Nərimanov rayonunda cari ilin birinci
yarısının yekunları müzakirə olunmuşdur
Dünən Nərimanov Rayon İcra Hakimiyyətində keçirilən şura iclasında 2013-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirildi. Rayon icra hakimiyyəti aparatının işçiləri, şura üzvləri, idarə və təşkilat rəhbərlərinin iştirak etdikləri toplantının iştirakçıları öncə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoydular, ümummilli liderin xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev iyul ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqinin bəzi məqamlarına toxundu, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırdı. Bildirildi ki, Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafının bütün sahələrində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı dəyərli tapşırıq və tövsiyələri yerlərdə əsl fəaliyyət proqramı kimi qəbul olunmuşdur.
Məruzəçi qeyd etdi ki, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində 2013-cü ilin ilk yarısında Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı sahəsində böyük işlər görülmüş və bu tədbirlər hazırda da uğurla davam etdirilir. Belə ki, ötən altı ayın yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş, bu müddət ərzində xidmətlər də daxil olmaqla 979,7 milyon manatlıq məhsul istehsal olunmuş və ötən ilin müvafiq dövrünə nisbətən 109,4 faiz artım sürəti qeydə alınmışdır. Hesabat dövründə istehlakçılara 950,9 milyon manatlıq sənaye mallarının göndərildiyini diqqətə çatdıran natiq bildirdi ki, istehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 88,2 faiz təşkil etmişdir. İlin ötən dövrü ərzində rayonun sənaye kompleksində işləyənlərin sayı 9894 nəfər təşkil etmiş, onların orta nominal əmək haqqı 13,9 faiz artaraq 450,1 manata çatmışdır.
Qeyd olundu ki, rayon ərazisində yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində bu ilin birinci yarısında 1408 daimi iş yeri yaradılmışdır. Hesabat dövründə bütün mənbələr hesabına əsas kapitala 108,2 milyon manatlıq investisiya qoyulduğunu diqqətə çatdıran natiq bildirdi ki, ilin əvvəlindən tikinti təşkilatları tərəfindən öz gücləri ilə yerinə yetirilmiş işlərin həcmi 421,8 milyon manat təşkil etmiş, əvvəlki ilin eyni dövrünə nisbətən 18,2 faiz artım əldə olunmuşdur. Cari ilin yanvar-iyun aylarında iqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən sayılan pullu xidmətlərin həcmi də xeyli artaraq 185,5 milyon manata çatmış, əvvəlki ilin müvafiq dövrünə nisbətən 35 faiz artım əldə edilmişdir. Hesabat dövründə, həmçinin rayon əhalisinə 38,3 milyon manatlıq nəqliyyat və 8,4 milyon manatlıq rabitə xidmətləri göstərilmişdir.
Daha sonra A. Fərzəliyev Nərimanov rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs etdi. Qeyd olundu ki, rayonun qısa zaman kəsiyində həm də geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi, bu rayona da ölkə Prezidenti İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir. Bütövlükdə isə 2013-cü ilin birinci yarısında Gənclik meydanında yeraltı yol ötürücülərinin və yeraltı avtomobil dayanacağının inşası, metronun “Gənclik” stansiyasının ətrafında yerləşən binaların fasadlarının milli memarlıq üslubunda yenidən qurulması, Vaqif prospektinin genişləndirilməsi və Ziya Bünyadov prospektinin yenidən qurulması, eləcə də paytaxtın baş planına uyğun digər layihələrin həyata keçirilməsi davam etdirilmişdir. Natiq, həmçinin rayonun elektrik enerjisi, qaz və içməli su təchizatının daha da yaxşılaşdırılması sahəsində həyata keçirilmiş tədbirlərdən bəhs etdi, sakinlərin həyat səviyyəsinin artırılması ilə bağlı görülmüş işləri diqqətə çatdırdı.
Məruzə ətrafında çıxış edən digər natiqlər ilin birinci yarısında Nərimanov rayonu üzrə əldə olunmuş uğurları bütövlükdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların məntiqi nəticəsi kimi dəyərləndirdilər, təmsil etdikləri sahələrin işi ilə bağlı hesabat verdilər.
Hesabat yığıncağına yekun vuran Abdin Fərzəliyev bildirdi ki, Nərimanov rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü ərzində də davam etdiriləcək, dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qarşıya qoyduğu vəzifələrin icrası naminə bütün imkanlar səfərbər olunacaq.
Tədbirdə Milli Məclisin deputatı Rasim Musabəyov iştirak edirdi.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 27 iyul.- S. 7.