Suraxanı rayonunda ilin birinci yarısının yekunları
müzakirə olunmuşdur
Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən irəli gələn məsələlər Suraxanı Rayon İcra Hakimiyyətində də ətraflı müzakirə olunmuşdur. İcra hakimiyyəti başçısı yanında şuranın geniş iclasında rayonun hüquq-mühafizə orqanları, təsərrüfat xidmətləri, sənaye, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Suraxanı rayonunda bu ilin 6 ayı ərzində dövlət və yerli proqramların yerinə yetirilməsi işləri uğurla davam etdirilmişdir. Sənaye müəssisələri tərəfindən 136,6 milyon manat , tikintidə 72,2 milyon manat, nəqliyyatda isə 9,2 milyon manat həcmində iş görülmüş, əsas kapitala 14,8 milyon manat investisiya yönəldilmişdir. Hesabat dövründə 1060 yeni iş yeri yaradılmış, orta aylıq əmək haqqı 569,8 manata çatdırılmışdır.
Bildirilmişdir ki, bu ilin birinci yarısında rayonda 108,7 min metr qaz, 9700 metr su, 620 metr kanalizasiya xətləri çəkilmiş, 1260 abonent qazla təmin edilmiş, Bülbülə və Əmircan qəsəbələrində hər biri 2000 nömrə olmaqla ATS-lər istifadəyə verilmiş, mənzil fonduna aid evlərdə 4,5 min kvadratmetr dam örtüyü təmir olunmuş, müxtəlif ünvanlarda 155 min kvadratmetr asfalt örtüyü salınmışdır.
12 saylı birləşmiş şəhər xəstəxanasında, 273 və 324 saylı uşaq bağçalarında əsaslı təmir başa çatdırılmış, 6 uşaq bağçasının, 23 və 31 saylı şəhər poliklinikalarının, 4 saylı tibbi-sanitar hissəsinin və 2 saylı uşaq evinin əsaslı təmiri davam etdirilmiş, şahmat məktəbinin tikintisinə, 76, 270 və 275 saylı orta məktəblərin əsaslı təmirinə başlanılmışdır.
Rayonda aparılan abadlıq-quruculuq işlərindən danışılarkən həmçinin xatırladılmışdır ki, “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun, A.Rzayev, S.Bəhlulzadə və Balandin küçələrinin ətrafında genişmiqyaslı abadlıq işləri görülmüş, fərdi yaşayış evlərinin fasadları abadlaşdırılmış, dam örtükləri dəyişdirilmiş, A.Rzayev küçəsi asfaltlanmışdır. Əmircan qəsəbəsinin S.Bəhlulzadə dairəsindəki park yenidən qurulmuş, Hövsan qəsəbəsindəki istirahət parkının yenidənqurulması isə davam etdirilmişdir.
Rayonun ekoloji durumunun sağlamlaşdırılması istiqamətində bir sıra tədbirlər reallaşdırılmışdır. Neftlə çirklənmiş torpaqlarda aparılmış rekultivasiya işləri nəticəsində 16,4 hektardan çox sahə təmizlənmiş, ümumi sahəsi 3,7 hektar olan 52 neft gölməçəsi qurudulmuş, 22 quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmişdir. Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən birgə icra edilmiş “Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi” çərçivəsində Zığ və Bülbülə qəsəbələrində, Yeni Günəşli yaşayış sahəsində əvvəllər mövcud olmuş məişət tullantıxanaları ləğv edilmişdir.
Bu ilin 6 ayı ərzində rayon Məşğulluq Mərkəzinə 502 nəfər müraciət etmiş, 314 nəfər, o cümlədən kvota üzrə 8 nəfər işlə təmin olunmuş, 76 nəfərə işsiz statusu verilmişdir.
Rayon rəhbəri çıxışında qeyd etmişdir ki, ötən dövr ərzində vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılmış, onların problemlərinin həllinə hərtərəfli köməklik göstərilmişdir. Hesabat dövründə rayon icra hakimiyyəti başçısı tərəfindən 673 nəfər vətəndaş qəbul edilmiş, 21 səyyar görüş-qəbul keçirilmiş, qəbullarda qaldırılan məsələlərin əksəriyyəti müsbət həll olunmuşdur.
İlqar Abbasov rayon sakinləri adından Suraxanıya göstərilən diqqət və qayğıya görə bir daha Azərbaycan Prezident İlham Əliyevə minnətdarlığını bildirmiş və dövlətimizin başçısını əmin etmişdir ki, rayonun əmək kollektivləri və sakinləri həmişə olduğu kimi, yenə də Heydər Əliyev siyasi kursuna sadiqliyini nümayiş etdirəcək, qazanılmış uğurların daha da artırılması, ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsi üçün əzmlə çalışacaqlar.
Hesabat yığıncağında Milli Məclisin deputatları Ağacan Abıyev, Fərəc Quliyev və Sevinc Fətəliyeva iştirak etmişlər.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 26 iyul.- S. 8.