V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi italyan bəstəkarı Cüzeppe Verdinin 200 illiyinə həsr edilmiş yubiley konserti təqdim olunmuşdur

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 25-də dahi italyan bəstəkarı Cüzeppe Verdinin anadan olmasının 200 illiyi münasibətilə yubiley konserti təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, məşhur italiyalı dirijor Jder Biqnamininin rəhbərliyi ilə təqdim olunanViva Verdi  adlı konsertdə Yerusəlim Simfonik Orkestri bəstəkarın əsərlərindən nümunələr səsləndirmişdir.

İki hissədən ibarət konsertdə məşhur türkiyəli və italiyalı vokalçılar Burçin Savigne (soprano), Karmelo Korrado Karuzo (bariton), eləcə də onların azərbaycanlı həmkarları Yusif Eyvazov (tenor), Səbinə Əsədova (messo-soprano) dahi bəstəkarın əsərlərindən parçalar ifa etmişlər.

Musiqi axşamında Cüzeppe VerdininTaleyin gücü”, “Don Karlos”, “Bal-maskarad”, “Otello”, “Atilla” “Aida”, “Trubadur” operalarından parçalar, o cümlədən ariya, uvertüra  səsləndirilmişdir.  Çıxışlar yerlixarici ölkə tamaşaçılarının böyük marağına səbəb olmuşdur.

Yerusəlim Simfonik Orkestri 1930-cu ildə Fələstin radiosunun nəzdində yaradılmışdır. Orkestrin hazırkı musiqi direktoru Frederik Çaslindir. Bu musiqi kollektivi Avropa və ABŞ-ın bir çox şəhərlərində, ən məşhur konsert salonlarında geniş konsert proqramları ilə çıxış etmişdir.

 

Xalq qəzeti.- 2013.- 26 iyul.- S. 7.