Azərbaycanın
dinamik inkişafının əsasında
düşünülmüş siyasət,
ictimai-siyasi sabitlik və
uğurlu iqtisadi islahatlar dayanır
Bu gün beynəlxalq ekspertlər ölkəmiz haqqında söhbət gedərkən ilk növbədə vurğulayırlar ki, Azərbaycan çox böyük imkanların olduğu bir ölkədir. Son illər ərzində respublikada mühüm iqtisadi artım göstəriciləri qeydə alınmışdır. Bu, ilk növbədə, ölkənin müstəsna təbii resurs potensialının düzgün istifadəsi sayəsində mümkün olmuşdur. Eyni zamanda, bu nailiyyətlər həmin resurslardan ölkə iqtisadiyyatının şaxələndirilməsində uğurla və bacarıqla istifadə edilməsi sayəsində qazanılmışdır. Azərbaycan informasiya texnologiyaları, maliyyə, tikinti sahələrində çox qabaqcıl bir ölkədir. Ölkə Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: “...Bizim çox əlverişli coğrafi mövqeyimiz vardır. Lakin infrastruktur olmadan bu mövqenin böyük əhəmiyyəti yoxdur. Təbii sərvətlərimiz vardır, karbohidrogenlərimizin nəql edilməsi üçün şaxələndirilmiş şəbəkə yaratmışıq. Çünki Azərbaycanın açıq dənizə çıxışı yoxdur.
Buna görə də neft və qazımızı nəql etmək üçün boru kəmərlərini çəkməli idik. Bu, 1990-cı illərin sonunda və bu əsrin əvvəlində qarşımızda duran ən böyük vəzifələrdən biri idi. Bu vəzifə uğurla icra edildi. Hazırda bizim şaxələndirilmiş boru kəmərləri şəbəkəmiz vardır. Azərbaycanın neft və qazını beynəlxalq bazarlara və Avropa bazarlarına çıxaran 7 neft-qaz boru kəməri mövcuddur. Eyni zamanda Azərbaycan karbohidrogenlərin nəqlində Xəzər dənizinin digər sahilində yerləşən tərəfdaşlarımız üçün tranzit rolunu oynamağa başlamışdır.
Lakin son 10 il ərzində əsas məqsədimiz iqtisadiyyatın şaxələndirilməsi olmuşdur. Əgər Azərbaycanın iqtisadi inkişafına nəzər yetirsəniz görərsiniz ki, iqtisadiyyatımız son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmuşdur. Ümumi daxili məhsul 3 dəfə - 300 faiz, sənaye istehsalı 2,5 dəfə artmışdır. Biz işsizliyi azalda bilmişik, hazırda işsizliyin səviyyəsi 5,2 faizdir. On il əvvəl əhalimizin demək olar ki, yarısı yoxsulluq şəraitində yaşayırdı. Hazırda yoxsulluq səviyyəsi 6 faiz təşkil edir. Büdcə xərcləri demək olar ki, 20 dəfə artıb və inflyasiya isə təxminən 1 faiz səviyyəsindədir. Bu, son 10 il ərzində müşahidə olunan inkişafdır...".
Azərbaycan iqtisadiyyatının bu ilin ilk yarısı ilə bağlı göstəriciləri də fərəh doğurur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə aparılan sənayeləşmə siyasəti ilə bağlı demişdir: “Sənayeləşmə ilə bağlı artıq bütün müvafiq göstərişlər verilmişdir. Sadəcə olaraq, bir daha qeyd etmək istəyirəm ki, bu sahə prioritet olaraq qalır. Sənaye parklarının yaradılması prosesi gedir. Yaxın aylarda biz bu parklarda artıq yeni müəssisələrin açılmasını qeyd edəcəyik. Azərbaycanın sənaye potensialı böyüyür, artır. Bu ilin birinci rübündə qeyri-neft sənayemiz təxminən 3 faiz artmışdır. Əminəm ki, gələcək illərdə bu artım daha da böyük rəqəmlərlə ölçüləcək. Hazırda tikilməkdə olan böyük sənaye kompleksləri Azərbaycanda çox güclü ixracyönümlü sənaye potensialı yaradacaqdır. Bu məsələlər diqqət mərkəzindədir. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir əsas sənaye şəhərlərimizdir və bu şəhərlərdə sənaye komplekslərinin tikintisi planlı şəkildə təmin ediləcəkdir”.
Prezident həmin iclasda onu da vurğulamışdır ki, cari ildə sənaye istehsalı ilə bağlı çox ciddi addımlar atılacaq. Bu istiqamətdə bütün hazırlıq işləri görülmüş, yeni böyük sənaye müəssisələri işə başlamışdır. Sevindirici haldır ki, bu müəssisələrin bir hissəsi dövlət mülkiyyətinə aid olsa da, çox böyük hissəsi özəl sektor tərəfindən tikilənlərdir.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin birinci yarısında sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 16,9 milyard manat təşkil etmişdir. Sənayenin qeyri-neft sahələrində 2,9 faizlik artım müşahidə olunmuşdur. İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 19,9 faizi emal, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payına düşmüşdür. 6 ay ərzində 21,8 milyon ton neft, 8,9 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilmişdir.
Ölkədə sənaye müəssisələri çoxaldıqca bu sahədə çalışan işçilərin sayı da artır. 5 ay ərzində sənayedə işləyənlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 178,8 min nəfər təşkil etmişdir. Onların orta aylıq əməkhaqqı isə 7,8 faiz yüksələrək 635,8 manata çatmışdır. Qeyri-dövlət sənaye müəssisələrində çalışanların orta aylıq əməkhaqqı da artaraq 751,7 manat olmuşdur.
Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında həmçinin bildirilmişdir ki, Azərbaycanda işsizliyin səviyyəsi aşağıdır. Bu ilin əvvəlində işsizlik səviyyəsi 5 faizdən bir az çox idi. İlin sonuna kimi isə bu rəqəmin daha da azalacağı gözlənilir. Baxmayaraq ki, 5 faiz səviyyəsində işsizlik istənilən ölkə üçün heç də pis göstərici deyil. Xatırladaq ki, bəzi inkişaf etmiş ölkələrdə işsizlik 10, 15, hətta 25 faiz səviyyəsinə çatır.
Ölkəmizdə məşğulluq probleminin uğurlu həlli üçün ardıcıl tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, 10 il bundan əvvəl qarşıya qoyulmuş əsas vəzifələrdən biri məhz işsizliyin aradan qaldırılması idi. Həmin vəzifə müvəffəqiyyətlə yerinə yetirilərək o vaxtdan bəri 1 milyon 180 min yeni iş yeri açılmışdır. Bu tendensiya indi də ardıcıl surətdə davam etdirilir. Elə ötən yarım ildə ölkədə 55 min yeni iş yeri yaradılmışdır. Onlardan 45 mini daimi iş yerləridir.
Son 10 il ərzində Azərbaycana 130 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayələrin müəyyən hissəsi xarici investisiyadır. Yaxşı sərmayə mühiti, proqnozlaşdırılan siyasi vəziyyət, ölkədə sabit durum və əlbəttə ki, regional əlaqələr hər bir ölkənin uğuru üçün ilkin şərtlərdən biridir.
Yeri gəlmişkən, diqqəti mühüm bir fakta da yönəltmək istərdik. Azərbaycan Milli Bankının yaydığı son məlumata əsasən, adı çəkilən qurumun sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2013-cü ilin yarım ili ərzində 1 025,6 milyon ABŞ dolları (8,8 faiz) artmışdır. Artıq valyuta ehtiyatlarının həcmi 12 720,4 milyon ABŞ dolları təşkil edir.
Azərbaycanın iqtisadi uğurları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da mütəmadi olaraq öz ifadəsini tapır. Dünya İqtisadi Forumunun ayrı-ayrı vaxtlarda ölkə iqtisadiyyatına verdiyi qiymət daha çox diqqət çəkir. Adıçəkilən forumun hesabatında iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycan 46-cı yerdə qərarlaşmışdır və bu sahədə respublikamız ardıcıl olaraq dördüncü ildir ki, MDB məkanında birinci yerdədir. Hətta iqtisadi və maliyyə böhranı zamanı iqtisadiyyatımız artmaqda davam etmişdir. Neftin qiymətləri kəskin surətdə aşağı düşdüyü zaman iqtisadiyyatımızın inkişafı yenə də davamlı xarakter almışdır. Çünki respublikada qeyri-enerji sektoru bir qayda olaraq müsbət göstəricilərlə nəzərə çarpmışdır. “Fitch”, “Standard & Poor’s”, “Moody’s” kimi əsas kredit reytinqi təşkilatları Azərbaycanın kredit reytinqini bu yaxınlarda yaxşılaşdırmışdır. Bu da islahatlarla bağlı mühüm göstəricisidir.
Azərbaycanda ardıcıl və dinamik inkişafı, rəqabətə davamlı iqtisadiyyatı təmin edən islahatlar nüfuzlu iqtisadi qurumlar və reytinq agentlikləri, o cümlədən beynəlxalq birlik tərəfindən ciddi təhlil edilir və yüksək qiymətləndirilir. BMT-nin İnsan İnkişafı Hesabatında son 5 ilin göstəricilərinə görə, Azərbaycan 169 ölkə arasında 101-ci mövqedən 68-ci yerə qalxaraq “Yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil olmuşdur. Bu, Heydər Əliyev siyasi kursunun təntənəsi və Azərbaycanda həyata keçirilən müasir inkişaf strategiyasının təkzibolunmaz faktlarıdır. Bu nailiyyətlərin təməlində Prezident İlham Əliyevin qeyd etdiyi kimi, düşünülmüş siyasət, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar dayanır.
Hazırda Azərbaycanda neft gəlirləri insan kapitalına çevrilir. Dövlətin əsas gələcək məqsədlərindən biri təhsildir. Təhsil istənilən ölkənin hər hansı uğurlu inkişafının ən vacib amilidir. Bu sahəyə ayrılan investisiya, Azərbaycan universitetləri ilə dünyanın aparıcı təhsil müəssisələri arasında əlaqələr iqtisadi inkişafı çox ciddi intellektual potensiala əsaslanaraq planlaşdırmağa imkan yaradır. Eyni zamanda Azərbaycanda hazırda yeni texnologiyalara sərmayə yatırılır. İndi informasiya-kommunikasiya texnologiyaları sahəsi respublikamızda prioritetlərdən birinə çevrilir. Azərbaycan artıq kosmos sənayesinə malik olan məhdud sayda ölkələr klubunun üzvünə çevrilmişdir. Bu ilin fevral ayında ilk peykimiz - “Azərspace-1" uğurla buraxıldı və bu, kosmik sənayenin inkişafının yalnız başlanğıcıdır.
Bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən olan sahibkarlığın inkişafı da əhəmiyyətli rol oynayır. Dövlət başçımızın həyata keçirdiyi iqtisadi siyasət sahibkarlığın tərəqqisinin təminində, yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açmışdır. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.
Bu gün Azərbaycan regional əməkdaşlıqda öz rolunu oynayır. 1990-cı illərin ortalarında başlanılan layihələr nəinki Azərbaycanın iqtisadi inkişafına, o cümlədən geniş regional əməkdaşlığa yönəlmişdir. Azərbaycan Xəzər dənizini xarici sərmayələr üçün açıq elan edən ilk ölkə olmuşdur. Respublikamız Xəzər dənizindən Aralıq dənizinə və Qara dənizə dəhliz yaradan ilk ölkədir. Neft və qaz dəhlizləri sonra ümumi geosiyasi və enerji dəhlizi rolunu oynamağa başlamışdır. Hazırda Azərbaycan, Gürcüstan və Türkiyə arasında mühüm dəmir yolu xətti layihəsi yekunlaşmaq üzrədir və bu, Avropanı Asiya ilə Azərbaycan və qonşu ölkələr vasitəsilə bağlayacaq layihə olacaqdır.
Azərbaycan iki il əvvəl Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlıq memorandumu imzalamışdır. Həmin memorandumda nəzərdə tutulan tələblər hazırda həyata keçirilir. Son dövrün ən mühüm nailiyyətlərindən biri TANAP layihəsidir. İdeya Azərbaycan tərəfindən verilmiş, Türkiyə və Gürcüstandakı tərəfdaşların güclü dəstəyini almışdır. Azərbaycan bu layihənin həyata keçirilməsi üçün əsas maliyyə öhdəliyini öz üzərinə götürmüşdür və boru kəmərinin ən azı 100 il xidmət edəcəyi proqnozlaşdırılır. Çünki Azərbaycanın nəhəng qaz ehtiyatlarını və regiondakı potensial resursları nəzərə alsaq, bu dəhliz gələn on illiklər ərzində mühüm rol oynaya bilər.
Dövlət başçısı İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi-Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.
Başa vurmaqda olduğumuz mərhələ sosialyönümlü büdcə siyasəti, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Bu müddət ərzində ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri aparılmış, çoxsaylı körpülər və yollar, yüzlərlə məktəb, idman-sağlamlıq kompleksləri, xəstəxana-müalicə ocaqları, sosial-mədəniyyət müəssisələri, turizm-istirahət mərkəzləri tikilib istifadəyə verilmiş, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş vermişdir. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən 60-a yaxın konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda icra edilməkdədir. On ilə yaxın bir müddətdə görülən işlər və nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 28 iyul.- S. 1.