rifahının yaxşılaşması deməkdir.
Kənd təsərrüfatının inkişafında
dövlətin bu istiqamətdə qəbul etdiyi qanun və qərarların
əhəmiyyəti danılmazdır. “Aqrar bölmədə idarəetmənin
təkmilləşdirilməsi tədbirləri haqqında”,
“Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində
əlavə tədbirlər haqqında”, “2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət
Proqramı”, “Ekoloji təmiz kənd təsərrüfatı məhsulları
haqqında” və digər qanunların aqrar sektorda idarəetmənin
yüksək səviyyəyə qaldırılmasında
mühüm rolu var. Qəbul olunan qanunların nəticəsidir
ki, 2003-cü ilə nisbətən 2012-ci ildə taxıl
istehsalı 36,2, kartof 25,9, tərəvəz 16,2, bostan 20, meyvə
41,6 faiz, üzüm istehsalı isə 2,3 dəfə
artmışdır. Ümumiyyətlə, 2003-cü illə
müqayisədə 2012-ci ildə ümumi məhsul istehsalı
3,3 dəfə artaraq təxminən 4,8
milyard manata çatmışdır.
Hazırda aqrar sektorda çalışan sahibkarlar torpaq
vergisindən savayı, bütün növ vergilərdən
azaddırlar.
Dünyanın heç bir ölkəsində
fermerlərin xeyrinə belə bir əlverişli qərar qəbul
olunmayıb. Bundan əlavə, əkinlə
məşğul olan hər bir fermerə istifadə etdiyi
yanacaq və sürtkü yağlarına görə dövlət
kompensasiya ödəyir. Eyni zamanda, fermerlər
istifadə etdikləri gübrəni bazar qiymətlərindən
ucuz alırlar. Yaranan qiymət fərqini isə
dövlət büdcəsi hesabına ödəyir. Fermerlərə qayğı bununla bitmir. Onlara toxum, kənd təsərrüfatı
texnikası və cins mal-qara da güzəştli qiymətlərlə
satılır.
Bu sahədə qəbul edilən ən önəmli qərarlardan
biri də aqrar sektorda çalışan fermerlərə
uzunmüddətli və güzəştli kreditlərin verilməsidir. Artıq
güzəştli kreditlər almaq imkanı olan fermerlərin
maliyyə problemləri yoxdur. İndiyəcən dövlətin
ayırdığı güzəştli kreditlər
hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi,
12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət
emalı, 2 konserv, 7 çörək zavodu tikilib. Bu müəssisələrin hamısı iri istehsal
obyektləridir. Bununla yanaşı,
regiondakı sahibkarlar aldıqları güzəştli kreditlər
hesabına minlərlə kiçik və orta həcmli fermer təsərrüfatlarını
inkişaf etdirirlər. Məsələn, ötən il
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti
hesabına 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli
kredit verilib. Həmin kreditlərin 83 faizini
regionlarda fəaliyyət göstərən sahibkarlar
alıblar. Bununla yanaşı, 2007-2012-ci illərdə
dövlət tərəfindən kəndli-fermer təsərrüfatlarına
ayrılmış 572,7 milyon manat vəsait hesabına yanacaq və
motor yağlarına, buğda və çəltik səpininə,
mineral gübrələrin güzəştli
satışına, 1-ci və 2-ci reproduksiyalı toxumun və
tingin satışına, orijinal, superelit və elit
toxumların istehsalına görə subsidiyalar ödənilmişdir.
Göründüyü kimi, dövlətin
verdiyi güzəştli kreditlərdən və subsidiyalardan ən
çox faydalanan aqrar sektorda çalışanlardır.
Aqrar sektorda islahatlar həyata keçirildikdən sonra
ölkədə yeni iqtisadi şərait yaranıb, kənd təsərrüfatının
idarə edilməsi və məhsul istehsalının tənzimlənməsi
kimi məsul vəzifə Kənd Təsərrüfatı
Nazirliyinin üzərinə qoyulub.
Nazirlik də öz işini yeni yaranan iqtisadi münasibətlərə
uyğun qurur.
Biz hazırda bu vəzifənin məsuliyyətlə
həyata keçirilməsi üçün səylə
çalışırıq. Aqrar
islahatlardan sonra bu sektorda müxtəlif növ təsərrüfat
formaları yaradılıb. Yeni təsərrüfat
subyektləri arasında ən çox üstünlük veriləni
fərdi sahibkar, ailə-kəndli və ev
təsərrüfatlarıdır. Son illər bu
növ təsərrüfat subyektləri daha çox
inkişaf edərək öz maddi-texniki bazasını xeyli
möhkəmləndirir. İnkişaf
prosesində təsərrüfatların formalaşması və
maliyyə imkanlarının dəyişməsi birbaşa
onların fəaliyyətinə təsir edir. Bununla belə, bir çox təsərrüfatlar
aqrar sahədə yeni yarandığından və kifayət qədər
təcrübəyə malik olmadıqlarına görə
bazar prinsiplərinə uyğun yeni təsərrüfat
formalarına keçir. Ona görə də
hazırda Milli Məclisdə müzakirə edilən
“Kooperasiya haqqında” qanunun qəbul olunması vacibdir. Bu qanun qəbul edildikdən sonra kiçik təsərrüfatlar
birləşərək daha səmərəli fəaliyyət
göstərmək imkanı qazanacaq. Yeni qanun qəbul
olunduqdan sonra kiçik sahibkarlıq subyektləri
könüllülük əsasında pay torpaqlarının
birləşdirilməsi nəticəsində torpaqdan daha səmərəli
istifadə, növbəli əkinin tətbiqi, istehsal olunan məhsulların
bazara çıxarılmasında mövcud olan problemlərin
həlli, maliyyə-kredit mənbələrindən
düzgün bəhrələnmək üçün daha
geniş imkanlar yaranacaq. Xırda təsərrüfatların,
kiçik torpaq sahiblərinin torpaqlarının kooperasiya və
assosiasiyalarda birləşdirilməsi onlara iri
taxılçılıq və digər aqrar komplekslər
yaratmaq imkanı verəcək.
Bu gün Azərbaycanda
taxılçılığın inkişafı
üçün iri aqrar komplekslərinin yaradılmasına
ehtiyac var. Prezident İlham Əliyev dövlət torpaq fondu
hesabına iri özəl taxılçılıq təsərrüfatlarının
yaradılması ilə bağlı tövsiyələr də
vermişdir. Hazırda bir neçə rayonda bu istiqamət
üzrə kompleks işlər həyata keçirilir. Artıq bu məqsəd üçün 200 min hektar
torpaq sahəsi müəyyənləşdirilib. Beyləqan, Ağcabədi rayonlarının ərazisində
isə belə təsərrüfatlardan sayılan
“Qarabağ-Taxıl” MMC fəaliyyətə başlayıb.
Burada 4000 hektara yaxın sahədə meliorasiya işləri
görülüb və ABŞ-ın müasir suvarma sistemi əsasında
6 RİVOD qurulub, “Con Der” texnikaları alınıb. Təsərrüfatda
cari ildə 1875 hektar sahədə payızlıq buğda, 1390
hektarda qarğıdalı, 30 hektarda günəbaxan və 5
hektarda soya əkilib. Hazırda taxıl
biçilir və hər hektardan 55-60 sentner məhsul
götürülür ki, bu da ölkə üzrə ən
yüksək göstəricidir. Taxıl
yığıldıqdan sonra RİVOD-lardan minimal qaydada becərmə
aparmaqla təkrar qarğıdalı, soya bitkiləri əkilir.
Ən önəmlisi isə təsərrüfatda
istifadə edilən yeni texnologiya bir ildə iki dəfə məhsul
yığılmasına imkan verir.
Yüksək məhsul əldə etmək
üçün məhsuldar toxum sortları xüsusi önəm
daşıyır. Hazırda nazirlik əsasən aqrar elm,
bitki sortlarının yaradılması,
rayonlaşdırılması və ilkin toxumçuluğu
inkişaf etdirmək üçün bir sıra layihələr
həyata keçirir. Toxumçuluq təsərrüfatlarında
ölkənin tələbatına uyğun növlər və
sortlar üzrə orijinal, superelit və elit toxum istehsalı
müəyyənləşdirilir və dövlət tərəfindən
onun istehsalına çəkilən xərclər
kvotalaşdırılır. İndiyəcən
torpaq-iqlim şəaritinə uyğun təkcə dənli
bitkilər üzrə yumşaq buğdanın 29, bərk
buğdanın 9, yazlıq buğdanın 1, payızlıq
arpanın 8, yazlıq arpanın 1 sortu öyrənilərək
rayonlaşdırılmışdır. Onlardan
28-i istehsalata tətbiq edilmişdir.
Sirr deyil
ki, Azərbaycanda toxumçuluğun inkişafında akademik Cəlal
Əliyevin müstəsna rolu var. Hazırda yerli buğda
sortları kimi istifadə olunan “Əzəmətli-95”, “Azəri”,
“Nurlu-99”, “Qobustan”, “Şəki-1”, “Ruzi-84” və s. növlər
görkəmli akademikin apardığı elmi
araşdırmaların nəticəsidir. Bundan başqa, fermerlərimiz
xarici sortlardan olan məhsuldar “Pamyat”, “Moskviç”, “Tanya”,
“Nota”, “Batko”, “Krasnodar-99”, “Faktor“, “Kroşka” toxum növlərindən
də geniş istifadə edirlər.
Son illər
toxuma olan tələbat yerli istehsal hesabına əksər
bitkilər üzrə təmin edilir: “Reproduksiyalı toxum həmçinin
dövlət mülkiyyətli kənd təsərrüfatı
istehsalı müəssisələrində və 350-yə
yaxın hüquqi və fiziki şəxslərdən ibarət
özəl toxumçuluq subyektlərində istehsal olunur.
2012-2013-cü ilin əkini üçün dövlət və
özəl toxumçuluq təsərrüfatları üzrə
184,6 min ton taxıl toxumu istehsal edilərək
səpin tələbatı ödənilib. Bu dövrdə
istehsal edilən taxıl toxumunun 142,7 min tonu buğda, 41,8 min
tonu arpa toxumu olmaqla 40 tonunu orijinal, 240 tonunu superelit, 1250 tonunu
elit, 37440 tonunu birinci reproduksiyalı, 76433 tonunu ikinci
reproduksiyalı və 69195 tonunu üçüncü
reproduksiyalı toxumlar təşkil edib. Toxumun 65,3 faizi özəl toxumçuluq təsərrüfatları
tərəfindən istehsal olunub. Gələn il
də yüksək məhsul əldə etmək
üçün indidən hazırlıq işləri
görülür. Hazırda toxumçuluq sahələrində
aprobasiya işləri tamamlanıb, toxumun tədarükü, tənzimlənməsi
və sertifikatlaşdırılması işlərinə
başlanılıb.
Azərbaycanda son illər aqrar elmdə bir çox elmi kəşflərə
imza atılıb. Aqrar elm sahəsində Kənd Təsərrüfatı
Nazirliyi, “AZAL” QSC-nin Milli Aviasiya Akademiyası və AMEA-nın
Genetik Ehtiyatlar İnstitutunun alim və mütəxəssisləri
tərəfindən bir neçə il ərzində ölkəmizdə
innovasiya texnologiyası - ozonlaşmanın kənd təsərrüfatı
sistemində tətbiqi üzrə kompleks tədbirlərin həyata
keçirilməsi əsasında taxıl istehsalının az
məsrəf və ekoloji təmiz üsullarla
artırılması, eyni zamanda, toplanmış məhsulun
ekoloji təmiz, itkisiz saxlanması üsulları üzrə
elmi-tədqiqat və sınaq işləri aparılıb,
mühüm nəticələr əldə edilib. Taxıl toxumlarının həm səpindən qabaq
işlənilməsində, həm də genbank tədqiqatlarında
çox ciddi elmi axtarışlar aparılıb,
ozonlaşmanın optimal dozalarının və bu dozaları əldə
etməyə imkan verən qurğuların və
texnologiyaların hazırlanmasına nail olunub. Bu sahədə
aparılan elmi-tədqiqat işləri məhsuldarlığın
7,2 sentner artımına imkan yaradır.
Daha yüksək məhsuldarlığın əldə
olunmasında və hazır məhsulun itkisiz
yığılmasında kənd təsərrüfatı
texnikasının xüsusi rolu var. Bu məqsədlə
Prezident tərəfindən 2004-cü ildə “Aqrolizinq” ASC-nin
yaradılması barədə sərəncam
imzalanmışdır. ASC-nin fəaliyyəti dövründə dövlət
büdcəsindən və digər mənbələrdən,
o cümlədən təkrar istifadədən yaranmış
119,49 milyon manat vəsait də nəzərə alınmaqla
493,32 milyon manat vəsaitdən 190,72 milyon manatlıq kənd təsərrüfatı
texnikası, 113,79 milyon manatlıq texnoloji avadanlıq, 114,55
milyon manatlıq mineral gübrələr, 22,86 milyon manatlıq
damazlıq heyvanlar alınmışdır. Yerlərdə
“Aqrolizinq” ASC-nin 54 aqroservis filialı fəaliyyət göstərir.
34 filialın müasir maddi-texniki bazası
yaradılıb və tutumu 68 min ton olan 6 lagistik gübrə
bazası tikilərək istifadəyə verilib.
Builki taxıl biçiminə ölkə üzrə
2660 taxılyığan kombayn cəlb edilmişdir, onların
1298-i yenidir, o cümlədən 400-ü son dərəcə
məhsuldar olan “Sampo” markalı müasir kombaynlardır. Bundan başqa, cari il əlavə 100 yeni kombayn alınıb. Lakin ölkədə əkin sahələrinin ildən-ilə
genişlənməsi ilə bağlı yerlərdə kombayn
çatışmazlığı var idi. Taxılsa
vaxtında yığılmadıqda itkiyə gedir.
Dövlət başçısı həmişə
olduğu kimi, bu dəfə də fermerlərin harayına səs
verdi. Ümumiyyətlə,
Prezident kənd təsərrüfatı işlərinin hər
bir problemini həll etmək üçün vaxtında
lazım olan qərarları qəbul edir. Dövlət
başçısının 4 iyul 2013-cü il
tarixli “Kənd təsərrüfatı məhsulları
istehsalçılarının kənd təsərrüfatı
texnikası ilə təminatına əlavə dəstək
haqqında” sərəncamı bütün kənd təsərrüfatı
əməkçilərini sevindirdi. Bu sərəncamla
yeni taxılyığan kombaynların alınması
üçün 15 milyon manat vəsait
ayrılmışdır.
Cari ildə
1032,3 min hektar sahədə payızlıq
və yazlıq dənli və dənli paxlalılar
(qarğıdalısız) əkini aparılıb. İyulun
22- nə olan məlumata görə,
983641 min hektar sahə (95 faizi) biçilib ki, bu da
keçən ilki səviyyədən 8 faiz çoxdur. Göstərilən dövrəcən 2 milyon 608 min
ton məhsul istehsal olunub. Orta məhsuldarlıq 27,5 sentnerə çataraq ötən ilki səviyyəni
ötüb.
Taxılçılıqda artıq bir çox rayonlarda
hektardan yüksək məhsuldarlıq əldə
olunmuşdur.
Belə ki, buğdanın orta məhsuldarlığı
Saatlı rayonunda 41,1 s/ha, Şəmkir
rayonunda 38,6 s/ha, Bərdə rayonunda 36,1 s/ha, Tovuz rayonunda 35,3
s/ha, Sabirabad rayonunda 35,6 s/ha, Hacıqabul rayonunda 34,8 s/ha, Samux
rayonunda 33,7 s/ha, Ağcabədi rayonunda 33,2 s/ha təşkil
etmişdir. Mütəxəssislərin hesablamalarına
görə, təqribən 2 milyon 906,7 min ton məhsul, o
cümlədən 1 milyon 904,7 min ton buğda istehsalı
gözlənilir.
Heyvandarlığı intensiv inkişaf etdirmək üçün
mütərəqqi texnologiyaları həyata keçirmək,
əhalinin ərzaq təhlükəsizliyini dayanaqlı təmin
etmək ət, süd və yumurta istehsalını
artırmaq tələb olunur. Bunun üçün
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
(FAO) ekspertlərinin iştirakı ilə Azərbaycan
Respublikasında heyvandarlıq sekrorunun strategiyası
hazırlanmışdır. Müvafiq
nazirliklərin, komitələrin, elmi-tədqiqat
institutlarının, alimlərinin və mütəxəssislərinin
fəal iştirakı ilə strategiya xeyli təkmilləşmiş
və geniş iclasda qəbul olunmuşdur.
Respublikada heyvanların baş sayı və
heyvandarlıq məhsulları istehsalı sabit templə
inkişaf edir.
2013-cü il yanvar ayının 1-nə respublika üzrə
bütün kateqoriya təsərrüfatlarda 2712,7 min baş
iri buynuzlu heyvan, o cümlədən 1305,6 min baş inək və
camış, 8665,2 min baş qoyun və keçi, 24,6 milyon
baş quş vardır.
Həmin
ildə 285,6 min ton kəsilmiş çəkidə ət,
1719,6 min ton süd, 1226,7 milyon ədəd yumurta, 16,5 min ton yun
istehsal olunmuşdur.
2013-cü ildə respublikada iri südlük maldarlıq
təsərrüfatlarının yaradılması işi davam
etdirilmişdir. Hazırda ölkədə 12 iri
südlük maldarlıq kompleksi fəaliyyət göstərir.
Bu ilin birinci rübündə Qəbələ
rayonunda 2 heyvandarlıq südçülük kompleksi istifadəyə
verilmişdir. Əmili kəndindəki südlük
kompleksi ABŞ-ın “Bou Matic” şirkətinin ferma
avadanlığı, avtomatik yönləndirmə yemləri
sistemləri, bir dəfəyə 40 baş inək tutumlu
“Paralel” tipli sağım avadanlığı, soyutma sistemləri,
digər avadanlıqlarla təchiz edilmişdir. Təsərrüfata
500 baş holştin-friz cinsindən olan inək gətirilmişdir.
Hazırda sağmal heyvanlar 660 başdır.
Onlardan 150 bala alınmışdır.
Bu təsərrüfatda hər inəkdən 8500 kq
süd sağılması proqnozlaşdırılır. Sağılan
süd Qəbələ süd emalı zavoduna göndərilir.
Burada “Jalə” brendi ilə ağartı məhsulları
istehsal olunur. 95 nəfər işlə təmin
olunmuşdur. İşçilərin bir hissəsi yeni
texnologiyalarla tanış olmaq
üçün Hollandiyada kurs keçmişdir.
Heyvandarlıqda
süni mayalanmanı genişləndirmək, onu intensivləşdirmək,
süni mayalamanın üstünlüklərini geniş təbliğ
etmək məqsədi ilə bu ilin may ayında Bərdə
rayonunda süni mayalama ilə alınan buzovların sərgisi
keçirilmişdir. Sərgidə 500 buzov
nümayiş etdirilmiş və sərgiyə 3000 nəfər
sahibkar gəlmişdir.
Respublikada quşçuluq intensiv inkişaf edir. İqtisadi
İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondu tərəfindən quşçuluqda
damazlığın inkişaf etdirilməsinə 80 milyon manat
kredit verilmişdir.7 yeni sənaye quşçuluq təsərrüfatı
yaradılmışdır. Bu quş əti
istehsalının artmasına ciddi təsir göstərmişdir.
2012-ci ildə respublikada istehsal olunan 285,6
min ton ətin 89,3 tonu və ya 31,3 faizi quş əti
olmuşdur.
Bu ilin 6 ayında sənaye quşçuluğunda 17 min
ton ət istehsal olunmuşdur. Keçən ilin müvafiq
dövrünə nisbətən quşçuluq fabriklərində
yumurta istehsalı 37,8 faiz
artmışdır.
Azərbaycan quşçuluğunun tarixində birinci dəfədir
ki, belə yüksək göstəricilərə nail
olunmuşdur.
2013-cü ildə heyvanların identikləşdirilməsinə
və qeydə alınmasına
başlanılmışdır. Bu iş ilk növbədə atlarda
başlanılmışdır. Artıq 850
baş ata mikrocip tətbiq olunmuşdur. Bütün
heyvanlarda heç də asan olmayan bu iş 5 il
davam edəcəkdir. Heyvanların qeydə
alınmasına 50 milyon manat tələb olunur. Vəsaitin
ayrılması barədə Kənd Təsərrüfatı
Nazirliyi 22 iyun 2013-cü il tarixdə Azərbaycan
Respublikasının Baş nazirinə təklif göndərilmişdir.
Görülən
tədbirlər nəticəsində əgər 2003-cü ildə
yerli məhsullardan adambaşına 22,3 kq ət, 140,5 kq
süd, 82 ədəd yumurta istehsal olunurdusa, 2012-ci ildə bu
göstəricilər müvafiq olaraq 30,7 kq, 185 kq və 132 ədəd
olmuşdur.
2013-cü
ilin 6 ayında keçən ilin müvafiq dövrünə
nisbətən diri çəkidə ət istehsalı 3,2 faiz, süd istühsalı 6,6 faiz, yumurta
istehsalı 14, 2 faiz, yun istehsalı 2,6 faiz
artmışdır.
Əhalinin rasionunda vacib əhəmiyyətə malik olan
meyvə, tərəvəz, kartof və digər məhsulların
istehsalında da müsbət dinamika müşahidə
olunmuşdur.
Belə ki, 2013-cü il 1 iyul vəziyyətinə ötən
ilin müvafiq dövrünə nisbətən meyvə
istehsalı 12,1 faiz, kartof istehsalı 11,8 faiz, tərəvəz
istehsalı 8,8 faiz, yaşıl çay yarpağı
istehsalı 4 faiz artmış, bu da öz növbəsində
əhalinin əsas kənd təsərrüfatı və ərzaq
məhsullarına olan tələbatının yerli istehsal
hesabına ödənilməsinə öz müsbət
töhfəsini verməklə yanaşı, ixrac
potensialını da artırmışdır.
Bu
müsbət nailiyyətlərin əldə olunmasında
Prezident Administrasiyasının Regional idarəetmə və
yerli özünüidarəetmə orqanları ilə iş
şöbəsinin əməkdaşlarına bizə dəstək
olduqlarına görə öz minnətdarlığımızı
bildiririk, eyni zamanda cənab Prezident tərəfindən aqrar
sahədə qarşıya qoyulan vəzifələrin birgə
həllində Kənd Təsərrüfatı Nazirliyinin və
yerli icra hakimiyyəti orqanlarının əməkdaşları
öz səylərini artıracaqlar.
İşimlə əlaqədar tez-tez bölgələrdə
oluram və kəndlilərlə görüşürəm. Fermerlərimiz
hər görüşdə Prezidentin onlara göstərdiyi
qayğıdan son dərəcə razı olduqlarını
bildirirlər. Belə görüşlərdə
fermerlər bir qayda olaraq vurğulayırlar ki, növbəti
prezident seçkilərində də cənab İlham
Əliyevə səs verəcəklər. Çünki,
dövlət başçısının fermerlərə
göstərdiyi qayğının analoqu dünyanın
heç bir yerində yoxdur.
Aslan ASLANOV,
YAP Siyasi Şurasının
üzvü,
kənd təsərrüfatı
nazirinin müavini
Xalq qəzeti.- 2013.- 25 iyul.- S. 5.