Nərimanov rayonu ölkəmizin sosial-iqtisadi
inkişafına mühüm töhfələr
verir
Hazırda Azərbaycan Respublikası regionun ən sabit inkişaf edən ölkəsinə çevrilmişdir. Artıq inkişafın “Azərbaycan modeli” əksər dünya ölkələrində təqdir olunur, nümunə kimi qəbul edilir. Son illər ölkəmizin maliyyə gücünün xeyli artması paytaxt Bakıda, eləcə də regionlarda mühüm infrastruktur layihələrinin reallaşdırılmasına imkan yaradır. Dövlət başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində hazırda ölkənin hər yerində geniş quruculuq və abadlıq işləri aparılır. Şəhər və rayonlarımız yeni görkəm alır, insanların həyat səviyyəsi getdikcə yaxşılaşdırılır. Ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət Bakı şəhərinin mərkəzi rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafına təkan vermişdir. Bu baxımdan cari ilin birinci yarısı rayon üçün son dərəcə uğurlu olmuş, sosial-iqtisadi inkişaf sahəsində yüksək nailiyyətlər əldə edilmişdir.
Statistik göstəricilərdə əksini
tapan inkişaf və
tərəqqi
Son illər sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi yüksək nailiyyətlər Nərimanov rayonunu paytaxtın, eləcə də ölkənin qabaqcıl rayonlarından birinə çevirmişdir. Təsadüfi deyil ki, indi rayon bütün statistik göstəricilərinə görə ölkə üzrə öncül sıralarda qərarlaşmışdır. Sevindirici haldır ki, bu inkişaf və tərəqqi meyilləri cari ilin ötən dövründə də davam etmiş, rayon özünün inkişaf salnaməsinə yeni səhifələr yazmışdır. Elə sosial-iqtisadi inkişafı təmin edən ayrı-ayrı sahələr üzrə ilin altı ayında görülmüş işlər, həyata keçirilmiş tədbirlər də bunu bir daha təsdiq edir. 2013-cü ilin yanvar-iyun aylarında rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı nəticəsində xidmətlər də daxil olmaqla 979,7 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çoxdur.
Hesabat dövründə istehlakçılara 950,9 milyon manatlıq sənaye məhsulu göndərilmişdir. İlin əvvəlindən rayon üzrə istehsal olunmuş sənaye məhsulunun 88,2 faizi dövlət sektorunun payına düşmüşdür. Hazırda rayonun sənaye kompleksində 9894 nəfər çalışır ki, onların orta nominal əmək haqqı 10,3 faiz artaraq 450,1 manata çatmışdır. Nərimanov rayonunda məşğulluq strategiyasının reallaşdırılması, sakinlərin işlə təminatı da xüsusi diqqət mərkəzində saxlanılmışdır. Bu ilin altı ayında rayonda yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpası nəticəsində 1408 daimi iş yeri açılmışdır.
Rayonun sürətli inkişafını təmin edən başlıca şərtlərdən biri də investisiya fəallığı ilə bağlıdır. Təqdirəlayiq haldır ki, son illər Nərimanov rayonunda bu sahədə ciddi artım müşahidə olunur. Bu ilin ilk yarısında rayon üzrə bütün mənbələr hesabına əsas kapitala 108,2 milyon manatlıq investisiya qoyulmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 45,2 çoxdur. Son zamanlar rayonun tikinti kompleksində müşahidə olunan canlanma bu ilin ötən dövründə də müşahidə ounmuş, tikinti təşkilatları tərəfindən öz gücləri ilə 421,8 milyon manatlıq inşaat işləri həyata keçirilmişdir. Bu sahədə artım isə 2012-ci ilin müvafiq dövrünə nisbətən 18,2 faiz çoxdur.
Yeri gəlmişkən, cari ilin birinci yarısında rayonun tikinti kompleksində çalışanların sayı 13857 nəfər olmuş, onların orta aylıq məvacibləri 490,6 manat təşkil etmişdir. İqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi də xeyli artmışdır. Belə ki, son altı ayda rayon əhalisinə 185,5 milyon manatlıq pullu xidmətlər göstərilərək ötən ilin eyni dövrünə nisbətən 35 faiz artım əldə edilmişdir.
Ölkədə əlverişli biznes mühitinin yaradılmasının, azad sahibkarlığa və təşəbbüskarlığa geniş meydan verilməsinin nəticəsidir ki, son illər Nərimanov rayonunda müasir standartlara cavab verən çoxsaylı kiçik və orta müəssisələr yaradılmışdır. Hazırda həmin müəssisələrdə yüksək keyfiyyətli yeyinti məhsulları, məişət avadanlıqları, tikinti materialları və digər məhsullar istehsal olunur, əhaliyə nümunəvi xidmətlər göstərilir. Müasir standartlara uyğun yaradılmış müəssisələrdə istehsal olunan mallar isə daxili bazarda məhsul bolluğunun təmin edilməsi ilə yanaşı, ixraca da yönəldilir. Bütün bunlar isə öz növbəsində rayonda ticarət sahəsinin xeyli inkişaf etməsinə səbəb olmuşdur. Belə ki, hesabat dövründə rayonda ticarət üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 442,6 milyon manata, əhaliyə göstərilən ictimai-iaşə xidmətinin həcmi isə 38,7 milyon manata çatmışdır.
Bu ilin ilk yarısında rayonun nəqliyyat və rabitə xidmətləri sahələrində də yüksək artım müşahidə edilmişdir. Belə ki, birinci yarımillikdə əhaliyə 38,3 milyon manatlıq nəqliyyat və 8,4 milyon manatlıq rabitə xidmətləri göstərilmiş, bu sahələrdə keçən ilin eyni dövründəkinə nisbətən müvafiq olaraq 32 faiz və 17,1 dəfə artım qeydə alınmışdır.
Abadlıq-quruculuq işləri Nərimanov
rayonunun simasına əlavə
yaraşıq verir
Ölkə Prezidenti İlham Əliyevin Bakının və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqram, imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial obyektlərin yaradılmasına, bununla da, əhalinin layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr vermişdir. Son illər Nərimanov rayonunun geniş quruculuq məkanına çevrilməsinin ən başlıca səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi, bu rayona da dövlət başçısı İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir. Elə cari ilin ötən altı ayı ərzində ölkə Prezidentinin müxtəlif açılış və təməlqoyma mərasimlərində iştirak etmək üçün üç dəfə Nərimanov rayonunda olması da bunu təsdiq edir. Belə ki, dövlət başçısı yanvarın 31-də “Bakıelektrikşəbəkə” ASC-nin Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyasının, martın 7-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusunun açılış mərasimində iştirak etmiş, mayın 20-də isə Dədə Qorqud parkında həyata keçirilən işlərlə tanış olmuşdur.
Cari ilin birinci yarısında rayon ərazisində mühüm infrastruktur layihələrinin icrası da sürətlə davam etdirilmişdir. Bu baxımdan Gənclik meydanında yeraltı yol ötürücülərinin və yeraltı avtomobol dayanacağının inşası, metronun “Gənclik” stansiyasının ətrafında yerləşən binaların fasadlarının milli memarlıq üslubunda yenidən qurulması, Vaqif prospektinin genişləndirilməsi, Ziya Bünyadov prospektinin yenidən qurulması, eləcə də paytaxtın baş planına uyğun digər layihələrin həyata keçirilməsi ilə bağlı görülən işlər diqqəti cəlb edir. Bununla yanaşı, Heydər Əliyev prospekti, Koroğlu Rəhimov, Akademik Həsən Əliyev küçələrində istismar müddəti keçmiş və Bakının ümumi görkəminə xələl gətirən yaşayış binaları və bir sıra obyektlər sökülmüş, sakinlər üçün yeni yaşayış binalarının tikintisi davam etdirilmişdir. Hazırda K. Rəhimov küçəsində sökülmüş köhnə yaşayış binalarının yerində Avropa istehsalı olan tikinti materiallarından istifadə edilməklə yeni park salınır.
Xatırladaq ki, füsunkar gözəlliyi ilə seçiləcək bu park rayon sakinlərinin mənalı istirahət guşəsinə çevriləcək. Rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinin davamı olaraq müxtəlif küçə və məhəllələrdə asfalt örtüyü salınmış, yaşayış binalarının zirzəmiləri təmizlənmiş, bir sıra mühəndis-kommunikasiya xətləri təmir edilmişdir.
Dostluq telləri möhkəmlənir
Məlum olduğu kimi, hazırda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, xüsusən də Həştərxan vilayəti arasında siyasi, iqtisadi və mədəni sahələrdə dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Paytaxtın Nərimanov rayonu ilə Həştərxan vilayəti arasında dostluq tellərinin getdikcə möhkəmlənməsi bu baxımdan diqqəti cəlb edir. 2010-cu ildən indiyədək Azərbaycan Prezidenti İlham Əliyevin göstəriş və tapşırığına əsasən, Həştərxan şəhərində bir sıra uğurlu sosial layihələr icra olunmuşdur. Belə ki, adı çəkilən şəhərin mərkəzindəki 3,5 hektar ərazisi olan parkda nümunəvi abadlıq işləri aparılmış, burada ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi ucaldılmış, Bakı küçəsində yerləşən 11 nömrəli orta məktəbə ümummilli liderimizin adı verilmişdir. Həştərxanda reallaşdırılan layihələrə yaxından dəstək olan Heydər Əliyev Fondunun təşəbbüsü ilə həmin məktəbin əsas korpusunda təmir-bərpa işləri aparılmış, burada müasir standartlara uyğun iki yeni korpus inşa olunmuş, mebel və texniki avadanlıqlarla təchiz edilmişdir.
Bundan əlavə, iki dövlət arasında əlaqələrin bariz nümunəsi kimi Həştərxan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan və Rusiya dostluq körpüsü, ümummilli liderimizin adını daşıyan parkda “Arzu” uşaq əyləncə şəhərciyi istifadəyə verilmiş, Müqəddəs Knyaz Vladimirin məbədi önündə bu tarixi şəxsiyyətin abidəsinin təməli qoyulmuşdur. Eyni zamanda, xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubilyi ilə əlaqədar olaraq Həştərxan vilayətində bir sıra təntənəli mərasimlər keçirilmişdir.
Xidmət sahələrinin
uğurlu fəaliyyəti
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Nərimanov rayonu üzrə nəzərdə tutulmuş tədbirlər də uğurla reallaşdırılır. Xatırladaq ki, proqramda rayon əhalisinin elektrik enerjisi, qaz, istilik, içməli su təminatı ilə bağlı 31 tədbir nəzərdə tutulmuşdur. Artıq sakinlərin rahatlığına xidmət edən həmin tədbirlərin əksəriyyətinin icrası başa çatdırılmışdır. Növbəti payız-qış mövsümünə hazırlıq işlərinin yüksək səviyyədə aparılması, sakinlərin istilik, elektrik enerjisi, qaz və içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə rayonun xidmət sahələri tərəfindən çoxsaylı tədbirlər həyata keçirilmişdir. İlin ötən dövründə 5 saylı və RİQ-3 nömrəli istilik istismar sahələri tərəfindən müxtəlif diametrli 340 metr məhəllədaxili və magistral istilik xətləri dəyişdirilmiş, 370 kvadratmetr boru xətti izolyasiya edilmiş, qazanxanalarda lazımı təmir işləri aparılmış, 14 binanın istilik xətləri yenidən çəkilmiş, dik borular dəyişdirilmişdir.
Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 1930 metr 0,4 kv-luq və 1228 metr 6/10 kv-luq kabellər yenisi ilə əvəz olunmuş, rayon ərazisində 3 ədəd yeni transformator quraşdırılmışdır. Bundan əlavə, mövcud transformator məntəqələrində əsaslı təmir işləri görülmüş, çəkilmiş, yeraltı kabel xətləri çəkilmiş, hava xətlərində köhnə naqillər SİP kabellərlə əvəz olunmuşdur.
Nərimanov Rayon Sukanal Departamentinin Su Şəbəkələri və Qurğularının İstismarı Xidməti tərəfindən cari ilin 6 ayı ərzində 121 ədəd nasos, 55 ədəd mühərrik və 88 ədəd siyirtmə təmir olunmuş, 1569 paqonometr boru dəyişdirilmiş, 13 ədəd su anbarı yuyulmuşdur. Bundan əlavə, rayon ərazisində yağış sularının idarə edilməsi üçün bir sıra qabaqlayıcı tədbirlər görülmüşdür.
Nərimanov Rayon Qaz İstismar Sahəsi bu ilin 6 ayı ərzində qaz təchizatı sistemində istifadə qaydalarının pozulması, onları doğuran səbəblərin və istehlakçılar tərəfindən təbii qazdan düzgün istifadə edilməsi qaydalarının gücləndirilməsi haqqında tədbirlər planına uyğun olaraq müvafiq işlər görülmüşdür. Belə ki, qaz tənzimləyici qurğulara və 2282,8 kilometr yeraltı və 106 kilometr yerüstü qaz kəmərlərinə profilaktiki xidmət göstərilmiş, 4788 paqonometr yeni magistral qaz xətti çəkilmiş, 604 yeni mənzil və 50 qeyri-yaşayış obyekti qazlaşdırılmış, 9428 ədəd “smart-kart” tipli sayğac quraşdırılmış, 49 ədəd qaz siyirtməsi təftiş edilmiş, 109 ədədinə isə profilaktiki xidmət göstərilmişdir.
Bununla yanaşı, rayon ərazisində yerləşən, şirkət və nazirliklərin nəzdində fəaliyyət göstərən digər mənzil kommunal istismar sahələri tərəfindən ayrı-ayrı ünvanlarda yerləşən binaların dam örtükləri, daxili kommunikasiya xətləri, yağış suları axıdılan navalçalar, ümumi girişlərdəki pəncərə və qapılar dəyişdirilmiş, zirzəmilərdə yığılan suların çəkilməsi və kəskin qəzalı vəziyyətdə olan evlərin təmiri üçün zəruri tədbirlər həyata keçirilmiş, həyətlərdəki oturacaqlar və məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər rənglənmişdir.
Təhsil, mədəniyyət
və səhiyyə sahələrində fərəhli nəticələr
çoxdur
Əvvəlki illərdə olduğu kimi, cari ilin ötən dövründə də rayonda təhsil, mədəniyyət və səhiyyə sahəsində bir sıra uğurlara imza atılmışdır. 2012-2013-cü il tədris ilində Nərimanov rayonunun 22 ümumtəhsil məktəbində 23730 şagird təhsil almışdır. Məktəbi şəhadətnamə ilə bitirənlərin sayı 2110 nəfər, tam orta təhsil attestatı ilə bitirənlərin sayı isə 1722 nəfər olmuşdur. Bunlardan 11 nəfəri qızıl medala layiq görülmüşdür. Rayonun məktəblərində 2106 pedaqoji işçi fəaliyyət göstərir.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində rayonun təhsil sahəsində böyük yenidənqurma və əsaslı təmir işləri həyata keçirilmiş, adıçəkilən sənədin icrasına başlanıldığı vaxtdan indiyədək 11892 şagird yerlik 15 məktəb, 1785 uşaq yerlik 17 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir olunmuş, 500 şagird yerlik məktəb binası, 6 məktəb üçün 97 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir. Bundan əlavə, bağça-məktəb-lisey kompleksində və 82 saylı məktəbdə 65 şagird yerlik əlavə sinif otağının tikintisi, həmçinin 280 yerlik 69 nömrəli uşaq bağçasının təmiri başa çatdırılmışdır. Hazırda 193 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri aparılır. Bu ilin sonunadək isə daha 3910 şagird yerlik 5 məktəbin, 735 uşaq yerlik 7 uşaq bağçasının əsaslı təmiri, 6 məktəbdə 156 sinif otağının, 3 uşaq bağçasında əlavə korpusun tikintisi nəzərdə tutulmuşdur.
İlin ötən dövründə rayonun 27 tibb müəssisəsindən 5-i əsaslı təmir olunmuş, daha bir səhiyyə müəssisəsinin inşası isə davam etdirilir. Hazırda Nərimanov rayonunun 8 ambulator-poliklinika yardımı göstərən müalicə müəssisəsində çalışan həkimlərin sayı 462 nəfər, orta tibb işçilərinin sayı isə 604 nəfərdir. Səhiyyə müəssisələrində əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsi üçün lazımi şərait yaradılmışdır. Əsaslı yenidənqurma işlərindən sonra 7 saylı uşaq yoluxucu xəstəxanası istifadəyə verilmişdir. 4 saylı şəhər poliklinikasında əsaslı təmir işlərinin aparılması üçün hazırlıq işləri aparılır.
İl ərzində rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclərin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə çalışan gənclərin xidmətlərinin qiymətləndirilməsi, gənclərin kütləvi bədən tərbiyəsinə və idmana cəlb olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Əhalinin həyat
səviyyəsinin yüksəldilməsinə diqqət
artır
Bu ilin ötən dövründə rayon əhalisinin sosial-müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması məqsədilə xidmət sahələri və idarələri tərəfindən ardıcıl tədbirlər həyata keçirilmişdir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Nərimanov Rayon Şöbəsi tərəfindən sosial sahədə qəbul edilmiş dövlət proqramlarının icrası ilə əlaqədar qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə bağlı müraciətlərə baxılması işi davam etdirilmiş, 2013-cü ilin birinci yarısında qeydiyyatda olan 24966 nəfər pensiyaçıya hər ay 4 milyon 261 min manat vəsait ödənilmişdir. Proqrama uyğun olaraq. pensiyaların plastik kartlar vasitəsilə ödənilməsi sistemi daim təkmilləşdirilərək həyata keçirilir. Pensiyaçıların mütərəqqi üsulla yenidən hesablanmasının başa çatdırılmasından sonra rayon üzrə orta pensiyanın məbləği artaraq 181 manat təşkil etmişdir ki, bu da çox yaxşı göstəricidir.
Nərimanov Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən ilin ötən altı ayı ərzində ünvanlı dövlət sosial yardım proqramının həyata keçirilməsi ilə əlaqədar 2137 ailəyə və ya 8779 ailə üzvünə orta hesabla hər ailəyə 157 manat olmaqla hər ay 330 min manat məbləğində ünvanlı sosial yardım ödənilmişdir. Məlum olduğu kimi, yanvarın 15-dən Nərimanov rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 nömrəli “ASAN xidmət” mərkəzi vətəndaşların sərəncamına verilmişdir. Agentliyin və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin yaradılması dövlət başçısı İlham Əliyevin 2012-ci il iyulun 13-də imzaladığı fərmanla əsas vəzifə kimi qarşıya qoyulmuşdur. 1 nömrəli “ASAN xidmət” mərkəzi pilot layihə olduğu üçün ilkin mərhələdə paytaxtın Nəsimi və Nərimanov rayonlarının sakinlərinə xidmət göstərir. Vətəndaşlar mərkəzin xidmətlərindən şəxsən, telefon və ya internet vasitəsilə ünvanladıqları müraciətlər əsasında istifadə edə bilərlər.
Müraciətlərə həssaslıq
Son illər ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsini, insanların üzləşdikləri ən xırda məişət problemlərinin həllinə xüsusi diqqət göstərilir. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, bizim siyasətimizin əsasında insan amili dayanır. Məhz bunun nəticəsidir ki, vətəndaşların müraciətlərinin araşdırılması, onların sosial problemlərinin həlli rayon icra hakimiyyəti rəhbərliyinin başlıca fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir. Rayon rəhbərliyi tərəfindən cari ilin birinci yarısında rayon icra hakimiyyətinə daxil olmuş ərizə, şikayət və məktublar ciddi nəzarətə götürülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamları vaxtlı-vaxtında icra olunmuş, rayon əhalisi tərəfindən edilmiş müraciətlər təhlil olunmuş və icrasına ciddi nəzarət edilmişdir. Ümumilikdə isə, müraciətlər torpaq sahəsinin ayrılması, ev və ya sığınacaqla təmin olunma, dövlət əhəmiyyətli binaların tikintisi ilə əlaqədar olaraq vətəndaşların başqa mənzillərə köçürülməsi, maddi yardım, məhəllələrin abadlaşdırılması, iş yerləri ilə təmin olunma, ad və ya soyadların dəyişdirilməsi və kommunal problemlərlə bağlı olmuşdur.
* * *
Göründüyü kimi, bu ilin ötən dövründə Nərimanov rayonu ölkəmizin dinamik sosial-iqtisadi inkişafının təmin olunmasına mühüm töhfələr vermişdir. Qarşıda rayonun daha da abadlaşdırılması, quruculuq işlərinin davam etdirilməsi, sakinlərin firavan yaşamaları, çalışmaları və istirahətlərinin səmərləi təşkili ilə bağlı mühüm və ciddi vəzifələr durur. Həmin vəzifələrin yerinə yetirilməsi, dövlət başçısı İlham Əliyevin müəyyən etdiyi kursun inamla davam etdirilməsi sahəsində görülən hər bir iş isə Nərimanov rayonunun sosial-iqtisadi inkişafının bir qədər də sürətlənməsinə, rayonun simasının daha da gözəlləşməsinə səbəb olacaqdır...
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 26 iyul.- S. 9.