Zərdabda
işgüzarlıq əhval-ruhiyyəsi yüksəkdir
Bu ilin birinci yarısında Zərdab rayonunun sosial-iqtisadi inkişafında əldə olunmuş nəticələr göstərir ki, 2013-cü ilin uğurları üçün möhkəm təminat yaradılmışdır. Rayon icra hakimiyyətində keçirilən ümumrayon müşavirəsində aparılan geniş müzakirələr bunu bir daha təsdiqləmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin söylədiyi mülahizələr baxımından ilin birinci yarısında rayonda görülən işlər və qarşıda duran vəzifələr haqqında Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev hesabat məruzəsi ilə çıxış etmişdir. Natiq bildirmişdir ki, respublikamızda gedən sürətli və davamlı inkişaf prosesi 2013-cü ilin birinci yarısının nəticələrinə görə Zərdab rayonu üçün də səciyyəvidir. Prezident İlham Əliyevin 2011-ci ilin 6 may və 2012-ci ilin 7 oktyabr tarixlərində Zərdaba səfərinin xoş təəssüratları ilə yaşayan, göstərdiyi diqqət və qayğıya görə daim dövlətimizin başçısına minnətdar olan zərdablılar 2013-cü ilin birinci yarısını da uğurlu göstəricilərlə başa vurmuşlar.
2013-cü ilin birinci yarısında rayon iqtisadiyyatının əsas sahələrində 60 milyon 767 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövründən 12 milyon manata qədər çoxdur. Həyata keçirilən tədbirlər nəticəsində 6 ay ərzində rayonda 224 daimi iş yeri yaradılmışdır. İlin birinci yarısında rayonun gəlirləri 6 milyon 541 min 833 manata qarşı 7 milyon 644 min manat və ya 116,8 faiz icra olunmuşdur. Bundan əlavə, altı ay ərzində qarşılıqlı hesablaşmalardan rayon büdcəsinə 4 milyon 378 min 523 manat vəsait daxil olmuşdur. Rayon büdcəsinin məxaric hissəsi 6 milyon 912 min manata qarşı 6 milyon 541 min 600 manat və ya 94,6 faiz icra edilmişdir.
Hesabat dövründə rayonda fəaliyyət göstərən ticarət şəbəkələri tərəfindən 23 milyon 961 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz çox istehlak malları satılmışdır. Rayon iqtisadiyyatının aparıcı qüvvəsi olan kənd təsərrüfatında da inkişaf və irəliləyiş davam etdirilmişdir. 2013-cü ildə 475 hektar sahədə çiyid səpini aparılmışdır. Pambıq məhsulunun satış qiymətinin maya dəyəri ilə müqayisədə aşağı olması üzündən bu sahəyə maraq azalmışdır. Hazırda sahələrdə kompleks becərmə işləri aparılır.
2013-cü ilin məhsulu üçün 17134 hektar payızlıq taxıl əkilmişdir. Taxıl biçini respublikada birinci olaraq başa çatdırılmışdır. 17134 hektar sahədən 47097 ton məhsul istehsal olunmuşdur. Bu da hər hektardan 27,5 sentner olmaqla ötən ildəkindən 8 min tondan artıq deməkdir. 5 toxumçuluq təsərrüfatı üzrə hər hektardan 36,4 sentner olmaqla 710,1 ton məhsul istehsal edilmişdir.
Rayonda iri mal 53947 başa, qoyun-keçilər 110876 başa çatmışdır. Bu da keçən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 298 baş və 938 baş çoxdur. 135 hektarda kartof, 150 hektarda tərəvəz, 254 hektarda bostan bitkisi əkilmiş, sahələrdən 2304 ton kartof, 1314 ton tərəvəz götürülmüşdür. 2013-cü ilin 6 ayı ərzində rayonda 20490 sentner ət, 115338 sentner süd, 3888 min ədəd yumurta, 1590 sentner yun istehsal edilərək proqnoz tapşırıqlara artıqlaması ilə əməl olunmuşdur.
Əhalinin quş ətinə və yumurtaya olan tələbatını təmin etmək məqsədilə “Turac-2008" MMC tərəfindən 6 ay ərzində 10810 baş cücə inkubasiya edilərək əhaliyə satışı təmin edilmişdir. Mal-qaranın qaba yemə olan tələbatını ödəmək məqsədilə 2436 hektar sahədə təzə yonca əkilmişdir. 2013-cü ilin birinci yarısı ərzində rayonda suvarma işini daha da yaxşılaşdırmaq və məhsul istehsalçılarının suvarma suyuna olan tələbatını ödəmək üçün xeyli iş görülmüşdür.
Məruzəçi daha sonra bildirmişdir ki, 2013-cü ilin birinci yarısında təhsil, səhiyyə və mədəniyyət sahəsinin inkişafı istiqamətində xeyli iş görülmüşdür. Dövlət Proqramına uyğun olaraq rayonun Çallı kəndində 360 şagird yerlik məktəb binasının tikintisində 2230,5 min manatlıq, İsaqbağı kəndində 220 şagird yerlik məktəb binasının tikintisində 1610,5 min manatlıq, Aşağı Seyidlər kəndində 80 şagird yerlik məktəb binasının tikintisində 528 min manatlıq iş aparılmışdır. Körpükənd kənd tam orta məktəb binasının əsaslı təmiri başa çatdırılmış, şəhər 3 saylı tam orta məktəbin binasında isə 5 min manatlıq cari təmir işləri aparılmışdır. Zərdab şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmiri başa çatdırılmışdır.
Əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması istiqamətində hesabat dövrü ərzində müəyyən işlər görülmüşdür. Mədəni-kütləvi tədbirlərin dairəsi daha da genişləndirilmiş, əhalinin asudə vaxtının səmərəli təşkili üçün Heydər Əliyev parkında və kəndlərdə maraqlı konsert proqramları təşkil edilmişdir. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı rayonda geniş tədbirlər hazırlanmış, görkəmli alimlərin iştirakı ilə elmi-praktiki konfrans keçirilmişdir. Heydər Əliyev parkında böyük “Kitab bayramı” təşkil edilmişdir. Ulu öndərin 90 illiyi münasibətilə “İstedadlar sorağında-2013" baxış müsabiqəsi keçirilmişdir.
Toplantıda çıxış edənlər bildirmişlər ki, 2013-ci ilin birinci yarısında xidmət sahələrinin, o cümlədən elektrik və qaz təsərrüfatının inkişaf etdirilməsi, əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüşdür.
Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunda 5,4 milyon manat vəsait hesabına 11 kilometrə qədər məsafədə yüksək keyfiyyətli asfalt örtük döşənmişdir. Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisi üçün 2-ci mərhələdə 6 milyon 450 min manat vəsait ayrılmış, 4 milyon 800 min manatlıq torpaq, əsasın hazırlanması və asfalt işi görülmüşdür. Hazırda yola asfalt qoyuluşu davam etdirilir. Zərdab-Mollakənd yolunun 26 kilometr hissəsində üst layın tikintisinə başlanılmış və 17 kilometr məsafədə asfalt-beton örtük tikilmişdir.
Hesabat dövründə rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilmiş, təmizlik, səliqə-sahman işlərinə diqqət artırılmışdır. Rayon polis şöbəsinin binasında tikinti işləri yüksək səviyyədə başa çatdırılmışdır. Hazırda süd məhsulları istehsal edən zavod, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon aqroservis filialı üçün inzibati bina, taxıl və gübrə anbarı, Baytarlıq İdarəsinin binası, çoxsaylı sahibkarlıq obyektləri istifadəyə hazırdır.
Hesabat dövründə sahibkarlığın inkişaf etdirilməsi tədbirləri davam etdirilmiş, müvafiq fəaliyyət növləri ilə məşğul olmaq üçün 10 hüquqi və 178 fiziki şəxs vergi orqanlarında qeydiyyatdan keçmişdir. Hesabat dövründə rayon üzrə 184 kiçik sahibkarlıq subyektində 209 nəfər işlə təmin olunmuşdur.
6 ay ərzində rayon icra hakimiyyətinə 683 təklif və müraciət daxil olmuş, rayon icra hakimiyyəti başçısının 24 kənddə səyyar qəbulu keçirilmişdir. Qəbullarda 2160 nəfər vətəndaş iştirak etmiş, 114 təklif və müraciət dinlənilmişdir ki, onların da əksəriyyəti öz müsbət həllini tapmışdır.
Yığıncaqda yekdilliklə bildirilmişdir ki, zərdablılar Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi inkişaf strategiyasını bundan sonra da dəstəkləyəcək, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına çalışacaq, ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğıya əməli işləri və hərtərəfli dəstəkləri ilə cavab verəcəklər.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2013.-
28 iyul.- S. 6.