Təmkin və düşüncə binasındakı mənzilimiz

 

Son günlərin haqqında ən çox söz açılan mövzularından biri, bəlkə də, birincisi jurnalistlər üçün tikilmiş mənzillərin bölgüsüdür. Bölgünün ədalətli və ya ədalətsiz olduğunu deyənlər var. Belə görünür, ikincilər hücum, birincilər müdafiə mövqeyindədirlər. Ümumən, hamı haqqdan-ədalətdən danışır. Əlbəttə, ədalət nisbidir. Haqq məsələsi də həmçinin. Hərə adlarını çəkdiyim anlayışlara öz baxış bucağından yanaşadüzgünlüyünü isbatlaya bilər. Burada kimin danışmağa daha çox layiq olduğu da önəmlidir. Amma layiq olmamaq da haqqı üzmür. Ən azından, hər kəs fikrini bildirməkdə azaddır. Bəzi fikirdə qəzəb, hiddət, bəzən də təhqir var. Bu, başqa söhbətin mövzusudur.

Bir məsələyə müxtəlif cür reaksiyaların verilməsi də təbiidir. Söhbət mənzil əldə etmək kimi həyati vacib məqamdan, mövcud xüsusdakı etirazdan gedirsə, ev iddiası gerçəkləşməyənlərin reaksiyalarının mahiyyətindəki təbiilik daha çoxdur. Gəlin, hesab edək ki, fikirlər elə hazırkı kimi kompromissiz və sərt olmalıdır. Elə isə bəs nə olmamalıdır? Əslində, bu barədə yazmaq, söz demək də xeyli çətindir.

Neçə illərdir, kirayələrdə qalanlar, son iki-üç ayda ümidlənərək mənzil sahibliyi həvəsinə köklənən, yekunda arzusuna çatmayan jurnalistlərimiz var. Onların istəklərinin, qurduqları xəyalların müqəddəsliyini anlamaq və yağdırdıqları hiddət olsa da, onu həmin müqəddəsliyə söykənərək qarşılamaq, qiymətləndirmək lazımdır. Bəzən susmaq daha faydalıdır. Susuram — təskinlik, ümid verib mənzil istəyində olan hər kəsi anlayıram. Nəhayət, ümid vermək üçün əsas var: Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev bu il iyulun 22-də yeni jurnalist binasının təməlini qoydu. Güman edirəm, indi “nə olmamalıdır?” sualına cavab tapmaq daha asan olacaq. Çünki bu sualın cavabındakı mətləblər jurnalistika ilə bağlı istəklərimizi heçə endirməyi hədəfləyir.

İnanın, bu günlər ərzində o qədər düzgün saymadığım hallara şahidlik etmişəm ki, əslində, nədən başlamağın daha vacibliyi barədə düşünməyim çətindir. Amma düşünmək, elə sizləri də düşündürmək niyyətindəyəm. Çünki susqunluğumuz və hansı mövqe tutmağımızdan asılı olmayaraq, “isti başlabildirdiyimiz münasibət haradasa başladığımız bir prosesə etibarı zədələyir.

Nədir o proses? Ortada müxtəlif dəyərləndirmələr mövcuddur. Jurnalistlərə yaşayış mənzillərinin verilməsi onun ən yüksək pilləsidir - qələm sahiblərindən birinin mətbuatda getmiş fikrindən sitat gətirdim. Həmkarımız mediaya dövlət dəstəyindən danışırdı. Bu dəstəyin isə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” adlı real təminatı var. Nə qədər vacib əhəmiyyət daşısa da, mövcud çoxşaxəli təminatda jurnalistlərə mənzil verilməsi yalnız bir elementdir. Media təmsilçilərinin sosial-mənzil şəraitinin yaxşılaşdırılmasına hesablanmış mühüm element.

İstərdim ki, bəziləri narazılıqlara siyasi don geydirməyə çalışarkən fundamental prosesin mövcudluğuna diqqət yetirərək fikir bildirsinlər. Nəzərə alsınlar ki, medianın vəziyyətini yaxşılaşdırmaq üçün alternativsizliyi artıq təsdiqlənmiş “dövlət dəstəyi” yolu onların bəndlərindən iqtibas gətirdikləri Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapmış söz, məlumat və ifadə azadlığı, insanların bərabərliyi, hüquq və azadlıqları ilə bağlı prinsiplərə əsaslanır. Bu prinsiplər jurnalist əməyinə müstəsna ictimai missiya kimi yanaşmanı aktuallaşdırır. Kimsə hesab edirsə ki, mövcud aktuallaşdırma və ondan qaynaqlanan stimullaşdırma, indiki halda mənzil verilməsi qələm sahibini asılı hala salacaq, zənnimcə, problem həmin şəxsin münasibətlər sisteminə baxışındakı yanlışlıqdan qaynaqlanır.

Belələrinin nələrin qarşılığında qələmə sarıldıqlarını sadalamağa ehtiyac görmürəm. Təkcə onu bildirim ki, zaman-zaman, ümumən, jurnalistikamızın asılılıq mühitinin neqativ təzahür formalarını görmüş, fəsadları ilə baş-başa qalmışıq. Həmin mühitin təkcə jurnalistlər deyil, bütövlükdə, cəmiyyət üzvləri içərisinə sirayət etmiş ziddiyyətləri ilə də üzləşmişik. İndi soruşuram: Ayrı-ayrı xarici fondlardan, beynəlxalq qurumlardan qrantlar, ianələr alıb fəaliyyət göstərən kütləvi informasiya vasitəsinin müstəqillik adı ilə püskürdüyü alovda yananlarımız azmı olub?

Qeyri-sabitlik mühitinin doğurduğu şərait çoxsaylı həqiqi peşəkar dostumuzu dövrün qanunauyğunluğuna uyğun şəkildə anlaşılan vicdan dilemması ilə üz-üzə qoydu. Nəticədə, onların bir çoxu qələmdən tamamilə uzaqlaşdı. Baxaq görək, bu illər ərzində kimləri itirdik? Onlara mənasız oyunların hədəfi bilinməyən sınağı lazım idimi? Axı, bu adamlar bəlli məqsədləri olan konkret siyasi qrupun təsirinə düşmədən, həmin qüvvənin istəklərini yerinə yetirmədən belə, lap elə hakimiyyəti, iqtidarı tənqid edə bilərdilər və o zaman zənnimcə, yazdıqları daha obyektiv və kəsərli alınardı.

Mən demirəm ki, hazırkı dövr üçün də aktuallığını saxlayan media bölgüsünün iqtidar kəsimində dayananlar jurnalist yaradıcılığının vacib həlqəsini təşkil edən tənqid yazmanın tələblərini ödəyirlər. Əsla belə deyil. Təbiətcə tənqidə meylli müxalifət mediası üçün də belə bir ödəmədən söhbət gedə bilməz. Mediamız da hadisə və proseslərə yanaşma tərzini qətiləşdirmək üçün öz üzərində çox işləməlidir. Şablonçuluqdan, təkrarçılıqdan uzaq durmalıdır. Dövlət öz vəsaitini ayırır, media rəhbərləri həmin vəsaitin bölgüsünü o şəkildə aparmalıdırlar ki, peşəkar yaradıcılıq üçün tələb irəli sürə bilsinlər.

Məsələyə kompeks yanaşsaq, arzulamadığımız və haradasa dişsiz saydığımız vəziyyəti doğuran isə stereotiplərdir, zaman-zaman az qala doqmatik xarakter almış baxışlardır. Həmin baxışlarda tənqid yalnız əks siyasi qütbə ünvanlanmalıydı. Mübarizə ruhu beləydi. Hələ də bu qəlibdən çıxa bilmirik. Və sanki, bizlərin o qəlibdə qalmasını istəyən biriləri də var. Bəli, var. Onlar ölkə miqyasında mediamızın dirçəldilməsinə yönələn işləri, jurnalistlərin mənzillə təminatını digər vətəndaşların hüquqlarının məhdudlaşdırılması kimi dəyərləndirməkdən belə çəkinmirlər. Belələri siyasi mübarizədə üzləşdikləri uğursuzluqları media müstəvisindəki proseslərə çamur atmaqla sığortalayırlar. Görünür, bir vaxtlar jurnalistləri alət edən bu adamlar, onların sözəbaxan olmaqdan çıxdıqlarının doğurduğu reallıqlarla heç cür barışmırlar.

Ancaq gəlin bir məsələni də düşünək: vaxt var idi iqtidar və müxalifət yönümlü medianın nümayəndələri çay süfrəsi arxasında da yanaşı oturmurdular. İndi onlar eyni binanın sakinləri kimi yaşayacaqlar, hər gün işə gedərkən bir-biriləri ilə hal-əhval edəcəklər. Mövcud durumda jurnalistikanın siyasi konfrantasiyalar məngənəsindəki sıxıntılarından təngə gələrək peşəylə vidalaşmış qələm sahiblərimizin o mənzillərə sahib olmamalarından heyfslənirəm. Məncə, onlar da haqlı idilər və haqlılarımız nə qədər çox olsa, jurnalistikamızın mövqeyi bir o qədər möhkəm olar.

Haqlılarımızın incik düşərək sahəni tərk etmələrinə biganə qala bilmərik. Elə buna görə də bizlərə güclü media mühiti lazımdır. Cəmiyyətin güzgüsü sayılan jurnalistika xüsusi imtiyaz sahibidirsə, məsələdə qeyri-adivar ki? Zaman-zaman bildirmişik ki, dövlətimizin artan qüdrətindən jurnalistikamıza lazımi səviyyədə pay düşmür, medianın ölkəmizin reklam bazarındakı rolu zəifdir, kütləvi informasiya vasitələri təmsilçilərinin əmək və istirahət hüquqları sahəsindəki vəziyyəti ürəkaçan saymaq olmaz.

Ümumən, problemlərimiz çoxdur. Ancaq irəliləyişlərimiz də az deyil. Bu gün jurnalistika dövlətin, dövlət başçısının nəzərlərində yüksək qiymətləndirilən sahədirsə, ona xüsusi diqqət və qayğı varsa, bu, peşənin özünü isbatı, uğuru deyilmi? Əlbəttə, ölkədə jurnalistikaya dəyər verilməsini də xüsusi vurğulamaq lazımdır. Çünki hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu mediasız mümkün deyildir.

Hakimiyyət öz idarəçiliyini mövcud reallığı dərk edərək qurursa, konkret addımlar atırsa, jurnalistin düşdüyü duruma reaksiya verərək yardım əlini uzadırsa, qaldırdığı problemi aradan qaldırmaq üçün resurslarını səfərbər edirsə, deməli, medianın missiyasına da düzgün yanaşma var. Bu yanaşma bizləri kiçiltmir, əksinə milyonların gözündə böyüdür, monalit qüvvə halına gətirir. Cəmiyyət üzvləri də bu qüvvəyə inanmağın, arxalanmağın vacibliyini anlayırlar.

Sonda yenidən mənzil məsələsinə qayıtmaq istərdim. Bunun jurnalistikamız üçün vicdan məsələsi olduğunu hələ lap öncədən bildirmişdim. Yenə də fikrimdə qalıram. Bir daha deyim: mənzilə ehtiyacı olanları, müraciət edərək haqlı istəklərinə çatmayanların hər birinin keçirdikləri hissləri anlayıram. Düşünürəm ki, hər kəs özünün layiq olduğu yaşayış səviyyəsinə peşəsinin ona verdiyi imkanlar sayəsində qovuşacaq. Etiraf da etmək lazımdır ki, hamılıqla müəyyən məqamları lazımınca nəzərdən keçirmədik, amma dostlar, gəlin, bir-birimizi ittiham edərkən səsləndirdiyimiz fikirlərin peşə vicdanımıza da təsirini götür-qoy edək.

Bu gün dövlətin mediaya yüksək etimadını sıravi cəmiyyət üzvü görürbu görüntü onun bizə olan münasibətini də formalaşdıran amil rolunda çıxış edir. Vətəndaşımız eyni zamanda mənzil məsələsi səbəbindən qələm adamlarının bir-birilə söz davasına çıxmalarına, hikkə yağdırmalarına dair xəbərləri də oxuyur. İnanın, mövcud vəziyyətdə çıxaracağı nəticə jurnalistikamızın lehinə olmayacaq və illər ərzində qazandığımız status heçə enəcək.

Gəlin təmkinli olaq və düşünək. Əminəm ki, təmkinimiz və düşüncəmiz bizlərə hündür mərtəbəli binalarla yanaşı, indi təsəvvürümüzə gətirmədiyimiz yüksəklikləri də gətirəcək. İnanın, o yüksəkliklərdə qurduğumuz mənzillərə hamımız yerləşəcəyik.

 

 

Əflatun AMAŞOV,

 

Azərbaycan Mətbuat Şurasının sədri

 

Xalq qəzeti.- 2013.- 28 iyul.- S. 4.