Göygöl:
uğurlar, vəzifələr
Göygöl Rayon İcra Hakimiyyətində keçirilən geniş şura iclasında 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr ətraflı müzakirə olunmuşdur.
Hesabat məruzəsində və çıxışlarda qazanılmış uğurlara, həllivacib məsələlərə diqqət yetirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov hesabat məruzəsində bildirmişdir ki, 2013-cü ilin 6 ayı ərzində Göygöl rayonunda sosial obyektlərin tikilməsi, abadlıq-quruculuq işlərinin aparılması, uzun illər yığılıb qalmış mövcud problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.
Rayonda 2013-cü ilin 6 ayı ərzində 642 yeni iş yerləri açılmışdır ki, bunun da 239-u daimidir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 3963,6 min manat artaraq 63281,9 min manata çatmışdır. Məhsul və xidmətlərin 38682,5 min manatı (61,1 faiz) istehsal, 24599,4 min manatı ( 38,9 faiz ) xidmət sahələrinin payına düşür. Rayon üzrə adambaşına 1050,5 manat dəyərində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz çox məhsul istehsal edilmişdir.
Aqrar sahənin inkişafına yönəldilmiş dövlət proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsi üçün ölkə rəhbərliyi tərəfindən yaradılmış əlverişli şəraitin nəticəsi olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının traktor, kombayn, digər maşın və avadanlıqları ilə, toxum, gübrə və pestisidlərlə təminatı yaxşılaşdırılmışdır.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına dəyərinin 50 %-ni ödəməklə 124980 manat dəyərində 546,3 ton mineral gübrə satılmışdır. 1191 istehsalçıya yanacaq və motor yağlarının dəyərinin 50 faizni ödəmək məqsədilə 437292 manat məbləğində yardım verilməsi nəzərdə tutulmuşdur və yaxın müddətdə ödəniləcəkdir.
2013-cü ilin 6 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 399,7 min manat çox olmaqla 16316,8 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir, bunun da 99,6 faizi qeyri-dövlət sektorunun payına düşür. 2013-cü ilin məhsulu üçün 9455,8 hektar sahədə payızlıq, 934,5 hektar sahədə yazlıq səpin aparılmışdır. 3034 hektar taxıl sahəsi biçilmiş, 7171,8 ton taxıl tədarük olunmuşdur. Taxıl biçini davam etdirilir.
Heyvandarlıq inkişaf etmiş, iri mal 18834 başa, xırda mal isə 155436 başa çatmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 288,4 ton, ət 199,4 ton, yun 3,8 ton, yumurta 18200 ədəd artmışdır.
Toplantıda bildirildiki kənd təsərrüfatı heyvanları arasında aparılan baytarlıq profilaktiki tədbirlər nəticəsində kütləvi yoluxucu xəstəliklər baş verməmiş, epizodik vəziyyət sabit olaraq qalmışdır. Əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Kürəkçay və Qoşqarçayda qapalı boru şəbəkələri bərpa edilmiş, 113 ədəd subartezian quyusu, Topalhəsənli nasos stansiyası təmir edilmişdir. daşqınların qarşısını almaq məqsədilə çay məcrasında 111 min kub metr həcmində təmizləmə işləri görülmüşdür.
Rayonda hazırda fəaliyyət göstərən 21 sənaye müəssisələri tərəfindən bütövlükdə 5029,9 min manat dəyərində sənaye məhsulu istehsal edilmiş, qeyri—dövlət sektorunun xüsusi çəkisi 29,2 faiz olmuşdur. Ticarətin bütün növləri üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 3778,9 min manat artaraq 57711,2 min manata çatmışdır.
Sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin nəticəsi olaraq hüquqi şəxslərin sayı 454-ə çatmışdır. Sahibkarlığa Kömək Milli Fondu 64 sahibkara 940 min manat dəyərində güzəştli kredit vermişdir.
Poçt və rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, eləcə də əhaliyə faktiki qiymətlərlə 260 min manatlıq xidmət göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 23 min manat ( 5,7 faiz ) çoxdur.
Rayon ərazisində 2013-cü ilin altı ayında müxtəlif nazirliklər, komitələr, agentliklər və əhali tərəfindən 17475,2 min manat əsas kapitala investisiya qoyulmuş, bunun da 17345,8 min manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir. Cari ilin 6 ayı ərzində rayon büdcəsinin gəlirləri (dotasiyasız) 1 milyon 823,1 min manat proqnoza qarşı 1 milyon 866,6 min manat və ya 102,4 faiz yerinə yetirilmişdir. Büdcənin xərcləri 7 milyon 602,2 min manat proqnoza qarşı 6 milyon 532,7 min manat və ya 85,9 faiz icra edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1068 min manat və ya 19,5 faiz çoxdur.
Yığıncaqda daha sonra göstərildi ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Göygöl rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar müvafiq tədbirlər görülmüş, işlər davam etdirilir. Dövlət Bayrağı meydanı kompleksinin əhatə etdiyi 5,5 hektar ərazidə yaşıllıq salınmış, bayraq muzeyinin tikintisi başa çatdırılmış, muzeyin fasad hissəsinə, pilləkənlərə, gəzinti üçün təşkil olunmuş meydançalara və ətrafına hörülmüş divarlara üzlük piltələr döşənmişdir.
Dövlət Sosial Müdafiə Fondunun və Milli Təhlükəsizlik Nazirliyinin Göygöl rayon şöbələri üçün inzibati binalar tikilmiş, Yeni Zod kənd uşaq bağçası, 2 saylı Yeni Zod kənd mədəniyyət evi əsaslı təmir olunmuşdur.
Hazırda Göygöl şəhərinin mərkəzi küçələrində, park və xiyabanlarda, rayon ərazisindən keçən avtomagistralların kənarında abadlıq işləri aparılaraq müxtəlif cins ağaclar, bəzək kolları əkilir.
2013-cü ilin 6 ayı ərzində elektrik təsərrüfatında 74,2 min manat dəyərində təmir-bərpa quraşdırma işləri aparılmış, 69 ədəd müxtəlif güc transformatorları, 15,2 km elektrik veriliş xətti təmir edilmiş, qəza vəziyyətində olan 65 ədəd elektrik dayaqları yenisi ilə əvəz olunmuşdur. Əhali üzrə istehlak olunan elektrik enerjisinin həcmi 10 milyon 176,5 min kilovatsaat təşkil etmiş, ödəniş 93 faiz yerinə yetirilmişdir.
Yaşayış məntəqələrinin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə 2013-cü ilin 6 ayı ərzində Göygöl şəhərinin yeni salınmış yaşayış massivində 9608 metr uzunluğunda qaz xətti çəkilərək 286 təsərrüfata müasir tipli qaz sayğacları quraşdırılmışdır. Əhali üzrə istehlak olunan qazın həcmi 11 milyon 517,8 min kubmetr təşkil etmiş, ödəniş 108,7 faiz yerinə yetirilmişdir.
Hesabat belə bir inamla başa çatdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, eyni zamanda quruculuq-abadlıq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq rayonda mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2013.- 26 iyul.- S. 7.