Nizami rayonunda ilin birinci yarısına yekun vurulmuşdur
Dünən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2013-cü ilin
birinci yarısının
sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş hesabat yığıncağı keçirildi. Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət,
xidmət sahələrinin,
hüquq-mühafizə orqanlarının,
həmçinin ictimaiyyət
nümayəndələrinin iştirak etdikləri yığıncağı Nizami
Rayon İcra Hakimiyyətinin
başçısı Tahir
Budaqov açaraq Nazirlər Kabinetinin
2013-cü ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına
həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bəzi məqamlarına toxundu.
Rayon icra hakimiyyəti
başçısının müavini İldırım
Mehdiyev 2013-cü ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
dair hesabat məruzəsi ilə çıxış etdi. Cari ilin ötən dövrünü Azərbaycan
Respublikası üçün
kifayət qədər
uğurlu və yüksək nailiyyətlərlə
zəngin bir dövr olduğunu qeyd edən natiq bildirdi ki, iyul ayının
18-də Prezident Sarayında
dövlət başçısı
cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin
2013-cü ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına
həsr olunmuş iclasında son illər ölkə iqtisadiyyatında
müşahidə olunmuş
iqtisadi artımın hazırda da davam etməsi müsbət hal kimi qiymətləndirlimişdir.
Belə ki, Prezident İlham Əliyev statistik göstəricilər əsasında
Azərbaycanda sənaye
istehsalının, qeyri-neft
bölməsinin, o cümlədən
kənd təsərrüfatının
və digər sahələr üzrə istehsalın artdığını
qeyd etmiş, ölkədə sosial proqramların uğurla icra olunduğunu vurğulamış, makroiqtisadi
vəziyyətin sabit qaldığını diqqətə
çatdırmışdır.
Ölkəmizin dinamik inkişafının
təmin edilməsində
paytaxtın Nizami rayonunun da xüsusi
paya malik olmasını vurğulayan
məruzəçi bildirdi
ki, 2013-cü ilin birinci yarısında rayonun iqtisadi göstəricilərində xeyli
artım müşahidə
olunmuş, aparılan
yenidənqurma işləri
nəticəsində sənaye
müəssisələrinin fəaliyyəti daha da canlanmışdır. Qeyd olundu ki, hesabat
dövründə rayonda
fəaliyyət göstərən
müəssisələr tərəfindən
209,3 milyon manat dəyərində məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir
ki, bu da
əvvəlki ilin eyni dövrü ilə müqayisədə
3,8 faiz çoxdur. İstehsal olunmuş məhsulun 33,6 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Hesabat
dövründə sənayenin
dövlət sektorunda
138,9 milyon manatlıq və ya ümumi istehsalın
66,4 faizi qədər məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Məruzəçi qeyd
etdi ki, rayon üzrə ötən ilin eyni dövrü
ilə müqayisədə
beton, gips və sement məmulatlarının istehsalı
4,9 faiz, zeytun yağı istehsalı
50,7 faiz, kakao yağı istehsalı
81,9 faiz, sərinləşdirici
içki istehsalı
7,7 faiz, süd məhsulları və duz istehsalı müvafiq olaraq 4,9 faiz və 17,9 faiz, əczaçılıq
məhsulları istehsalı
isə 32,5 faiz artmışdır. Müəssisələr
tərəfindən bazar
münasibətlərinin düzgün
qurulması nəticəsində
cari ilin yanvar-iyun aylarında istehlakçılara 212,9 milyon manatlıq məhsul göndərilmişdir.
Natiq bildirdi ki, hesabat dövründə
daxili imkanlar hesabına yerinə yetirilən podrat işlərinin həcmi
229,4 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 59,6 faiz
artım deməkdir. Cari ilin ilk yarısında
rayon iqtisadiyyatının və
sosial sahələrin inkişafı üçün
bütün maliyyə
mənbələri hesabına
əsas kapitala 63,1 milyon manatlıq
investisiya yönəldilmişdir.
Ümumi investisiyanın
57 milyon manatı və ya 89,3
faizi dövlət müəssisələrinə aid olmuşdur. Hesabat dövründə rayon üzrə
16,5 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir. Bu ilin birinci yarısında istifadə edilmiş investisiyaların 46,6 milyon manatı və ya 73,8 faizi tikinti-quraşdırma
işlərinə sərf
olunmuşdur ki, bu da keçən
ilin eyni dövründəkindən 2,7 dəfə
çoxdur.
İ. Mehdiyev daha sonra
qeyd etdi ki, 2013-cü ilin ilk yarısında rayon üzrə
pərakəndə ticarət
dövriyyəsi 813,7 milyon
manata, əhaliyə göstərilən pullu xidmətlərin real həcmi
isə 115,7 milyon manata çatmışdır
ki, bu da
keçən ilin müvafiq dövründəkindən
artıqdır. Ümumi
ticarət dövriyyəsinin
19,9 faizi ticarət fəaliyyəti
ilə məşğul
olan hüquqi şəxslərin, 7,5 faizi
fiziki şəxslərin,
72,6 faizi isə yarmarka və kənd təsərrüfatı
məhsulları bazarlarının
dövriyyəsinin payına
düşür. Bundan
əlavə, hesabat dövründə rayonun iaşə müəssisələrində
13,7 milyon manatlıq xidmət göstərilmişdir. İlin
əvvəlindən fəaliyyət
dairəsi xeyli genişlənmiş özəl
müəssisələrin rayon əhalisinin ərzaq və qeyri-ərzaq mallarına olan tələbatının ödənilməsində
müstəsna rol oynadığını diqqətə
çatdıran məruzəçi
bildirdi ki, pərakəndə ticarət
dövriyyəsinin 100 faizi,
pullu xidmətlərin
isə 80,8 faizi məhz həmin müəssisələrin payına
düşmüşdür.
2013-cü
ilin ötən altı ayı ərzində rayon üzrə
rabitə xidmətləri
sahəsində 38,2 milyon manat, nəqliyyat
üzrə isə
29,6 milyon manat dəyərində xidmətlər
göstərilmişdir. Məşğulluq
strategiyasının həllinə
diqqətin getdikcə
artırıldığını bildirən məruzəçi
dedi ki, hesabat dövründə rayonda 1072 iş yeri yaradılmışdır
ki, bunun da 247-si yeni açılmış, 35-i mövcud
müəssisə və
təşkilatlarda, 790-ı isə fiziki şəxslərə aiddir.
Bütövlükdə isə
2003-cü ildən 2013-cü il iyulun
1-dək Nizami rayonunda
22430 yeni iş yeri açılmışdır
ki, bunun da əksəriyyəti daimidir. Cari ilin yanvar-iyun aylarında rayon üzrə
orta aylıq əmək haqqının
419,9 manat təşkil etdiyini vurğulayan məruzəçi
ayrı-ayrı sahələr
üzrə artımın
baş verdiyini bildirdi. Bununla yanaşı, natiq
rayon əhalisinin sosial
müdafiəsinin gücləndirilməsi
istiqamətində həyata
keçirilmiş tədbirlərdən
də geniş bəhs etdi. Qeyd olundu ki, ölkə
vətəndaşlarının rifah halının yaxşılaşdırılması, aztəminatlı ailələrin
sosial müdafiəsinin
gücləndirilməsi məqsədilə
Azərbaycan Respublikası
Prezidentinin müvafiq fərman və sərəncamları sosial
sahədə əhəmiyyətli
dəyişikliklərə səbəb olmuşdur.
Bütövlükdə isə
2013-cü ilin ilk yarısında
rayon üzrə pensiya,
müavinət və sosial yardımın ödənilməsinə 1,9
milyon manat vəsait xərclənmişdir.
2013-cü ilin ötən
dövrü ərzində
rayonda elektrik enerjisi, istilik, qaz və içməli
su təchizatı ilə bağlı həyata keçirilən
tədbirlər barədə
məlumat verən İldırım Mehdiyev abadlıq və quruculuq işlərinə
də xüsusi diqqət yetirildiyini bildirdi. Natiq, həmçinin rayonun təhsil, səhiyyə, mədəniyyət
və idman sahələri üçün
də yüksək nailiyyətlərlə zəngin
olduğunu diqqətə
çatdırdı, bu
sahədə əldə
olunmuş uğurları
sadaladı.
Məruzə ətrafında çıxış
edən digər natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata
keçirilən mühüm
işlərdən, sosial
və iqtisadi sahələrdə əldə
olunmuş uğurlardan
söhbət açdılar. Azərbaycanın
sosial-iqtisadi inkişafında
paytaxtın Nizami rayonunun da mühüm
rol oynadığını
vurğulayan natiqlər
rəhbərlik etdikləri
sahələrin işi
ilə bağlı hesabat verdilər, il ərzində
görüləcək işlərdən
bəhs etdilər.
Hesabat yığıncağına yekun
vuran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir
Budaqov Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında
ölkə Prezidenti İlham Əliyevin proqram xarakterli yekun nitqindən irəli gələn vəzifələrin icrası
ilə bağlı görüləcək işlərdən,
həmçinin rayonda
həllini gözləyən
bir sıra məsələlərdən söhbət
açdı, bununla bağlı müvafiq qurumların rəhbərlərinə
konkret tapşırıqlar
verdi.
Tədbirdə Milli Məclisin deputatları Sədaqət
Vəliyeva və Rasim Musabəyov iştirak edirdilər.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 25 iyul.- S. 6.