ABŞ-da erməni lobbisinin formalaşması və onun antitürk fəaliyyəti

 

XVII əsrin sonu-XVIII əsrin əvvəllərindən etibarən Şimali Amerika ərazilərində ictimai-siyası vəziyyət getdikcə gərginləşməkdə idi. Bir tərəfdən, qitənin yerli sakinləri olan hindu qəbilələri arasında baş verən qanlı toqquşmalar, digər tərəfdən də ingilislərin burada apardığı uzun müddətli işğalçılıq siyasəti, bütövlükdə bölgənin iqtisadi cəhətdən inkişafına mənfi təsir göstərirdi. Lakin bütün bu çətinliklərə baxmayaraq, ərazinin hər iki tərəfdən okeanlarla əhatə olunması və əlverişli-coğrafi mövqeyi burada təsərrüfatın və ticarətin inkişafına müsbət təsir göstərirdi.

Xüsusilə, bu dövrdə Şimali Amerikada ən böyük liman şəhərinə çevrilən Boston şəhərinin rəhbərliyi dünyanın müxtəlif bölgələri ilə yanaşı, həmçinin Osmanlı imeratorluğunun bir sıra dəniz şəhərləri ilə ticarət əlaqələrinin genişləndirilməsində maraqlı idi. Bu istiqamətdə Boston şəhərinin rəhbər heyəti hətta bir sıra qanunlar da qəbul etdi. Beləliklə, qısa müddət ərzində Boston dəniz limanından Osmanlı imperiyası ərazilərinə doğru çoxlu sayda ticarət gəmiləri istiqamət götürdü. Gəmilər müəyyən olunmuş zaman müddətində, daha dəqiq desək, 1786-cı ildə İstanbul, 1797-ci ildə İzmir, 1800-cü ildə İsgəndəriyyə limanlarına yan almışdılar. Beləcə, Amerika koloniyaları ilə Osmanlı imperatorluğu arasında münasibətlərə ilk olaraq ikitərəfli ticarət əlaqələrinin qurulması ilə start verildi.  Burada Amerika koloniyalarının əsas məqsədi Osmanlı imperiyası ərazilərində iqtisadi maraqlarını təmin etmək, əmtəə və satış bazarlarında öz mövqeyini möhkəmləndirmək idi. Xüsusilə, 1830-cu ildə Osmanlı imperatorluğu ilə bağlanmış ticarət müqaviləsi Amerika koloniyalarının burada bir sıra imtiyazlar əldə etməsi ilə nəticələndi. Məhz bu dövrdən başlayaraq Amerika koloniyalarından Osmanlı imperatorluğu ərazilərinə tacirlər və missionerlərdən ibarət dəstələr gəlməyə başladılar.

İmzalanmış müqavilənin 3-cü maddəsinə görə, amerikalı tacirlər Osmanlı imperiyası ərazilərində sərbəst ticarət etmək üçün bölgədəki vasitəçilərdən istifadə etmək arzusunda idilər. Həmçinin burada qeyd edilirdi ki, vasitəçilər hər millətdən olmalı idi. Amerika tacirləri isə burada daha çox yunan və erməni tacirlərinin vasitəçiliyindən yararlanmaq niyyətində idilər. Bütövlükdə, 7 may 1830-cu il tarixli ticarət müqaviləsi bir tərəfdən amerikalı tacirlərə Türkiyə bazarlarına sərbəst çıxış əldə etməyə imkan verirdisə, digər tərəfdən Osmanlı ermənisinə də Amerika bazarlarında sərbəst ticarət etməyə şərait yaradırdı (1, s.142). Həmin müqavilənin 3-cü maddəsinə əsasən, Osmanlı erməniləri daimi olaraq Amerikanın əlaltısına çevrilmiş oldu. Osmanlı imperiyasındakı əlverişli vəziyyətdən məharətlə istifadə edən amerikan missionerləri burada mühüm ictimai-siyasi fəaliyyətlə də məşğul olmağa başladılar. Burada missionerlərin əsas məqsədi xüsusilə iqtisadi maraqları qabartmaqla, əslində Osmanlı imperiyası ərazilərində etnik azlıqların  huquq və azadlıqlarının hamisi funksiyasını yerinə yetirmək idi. Milli azlıqların guya bu ölkədə təhsil almaq, sərbəst toplaşmaq, azad söz, mətbuat kimi hüquqlarının pozulduğunu bəhanə edən missioner təşkilatlar xüsusilə erməni gənclərinin Amerikaya getmələrinə şərait yaratdılar. Amerikaya gedən ermənilərə bu işdə daha çox yardım edənlər də missionerlərdən ibarət dəstələr oldu. Missionerlər erməni tacirlərinə mütəmadi olaraq ABŞ-ın əlverişli-cöğrafi mövqeyi, ticarət üçün lazım olan şəraitin yaradıldığı barəsində ətraflı məlumatlar verirdilər. Bu arzu ilə ABŞ-ın daha çox liman şəhərlərinə köçməyə üstünlük verən ermənilər burada ticarətlə və digər sənət sahələri ilə məşğul olmağa başladılar. Amerikalı tacirlərin Bostondan gəlməsi və Osmanlı limanlarında ticarətlə məşğul olmaları nəticəsində həm İzmirdə, həm də Bostonda varlı erməni burjuaziyası meydana gəldi (1,s.144). Amerikalı tacirlərin himayəsi altında varlanan  İstanbulAnadolu erməniləri də 1810-cu ildən başlayaraq Şimali Amerikaya köç etməyə başladılar və bir müddətdən sonra Amerika vətəndaşlığını qəbul etdilər (1,s.143). Beləcə, qısa müddətdə ABŞ ilə Osmanlı arasındakı ticarətin həcminin genişlənməsi ilə paralel olaraq, ABŞ şirkətləri ilə əməkdaşlıq edən Türkiyə ermənilərinin sayında da kəskin artım hiss olunmaqda idi.

XIX əsrin ilk onilliklərindən etibarən ABŞ-a göndərilən  sadə tacir və sənətkar ermənilərdən fərqli olaraq 1840-cı ildən etibarən missionerlər bu dəfə erməni tələbələrinin göndərilməsinə başladılar. Əsas məqsəd kimi dini təhsil almaq nəzərdə tutulurdu. Həmin dövrdə ABŞ-ın ən nüfuzlu üniversitetlərinə göndərilən erməni tələbələrinin sayı 70 nəfər idi. Məhz bu tələbələr ABŞ-dakı erməni diasporunun rüşeymlərini təşkil edirdilər. Yüksək təhsil almış erməni gəncləri burada antitürk fəaliyyətinə başladılar. XIX əsrin 30-40-cı illərindən etibarən aktiv fəaliyyətə başlayan ABŞ-dakı erməni diasporu burada bir sıra təşkilatlar, dərnəklər yaratmağa nail oldu. Buna misal olaraq, 1810-cu ildə Bostonda yaradılmış Xarici Missiyalar üzrə Amerika Komitəsinı misal göstərmək olar. Təşkilatın yaradılmasında əsas məqsəd burada yüksək təlim görmüş erməni gənc missionerlərini Anadoluya göndərməklə ümummilli erməni hərəkatına (Hay Data) təkan vermək idi. Türk tarixçisi Şenol Kontarcı bu haqda yazır: “Türkiyəyə ”erməni məsələsi"nin toxumlarını ABŞ bu təşkilat vasitəsilə 1820-ci ildə səpmişdir" (1, səh.144). 1893-cü ilə qədər Türkiyədə 624 məktəb, 436 ibadətxana açılmışdır. Bəhs olunan dövrdə Türkiyədə 1317 amerikalı missioner fəaliyyət göstərirdi və 1893-cü ilə qədər onlar Türkiyədə 3 milyonİncil” və təxminən 4 milyona yaxın müxtəlif səpkili kitabların əhaliyə çatdırılmasını təmin etmişdilər. Bunun üçün təşklat 10 milyon dollarından keçməyi də əsirgəməmişdir. Qeyd edək ki, bu vəsaitin yarıdan çoxu amerika vətəndaşlarından toplanmışdı. Bu vəsait bəhs olunan dövr üçün olduqca yüksək bir rəqəm idi.  Həmçinin, bu işdə onlara Amerika protestant kilsəsinin verdiyi dəstək də xüsusilə diqqəti cəlb edir. Burada protestant kilsəsinin əsas məqsədi Anadolu ermənilərini müxtəlif vasitələrlə ələ almaq, yağlı vədlər verməklə onları xristianlığın katolik, qriqoriyanprovaslav məzhəblərindən “xilas etmək” idi. Bu isə Rusiya başda olmaqla İngiltərə və Fransanın Anadolu siyasətinə qarşı atılmış  əks-addım idi. Ayrı-ayrılıqda “erməni məsələsi”nə dəstək verən dövlətlərdən fərqli olaraq ABŞ-ın apardığı siyasi kampaniya planlı şəkildə həyata keçirilirdi. Burada diqqəti çəkən əsas məsələ ABŞ-ın iqtisadi maraqlarını əsas tutaraq, XIX əsrin I yarısından Osmanlı torpaqlarına ayaq basması və burada möhkəmlənməsi ilə xarakterizə olunursa, bu daha çox əsrin II yarısı üçün missioner fəaliyyətinin üstünlük təşkil etməsi ilə nəticələnir. Yaradılmış yüzlərlə siyasi təşkilat və dərnəyin əsas qayəsi Osmanlı imperatorluğunu daxildən çökdürmək və satış bazarlarını ələ keçirmək, əmtəə bazarlarına yiyələnmək və Şərqi Anadolu ərazilərində ABŞ-ın nəzarəti altında müstəqil erməni dövlətinin yaradılmasına nail olmaq idi. ABŞ-ın bu siyasəti I Dünya müharibəsinin nəticələrinə həsr olunmuş Paris sülh konfransına ölkə prezidenti V. Vilson tərəfindən təqdim edilmiş “14 maddə” prinsipində tam təfərrüatı ilə toxunulmuşdur.

XIX əsrin II yarısından başlayaraq ABŞ-a ermənilərin miqrasiyası daha da sürətləndi. Osmanlı arxiv sənədlərinə görə, 1900-cü ilə qədər Amerikaya köç edən ermənilərin ümumi sayı 12 min nəfər təşkil etmişdir. Sənətkar və tacirlərdən ibarət kiçik dəstələr şəklində Amerikaya üz tutan ermənilərin sayından narahat olan ABŞ və Osmanlı hökuməti birgə bir sıra əngəlləyici tədbirlər həyata keçirdilər. Hər iki ölkənin əsas məqsədini təhlil etdiyimiz zaman görərik ki, ABŞ sağlıq durumu normal olmayan erməni miqrantlarının qarşısını almaq üçün mübarizə aparırdısa, Osmanlı hökuməti isə bir sıra əyalətlərdə əhalinin sayının azalmasından bərk narahatlıq keçirirdi. Bunun üçün hətta Sultan II Əbdülhəmidin ABŞ hökumətindən yardım istəməsi də tarixi gerçəklikdir (3,s.186). Lakin görülən qabaqlayıcı tədbirlər, hökumət tərəfindən atılan addımlar erməniləri fikirlərindən daşındıra bilməmiş və əksinə, köç prosesində ildən-ilə artım müşahidə edilmişdir.  Xüsusilə ABŞ-a köç edən ermənilərin əsas məqsədi çoxlu sayda pul qazanıb geri dönmək, ümummilli erməni hərəkatına maddi  və mənəvi dəstək olmaq, eyni zamanda, ailə yaşam tərzini normallaşdırmaq idi. Bu məqsədlə Anadolu torpaqlarını tərk edərək ABŞ-ın daha varlı şəhərlərində məskunlaşmaqla burada özlərinə yüksək səviyyəli yaşam tərzini təmin etmiş ermənilər Anadoluya dönmək niyyətindən vaz keçmiş oldular. Zəngin şəhərlərə,  dəbdəbəli həyat tərzinə valeh olan ermənilər geri dönmək fikrindən daşındılar. Burada  onların anti-türk fəaliyyəti aparması işində də hər cürə şərait yaradılmışdı. Lakin bütün bunlara baxmayaraq, erməni diasporunu formalaşdıran bu şəxslər erməni millətçi ekstremistləri tərəfindən təsis edilmiş siyasi partiya, təşkilat və dərnəklərin Anadoludakı şöbələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində səylərini gücləndirdilər. Qarşıya qoyulan məqsədə çatmaq üçün külli miqdarda maaliyyə vəsaiti ayıran ABŞ-dakı erməni diasporları hətta burada bir neçə fondun yaradılmasına da müvəffəq oldular. Bütövlükdə, ABŞ-dakı yaşayış səviyyəsi ermənilərin qitəyə axınını daha da sürətləndirmişdir. Nəticədə ABŞ-a köç edən ermənilərin sayında artım baş vermişbu proses ermənilərin 1915-ci ildə Anadolu ərazilərindən imperiyanın Suriya, MesopotamiyaLivan ərazilərinə köçürülməsindən sonra kəskin şəkildə yüksəlmişdir. Belə ki, 1908-ci ildə 3300, 1910-cu ildə 5500 və 1913-cü ildə 9355 erməni ABŞ-a köç etmişdir.  Nəticədə I Dünya müharibəsinə qədərki dövrdə ABŞ-a köçən ermənilərin ümumi sayı 50 min nəfəri ötməmişdir (1,s.148-149). I Dünya müharibəsinin başa çatmasından sonra ermənilərin ABŞ-a köçündə kəskin artım hiss olunmüşdur. Bu barədə türk ordu generalı Hasan Kundakçı yazır: “Ermənilər ABŞ-a 1890-cı illərdə Osmanlı dövlətində baş verən üsyanlardan sonra Anadoludan köç etməyə başladılar. Birinci dünya müharibəsindən sonra da köç daha da sürətləndi. Nəticədə Amerika Birləşmiş Ştatlarında Kaliforniyada (600 min), Nyu-Yorkda (100 min) və Bostonda (50 min) erməni yaşamaqdadır (8, s.77). XX əsrin II yarısından başlayaraq köç prosesi daha da intensivləşmişdir. Belə ki, 1970-ci illərin ortalarında ABŞ-dakı erməni diasporu üzvlərinin sayı 350-400 min nəfər təşkil etmişdir. Xüsusilə, XIX əsrin əvvəllərindən başlayaraq iki əsr müddətində davamlı şəkildə ABŞ-a miqrasiya edən ermənilərin sayı XX əsrin sonlarında kəskin şəkildə artmağa başladı. 1990-cı illərdəki rəsmi mənbələrə görə, bu ölkədə yaşayan ermənilərin sayı 700 min nəfər təşkil etmişdir. Bu gün ABŞ-da yaşayan ermənilərin sayı 800 minlə 1 milyon nəfər arasında olduğu təxmin edilir. Bunların 45 faizi Nyu-EnglandOrta Atlantik əyalətlərində, 15 faizi Miçiqan, İllinois, Ohayo və Vaşınqtonda, 25 faizi Kaliforniyada yaşamaqdadır. Bu gün Bostonda 50 min nəfər erməni yaşayır. 2001-ci ilin məlumatlarına görə, ABŞ-dakı erməni diasporu üzvlərinin ümumi sayı 800 min nəfər civarında müəyyənləşdirilmişdir (2, s.74-75). Ümumiyyətlə, ABŞ-da erməni diasporunun formalaşmasında erməni miqrasiyasının səbəblərini türk tarixçisi Eldar İlter aşağıdakı kimi şərh etmişdir:

— Ermənilərin pula (ticarətə) və sərvətə düşkünlükləri; — ermənilərdə macərapərəstlik ruhu; — xristianlıqdakı məzhəb ayrı-seçkiliyi, ermənilərin ortodokslar tərəfindən lənətlənməsi və dini təzyiqlər; — ermənilərin tarix boyunca mətbuatlarına qarşı xəyanət etmələri ( 4, s. 72).

Bu gün ABŞ-dakı erməni diasporlarının yayılma coğrafiyası geniş bir ərazini əhatə etməkdədir. Demək olar ki, ABŞ-ın bütün ştatlarında özlərinə məskən salan ermənilər daha çox Massacusets, Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Orta Amerikada, həmçinin Kaliforniya ştatında fəaliyyət göstərirlər. Ştatlarla yanaşı, Nyu-York Sity, Union Sity, Filadelfiya, Klivlend, Çikaqo, Detroit, Los-Angeles, Montebello, San-Fransisko, Texas, Florida və digər bu kimi iri şəhərlərdə çalışan diaspor ermənilərinin sayı da kifayət qədərdir. Ümumiyyətlə, bu gün ABŞ-dakı erməni diasporunun ən güclü olduğu ştat Kaliforniyadır. Kaliforniya ştatının ən iri şəhərlərində (Fresno, Vatertaun, Los-Anceles ) yaşayan ermənilərin sayı 1980-ci ildə 80 min nəfər təşkil etmişdir (2, s. 75). Bu gün artıq Kaliforniya ştatında diaspor ermənilərinin sayında da kəskin artım hiss olunmaqdadır.   

ABŞ-dakı erməni diasporunun təşəkkülü və formalaşması prosesi iki əsr müddətində mərhələli şəkildə davam etmişdir. Bu prosesi şərti olaraq aşağıdakı mərhələlərə bölmək olar:

 

– XIX əsrin əvvəllərindən

 

– əsrin sonlarına qədərki mərhələ;

 

– XIX əsrin sonlarından

 

– I Dünya müharibəsinin başlanmasına qədərki mərhələ;

 

– Ermənilərin Şərqi Anadolu ərazilərindən köçürülməsindən 1923-cü ilə qədərki mərhələ;

 

– Ermənistan SSR yaranmasından 1965-ci ilə qədərki mərhələ;

 

– 1965-ci ildən 1991-ci ilə qədərki mərhələ;

 

– müstəqillik dövrü mərhələsi.     XIX əsrin 80-90-cı illərindən başlayaraq erməni tələbələri erməni millətçi ekstremistləri ilə birlikdə Osmanlı imperatorluğu ərazilərindən kənarda bir sıra siyasi təşkilatlar yaratdılar. Qısa müddət ərzində bu təşkilatların regional şöbələrinin yaradılmasına başlanıldı. Belə şöbələrin Anadolu ərazilərində yaradılması məsələsi də  qarşıya məqsəd kimi qoyulmuşdu. Daşnaklar tərəfindən yaradılan Daşnaksütyun partiyası, sosialist baxışlı erməni gəncləri tərəfindən yaradılan Hncaq təşkilatı və 1908-ci ildə mərkəzi İstanbulda yaradılan Ramqavar partiyalarının fəalları bu qurumların qısa zamanda ABŞ-ın bir sıra iri ştatlarında şöbələrinin açılmasını tələb etdilər. Belə ki, XIX əsri sonu-XX əsrin əvvəllərindən etibarən ABŞ-da bu təşkilatların artıq regional şöbələri fəaliyyətə başladı. 1903-cü ildən başlayaraq ABŞ-ın bir sıra şəhərlərində 36, 1907-ci ildə 48 və 1914-cü ildə 77 daşnak komitəsi yaradılmışdı (1, s. 150). ABŞ-a köç edən erməni miqrantlarından toplanan maaliyyə vəsaiti hesabına bir sıra antitürk əhval-ruhiyyəli tədbirlərin keçirilməsinə start verildi. 1909-cu ildə Adanada baş vermiş hadisələrlə əlaqədar olaraq Bostondakı 3 protestant erməni kilsəsinin papazları siyasi təşkilatların fəalları ilə birgə hazırladıqları məktubu ABŞ prezidenti V. Tafta ünvanladılar. Həmçinin 1905-ci ildə İllinois şəhərində yaradılan “Ermənistanın amerikan dostları” dərnəyi 10 may 1909-cu ildə mitinq təşkil edərək alınan qərarı ölkə prezidenti V. Tafta ünvanladılar. Məktubda ABŞ prezidentindən “Türkiyədəki çarəsiz ermənilərin qılıncdan keçirilməsinə son qoyulması üçün insanlıq, xristianlıq naminə” kömək göstərməsi tələb edilirdi (9, s. 83).

I Dünya müharibəsına qədər ABŞ “erməni məsələsi”nin beynəlxalq konfranslarda müzakirə  edilməsinə dəstək verməmişdir. Lakin I Dünya müharibəsinin başa çatmasından sonra çağırılmış bir sıra konfranslarda ABŞ “erməni məsələsi”nin dünya dövlətləri tərəfindən müzakirə edilməsində lokomativ rolunu oynamışdır. İstər Paris sülh konfransında, istər Sevr müqaviləsində, istərsə də Lozanna konfransında geniş müzakirə predmetinə çevrilən “erməni məsələsi”nin çözülməsi istiqamətində  heç bir ciddi addım atılmamışdır. ABŞ nümayəndə heyətinin apardığı qətiyyətli mübarizə də erməni diasporunun mənafeyini tam qane etməmişdir. Məhz bu uğursuzluqlarla əlaqədar olaraq XX əsrin 20-30-cu illərdən etibarən burada intensiv olaraq mitinq və nümayişlərin keçirilməsinə başlanıldı. Mitinqlərin keçirilməsində əsas məqsəd ABŞ rəhbərliyinin diqqətini bir daha ermənilərin I Dünya müharibəsi dövründə böyük dövlətlər tərəfindən aldadılaraq müharibəyə cəlb edilməsi və bunun nəticəsində də uzun illərdən bəri yaşadıqları Anadolu torpaqlarından deportasiya edilmələri, “əzəli erməni torpaqları” olan Şərqi Anadolu bölgəsinə daxil olan altı rayonun Qərbi Ermənistan olaraq Ermənistan SSR-ə birləşdirilməsi, 1915-ci il hadisələrinə bu ölkə tərəfindən hüquqi-siyasi qiymətin verilməsi, həmçinin ermənilərin günahsız yerə “qətlə yetirilməsi” və digər məsələlərlə bağlı idi.

Bütövlükdə, XX əsrin 20-30-cu illərində ABŞ-dakı erməni diasporunun anti-türk fəaliyyətini xarakterizə etdiyimiz zaman bəhs olunan dövrdə mühüm irəliləyişlərin olduğunu qeyd etmək lazımdır. Çünki I Dünya müharibəsində qalib gəlmiş dövlətlərdən olan ABŞ dünyanın gələcək taleyini müzakirə edəcək ölkələr içərisində qüdrətinə görə ilk yerdə qərarlaşmışdı. Məhz bu mövqeyi nəzərə alan erməni diasporları fəaliyyətlərini daha da gücləndirərək ABŞ prezidentlərindən Ümumerməni Milli Hərəkatına maddi və mənəvi dəstək olmalarını xahiş etmişlər. Həmçinin yaranmış əlverişli şəraitdən maksimum dərəcədə istifadə etməyə çalışan ermənilər Konqresin gündəliyinə bir sıra məsələlərin salınmasına da cəhd göstərirdilər. Nəticədə, ilk dəfə olaraq 1921-ci ildə ABŞ Konqresində ermənipərəst konqresmenlər tərəfindən müzakirəyə çıxarılan qondarma “erməni soyqırımı” və bununla bağlı uzunmüddətli dinləmələr uğursuzluqla nəticələnmişdir. Lakin uğursuzluqlara baxmayaraq, bunu ABŞ-dakı erməni diasporunun cüzi nailiyyəti kimiqeyd etmək olar.

 

(ardı var)

 

Taleh CƏFƏROV,

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti Türk və Şərqi Avropa xalqları tarixitarixin tədrisi metodikası kafedrasının müəllimi

 

Xalq qəzeti.- 2013.- 28 iyul.- S. 5.