Azərbaycan mətbuatı
yarandığı gündən bəri heç
zaman görmədiyi bir
qayğının şahidi olur
Prezident İlham
Əliyev “jurnalistlərin dostu”
adını hər addımda ləyaqətlə doğruldur
Son zamanlar ölkənin siyasətçi və politoloqları, daha çox isə mətbuat ekspertləri belə bir qənaətlə çıxış edirlər ki, Prezident İlham Əliyev həm ölkə əhalisinə verdiyi vədlərin yerinə yetirilməsində, həm də ona göstərilən etimadın doğruldulmasında mükəmməl bir nümunə formalaşdırır. Belə ki, dövlət başçımız hələ 2003-cü ilin yayında, prezidentliyə namizəd olarkən görüşlərin birində demişdi ki, mən seçkidə qalib gələcəyim təqdirdə hər bir azərbaycanlının Prezidenti olacağam.
Heydər Əliyev siyasi kursunun bütün incəliklərini ən xırda detallarına qədər mənimsəmiş İlham Əliyev bu vədini hələ prezidentliyinin ilk ilində reallığa çevirmişdi. O, 2003- 2004-cü illərdə atdığı siyasi addımlarla və qəbul etdiyi qərarlarla sübut etdi ki, sözün həqiqi mənasında, bütün azərbaycanlıların Prezidentidir. Prezidentin həmin qətiyyəti xalqı vahid amal ətrafında birləşdirməklə təkcə dövlətimizi qüdrətləndirmədi, həm də dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində atılmış uğurlu addım kimi tarixə yazıldı.
Dövlət başçımızın əsas və xüsusilə qeyd olunmalı keyfiyyətlərindən biri də ona göstərilən etimadı özünəməxsus şəkildə doğrultmasıdır. Bu keyfiyyət ölkə seçicilərinin ona göstərdiyi etimadın doğruldulmasında özünü necə göstərmişdisə , ölkənin jurnalist ictimaiyyətinin göstərdiyi etimadın doğruldulmasında da məhz o şəkildə qabarıq göründü. Belə ki, üç il qabaq Azərbaycanın mətbuat təmsilçiləri onu “Jurnalistlərin dostu” elan edəndə hamı əmin idi ki, dövlət başçımız bu etimadı ləyaqətlə doğruldacaq. Ancaq bizim dostumuzun bizə bu qədər qayğı və diqqətlə yanaşacağını təsəvvür etmirdik. Ən azı ona görə ki, onun rəhbərlik etdiyi respublika bu gün Avrasiyanın ən vacib dövlətlərindən , beynəlxalq aləmin ən fəal üzvlərindən biridir və ölkəmizin zorən sürükləndiyi Dağlıq Qarabağ münaqişəsi hələ öz ədalətli həllini tapmayıb. Yəni bu amillər Azərbaycan Prezidentinin necə sıx qrafiklə işlədiyinin göstəricisidir və onun mətbuatın problemləri ilə məşğul olmağa vaxtının çatması, ən azı, inandırıcı görünmürdü. Ancaq o, nəinki bu məsələlərə vaxt tapdı, üstəlik, onu özünün dostu elan edənlərin bütün tədbirlərinə qatıldı Azərbaycan mətbuatının ölkənin ümumi inkişafı səviyyəsində tərəqqi etməsinə nail oldu.
İyulun 22-də, Milli Mətbuat Günü münasibətiylə ölkəmizdə keçirilən bütün tədbirlərdə dövlət başçımızın bu sahənin inkişafına göstərdiyi qayğı və diqqətin ən müxtəlif məqamları barədə çoxsaylı faktlar söylənildi, rəqəmlər yada salındı. Bilavasitə jurnalistlər üçün tikilmiş möhtəşəm yaşayış binasının önündə cənab Prezidentin iştirakı ilə keçirilən unudulmaz tədbirdə isə daha əhatəli, daha dəqiq fikirlər səsləndirildi. Qeyd olundu ki, Azərbaycan mətbuatı XXI əsrin ilk onilliyindən başlayaraq özünün inkişaf tarixinin yeni mərhələsini yaşamaqdadır.
Məsələn, 8 il əvvəl – 2005-ci ildə dövlət başçımız jurnalistlərin arzu və təkliflərini nəzərə alaraq “Əməkdar jurnalist” fəxri adını bərpa etmişdi. Milli mətbuatımızın 130 illiyi münasibətilə 37 həmkarımız bu ada layiq görüldü. Həmin gün daha 96 jurnalist orden, medal, “Əməkdar mədəniyyət işçisi” fəxri adı və Prezident təqaüdü ilə təltif olundu. Bu, bir zamanlar aşağılanan Azərbaycan mətbuatının dirçəldilməsi istiqamətində atılmış çox uğurlu addım idi. Özü də bu addımlar təsadüfi deyildi. Məlum bir siyasi kursun mükəmməl şəkildə davam etdirilməsi demək idi. Belə ki, hələ 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq məhz Azərbaycanda kütləvi informasiya vasitələri üzərindən senzura tamamilə götürülmüşdü. Həmin tarixi hadisədən 10 il sonra - 2008-ci ildə isə Prezident İlham Əliyevin sərəncamıyla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul edildi və müvafiq fond yaradıldı. Bununla da mediaya yardım ardıcıl, şəffaf bir sistemə çevrildi. Yəni, Azərbaycan dövləti mətbuatın inkişafındakı marağını ən müxtəlif tədbirlərlə konkret və prinsipial şəkildə ortaya qoyur. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması isə bu sahənin inkişafının əvəzsiz bir stimuluna çevrildi.
Prezident İlham Əliyev 2010-cu ilin iyulunda Milli Mətbuat Günü Mətbuat Şurasının yeni binasının açılışına gəlməklə yanaşı, həmkarlarımızın böyük bir qrupunu da mükafatlandırmışdı. Həmin görüşdə jurnalistlərin məişət şəraiti ilə bağlı məsələlərlə dərindən maraqlanan dövlət başçısı dərhal onlara mənzil tikilməsini nəzərdə tutan sərəncam imzaladı. Bu həftənin ilk günü biz həmin sərəncamın bəxş etdiyi sevincə şahidlik etdik. 156 həmkarımız illərdən bəri arzusunda olduğu bir məsələnin həll olunmasının - mənzil şəraitinin yaxşılaşdırılmasının sevincini yaşadı. Həmin sevincli anlarımızda yada salındı ki, Prezident İlham Əliyev üç il əvvəl - 2010-cu ildə Azərbaycan Mətbuat Şurasının təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdü. Təbii ki , bu dostluq, mətbuat təmsilçiləri üçün təkcə şərəf yox , həm də böyük məsuliyyətdir.
Jurnalistlər üçün tikilən binanın açılış mərasimində nitq söyləyən dövlət başçımız bizim hər birimiz üçün dəyərli olan maraqlı fikirlər səsləndirdi. Amma, ən maraqlısı o idi ki, həmin gün ev alan biz qələm sahibləri dünyada ilk dəfə reallaşdırılan bir layihənin iştirakçısına çevrilirdik. Həmin məqamı dövlət başçımız bu şəkildə ifadə etdi: “Deyə bilərəm ki, bu təşəbbüs dünya praktikasında ilk dəfədir ki, reallaşır. Şadam ki, Azərbaycan bu sahədə də öz liderliyini göstərir. Çünki bildiyiniz kimi, jurnalistlərin peşəsi çox ağırdır, məsuliyyətlidir. Ancaq jurnalistlərin əksəriyyəti aldıqları maaşla bu cür evdə mənzil ala bilməzdi. Bu məqsədlə və eyni zamanda, öz sahəsində peşəkarlıq göstərmiş, uzun illər mətbuatda çalışmış jurnalistləri mükafatlandırmaq üçün hesab edirəm ki, bu təşəbbüs ən məqbul yol idi. Mətbuat işçiləri ilə görüşlərimin birində jurnalistlər tərəfindən irəli sürülmüş bu təşəbbüsə dərhal dəstək verildi və qısa müddət ərzində belə gözəl, yaraşıqlı bina tikilmişdir. Əminəm ki, bu binanın ətrafında gələcəkdə böyük bir kompleks yaranacaqdır. Çünki binanın yerləşməsi də çox gözəldir, buradan Dövlət Bayrağına gözəl mənzərə açılır, bütün bu sahələr abadlaşacaq və burada yeni infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur. “Bakı Art City”, yəni, incəsənət şəhərciyi yaradılacaqdır. Böyük Su İdmanı Sarayı tikilir. Yəni, bu zonada bu binadan sonra tikinti-quruculuq işləri sürətlə gedəcək və əminəm ki, biz gələcəkdə belə mərasimlərdə sizinlə yenə görüşəcəyik”.
Bu yazının əvvəlində ulu öndər Heydər Əliyevdən gətirdiyimiz sitatda qeyd olunur ki, siyasi baxışlarından asılı olmayaraq istənilən mətbuat vasitəsi və ya istənilən jurnalist Azərbaycan dövləti üçün önəm kəsb edir. Həmin fikirlər dövlət başçımız İlham Əliyevin iyulun 22-də, Bibiheybətdə jurnalistlər üçün tikilən binanın açılışındakı nitqində bir qədər də inkişaf etdirildi, “Bildiyiniz kimi, bu evdə mənzil alan jurnalistlərin arasında müxtəlif mətbu orqanların nümayəndələri, müxtəlif siyasi baxışlara malik olan insanlar vardır. Bu da təbiidir və bu təşəbbüs, burada aparılan bölgü bir daha göstərir ki, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmir və yol verilməməlidir. Məhz buna görə hesab edirəm ki, cəmiyyətdə çox sağlam mühit, sağlam ab-hava vardır. Əlbəttə ki, jurnalistlərin peşəkarlığı, onların ictimai rəydəki fəaliyyəti bu sağlam ab-havanı daha da sağlam edəcəkdir”.
Bəzi üzdəniraq hüquq müdafiəçilərinin və xaricdən təlimatlandırılan insanların uydurduğu cəfəngiyyatlarda göstərilir ki, guya, bizdə söz azadlığı insanların istədiyi səviyyədə deyil. Adam istər-istəməz arzu edir ki, həmin qaragüruhçular Prezident İlham Əliyevin adıçəkilən tədbirdə səsləndirdiyi bu fikirləri eşitmiş olaydılar: “Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilibdir. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən senzuranı ləğv edilməsilə bağlı irəli sürülmüş təşəbbüs azad mətbuata təkan verdi. Çünki senzura olan bir ölkədə azad mətbuatdan söhbət gedə bilməzdi. Hesab edirəm ki, məhz o gündən başlayaraq Azərbaycanda azad mətbuatın tam formalaşması başlamışdır və bu gün Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilir. Yüzlərlə mətbu orqan sərbəst fəaliyyət göstərir, əlbəttə ki, senzuradan söhbət gedə bilməz. Azərbaycan, eyni zamanda, müasir texnologiyaların tətbiqində də öz sözünü deyir”.
Dövlət başçımız tədbirdə iştirak edən və bu barədə məlumatları kütləvi informasiya vasitələrindən alan həmkarlarımızın fəaliyyətini yüksək qiymətləndirməklə bizə daha bir bayram əhval-ruhiyyəsi bəxş etdi. O, etiraf etdi ki: “Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu vardır və bu rolu mən yüksək qiymətləndirirəm. Əminəm ki, gələcəkdə də Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar təmin ediləcəkdir. Azərbaycanda demokratiyanın inkişafında böyük addımlar atılır, bütün azadlıqlar vardır - söz azadlığı, sərbəst toplaşmaq azadlığı... Yəni, müasir dövlət prinsipləri elə olmalıdır ki, biz hər bir sahədə qabağa gedək, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edək və ölkəmizi inkişaf etdirək. Bu gün müstəqil Azərbaycan dövləti, sözün əsl mənasında, hərtərəfli inkişaf edir və ictimai proseslərin müsbət istiqamətdə getməsi, əlbəttə ki, bizim gücümüzü artırır”.
Dövlət başçımız təkcə uğurlardan və görülmüş işlərdən danışmaqla kifayətlənmədi. Eyni zamanda, biz jurnalistlərin qarşısında da müəyyən vəzifələrin dayandığını söylədi: “Jurnalistlərin məsuliyyəti də əlbəttə ki, daim müzakirə mövzusudur. Xüsusilə azad mətbuat olan halda jurnalistlərin məsuliyyəti ön plana çıxır. Mən şadam ki, son illər ərzində bu istiqamətdə də müsbətə doğru irəliləyiş vardır, jurnalistlər öz məsuliyyətini daha da dolğun şəkildə dərk edirlər, mətbuatda gedən, həqiqəti əks etdirməyən təhqiramiz yazılara da az-az rast gəlmək olur. Bu da jurnalistlərin məsuliyyətindən xəbər verən amillərdir. Eyni zamanda, müasir cəmiyyətdə, internet dövründə hər hansı bir yalan məlumatın ömrü uzun ola bilməz. Ona görə, jurnalistlərin məsuliyyəti hesab edirəm ki, gələcəkdə də daim diqqət mərkəzində olmalıdır. Bilirəm ki, jurnalist ictimaiyyəti, Mətbuat Şurası bu məsələləri daim diqqət mərkəzində saxlayır. Necə ki, hər bir insan qanun qarşısında, cəmiyyət qarşısında məsuliyyət daşıyır, əlbəttə, jurnalistlər də bu məsuliyyəti daşımalıdırlar və eyni zamanda, onların məsuliyyəti bəlkə də daha da böyük olmalıdır”.
“Azərbaycan jurnalistikası öz dövlətinə, xalqına, dövlətçiliyinə bağlıdır. Siyasi baxışlardan asılı olmayaraq, əksər hallarda dövlətin maraqları üstünlük təşkil edir” - deyən dövlət başçımız bizə böyük inam, etimad bəslədiyini dilə gətirdi. O, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xarici mətbuatda işıqlandırılması ilə bağlı daha da böyük işlər görülməli olduğunu vurğuladı. Təbii ki, bu tövsiyə hamı tərəfindən məmnuniyyətlə qəbul edildi.
Daha bir məqam. Bu gün Azərbaycan xəritəsində qeyri-rəsmi olaraq “Gənclər şəhəri”, “Energetiklər şəhəri” kimi adlara rast gəlirik. İyulun 22-də cənab Prezidentin səsləndirdiyi bir ifadədən sonra isə məmnunluq hissi yaşayırıq ki, artıq Abşeronun, xüsusən, paytaxtımızın ərazisində bizim peşəmizlə adlanan bir məkan - jurnalistlər şəhərciyi yaranır: “Bəlkə də siz bunu bilirsiniz ki, burada yaşayacaq jurnalistlərin sayı kifayət qədərdir, 150-dən çoxdur. Ancaq dövlət tərəfindən mükafata layiq olan jurnalistlərin sayı hələ də vardır. Bunu nəzərə alaraq, yenə jurnalist ictimaiyyətindən təşəbbüs, yəni təklif irəli sürüldü ki, bu layihə davam etdirilsin. Mən də buna müsbət baxıram. Bu evdə mənzil ala bilməyən, ancaq buna layiq olan jurnalistlərin mənzillərlə təmin edilməsi üçün əlavə tədbirlər görüləcəkdir. İstisna etmirəm ki, gələcəkdə bu yerə “Jurnalistlər şəhərciyi” deyəcəklər”.
Əlavə edək ki, bilavasitə həmin gün - iyulun 22-də dövlət başçımız jurnalistlər üçün tikiləcək növbəti binanın təməlini qoydu və “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzaladı. Sərəncamda deyilir ki, mətbuat işçiləri üçün tikilən ikinci binanın inşasının maliyyələşdirilməsi üçün ilkin olaraq beş milyon manat vəsait ayrılsın.
...İyulun 22-si Bakıda ən isti günlərdən biri idi. Ancaq jurnalistlər üçün tikilmiş evin mənzillərinin paylanmasından ötrü təşkil olunmuş tədbirin təxminən üç yüz nəfərlik qonağı bu istini hiss etmirdi. Çünki başımızın üstündə 18 mərtəbəli əzəmətli binanın möhtəşəm kölgəsi var idi. Mən bir anlığa həmin kölgəni dövlətin mətbuata qayğısı ilə müqayisə etdim. Başqa bir həmkarım isə əlavə etdi: – Həqiqi mətbuat da bax, beləcə milli dövlətçiliyimizin üstünə sayə salır, onu qoruyur.
Həmin anın tamamilə başqa bir qürur gətirən təəssüratı da var idi. Bu qarşılıqlı inamı , etimadı yaradanlara əhsən!
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2013.- 26 iyul.- S. 5.