Pirallahı rayonu: ilin birinci
yarısının göstəriciləri ürəkaçandır
2012-ci ilin dekabrında Bakı şəhər inzibati ərazi vahidi tərkibində yaradılmış Pirallahı rayonu artıq sürətli inkişaf yoluna qədəm qoymuşdur. Əldə edilən uğurlar rayon icra hakimiyyətində keçirilən hesabat yığıncağında xüsusi vurğulandı.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov yığıncaq iştirakçılarına 2013-cü ilin birinci yarısında görülən işlər barədə ətraflı məlumat verdi.
Bildirildi ki, rayonda geniş abadlıq və quruculuq işlərinə start verilib. İlk növbədə, rayonun giriş hissəsində yaşıllaşdırma və abadlıq işləri genişləndirilib. Yolun hər iki tərəfində tikilmiş qüllələrin ətrafına qazon döşənmiş, bəzək ağacları və gül kolları əkilmişdir. Hazırda Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün, Qala qəsəbəsindən Pirallahıya çəkilən 4 zolaqlı müasir avtomobil yolunun, “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisi davam etdirilir. V.Mustafazadə adına Mədəniyyət Mərkəzi təmir olunmuş, “Gənclər parkı” abadlaşdırılmış, “Uşaq parkı”nda futbol meydançası və digər qurğuların tikintisinə başlanmışdır. 5 məhəllədə inşa edilmiş “Xeyir-şər” evlərində əsaslı təmir, yenidənqurma və bərpa işləri davam etdirilmişdir. Mərkəzləşdirilmiş istilik sisteminin bərpası layihəsi hazırlanmış, təmir işlərinə və qazanxanaların qurulmasına başlanmışdır. Növbəti payız-qış mövsümünədək 40-cı məhəllədə 5 binaya, sonra isə qəsəbənin bütün binalarına istilik veriləcəkdir.
Qəsəbənin bir nömrəli problemi sayılan içməli su məsələsinin həlli üçün Zirə qəsəbəsindən çəkilən mövcud su kəmərinə qanunsuz qoşulmuş xətlər kəsilmiş, adaya gələn suyun həcmi 3 dəfəyədək artırılmışdır. “Azərsu” ASC-nin köməyi ilə rayon üçün 2 ədəd su maşını alınmış, qəsəbə sakinlərinə təmənnasız gündə 40 tondan artıq içməli su verilməsi təmin edilmişdir. Rayona Ceyranbatan su anbarından yeni içməli su xəttinin çəkilməsinə başlanmışdır və bu işlərin bir il ərzində başa çatdırılması nəzərdə tutulmuşdur. 2013-cü ilin mart ayından başlayaraq rayonun Pirallahı qəsəbəsinin 5 məhəlləsinin daxili su xətləri dəyişdirilmişdir. Kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanmışdır.
Süleyman Bağırov küçəsində təxminən 5 hektar sahəni əhatə edən gölün qurudulması prosesi başa çatmaq üzrədir. Bu ərazidə iki bir bloklu 10 mənzilli binanın tikintisinə başlanmışdır. Baş planına uyğun olaraq şökülməsi nəzərdə tutulan binalarda yaşayan əhalinin və obyektlərin yerləşdirilməsi üçün iki yeni binanın tikintisi üçün sahə ayrılmışdır. Rayonda yaradılmış Su-Kanal Departamentində və rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində 400-dən çox adamın işlə təmin ediləcəyi planlaşdırılır. Onu da qeyd edək ki, Pirallahı rayonu yaradılandan bəri 450 nəfər daimi işlə təmin olunmuşlar. Sakinlərin maddi-rifah halının yüksəldilməsi məqsədilə yaxın gələcəkdə Pirallahıda çörək fabrikinin tikintisi, bazar, ticarət mərkəzləri, yanacaqdoldurma məntəqəsinin inşası nəzərdə tutulmuşdur.
Yığıncaqda millət vəkili Rauf Əliyev, “28 May” NQÇİ-nin rəisi Rövşən Qarayev, 186 saylı orta məktəbin direktoru Arif Xankişiyev, gənc fəal Anar Babayev və başqaları çıxış edərək 2013-cü ilin I yarımilində rayonda görülən işləri qənaətbəxş hesab etdilər və əsas diqqəti qarşıda duran vəzifələrin icrasına yönəltməyin vacibliyini vurğuladılar.
Ə.BAYRAMOV
Xalq qəzeti.- 2013.- 27 iyul.- S. 6.