İmişli: dinamik inkişaf yolunda uğurlu nəticələr
Azərbaycanın paytaxtı ilə yanaşı, regionlarda da sürətli sosial-iqtisadi inkişaf davam edir. Artıq rayonlarda yeni kənd təsərrüfatı və sənaye müəssisələrinin açılması, gözəl yolların salınması, böyük əraziləri əhatə edən abadlıq işlərinin görülməsi, yeni inzibati və yaşayış binalarının tikintisi adi hala çevrilib. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin imzalayaraq icraya yönəltdiyi regional inkişaf proqramları nəticəsində mümkün olub. İmişli rayonu da bu ümumi prosesdə yüksək fəallıq nümayiş etdirir.
Rayonda gedən inkişaf prosesləri barədə RİH-dən aldığımız məlumatlardan gördük ki, 2013-cü ilin ötən ayları da imişlilər üçün uğurlu olub. İlin əvvəlindən bəri rayonda iqtisadiyyatın əsas sahələri üzrə 70 milyon manatlıq məhsul istehsal edilib və xidmət göstərilib. Ümumdaxili məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artmış, həmin artım ticarətdə 42,4 faiz, kənd təsərrüfatında 28 faiz, rabitədə 6,9 faiz, nəqliyyatda isə 4,1 faiz təşkil edib. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı 2013-cü ilin birinci rübündə dövlət vəsaiti hesabına inşa olunan 180 şagird yerlik Hacıbabalı kənd ümumi orta məktəbinin yeni binasının tikintisi davam etdirilib, Cavadxanlı, Buludlu kənd, Cəfərli 1 saylı tam orta məktəblərində bərpa-gücləndirmə işlərinə, həmçinin, Sarıxanlı 1 saylı tam orta məktəbində bərpa-gücləndirmə və əlavə sinif otaqlarının tikintisinə, 960 şagird yerlik şəhər 5 saylı məktəb-liseyin isə əsaslı təmir olunmasına başlanılıb. İmişli Regional Ədliyyə şöbəsi üçün dörd mərtəbəli inzibati binanın tikintisi davam etdirilib, tikinti işlərinin avqust ayına qədər başa çatdırılması nəzərdə tutulur.
İmişli şəhərində inşa olunan Gənclər Mərkəzinin tikintisi isə başa çatıb. Sahəsi 200 kvadratmetr olan Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmir işləri nəticəsində binanın dam örtüyü dəyişdirilib, divarlar aqlayla üzlənib. 2 zaldan ibarət muzeyin daxili tərtibatı da yenidən qurulub, eksponatların sayı 4 min ədədə çatdırılıb. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına rayon mərkəzi xəstəxanasının əsaslı təmiri başa çatdırılıb, xəstəxana müasir tibbi avadanlıqlarla təchiz olunub. Burada martın 28-dən “Dializ” şöbəsi fəaliyyətə başlayıb. İmişli şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində tikinti işləri davam etdirilir. Hazırda Beyləqan rayonunun Aşıqlılar kəndi ərazisində qazılması nəzərdə tutulmuş 5 ədəd artezian quyusundan 1 ədəd kəşfiyyat quyusu qazılıb və istismara tam hazır vəziyyətdədir, 4 ədəd quyuda isə qazma işləri aparılır. 630 mm-lik polietilen boru ilə 29,5 km-lik Beyləqan-İmişli magistral su xəttinin tikintisi başa çatmış, xətt üzərində yerləşən Şahverdili, Göbəktala, Məhəmmədli və Rəsullu kəndlərini içməli su ilə təmin etmək üçün 100 millimetrlik borular vasitəsilə çıxışlar qoyulub. Magistral xətt üzərində nəzərdə tutulan müxtəlif təyinatlı bütün quyuların və suqəbuledici kameranın tikintisi başa çatdırılıb. Layihədə nəzərdə tutulmuş 1 ədəd 1500 kubmetrlik və 2 ədəd 2500 kubmetrlik su anbarının tikintisi də tamamlanıb, 630 millimetrlik polietilen boru ilə 4039,4 metr kanalizasiya kollektor xətti çəkilib. Şəhərdaxili 5,6 kilometr kanalizasiya xəttində, 148,5 kilometr içməli su xəttində tikinti işləri başa çatıb, kanalizasiya xətti çəkilərkən 230 ədəd dəmir-beton quyular, su xətti çəkilərkən 428 ədəd yanğın hidrantı və 24 ədəd su kamerası inşa olunub, 2691 evə su xətti birləşdirilib, 595 ədəd “SMART-kart” tipli sayğaclar quraşdırılıb.
Ötən dövr ərzində heyvandarlıq və quşçuluq sahələri geniş inkişaf edib. Rayon üzrə mal-qaranın sayı 89504 başa, qoyunların sayı 240464 başa, quşların sayı isə 1304662 başa çatıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 1712 baş, qoyunlar 5575 baş, quşlar isə 32741 baş artıb. Ət istehsalı (diri çəkidə) 2739,2 ton, süd istehsalı 11267,5 ton, yumurta istehsalı isə 26563,2 min ədəd olub, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün heyvandarlıq məhsullarının istehsalı artıb. 1 aprel 2013-cü il tarixə kimi 10757 hektar sahədə buğda, 5199 hektar sahədə arpa, 191 hektar sahədə kartof, 11 hektar sahədə bostan, 139 hektar sahədə tərəvəz, 1 hektar sahədə dən qarğıdalı, 420 hektar sahədə isə şəkər çuğunduru əkilib. Bu sahədə işlər davam etdirilir.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli yaşayış binasının tikintisi məqsədilə torpaq sahəsi ayrılmış və tikinti işlərinə başlanılmışdır. Rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün 550 məcburi köçkün ailəsinə fərdi yaşayış evlərinin tikintisi üçün Bəhramtəpə qəsəbəsində 100 hektar torpaq sahəsi ayrılmışdır. Hazırda 325 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evlərinin və 360 şagird yerlik 2 mərtəbəli yeni məktəb binasının tikintisi başa çatmışdır, 50 yerlik uşaq baxçası, inzibati bina, klub, feldşer-mama məntəqələrində isə tikinti işləri davam edir.
Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülmüş, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kəllə qənd, Qarışıq Yem, Bitki Yağları, Spirt emalı, Çuğundur yemqurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq quşçuluq” MMC istifadəyə verilmişdir.
2013-cü ilin birinci rübü ərzində Ağsu-Kürdəmir-Bəhramtəpə, İmişlinin girişində və Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun bəzi yerlərində təmir işləri aparılıb. 36 saylı yol istismarı idarəsi tərəfindən 110,0 min manat həcmində iş görülmüşdür. Hacıqabul-Bəhramtəpə və İmişli-Biləsuvar avtomobil yolu müvafiq olaraq Türkiyənin “Kolin” və Azərbaycanın “AzərStar” şirkətləri tərəfindən əsaslı təmir olunur. Hazırda Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 101-103-cü kilometrdə torpaq yatağının və əsasın tikilməsi işləri aparılır.
Rüb ərzində rayon ərazisindəki magistral avtomobil yollarının ətrafına 19,5 min ədəd müxtəlif növ ağaclar əkilmişdir. Həmçinin, 36 saylı Yol Istismar İdarəsi tərəfindən Xəlfəli-Hacalmuradlı avtomobil yolu avtoqreyderlə hamarlanmışdır. 2013-cü ildə şəhərin 20 Yanvar küçəsi, rayonun Çahar, Bəcirəvan və Cəfərli kəndlərinə giriş yolları üçün 22949 kvadratmetr həcmində, 790 min manat məbləğində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuş, birinci rüb ərzində layihə-smeta sənədləri hazırlanmışdır. Rüb ərzində şəhərin 20 Yanvar, Bayraq meydanı, Mərkəzi Rayon Xəstəxanasının ön hissəsi, Həsənoğlu və A.Ələsgər küçələrində yerləşən məhəllələrdə, M.Əsədov küçəsindəki 13 və 14 saylı binaların ətrafında 260,9 min manat məbləğində abadlıq işləri görülmüşdür. Həmçinin ötən müddət ərzində şəhərin Heydər Əliyev prospekti, 20 Yanvar, M.Əzizbəyov, H.Aslanov və S.Ağamalıoğlu küçələrində yenidənqurma işləri aparılmış, müasir tipli elektrik dirəkləri və işıqforlar quraşdırılmış, park və meydanlar abadlaşdırılmışdır. Bütün bunlar və son bir neçə ildə görülmüş işlər İmişlinin simasını tamamilə dəyişmişdir. Şəhərin abadlığı göz oxşayır, könül açır.
İmişli şəhərində 0,4 kilovoltluq elektrik veriliş xətlərinin SİP kabeli ilə əvəz olunması, SMART-kart tipli sayğacların və elektrik dirəklərinin quraşdırılması işləri də artıq başa çatdırılmış, 2013-cü ilin birinci rübü ərzində rayon ərazisində 2715 metr məsafəyə SİP kabeli, 12110 metr məsafəyə isə naqil xətləri çəkilmiş, 956 ədəd elektron tipli enerqomer sayğaclar quraşdırılmışdır. Rüb ərzində 22 ədəd müxtəlif gücdə olan transformatorlar təmir edilmiş, 28 ədəd istismara yararsız ağac dayaq yeniləri ilə əvəz olunmuş, 35 ədəd dəmir-beton dayaq basdırılmışdır. Həmçinin 9 ədəd istismara yararsız dayaq 15 ədəd metal dayaqla əvəz olunmuş, çürümüş ağac dayaqların dibinə 5 ədəd ağac dayaq, 4 ədəd dəmir beton kötük basdırılmışdır.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rayon sakinlərinin inkişafdan ruhlandıqlarını və yeni nailiyyətlər qazanmaq üçün əllərindən gələni etməyə hazır olduqlarını bildirdi: “2013-cü ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarının təhlili göstərir ki, rayonda iqtisadiyyatın bir çox sahələrinin inkişafı təmin edilmiş, İmişli şəhərində geniş abadlıq-quruculuq işləri həyata keçirilmiş, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində yaxşı nəticələr əldə olunmuşdur. Biz bundan sonra da ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaq, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bütün qüvvəmizi sərf edəcəyik”.
Səməd
HÜSEYNOĞLU
Xalq qəzeti.- 2013.-
26 iyul.- S. 10.