Binəqədi rayonu ilin birinci yarısına yekun vurdu
Binəqədi rayonunda ilin birinci yarısı üzrə sosial-iqtisadi inkişafın yekunlarına
həsr olunmuş toplantı keçirildi.
Yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Xaləddin
İsgəndərov bildirdi
ki, sosial-iqtisadi sahədə dinamik inkişaf dövrünü
yaşayan Azərbaycan
qazandığı uğurları
davamlı şəkildə
genişləndirir. Bu gün
dünya miqyasında ölkəmizin iqtisadi inkişafının fenomenal
xarakter daşıdığı
artıq açıq
şəkildə qəbul
olunur, onu səciyyələndirən xüsusiyyətlər
daha geniş rakursdan öyrənilir. Dünyanı sarsıdan böhranlardan
yan keçən Azərbaycan iqtisadi sahədə əldə etdiyi nailiyyətlərlə
digər dövlətlərə
nümunə göstərir.
Bu gün regionlarda
uğurla həyata keçirilən dövlət
proqramları, iqtisadi islahatlar qlobal layihələrin icrası
ölkəmizin mövqeyini
gücləndirir. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında
həyata keçirilən
sosial-iqtisadi inkişaf
strategiyasının qarşıdakı
dövr ərzində
Azərbaycana yeni uğurlar
qazandıracağını şərtləndirir.
Xaləddin İsgəndərov, həmçinin
bildirdi ki, ölkənin hər yerində abadlıq-quruculuq
işləri geniş
vüsət almışdır. Azərbaycan üçün
xarakterik cəhətlərdən
biri də sürətli tərəqqinin
hər bir ölkə vətəndaşının
həyatında özünü
əks etdirməsi, insanların maddi rifah halının yüksəlməsidir.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini İlqar Süleymanov diqqətə çatdırdı ki, son bir il ərzində rayon ərazisində altı yeni park salınmış, ikisi əsaslı təmir edilmiş, iyirmi dörd yeni mədəni-kütləvi tədbirlər evi sakinlərin istifadəsinə verilmişdir. Rayonda 166 kilometr yol asfaltlanmış, 127 min kvadratmetrlik fasad işləri görülmüşdür. Ekoloji tarazlığın təmin edilməsi məqsədilə 10 minə yaxın ağac, 120 minə yaxın çiçək və bəzək kolu əkilmiş, 76 min kvadratmetrlik çəmənlik salınmışdır. Azadlıq prospekti boyunca yerləşən binaların fasadları müasir üslubda üzlənmiş, işıqlandırılmışdır. Bakı-Sumqayıt avtomagistralının rayon ərazisindən keçən hissəsinin hər iki tərəfi milli ornamentli landşaft memarlığı elementlərindən istifadə olunmaqla yenidən qurulmuşdur. Binəqədi və Biləcəri qəsəbələrində daxili və qəsəbələrarası yollar genişləndirilmişdir.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində rayonda infrastruktur təminatı daha da yaxşılaşmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafını təmin edən tədbirlər həyata keçirilmişdir. Yeni məktəblər, əlavə sinif otaqları, xəstəxana, poliklinika, ambulatoriya binaları tikilmiş, mövcud binalar əsaslı təmir edilmiş, müasir tipli idman kompleksləri istifadəyə verilmişdir.
Adı çəkilən Dövlət Proqramına əsasən, rayon üzrə 103 bənd nəzərdə tutulmuşdur. Bu bəndlərin əksəriyyəti yerinə yetirilmişdir. Belə ki, bu ilin yanvar-iyun aylarında bir sıra mühüm sosial obyektlərin tikintisi və təmiri başa çatdırılmışdır. 59 və 274 saylı körpələr evi-uşaq bağçasının , 297 saylı orta məktəbin əsaslı təmiri, 7-ci mikrorayonda mini-futbol meydançasının tikintisi, 298 saylı bağçada yeni istilik mənbəyinin yaradılması, qazlaşdırılması, məhəllədaxili və binadaxili istiik sistemlərinin yenidən qurulması, Biləcəri qəsəbəsindəki mədəniyyət və istirahət parkının abadlaşdırılması, Binəqədi və Biləcəri qəsəbələrinin su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması məqsədi ilə köhnəlmiş su və kanalizasiya xətlərinin xeyli dərəcədə təzələnməsi işləri başa çatdırılmışdır. Hazırda Sulutəpə qəsəbəsində həkim məntəqəsinin, “Bakı şəhərinin Ziya Bünyadov prospektində yol infrastrukturunun yenidən qurulması” layihəsi çərçivəsində Z. Bünyadov və Ə. Rəcəbli küçəsinin kəsişməsində, Xutor dairəsində, Ə. Salamzadə, A. Mustafayev və H. Əliyev küçələrinin kəsişməsində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi, Biləcəri qəsəbəsində A. Zeynallı, M. Hüseynzadə, X. Natəvan, M. S. Ordubadi və S. S. Axundov küçələrinin əsaslı təmiri, 135 və 248 saylı orta məktəblərin, 151, 153, 158, 177,və 193 saylı körpələr evi-uşaq bağçalarının təmiri və ya əsaslı təmiri işləri davam etdirilir. Rayon ərazisində 100, 143, 244 və 246 saylı orta məktəblərdə əlavə sinif otaqlarının, 86, 211, 294 saylı körpələr evi-uşaq bağçaları üçün yeni binaların tikintisi də başa çatmaq üzrədir.
Qeyd olunan proqramın icrası nəticəsində Binəqədi rayonu sürətlə inkişaf etmiş, yol təsərrüfatının və şəhər nəqliyyatının işinin yaxşılaşdırılması, elektrik enerjisi, qaz, istilik su təchizatı və kanalizasiya xidməti və s.üzrə layihələr həyata keçirilmişdir.
Toplantıda çıxış edən digər natiqlər bildirdilər ki, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələri tezliklə həllini tapacaq, Binəqədi paytaxtın ən müasir rayonlarından birinə çevriləcək.
Yığıncaqda rayon sakinlərini narahat edən suallar da cavablandırıldı.
Toplantıda Milli Məclisin deputatları Madər Musayev və Rafael Cəbrayılov iştirak edirdilər.
Tədbirin sonunda qərar layihəsi oxundu.
Xalq qəzeti.- 2013.-
27 iyul.- S. 5.